· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açılıb

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak edib

Noyabrın 7-də Parisdə, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.

 

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci Dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada bütün qitələri əhatə edən 90 dil tədris olunur. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.

İNALCO-da Azərbaycan dili 1999-cu ildən etibarən fakültativ (könüllü) fənn kimi tədris olunur. Dərslər iki qrupda - 1-3-cü kurs tələbələri üçün və "Licence" təhsil pilləsində aparılır. Birinci qrupda hər il təxminən 15-20 tələbə il ərzində 40 saat Azərbaycan dili dərsi keçir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan dili fakültəsinin açılışından əvvəl institutun rektoru Jak Löqranla görüşmüşdür.

Görüşdə institutda Azərbaycan dili fakültəsinin açılması mühüm hadisə kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, bu, Fransa ilə Azərbaycan arasındakı mədəni və humanitar əməkdaşlığın bariz nümunəsi, eyni zamanda təhsil sahəsində əlaqələrin inkişafına yönəlmiş tarixi addımdır.

Fransa ictimaiyyəti, institut kollektivi və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi institutun rektoru Jak Löqran açaraq demişdir ki, bu mərasim yaxşı təməllər üzərində qurulur. Bu gün iştirak etdiyimiz tədbir Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun çoxəsrlik tarixində daim yadda qalacaqdır. Biz bu təşəbbüsün həyata keçirilməsinə xüsusi önəm veririk. Hazırkı toplantı Azərbaycanla institutumuz arasında qurduğumuz tərəfdaşlığın və əməkdaşlığın bariz nümunəsidir.

Mərasimdə çıxış edən Mehriban ƏLİYEVA Azərbaycan dilinə və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkürünü bildirərək dedi: "Dünyada başqa belə bir institut yoxdur ki, orada 90 dil tədris olunsun. Mən fəxr edirəm ki, zəngin ənənələrə malik bu ali təhsil ocağında Azərbaycan dili fakültəsi açılır.

Bu gün İNALCO-da Azərbaycan dili fakültəsinin açılması Fransada Azərbaycanın tarixi haqqında daha geniş informasiya almağa imkan yaradacaqdır. Eyni zamanda hesab edirəm ki, bu hadisə dövlətlərimiz arasında olan münasibətlərə, xalqlarımız arasında olan əlaqələrə, xoşməramlı, mədəni dialoqun qurulmasına güclü təkan verəcəkdir. Əsrlər boyu millətlərin, xalqların formalaşmasında dil misilsiz rol oynayır. Azərbaycan xalqı da çox qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir xalqdır. Eyni zamanda Azərbaycan müstəqil dövlət kimi çox gəncdir. Biz Azərbaycan dilimizi qoruyub saxlamaqla, öz ənənələrimizi, milli mənəvi dəyərlərimizi, öz köklərimizi qoruyub saxlamışıq. Əlbəttə, hər bir dil inkişaf edir, yeni kəlmələrlə, yeni terminlərlə zənginləşir. Amma biz gərək unutmayaq ki, dil özü-özlüyündə çox dəyərli bir mədəni və tarixi abidədir".

Mehriban Əliyeva Fransa-Azərbaycan əlaqələrinin genişləndiyini və bu əməkdaşlığın siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrini əhatə etdiyini vurğuladı:

- Azərbaycanda Fransa mədəniyyətinə, tarixinə, dilinə çox böyük diqqət və hörmət var. Bir əsrdən çoxdur ki, Azərbaycanda fransız dili tədris edilir. İndi Azərbaycanın 7 ali məktəbində fransız dili və ədəbiyyatı ixtisas fənni kimi tədris olunur, orta məktəblərdə 70 mindən çox şagird xarici dil kimi fransız dilini öyrənir.

Azərbaycanın birinci xanımı Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyini bildirərək dedi ki, Qərblə Şərq arasında körpü yaradan bu institutda Azərbaycan dili fakültəsinin yaradılmasının böyük əhəmiyyəti vardır.

