· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İKT üzrə təlim kursları keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair tədbirlər planında təhsil sisteminin pedaqoji və inzibati idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin reallaşdırılması nəzərdə tutulur.

 

Bu məqsədlə bəzi layihələr və proqramlar artıq həyata keçirilməkdədir. Belə layihələrdən biri də "İntel - gələcək üçün təhsil"dir. Layihədə məqsəd yerlərdə təlim kurslarının təşkili ilə müəllimlərin İKT savadlılığının artırılmasıdır. İşlədiyim Bakı şəhəri 279 nömrəli orta məktəbdə "İntel - gələcək üçün təhsil" proqramı üzrə artıq üç təlim kursu təşkil edilmişdir. Bu kurslarda məktəbimizin 40-dan çox müəllimi İKT-nin tətbiqi sahəsində yeni biliklərə yiyələnmişdir. Bu layihə çərçivəsində işlər davam etdirilir. Kursların təşkilində və fənn müəllimlərimizin yeni texnologiyanın əsaslarına yiyələnməsində məktəbin direktoru Aybəniz Abbasovanın xüsusi əməyi vardır. Kurslara "İntel"in Suraxanı rayonu üzrə təlimçisi Aygün Əzizova rəhbərlik edir. Məktəbimizdə təlim kursunun məşğələləri 282 və 279 nömrəli məktəblərin informatika müəllimləri Gülər Musayeva və Gülnarə Cabbarova tərəfindən aparılır.

Bu günlərdə 3-cü təlim kursu uğurla başa çatdı. Burada ən təcrübəli və təşəbbüskar müəllimlər təmsil olunmuşdular. Həm tədqiqatların aparılmasında, həm də təqdimatların hazırlanmasında diqqətəlayiq layihələr ortaya çıxdı. Təlim kursunun sonunda A.Əzizova "İntel - gələcək üçün təhsil" layihəsində fəal iştirak edən məktəblər arasında 279 nömrəli məktəbin də adını xüsusi qeyd etdi. Məktəbdə kursların davam etdiriləcəyini bildirdi. O, treninqdə iştirak etmiş müəllimlərə "İntel - gələcək üçün təhsil" proqramı üzrə sertifikatları təqdim etdi.

Təşəbbüskarlığı ilə fərqlənən müəllimlərdən Tamilla Vəliyevanın, Səidə Lətifovanın, Rəfiqə Qasımovanın, Gülanə Ağayevanın və Cəmilə Əliyevanın yaratdıqları maraqlı web səhifələr, tədris layihəsinin portfolyosu, təqdimat, Word və Exell proqramlarında şagirdlər üçün didaktik materiallar onların kompüter texnologiyalarının köməyi ilə şagirdlərə daha səmərəli və keyfiyyətli bilik aşılayacaqlarından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində apardığı məqsədyönlü və ardıcıl siyasətinə, biz müəllimlərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.

 

Ofeliya MUSAYEVA,

Bakı şəhərindəki 279 nömrəli orta

məktəbin tarix müəllimi