· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının 118-ci məşğələsi yeni tədris ilinin başlanması ərəfəsində keçirildi. 

 Məşğələni giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli kollektivi yeni dərs ili münasibəti ilə təbrik etdi. Rektor ümummilli lider Heydər Əliyevin fenomenal yaddaşa, elmin istənilən sahəsində akademik biliyə malik bir şəxsiyyət olmasından, Azərbaycanda elmin, təhsilin inkişafında misilsiz rol oynamasından bəhs etdi. Natiq ümummilli liderin elm, təhsil sahəsində apardığı siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla yürüdüldüyünü diqqətə çatdırdı.

Sonra universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Rzayev "Heydər Əliyev Azərbaycan elminin və təhsilin böyük hamisidir" mövzusunda ətraflı məruzə etdi. Natiq Heydər Əliyevin müstəqil Azərbaycanın milli təhsil sisteminin formalaşmasına, elm ocaqlarının inkişafına xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi. Mühazirəçi milli tariximizin, mədəniyyətimizin, elmimizin çiçəklənməsində bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri olduğunu söylədi. Tərbiyə işləri üzrə prorektor ümummilli liderin elm və təhsil xadimlərimizin əməyini yüksək qiymətləndirdiyini, gənclərin xaricdə təhsil almasına, ayrı-ayrı regionların kadr potensialının artırılmasına xüsusi əhəmiyyət verdiyini vurğuladı. Məmməd Rzayev möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə aparılan uğurlu təhsil islahatlarından, müstəqil Azərbaycanın elmdə qazandığı nailiyyətlərdən də söz açdı.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

 

 

 

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ölkəmizin universitetlərinə köçürülə bilməzlər

Xaricdə təhsil alan azərbaycanlı tələbələr (dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı gənclər istisna olmaqla) ölkəmizin universitetlərinə köçürülə bilməzlər.

AzərTAc xəbər verir ki, bu barədə Təhsil Nazirliyi müvafiq qərar qəbul etmişdir. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bildirmişdir ki, buna səbəb xarici ölkələrin ali məktəblərindən Azərbaycanın universitetlərinə köçürülən tələbələrin sənədlərində saxtalaşdırma hallarına yol verilməsi olmuşdur. Araşdırmalar zamanı müəyyənləşdirilmişdir ki, həmin tələbələrin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməmişdir.

Aparat rəhbəri demişdir ki, xarici ölkələrin ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarının ölkəmizdə tanınması üçün Təhsil Nazirliyinə müraciət edə bilərlər. Burada onların sənədləri araşdırıldıqdan sonra müvafiq qaydalara uyğun olaraq diplomları tanına bilər.

 

 

 

 

BDU-da iməcilik keçirilib

AzərTAc xəbər verir ki, sentyabrın 6-da Bakı Dövlət Universitetində (BDU) yeni dərs ilinin başlanması ərəfəsində iməcilik keçirilmişdir. Universitetin 3 minədək əməkdaşı, o cümlədən professor və müəllimləri ayrı-ayrı tədris korpuslarının həyətlərində yaşıllaşdırma işləri görmüş, səliqə-sahman yaratmışlar.

Universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov təhsilin inkişafına dövlət qayğısından danışaraq bildirmişdir ki, Azərbaycan Prezidentinin "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına əsasən yeni tədris korpusunun inşası üçün ayrılmış 4,6 milyon manat məbləğində əlavə vəsait hesabına korpusun tikintisi başa çatdırılmışdır.

Müasir tələblərə cavab verən elektron kitabxanası, konfrans salonu, 300-dən çox auditoriya, kafedra və laboratoriyası olan yeni tədris korpusuna universitetin tətbiqi riyaziyyat və kibernetika, mexanika-riyaziyyat, tarix fakültələrinin köçürülməsi nəzərdə tutulmuşdur. Yaxın günlərdə yeni tədris korpusunun açılışı olacaqdır.

A.Məhərrəmov çindən 12 mindən çox yeni parta gətirildiyini, universitetin tədris korpuslarının digər müasir avadanlıqla təchiz edildiyini də bildirmişdir.

 

 

  

 

 

Gəncədə tələbə adını qazanmış gənclərlə görüş keçirilib

AzərTAc xəbər verir ki, Gəncədə bu il ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilmişdir. Bildirilmişdir ki, qəbul imtahanlarında iştirak etmiş 2591 gəncəli abituriyentin 751 nəfəri tələbə adını qazanmışdır. Onların 43 nəfəri 600-dən yuxarı bal toplamışdır. Bu göstərici keçən ildəkindən 2,3 faiz çoxdur.

Tələbə adını qazanmış gənclərin valideynləri və onların orta məktəb müəllimləri ölkədə təhsil sistemində yaradılan sağlam şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Görüşdə qəbul imtahanlarında ən yüksək bal toplayanlara qiymətli hədiyyələr təqdim edilmişdir.