İNALCO-nun kollektivinə uğurlar arzulayan Mehriban xanım Əliyeva fakültəyə Azərbaycanda nəşr olunmuş 400-dən çox kitab bağışladığını bildirmiş, institutun əməkdaşlarını Bakıya dəvət etmişdir.

Rektor Jak Löqran hədiyyəyə görə təşəkkür edərək bildirmişdir ki, bu kitablar Azərbaycan dilinin tədrisində mühüm vasitə olacaqdır. O, ölkəmiz haqqında yüksək fikirlər söyləmiş, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahəsindəki xidmətlərini vurğulamışdır. Rektor demişdir ki, rəhbərlik etdiyi institut müxtəlif xalqlar arasında körpü rolunu oynayır. Azərbaycan özü də tarix boyu Şərqlə Qərb arasında körpü olubdur. "Bakı müxtəlif xalqları təmsil edən ədiblərin ürəyində xüsusi yer tutub", - deyən Jak Löqran bildirmişdir ki, bu institut həm də mədəni irsin qoruyucusu funksiyasını yerinə yetirir.

Sonra çıxış edən institutda Azərbaycan dilini tədris edən müəllim Jil Otye hər il üç ay ölkəmizdə səfərdə olduğunu və Azərbaycanda yaşayan kiçik xalqların dillərini tədqiq etdiyini bildirmişdir. O demişdir ki, qırız, budıq və xınalıq dillərini tədqiq edərkən, ölkəmizin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Belə bir qənaətə gəlmişdir ki, dünyanın ən gözəl dili Xəzər sahillərində, Kür və Araz çaylarının qovuşuğunda danışılır. Jil Otye Mehriban xanım Əliyevaya bu missiyanın reallaşmasında xidmətinə görə təşəkkür etmişdir.

Jil Otye daha sonra demişdir: - İndi Xınalığa gözəl asfalt yol var. Hər kənddə yeni məktəb tikilib. Bu il sentyabr ayında Quba rayonundakı kiçik bir kəndin yeni məktəbində 10 ədəd təzə kompüteri, kitabxanasında isə yenicə gətirilmiş 3 min təzə kitabı öz gözlərimlə görə bildim. Hörmətli Mehriban xanım, bu yeni məktəbi iyun ayında Siz açmışsınız. çox kiçik bir kənd olsa belə, orada yeni bir məktəb tikdirməyi qarşıya vacib bir məsələ kimi qoydunuz. Sonra Heydər Əliyev Fondunun da köməyi ilə və Sizin himayənizlə ən çalışqan universitet tələbələri və məzunları xaricə göndərilməyə başladılar. Nəhayət, bu gün uzaq Parisin mərkəzində yerləşən qədim ali məktəbimizi ziyarət etmək və Azərbaycan dilini tədris edənlərə kömək göstərmək üçün buraya gəldiniz. ümidvaram ki, İNALCO-da Azərbaycan dilinin tədrisi üçün təyin ediləcək yeni müəllim bu böyük və vacib vəzifəyə layiq olacaqdır.

Mərasimə dəvət olunan yüksək səviyyəli qonaqlar Mehriban xanımla söhbətlərində institutda Azərbaycan dili fakültəsinin fəaliyyətə başlamasının Avropanın mədəniyyət mərkəzi olan Fransada Azərbaycanın təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını bildirmişlər. Onlar Azərbaycanın birinci xanımına bu təşəbbüsünə görə təşəkkür etmişlər.

Mərasimdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəsi, səfir Eleonora Hüseynova iştirak etmişlər.

AzərTAc

 

 

 

Görkəmli ədib, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi YUNESKO səviyyəsində qeyd olunub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib

 

Noyabrın 10-da Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.

