· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Respublikanın orta ixtisas təhsili müəssisələrinin direktorlarına

Respublikanın orta ixtisas təhsili müəssisələrində pedaqoji kadrların işə qəbulu vəziyyətinin öyrənilməsi və aparılan təhlillər göstərmişdir ki, mühəndis-pedaqoji kadrların seçilib yerləşdirilməsində, onlar arasında dərs yükünün bölünməsində hələ də ciddi nöqsanlara yol verilməkdədir. Əksər hallarda heç bir ehtiyac olmadan bir stavkadan, hətta 240  (iki yüz qırx) saatdan da aşağı dərs yükünə müəllimlər işə qəbul edilir. Bu isə öz növbəsində məktəblərdə kadr sıxlığının yaranmasına və müəllim-tələbə nisbətinin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda isə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də işə qəbul edilir ki, bütün bunlar son nəticədə təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Təhlil göstərir ki, 2006-2007-ci tədris ilində 2005-2006-cı tədris ilinə nisbətən tələbələrin saıyı 1283 nəfər azaldığı halda, müəllimlərin sayı 191 nəfər artmışdır.

Qeyd edilənləri nəzərə alaraq, orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilərin qəbulu aşağıdakı qaydalara uyğun həyata keçirilməlidir:

- orta ixtisas təhsili müəssisələrində fənlər və ixtisaslar üzrə vakant dərs saatları barədə rəsmi məlumat nazirliyin müvafiq şöbələrinə təqdim edilir;

- müəssisələr üzrə vakant dərs saatları barədə əsaslandırılmış təkliflər Təhsil Nazirliyinin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılır, vakant dərs saatı və kadra olan ehtiyac müəyyənləşdirilir;

- vakant yerlər əsasında orta ixtisas təhsili müəssisələrində müşayiətedici məktubla Təhsil Nazirliyinə daxil olmuş şəxsi işlərə Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması və Ali və orta ixtisas təhsili şöbələrində baxılır. Təhsil, pedaqoji staj, iş təcrübəsi və s. əsas götürülməklə, ixtisas göstəriciləri qoyulmuş tələblərə cavab verən namizəd (və ya namizədlərin) nazirin müvafiq razılıq məktubu əsasında vakant yerə təyin edilməsi işəgötürən tərəfindən rəsmiləşdirilir, onunla əmək müqaviləsi bağlanılır.

Vakant dərs saatı dedikdə orta ixtisas təhsili müəssisəsində hər hansı fənn üzrə ümumi dərs saatının ixtisas müəllimləri arasında 480 saatdan az olmamaq şərti ilə bölündükdən sonra qalan 480 saatdan çox dərs saatı başa düşülməlidir.

Eyni zamanda nəzərə alınmalıdır ki, orta ixtisas təhsili müəssisələrində tədris planına əsasən hər hansı bir fənn üzrə ümumi dərs yükü 480 saatdan az olduğu və ixtisaslı kadr olmadığı halda, həmin saatlar vakant kimi qəbul edilə və fənn üzrə kadrın işə qəbul olunması məsələsi qaldırıla bilər.

Analıq məzuniyyətinə çıxmış müəllimin dərs yükü imkan daxilində, ilk növbədə, həmin tədris müəssisəsində çalışan ixtisaslı kadrlara verilməlidir. Digər hallarda isə analıq məzuniyyətinə çıxmış müəllimin yerinə işə götürülmüş kadrlarla maksimum 3 il müddətinə əmək müqaviləsinin bağlanmasına icazə verilir. Həmin müddət bitdikdən sonra əmək müqaviləsinin şərtlərinə yenidən baxılır.

Bu təlimati məktubun tələblərinə ciddi əməl olunmasına görə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri bilavasitə məsuliyyət daşıyırlar.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

 

11.09.2008-ci il