· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakının iki məktəbində kurrikulumla bağlı sorğularımız nə göstərdi?

318 nömrəli məktəbin direktoru "şparqalka"dan istifadə etməyə çalışsa da, suallarımıza cavab verə bilmədi

 

İki ildən çoxdur ki, Təhsil Nazirliyinin tabeliyində Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Bu müddət ərzində nazirliyin və idarənin səyləri nəticəsində xeyli iş görülüb. Bunlar artıq özünü ciddi şəkildə göstərir. Bütün sahələrdə uğurlar aydın hiss olunsa da, bəzi məktəblərdə nöqsanlar hələ də qalmaqdadır. Qəzetimizin ötən saylarında kurrikulumlarla bağlı dərc olunan reyd yazılarında onların bir qisminə toxunmuşduq. Növbəti reydimizdə də elə məqsədimiz iki aydan bəri tətbiq olunan yeni kurrikulumlarla bağlı idi. öyrənmək istəyirdik ki, yeniliyin izahı istiqamətində aparılmış maarifləndirmə işlərindən məktəb rəhbərləri, müəllimlər nə dərəcədə faydalana bilmişlər? Onlar yeni kurrikulum haqqında nə bilirlər? Onun əvvəlki proqramlardan fərqli və üstün cəhətlərini necə başa düşürlər? Bu dəfə reyd qrupumuz paytaxtın Suraxanı rayonunda yerləşən iki orta məktəbdə oldu.

Kurrikulum I sinifdən tətbiq olunsa da, coğrafiya müəllimi X sinifdə yeni kurrikulumla işlədiyini dedi

öncə yolumuzu 318 nömrəli məktəbdən saldıq. Direktor Fərhad Həsənovla hal-əhvaldan sonra ilk sualı da ona verdik: "Yeni kurrikulumların tətbiqi ilə bağlı məktəbinizdə iş necə təşkil olunub? O özü kurrikulum anlayışını necə başa düşür?". Fərhad müəllim bu istiqamətdə təşkilati işlərlə ibtidai siniflər üzrə müavini Rəsmiyə Hüseynovanın məşğul olduğunu bildirib, onu dinləməyimizi məsləhət gördü.

Biz suallarımıza təhsil müəssisəsinin rəhbəri kimi onun özündən cavab almaq istədiyimizi bildirsək və onu söhbətə çəkməyə cəhd etsək də, istəyimizə nail ola bilmədik. "Mən sizin suallarınıza sonra cavab verərəm. Qoy əvvəl müavinim məlumat versin", - deyib Rəsmiyə Hüseynovanı çağırtdırdı.

Biz Fərhad müəllimin məqsədini bir qədər gec, Rəsmiyə xanımla söhbətdən sonra, nəhayət, razılaşıb suallarımıza cavab verərkən stolun arxasında əlində nəyə isə baxdığını hiss edəndə başa düşdük. Deyəsən "şparqalka" idi. Sən demə, Fərhad müəllim vaxt qazanmaq istəyirmiş. Görünür bu vaxt ona suallarımıza cavab verməyə hazırlaşmaq üçün  lazım imiş. Biz Rəsmiyə xanımla söhbət edəndə arada otağından çıxan direktor, görünür, "şparqalka" hazırlatdırırmış. çünki biz "Fərhad müəllim deyəsən konspektdən istifadə edir" deyəndə o, "nə konspekt", deyib gülümsündü.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsmiyə Hüseynova yeni kurrikulumun tətbiqi ilə bağlı görülmüş işlər barədə bizə ətraflı məlumat verdi. Bildirdi ki, hazırda məktəbin 8 birinci sinfi var və onların hamısında ibtidai sinif müəllimləri dərslərini yeni kurrikulumun tələblərinə uyğun qurublar. Müəllimlərin hamısı yeni kurrikulumlarla bağlı treninqlərdən keçib. Dərslik komplektləri vaxtında alınıb, I sinifdə keçilən fənlər üzrə yeni kurrikulumlar toplusu da gec də olsa, onlara çatdırılıb.