YUNESKO səviyyəsində keçirilən yubiley mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

XX əsr Azərbaycan ədəbiyyatında, elmində müstəsna xidmətlər göstərən Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edilməsi həm də Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri kimi bu sahədə geniş və səmərəli fəaliyyəti qurumla ölkəmiz arasında əlaqələrin inkişafına mühüm töhfə verir.

YUNESKO-nun iqamətgahına gələn Mehriban xanım Əliyevanı qurumun Baş direktoru Koişiro Matsuura və digər rəsmi şəxslər səmimiyyətlə qarşılamışlar.

Koişiro Matsuura və Mehriban xanım əvvəlcə Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən sərgi ilə tanış olmuşlar. Azərbaycanın görkəmli yazıçısı və aliminin müxtəlif illərdə çəkilmiş fotolarında onun zəngin həyat və fəaliyyətinin ən maraqlı məqamları əks olunmuşdur. Bu fotolarda görkəmli yazıçının dövrünün görkəmli ziyalıları ilə görüşlərini yaşadan məqamlar, ailə üzvləri ilə şirin xatirələr yaşanır. Sərgidə yazıçının həm Azərbaycanda, həm də xaricdə nəşr edilmiş əsərləri də təqdim olunmuşdu.

Görkəmli yazıçının əsərləri bir neçə nəslin tərbiyəsində, maariflənməsində və dünyabaxışının formalaşmasında mühüm rol oynamışdır. Mir Cəlal Paşayev həm də alimliyi, müəllimliyi, ziyalılığı ilə Azərbaycanın fikir tarixində xüsusi yer tutur. Odur ki, bu böyük ziyalının yubileyinin YUNESKO səviyyəsində qeyd edilməsinin xüsusi mənası və özəlliyi var.

Yubiley mərasimini açan YUNESKO-nun Baş direktoru Koişiro Matsuura demişdir ki, Azərbaycan xalqının böyük alimi və yazıçısı Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində qeyd edilməsi qurumun ənənələrinə uyğundur. çünki YUNESKO ilə Azərbaycan arasında güclü əməkdaşlıq var və bu münasibətlər müxtəlif sahələri əhatə edir. Bu əməkdaşlığın qurulması və inkişafında Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Baş direktor bildirmişdir ki, Mir Cəlal Paşayevin 100 illiyinin YUNESKO-da qeyd edilməsi də qurumla Azərbaycan arasındakı uğurlu əməkdaşlığın nümunəsidir.

Sonra çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalqımızın zəngin mədəni dəyərləri olduğunu vurğulayaraq bildirmişdir ki, çox böyük ədəbi irsə malik olan Azərbaycan böyük alimlər, mütəfəkkirlər nəsli yetişdiribdir. Mir Cəlal Paşayevin ədəbi və elmi yaradıcılığının xarakterik xüsusiyyətlərindən danışan Mehriban xanım demişdir ki, onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıqfikirli tələbə yetişdirmişdir.

Mehriban Əliyeva başda YUNESKO rəhbərliyi olmaqla, yubiley mərasiminin keçirilməsində əməyi olan bütün insanlara təşəkkürünü bildirmişdir.

Sonra Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunmuşdur.

Mərasim "Könül dolusu musiqi" adlı konsert proqramı ilə davam etdirilmişdir. Dirijor, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim etmişdir.

Yubiley mərasiminə dəvət olunmuş Fransa Senatının keçmiş sədri Kristian Ponsöle Azərbaycan xalqının görkəmli ziyalısı Mir Cəlal Paşayevin 100 illiyi münasibətilə Mehriban xanım Əliyevanı təbrik etmiş, bu mərasimdən aldığı yüksək təəssüratın ölkəmizə olan rəğbətini daha da artırdığını vurğulamışdır. Mərasimdən sonra YUNESKO-nun iqamətgahında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Mir Cəlal Paşayevin 100 illik yubiley mərasimində iştirak edən qonaqların şərəfinə ziyafət verilmişdir.

AzərTAc