· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

ötən dərs ilində ən böyük qələbəmiz müsabiqədə qalib gəlməyimiz olub

Məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində uğur qazanması təsadüfi olmamışdır. Pedaqoji kollektivin əsas məqsədi məktəbdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq və şagirdlərə keyfiyyətli təhsil vermək olmuşdur. Bu məqsədə nail olmaq üçün kollektiv daim müxtəlif yollar axtarmış, pedaqoji ədəbiyyatı müntəzəm izləyərək təhsildə baş verən yenilikləri məktəbdə tətbiq etməyə çalışmışdır.

 

2002-2003-cü dərs ilinin ilk günü ümummilli liderimiz Heydər Əliyevin "Bilik günü" və yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbimizdə olması, məktəb kollektivi ilə görüşməsi və onların qarşısında dərin məzmunlu nitq söyləməsi, kollektivin bütün illər üçün fəaliyyət planının əsas tərkib hissəsinə çevrilmiş və bizi müvəffəqiyyət qazanmağa ruhlandırmışdır.

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi elan olunduqdan sonra, ilk növbədə, pedaqoji kollektiv müsabiqənin şərtləri ilə tanış edildi. Müsabiqənin şərtlərinə görə, ən yaxşı məktəbin son üç ildə məzunlarının ali məktəblərə qəbul faizi yüksək olmalı, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, innovativ təhsil proqramlarında iştirak etməli, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdləri mükafata layiq yerlər tutmalıdır. Yeri gəlmişkən qeyd edim ki, son üç ildə məktəbimizin məzunlarının ali məktəblərə qəbulu 50 faizə yaxın olmuş, məktəb müxtəlif innovativ layihələrdə iştirak etmiş, respublika olimpiadasında hər il mükafata layiq yerlər tutmuş, həmçinin məktəbin şagirdi Nicat Musayev respublika olimpiadasında kimya fənni üzrə 1 yeri, Cənubi Koreyada keçirilən beynəlxalq olimpiadada mükafata layiq yer tutmuşdur.

Məktəbimizin göstəriciləri müsabiqənin şərtlərinə uyğun gəldiyinə görə, pedaqoji şuranın qərarı ilə müsabiqədə iştirak etməyi qarşıya məqsəd qoyduq. Müsabiqənin hər üç mərhələsində Təşkilat Komitəsi tərəfindən məktəbimizin göstəriciləri layiqincə qiymətləndirildi. Məktəbimizin respublikamızın 50 ən yaxşı məktəbi sırasına düşməsi kollektivin böyük sevincinə səbəb olmuş, hər bir müəllimin  üzərinə böyük məsuliyyət qoymuş və onları təlim prosesinin keyfiyyətini artırmağa ruhlandırmışdır.

 

Telman QARDAŞOV,

fizika-riyaziyyat elmləri namizədi,

Bakıdakı 275 nömrəli məktəbin direktoru 

 

 

 

 

Sumqayıt müəllimlərinin konfransı

AzərTAc-ın müxbiri xəbər verir ki, Sumqayıtda kimyaçıların üzeyir Hacıbəyov adına Mədəniyyət Sarayında şəhər təhsil işçilərinin konfransı keçirilmişdir. Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov Sumqayıtın təhsil sisteminin fəaliyyətinin bütün spektrini əks etdirən geniş hesabat məruzəsi ilə çıxış etmişdir.

 

Bu il şəhərin 3 tədris müəssisəsi "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin, 4 fənn müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş, 7 şagird fənn olimpiadalarında qalib gəlmişdir. Məruzəçinin qeyd etdiyi kimi, bu, respublika üzrə ən yüksək nəticədir. Məktəblilərin yay istirahətinin təşkili sahəsində sumqayıtlıların müsbət təcrübəsi də təqdir edilməyə və yayılmağa layiqdir.

Yeni dərs ilində şəhərdə 2 məktəb binası istifadəyə veriləcəkdir. 17 orta məktəbdə əlavə tədris korpusları tikilmiş, məktəblərin mebel və müvafiq laboratoriya avadanlığı ilə təchizatı xeyli yaxşılaşmışdır. Məktəblərin istilik sistemləri ilə mərhələlər üzrə təchiz olunması başa çatmaq üzrədir. Belə ki, qış mövsümündə şəhərdəki 50 məktəbin hamısı qızdırılacaqdır.

Dövlətimizin başçısının tədris prosesinin telekommunikasiya təminatına dair tələbləri çərçivəsində 1499 stasionar kompüter, 48 noutbuk, 49 proyektor alınmışdır. Natiqin sözlərinə görə, bütün bunlar təhsilin keyfiyyətinə müsbət təsir göstərir, həm şagirdlərin, həm də müəllimlərin potensial imkanlarının üzə çıxarılmasına stimul yaradır.

Şəhərdə məktəblilərin estetik tərbiyəsi, yaradıcılıq qabiliyyətinin inkişafı üçün maksimum şərait yaradılmışdır. "Qanadlandıq uçmağa" adlı illik almanaxın doqquzuncu buraxılışı çapdan çıxmışdır. Bu almanaxa Sumqayıt məktəblilərinin şeirlərinə peşəkar bəstəkarların yazdığı mahnılar daxil edilmişdir. Məktəblilərin xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş inşalar toplusu "Tarixdə tarixi yaradanlar qalır" adlı ayrıca kitab şəklində çap edilmişdir.