Direktor müavininin bura qədər dediklərini aydın başa düşsək də, bundan sonra söylədiklərindən bir şey anlamadıq.

- Kurrikulum anlayışı nə deməkdir? Siz kurrikulum deyəndə nə başa düşürsünüz?

- Kurrikulumun mənası hər yerdə bir cür verilir. Biz belə götürmüşük ki, kurrikulum yeni təlim metodudur, fənlərarası əlaqədir.

"Yeni kurrikulumların əvvəlki proqramlardan nə kimi üstünlükləri var" sualımıza Rəsmiyə müəllim "Yeni kurrikulumlar uşağı daha çox sərbəstliyə alışdırır. Amma elə bilirəm ki, Sovet təhsili daha yaxşı təhsil idi", - deyə cavablandırdı və fikrini daha da "inkişaf" etdirərək bildirdi ki, onlar arasında elə bir fərq görmür. "Ancaq adlar dəyişib. Sovet təhsilində "fənlərarası əlaqə" deyirdilər, indi olub "inteqrasiya". Həmən şeydir".

Sonda birinci sinif müəllimlərinə "yol göstərib kömək edən" direktor müavinindən yeni kurrikulumlarla bağlı xüsusi kurslardan keçib-keçmədiyini soruşduq və "Yox" cavabı aldıq.

Nəhayət, Fərhad müəllimin sualımıza cavab verməyə hazır olduğunu görüb kurrikulum anlayışının mənasını, mahiyyətinin nədən ibarət olmasını ondan soruşduq. Cavabı belə oldu:

- Rəsmiyə xanım buna qismən cavab verdi. Mən onun mahiyyətinə getmək istəyirəm. Kurrikulum təkcə proqram deyil. Kurrikulum, eyni zamanda təhsil üçün şəraitin yaradılmasıdır. Yeni dərs tipidir. Məktəblərdə tətbiq olunan yeni formadır. Şagirdlərin meyil və bacarıqlarının üzə çıxarılmasıdır.

- Sizcə kurrikulumun əvvəlki proqramlardan əsas üstünlüyü nədədir?

- Siz özünüz mütəxəssissiniz. Görürəm, məni sorğu-suala çəkirsiniz ki, bilirəm, ya yox.

Fərhad müəllim stolun arxasında əlində tutduğu "şparqalkaya" gözucu baxaraq sözünə davam etdi:

- Məsələn, əvvəllər bizim dərslərimizdə ev tapşırığı var idi, indi yoxdur.

üstün tərəflərindən biri də odur ki, şagirdlər daha çox fəal olur. Əyanilikdən daha çox istifadə olunur. Şagirdlər evə hazır vəziyyətdə gedir.

Cavablardan hiss olunurdu ki, götürülən "taym-aut"dan Fərhad müəllim səmərəli "istifadə" edib. Lakin biz uzun illər Bakının ən böyük rayonlarından birinin təhsilinə rəhbərlik etmiş Fərhad Həsənovdan daha dəqiq və ətraflı cavablar gözləyirdik.

Yeniliyin tətbiqinə başlanandan keçən 2 aydan artıq müddətdə bu mövzuda I sinif müəllimləri ilə söhbətlərin, müzakirələrin keçirilib-keçirilməməsi ilə də maraqlandıq və "Müzakirələr aparmışıq" kimi başdansovdu cavab aldıq.

Birincilərin sonuncu dərslərindən sonra yeni kurrikulumlarla işləyən, yuxarı siniflərdə dərs deyən bir neçə müəllimlə də söhbətləşdik.

