· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

  

Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına liseyin açılışı olub

Noyabrın 8-də Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına liseyin açılış mərasimi olmuşdur.

Mərasimdə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin milli təhsil naziri Hüseyn çəlik, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, respublika təhsil nazirinin müavini Elmar Qasımov, Adana valisi İlhan Atış, ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov və digər rəsmi şəxslər iştirak etmişlər.

Mərasimi açan nazir Hüseyn çəlik 600 şagird yerlik liseyin dördmərtəbəli binasının tikintisinin bu ilin may ayında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə imzalanmış protokol əsasında 5 ay müddətində tamamlandığını, "bir millət, iki dövlət" kəlamı ilə xalqlarımızın qardaşlığını daha da möhkəmləndirən dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bu təhsil ocağının Ceyhan sakinlərinə böyük töhfə olduğunu bildirmişdir. Mövlana Cəlaləddin Ruminin "Eyni dildə danışanlar deyil, eyni şeyi hiss edənlər yaxşı anlaşa bilirlər" sözlərini xatırladan nazir demişdir ki, biz azərbaycanlı qardaşlarımızla həm eyni dildə danışır, həm də eyni şeyləri hiss edirik. Bu liseydə təhsil alanlar daim Heydər Əliyevi rəhmətlə anacaqlar. Burada yetişən uşaqlar onun adı ilə yaşayacaqlar.

Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında demişdir ki, indi dövrümüz müharibələr deyil, elm və texnologiya dövrüdür. Bütün dünyada türk xalqlarının da zirvələrə çatması yalnız təhsillə bağlı olacaqdır. Ceyhanı indi bütün dünya tanıyır. Mən nə vaxtsa bu məktəbdən Türkiyənin nazirlərinin və idarəçilərinin çıxacağına inanıram.

Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan bəhs etmişdir. O bildirmişdir ki, hazırda Azərbaycanda 4 min türk, Türkiyədə isə 4 min azərbaycanlı tələbə təhsil alır.

Açılış mərasimindən sonra Hüseyn çəlik və Əli Həsənov ulu öndər Heydər Əliyevin liseydəki büstünün önünə gül qoydular, yadigar olaraq bir-birinə xatirə hədiyyələri təqdim etdilər.

 

 

Görkəmli filosofun yubileyi qeyd edildi

 

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" keçirildi. İnstitutun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı açdı.

O, görkəmli filosofun ömür yoluna nəzər salaraq, onun dialektik və tarixi materializmə dair əsərlərinin ali məktəb üçün Azərbaycan dilində ilk dərslik olmasından, ADU-nun tarix fakültəsi nəzdində ilk fəlsəfə şöbəsində təşkilatçılığından, eləcə də ölkəmizdə fəlsəfə üzrə kadrların yetişdirilməsində mühüm xidmətlərindən danışdı.

İctimai fənlər kafedrasının müdiri, professor Vaqif Piriyevin, ixtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Telman Haqvediyevin, pedaqoji fakültənin I kurs tələbəsi Allahverdi Hüseynovun Heydər Hüseynovun həyat və yaradıcılığı, fəlsəfi düşüncələri, ictimai-fəlsəfi fəaliyyəti haqqında çıxışları və tələbələrin çoxsaylı sualları Heydər Hüseynovun keçdiyi ömür yolunun maraqla öyrənildiyindən xəbər verirdi.