Məruzədə məktəbəqədər müəssisələrin fəaliyyəti də təhlil edilmiş, təhsil sisteminin bu problemli sahəsində yaranmış vəziyyəti əsaslı şəkildə yaxşılaşdırmaq vəzifəsi qarşıya qoyulmuşdur. Konfransda şəhər təhsil sisteminin işçiləri, valideynlər, eləcə də qəbul imtahanlarında mütləq nəticə göstərərək 700 bal toplamış Elvin Dadaşov dövlətimizin başçısı İlham Əliyevə ölkədə təhsil prosesinin təşkili şəraitinin yaxşılaşdırılmasına və bu prosesin modernləşdirilməsinə daimi qayğısına görə minnətdarlıqlarını bildirmişlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və respublika təhsil nazirinin müavini İsgəndər İsgəndərov konfrans iştirakçıları qarşısında çıxış etmişlər. Natiqlər şəhər təhsil şöbəsinin fəaliyyətini yüksək qiymətləndirərək fəal təlim metodlarının tətbiqi, müstəqil iş vərdişlərinin inkişaf etdirilməsi ilə əlaqədar bir sıra təklif və tövsiyələr söyləmişlər. ölkədə peşə təhsili sisteminə münasibətin kökündən dəyişməsi, biliklərin qiymətləndirilməsi üçün yeni sistemin tətbiq edilməsi, kurrikulum islahatları və digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

Konfransda Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində müstəsna xidmətləri barədə xoş sözlər deyilmişdir. Qeyd edilmişdir ki, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində əsasən kənd yerlərində yüzlərlə məktəb binası tikilmiş və modernləşdirilmişdir.

Konfrans respublika müəllimlərinin XIII qurultayına nümayəndələr seçilmişdir.

Qəbul imtahanlarında 650-dən çox bal toplamış tələbələrə, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" respublika müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilmişdir.

 

 

  

 

 

 

Sevincimizə bir sevinc də qatıldı

Bu gün S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın kollektivi ikiqat sevinc içindədir. Birincisi, 2007-2008-ci tədris ilində ilk dəfə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 50 qalib məktəbdən biri olmağımızdır. İkincisi isə bu günlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarını 25 faiz artırmasıdır.

Müəllimlərimiz bütün bunları dövlətimizin təhsil sisteminə və təhsil işçilərinin əməyinə olan diqqət və qayğısı kimi qiymətləndirir.

Onu da deyim ki, məktəbimizin bu müsabiqədə uğur qazanması təsadüfi olmamışdır. Pedaqoji kollektivin əsas məqsədi təhsil ocağında təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq və şagirdlərə yüksək keyfiyyətli təhsil vermək olmuşdur. Müəllimlərimiz bu məqsədə nail olmaq üçün daim müxtəlif yollar axtarmış, təhsildə baş verən yenilikləri məktəbdə tətbiq etməyə çalışmışlar.

Prezident İlham Əliyevin 4 sentyabr 2007-ci il tarixli sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi elan olunduqdan sonra, birinci növbədə, pedaqoji kollektivimizi müsabiqənin şərtləri ilə tanış etdik. Həmin şərtlərə görə son üç ildə məzunlarının ali məktəblərə qəbul faizi yüksək olmalı, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, innovativ təhsil proqramlarında iştirak etməli, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdləri mükafata layiq yerlər tutmalıdır. Müsabiqənin bu şərtlərinə görə, üç ildə məktəbimizin məzunları 2006-cı ildə 150 nəfər XI sinif məzunundan 145 nəfəri sənəd verib, 98-i ali məktəblərə qəbul olunub, 6 nəfəri 600-dən yuxarı bal toplayıb. 2007-ci ildə 61 nəfər XI sinif məzunundan 60-ı sənəd verib, 42 nəfəri qəbul olub, 4 nəfəri 600-dən yuxarı bal toplayıb. 2008-ci ildə isə 68 nəfər XI sinif məzunundan 65-i sənəd verib, 37-si müxtəlif ali məktəblərə qəbul olub. Dörd nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunumuz Arzu Şahverənova 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. Arzu həm də respublika olimpiadasında 4-cü yeri tutmuşdur.

Məktəbimiz, eyni zamanda müxtəlif innovativ layihələrdə iştirak etmiş, respublika və beynəlxalq olimpiadalarda mükafatlara layiq yerlər tutmuşlar.

Sonda onu da deyim ki, məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olması sevincini yaşadığımız bir vaxtda ölkə Prezidentinin təhsil işçilərinin əməkhaqlarını artırması sevincimizə bir sevinc də qatdı. Eyni zamanda bu uğurlar pedaqoji kollektivimizin bütün üzvlərinin qarşısına işlərinə yeni tələblər səviyyəsində yanaşmaq məsuliyyəti qoymuş və onları təlim prosesinin keyfiyyətini artırmağa ruhlandırmışdır.

 

Məhəmmədəli ABBASOV,

S.Bəhlulzadə adına xarici dillər

təmayüllü gimnaziyanın direktoru