I "D" sinfinin müəllimi Gülşən Feyziyeva həmin sualımızı "Yeni təlim metodları", "yeni standartlar", - deyə cavablandırdı. Yeni kurrikulumlarla əvvəlki proqramların fərqini isə o, belə "izah" etdi: "Əvvəl bilirdik, sonra bacarırdıq. Yeni metodda isə əvvəl bacarırlar, sonra bildiklərini tətbiq edirlər. Yeni metodla kitablarla, iş dəftərləri ilə işləyirik. Şagirdlər iş dəftərində əvvəl hərfin elementlərini yazırlar, sonra tətbiq edirlər. ERiyaziyyatdan indi sayırlar, saydıqlarını rəngləyirlər, rənglədiklərini haşiyəyə alırlar. Amma əvvəlki metodda bunlar yox idi. Təkcə kitab idi. Misalları kitabdan dəftərə köçürürdülər. Əvvəl misalları barmaqları ilə, çöplərlə sayıb həll edirdilər, indi isə bu əməliyyatları şəkillərlə edirlər".

Zərintac Qasımova (I "B" sinfi):

- Mən başa düşdüyüm qədər kurrikulum məzmun standartlarına uyğun təlim inteqrasiyası deməkdir. Bizə deyirlər ki, ev tapşırıqları verməyin. Bu bizi qane eləmir.

Esmira Usubova:

- Kurrikulum yeni təlim üsulları, yeni tipli metodlar deməkdir.

Yuxarı siniflərdə dərs deyən müəllimlər də kurrikulum anlayışını özlərinə məxsus şəkildə "izah" edib, yenilik haqqında kifayət qədər məlumatlarının olmadığını nümayiş etdirdilər. Məsələn, müəllimlərdən biri Bəhram Alıyev "Kurrikulum nədir" sualımızın cavabında "Kurrikulum tədris proqramı deyil, bütövlükdə təhsil sistemidir, bütün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemlərini özündə inteqrasiya edən təhsil sistemidir", - deyib "vəziyyətdən" çıxdı. "Yeni kurrikulum bizə nə verəcək" sualımızı isə "Məncə çox şey", - deyə cavablandırdı.

Coğrafiya müəllimi Malik Mehtalıyev isə artıq X sinif coğrafiya dərslərində hələ tətbiq olunmayan kurrikulumdan tam istifadə etdiyini bildirdi.

Təhsil sahəsində çoxillik təcrübəsi olan direktora baxanda müəllimlər şparqalkadan istifadə etmədən kurrikulum haqqında müəyyən qədər təsəvvürləri olduğunu göstərdilər.

 

141 nömrəli məktəbdə isə əvvəlki sistemlə fərqi adların dəyişməsində görürlər

Növbəti baş çəkdiyimiz tədris ocağı 141 nömrəli məktəb oldu. Məktəbin direktoru Reyhanə Qurbanova yeni kurrikulumun tətbiqi ilə bağlı gördükləri işlərdən danışaraq bildirdi ki, 6 birinci sinifdə işləyəcək bütün müəllimlər və ehtiyat olaraq 3 əlavə ibtidai sinif müəllimi xüsusi kursdan keçirilib. üstəlik müəllimlərin kurrikulumun mahiyyətini daha yaxşı başa düşmələri, onun hansı fəaliyyət sahələrini əhatə etdiyini bilmələri üçün "Kurrikulum guşəsi" yaradılıb. Ancaq nədənsə bu guşə direktorun otağında idi. Nə üçün onun müəllimlər otağına qoyulmadığını soruşduqda     korlanmasından ehtiyat etdiyini bildirdi.

Burada da "Kurrikulumun mahiyyəti haqqında nə bilirsiniz" sualı ilə öncə elə direktora müraciət etdik. Reyhanə xanım cavabında "Bu elə bir sistemdir, elə bir proqramdır ki, bütün təhsil işini idarə edir, onun fəaliyyətini düzgün istiqamətdə aparır. Burada bütün təhsil fəaliyyəti nəzərə alınır. Proqramı da, metodikası da, üsulları da, hamısı bura aiddir", - deyərək bu sahədə xeyli bilgisi olduğunu göstərdi.

