|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyi YUNESKO səviyyəsində qeyd olundu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı Xəbər
verdiyimiz kimi, noyabrın 10-da Parisdə YUNESKO-nun
iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, alim və pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir.
YUNESKO səviyyəsində keçirilən yubiley
mərasimində Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva çıxış etmişdir.
-Cənab Baş direktor! Xanımlar və cənablar! Hörmətli qonaqlar! Mən sizin hamınızı salamlayır,
dəvətimizi qəbul edib, bu axşam bizimlə olduğunuza
görə minnətdarlığımı bildirirəm. Mən dostlarım və həmkarlarım
arasında olmağımdan son dərəcə
məmnunam. Eyni zamanda dünyada təhsil, elm və
mədəniyyətin qorunması və inkişafı
sahəsində yorulmaz fəaliyyət göstərən
YUNESKO-nun bütün işçilərinə dərin təşəkkürümü
bildirirəm. YUNESKO xalqlar arasında ünsiyyəti qoruyub
saxlamaq, bir-biri ilə tanış olmaq, biliklərlə bölüşmək
və dünyanın mədəni müxtəlifliyini
dəyərləndirmək üçün ən ali platformadır. Mən YUNESKO-nun Baş direktoru cənab Koişiro
Matsuuranı xüsusi salamlamaq, YUNESKO-nun ideallarına verdiyi
dəstəyinə və davamlı işinə görə
ona təşəkkürümü bildirmək istəyirəm. Bu ilin yayında YUNESKO və Azərbaycan yüksək
səviyyəli iki konfrans keçirmişdir. Cənab Baş
direktor müasir dünyada savadlılıq və hamı üçün
təhsil mövzularına həsr olunmuş regional konfransda iştirak
etmişdir. Eyni zamanda ölkəmizdə keçirdiyimiz
sivilizasiyalararası və mədəniyyətlərarası
dialoqda qadınların rolu mövzusunda konfransa verdiyi
dəstəyə görə cənab Matsuuraya və YUNESKO-ya
minnətdarlığımızı bildirirəm. Mən
gələcəkdə uğurlu əməkdaşlığı
davam etdirməyi ürəkdən arzulayıram. Əziz dostlar! Mədəni irs hər bir xalqın qüruru
və fəxridir. Mədəni irsin qorunub saxlanaraq, bir
nəsildən digər nəslə ötürülməsində
vacib olan bir çox amillər arasında əsas rolu
ədəbiyyat və dil oynayır. Eyni zamanda dil və
ədəbiyyat müstəqil dövlətin qurulmasında çox
vacib meyarlardır. ölkəmizin tarixinə nəzər
salsaq görərik ki, mühüm geosiyasi məkanda yerləşən
Azərbaycan əsrlər boyu müxtəlif imperiyaların
tərkibində yaşamışdır. Ancaq bütün çətinliklərə
baxmayaraq, biz öz mədəniyyətimizi, dilimizi,
ədəbiyyatımızı,
adət-ənənələrimizi və milli
dəyərlərimizi qoruyub saxlaya bildik. Bu, milli özünəməxsusluğumuzun
itirilməsinin qarşısını aldı. Biz onu
qoruyub saxladıq və güclü müstəqil dövlətə çevrildik.
Bu baxımdan, bütün həyatını ədəbiyyata
və dilə həsr etmiş şəxslər bizim üçün
hədsiz dərəcədə dəyərlidir. Bu gün biz
məşhur Azərbaycan yazıçısı, alim və müəllim
Mir Cəlal Paşayevin anadan olmasının 100-cü ildönümünü
qeyd edirik. İstedadlı qələm ustası olan Mir
Cəlal Paşayev Azərbaycanın ədəbiyyat
xəzinəsini öz romanları və hekayələri
ilə daha da zənginləşdirmişdir. Həyatı
boyu ədəbiyyatımızı tədqiq edən alim
kimi Azərbaycan ədəbiyyatı
nəzəriyyəsini yaratmış və bu, onun müəyyən
etdiyi qaydalar və prinsiplər əsasında inkişaf
etmiş və bu günə qədər də inkişaf
etməkdədir. Görkəmli müəllim və maarifçi kimi
Mir Cəlal Paşayev vurğulayırdı ki, dil və
ədəbiyyat nəinki tarix və mədəniyyətin
bir hissəsidir, o cümlədən bunlar hər bir insanın
ürəyində və qəlbindədir. Bu şəxsiyyətin
çoxşaxəliliyini sözlərlə təsvir etmək çətindir,
çünki o, özündə yazıçı istedadını, alimin
intellektual səviyyəsini və müəllim həssaslığını
cəmləşdirirdi. Mir Cəlal öz kitablarında həyatı
təsvir və tədqiq edərdi. O, hər zaman həyatın
mənasını tədqiq etməyə çalışardı.
Altı romandan başqa, o, Azərbaycanın XX əsr
ədəbiyyatının parlaq nümunələri sayılan
300-ə yaxın hekayə yazmışdır.
