· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan müəllimlərinin qurultayları tarixindən

Xəbər verdiyimiz kimi, bu il sentyabrın ikinci ongünlüyündə Azərbaycan Respublikası müəllimlərinin XIII qurultayı keçiriləcək. Yaradılmış Təşkilat Komitəsi bu tarixi hadisə ilə bağlı geniş miqyasda iş görməkdədir. Bu sahədə reallaşdırılmış işlərdən biri müəllimlər qurultaylarını əks etdirən tarixi-xronoloji, stenoqrafik-statistik materialları, fotoları əks etdirən toplu-kitabın (705 səhifəlik) araya-ərsəyə gətirilməsidir. Buraxılışa məsul respublika təhsil naziri, professor, əməkdar elm xadimi Misir Mərdanovdur.

Oxucuların maraq və ehtiyacını nəzərə alaraq keçirilmiş ali məclislərin gündəlikləri ilə bağlı yığcam məlumatları dərc edirik.

 

I qurultayın gündəliyindən

 

Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Belə ki, xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.

Rusiya müsəlmanlarının I və II qurultaylarının keçirilməsi azərbaycanlı müəllimlərin bir toplum olaraq birləşməsinə, pulsuz ibtidai təhsil, xüsusi müəllimlər seminariyasının açılmasıE kimi tələblərin irəli sürülməsinə sosial-tarixi şərait yaratdı. Bunların müzakirəsi və həlli ilə bağlı qurultay keçirilməsi zərurəti ortaya çıxdı. 1906-cı ilin 15 avqustunda başlayıb 30-na kimi davam etmiş I qurultayın məramnaməsi (proqramı) "Dəbistan" jurnalının 1906-cı il 8-ci nömrəsində dərc edildi. Qafqaz müsəlman müəllimləri məclisinin gündəliyi aşağıdakı məzmunda olmuşdur:

1. Hal-hazırda bulunan proqramları nəzərdən keçirib təqazayi-zəmanəyə görə təzədən proqram tərtib etmək.

2. Təzə tərtib olunan proqramlara müvafiq kitablar təyin və təlif etmək (bu niyyətlə müəllimlər komissiyası məclisdən müqəddəm islam mərkəzlərindən ibtidai məktəblərdə lazım olan kitabları yazdırıb gətirdəcəkdir).

3. Oxumaq və yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi bir üsuli - tədris və təlim əxz etmək.

4. Kənd müəllimlərinin əhval və güzəranlarına dair məsələlərə baxmaq.

5. Darülmüəllimin (seminariya) proqramını müzakirə edib və zamanın tələbinə görə təkmilləşməsini tələb etmək.

6. üzvlər tərəfindən təqdim olunan məsələləri məclisdə həll etmək.

Komissiyanın sədri N.Nərimanov, üzvləri H.B.Məlikov, Ə.Cəfərov, Ə.Həsənov, katib Y.Əfəndiyev seçilmişdi.

Qurultaya hazırlıq hələ may ayından başlamış, bu məqsədlə "Nicat" qiraətxanasında toplantı keçirilmişdi. Qurultayın iclaslarında ciddi məsələlər müzakirə olunmuşdu. Bunlardan biri ana dili təlimi ilə bağlı idi. Bu barədə Qori Müəllimlər Seminariyasının müəllimi F.B.Köçərli geniş məlumat vermişdi.

Qurultayda orta məktəblərin sayının artırılması qərara alınmış; müəllim hazırlığının yaxşılaşdırılması zəruri sayılmış; yaşlılar üçün axşam məktəbləri yaradılması problemi müzakirə olunmuşdu...

F.B.Köçərli "İrşad" qəzetində (1906, N 202) dərc olunmuş "Müəllimlər ictimainə" (ictimai - ərəb sözüdür, aşağıdakı mənaları bildirir: 1) bir yerə toplaşma, yığılma; 2) bir  məclis və ya heyətin toplanması) məqaləsində qurultayın əhəmiyyətini şərh etmişdi.

Azərbaycan maarifi və təhsili tarixində pedaqoji fəaliyyətlə məşğul olan insanların ilk qurultayı 1905-ci ilin 15 avqustunda, genişmiqyaslı hazırlıq işləri aparıldıqdan sonra, Bakıda başlamış, çoxsaylı iclaslarda dövr və gələcək üçün böyük əhəmiyyəti olan məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunmuşdur. Qurultayın son iclasında qəbul olunmuş qərarları həyata keçirmək üçün nümayəndələrin tərkibindən seçilmiş şəxslərdən ibarət daimi komissiya yaradılmışdı. İclasda həmçinin ikinci müəllimlər qurultayını 1907-ci ilin yayında Gəncədə keçirmək qərara alınmışdı.

 

II qurultayın gündəliyindən

 

Azərbaycan müəllimlərinin birinci qurultayının qərarı üzrə II qurultay 1907-ci ilin yayında Gəncədə keçirilməli idi. Lakin bu ali məclis Gəncədə deyil, yenə də Bakıda, avqustun 25-də öz işinə başlayıb.

"Füyuzat" jurnalının 1907-ci il 30 və 31-ci nömrələrində dərc olunmuş materiallardan aydın olur ki, qurultay boyu on bir inqad (yığıncaq) keçirilib.

Bu qurultayda H.B.Zərdabi və N.Nərimanov iştirak etməyiblər.

Qurultayda əsas yer ruhani məktəblərinin işini nizama salmağa verilmişdi. İlahiyyat dərslərinin üsuli-cədidlə aparılması üçün mollalara pedaqoji kurs açmaq məsələsi qaldırılmış, ərəb əlifbasının islahı təklif olunmuş (F.Ağayev, S.B.Axundov və A.B.Əfəndiyevin təklifi panislamistlər tərəfindən etirazla qarşılanıb), ibtidai qızlar məktəbi üçün ümumi və müntəzəm proqram tərtibi Mahmudbəyova tapşırılmış, Müəllimlər İttifaqının nizamnaməsini qəbul etmək məsələsi ortaya gətirilmişdi.

25 avqustda başlayıb sentyabrın 5-də başa çatmış qurultayda proqrama aşağıdakı məsələlər daxil edilmişdi:

I. 1906-cı ildə Bakıda çağırılmış müsəlman müəllimlərinin tərtib etdiyi proqrama baxmaq.

II. Mövcud olan və qurultaya təqdim ediləcək tatar (Azərbaycan - red.) dili və hesab kitabına baxmaq.

III. Tatar (Azərbaycan - red.) əlifbasının çatmayan tərəflərinə baxmaqE

IV. Tatar kitab dilinin təmrini.

V. Tatar dilinin tədris üsulunun işlənilməsi.

VI. Müsəlmanlar arasında savadı yaymaq üçün yol araşdırmaq.

İkinci qurultaya sədrliyi Əli bəy Hüseynzadə etmiş, Mahmud bəy Mahmudbəyov, Süleyman bəy Axundov sədr müavini, üzeyir bəy Hacıbəyov, Mirzə Abdulla Talıbzadə və Fərhad Ağayev katib seçilmişlər.

İclasların, demək olar ki, çoxuna Mahmud bəy Mahmudbəyov sədrlik etmiş, ayrı-ayrı məsələlərlə bağlı komissiya üzvlərinin çıxışları dinlənilmişdir.