Hekayələri onun yaşadığı dövrə aid
şəxsi təəssüratları və yaratdığı
obrazları ilə seçilir. Onun qəhrəmanları
bədiiliklə, inandırıcı şəkildə
təsvir olunur, yadda qalır. Yaddaşdan silinməyən
yumor onun bir çox əsərlərində öz əksini tapır.
Həmin dövrdə ədəbiyyat
qəhrəmanlarının kommunizm qurulmasına xidmət
etməsi məcburi idi və yalnız əsl
ədəbiyyat inciləri zamanın sınaqlarından çıxmışdır.
Mir Cəlal həyatının bir çox illərini dahi şair
Məhəmməd Füzulinin əsərlərinin
tədqiqinə həsr etmişdir. O, Məhəmməd Füzulinin
əsərlərinin elmi-nəzəri təfsilatını
verən ilk alim olmuşdur. Füzulişünaslıq adlanan elmi sahə ilk
dəfə Mir Cəlalın elmi işlərində
əksini tapmışdır. Kəşməkəşli
1930-40-cı illərdə, kommunist ideologiyasının möhkəmləndirilməsinə
yönəlmiş tədqiqatların dəbdə olduğu
bir vaxtda Mir Cəlal çox sevilən həmin romantik şairin
əsərlərini araşdırırdı. Artıq qeyd etdiyim kimi, Mir Cəlal əla müəllim
keyfiyyətlərinə malik idi. O, gənclərə inanırdı.
Onun tələbələrinin bir çoxu
gələcəkdə alim və yazıçı olmuşdur.
O, hər bir gəncə qayğı və hörmətlə
yanaşaraq, onun yaradıcı potensialını inkişaf
etdirməyə çalışırdı. Mir Cəlal onlara
öz gücünü sınamasında dəstək verirdi və hesab
edirdi ki, insanı ruhlandırmaq və şəxsi gücünə
əsaslandırmağa inandırmaq onun inkişafında
ən münasib yoldur. O, bir çox hallarda öz
tələbələrinə deyərdi: "Siz ən yaxşı
tələbəsiniz, hər işdə uğur qazanacaqsınız".
O, haqlı idi, bu gün onun bir çox tələbələri
Azərbaycan cəmiyyətinin elmi və intellektual potensialını
təmsil edirlər. Mir Cəlal yüksək mənəvi
keyfiyyətlərə və dərin ləyaqət
hissinə malik olan səmimi insan idi. Bu görkəmli şəxsiyyətin
ətrafında olanlar hər zaman onunla maraqlı söhbətlər
aparırdılar. Fitri istedadı və əsl humanistliyi
ona həyatında üzləşdiyi çətinlikləri
və maneələri dəf etmək və bir çox insanlara
dəstək olmaq imkanı yaradırdı. O, elə bir
alov deyildi ki, digərlərini kölgədə qoysun. Əksinə,
Mir Cəlal hər zaman yol göstərməyə və yardımçı
olmağa çalışırdı. Bu şəxsiyyət
Azərbaycan tarixi və mədəniyyətinin ən görkəmli
simalarından biri idi. Bu gün mən onun ailə üzvü,
nəvəsi kimi həmin böyük insanı burada, belə bir
nüfuzlu təşkilatda təmsil etməkdən böyük
şərəf hissi duyuram. Onu da qeyd etmək istəyirəm ki,
təqribən yarım əsr bundan əvvəl, 1960-cı
ildə Mir Cəlal Azərbaycanın intellektual
dairələrindən ibarət ilk nümayəndə
heyəti tərkibində Fransaya səfər etmiş
və təəssüratlarını "Fransaya aparan
yollarda" adlı yazısında təsvir etmişdir. O,
Parisin tarixi və memarlıq abidələri, Fransanın böyük
mədəni irsi barədə yazmışdır. Mir
Cəlal YUNESKO-nun yenicə tikilmiş binasını xüsusi
qeyd etmişdir. Binanı şəhərə yeni üslub
gətirən bir abidə kimi qələmə almışdır.
Məhz bu gün biz elə həmin binada onun yubileyini qeyd
edirik. Son dərəcə təvazökar insan olan
Mir Cəlal heç vaxt şöhrət və fəxri adlar haqqında
düşünmürdü. O, tez-tez təkrarlayardı: "Mənim
yazılarım və tələbələrim var. Bu,
mənim üçün kifayətdir!". Bu gün isə biz
əlavə edə bilərik: o, Azərbaycan xalqının
böyük hörmətini qazanmışdır və onun
əbədi xatirəsindədir. Əziz dostlar, mən yekun olaraq, YUNESKO-nun
rəhbərliyinə bir daha dərin minnətdarlığımı
bildirmək istəyirəm. Həmişə burada olduqda
mən çox səmimi qonaqpərvərliyi hiss edir, YUNESKO
ailəsinin çox mehriban mühitinin şahidi oluram. Buna görə
çox minnətdaram. Mən bir daha bütün iştirakçılara
və tədbirin təşkilatçılarına təşəkkürümü
bildirir, sizə xoşbəxtlik və rifah arzulayıram. Sağ olun. AzərTAc
|