"Yeni kurrikulumun əvvəlki proqramlardan fərqli və üstün cəhətləri hansılardır" sualımıza isə direktor belə cavab verdi:

"Əvvəlində də pis olur, sonunda da. İndi əvvəlidir. Ola bilsin ki, kimsə bunu bəyənmir, kimsə vərdişindən imtina edə bilmir. Bir az da keçsin, biz dəqiq qiymət verəcəyik. Mən isə 30 ilin müəllimi kimi oxuyuram və bu sistemdən xoşum gəlir. Ona görə də çalışıram ki, məktəbdə hər cür şərait yaradam.

Bu təzə sistemdir. özünü göstərəcək. İndi biz hələ ki bu yolla təzə keçirik. Baxaq görək nə alınacaq".

Yeniliyin mahiyyətini necə başa düşdüklərini müəyyənləşdirmək üçün burada da bir neçə müəllimlə sorğu-sual etdik. I sinif müəllimi Nigar Zeynalova dedi ki, "Kurrikulum onun fikrincə elmə gedən yoldur. Biz uşaqlara bunu belə başa salırıq. Kurrikulum bütün planlaşdırmaların yığılmış bir şəkildə həyata keçməsidir. Kurrikulumda biliklə bərabər, bacarıq da gedir. Yəni hər şeyi hamı bilir. Ancaq onu bacarmaq lazımdır. Onu dilə gətirmək lazımdır".

"Bəs onun nə kimi üstünlükləri var" sualına isə Nigar müəllim "Heç bir üstün cəhəti yoxdur. Eyni sistemdir, adlar dəyişilib. Məsələn, proqram idi, olub planlaşdırma, mövzuların adları idi, olub məzmun standartları, əyani vəsaitlər idi, olub resurslar. Belə baxanda heç bir fərq yoxdur", - deyə cavab verdi.

Növbəti müsahibimiz birinci sinifdə ingilis dili dərsi deyən ülviyyə Yusifova oldu. ülviyyə xanıma bir az fərqli sual verdik:

- İngilis dili kurrikulumu nələri əhatə edir?

O, "Əslində orda sözlər şəkillərlədir. Amma biz onu şagirdlərə hələ şəkillərlə başa salmırıq, sözləri deyirik, onlar təkrar edir" cavabı verməklə ya sualı başa düşmədiyini, ya da tədris etdiyi fənnin kurrikulumunun strukturu ilə tanış olmadığını büruzə verdi. Əlavə izahatlarla sualı bir daha təkrar etdikdə isə o, "əvvəl planlaşdırma gəlir, sonda isə nəticə" deyərək ümumiyyətlə bu barədə məlumatının olmadığını göstərdi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülgün İmamverdiyevanın sualımıza cavabı isə bir qədər qeyri-adi səsləndi. Kurrikulumla tanış olduğunu deyən Gülgün müəllim onun tətbiqi çətin olan qeyri-adi dərs növü sayıldığını bildirdi və əlavə etdi ki, bizim kitablarımız uşaqlar üçün çox çətindir. çalışırıq ki, bunu (?) tətbiq edək.

Məktəbin xarici dil müəllimi Arif Ağakişiyevin isə kurrikulum haqqında bildikləri aşağıdakılardan ibarət idi:

- Təbii ki, hər müəllimin özünün metodikası var. O da şagirdlərin səviyyəsindən asılıdır. Yəni şagird necə götürürsə, müəllim də məcburdur ki, öz dərsini ona uyğun tədris etsin.

Riyaziyyat müəllimi Aftandil Zeynalov da kurrikulum haqqında ümumi məlumatının olduğunu bildirdi. Bu ümumi məlumatlar sırasında o, kurrikulumun latın sözü olmasını, şagirdlərə yeni metodla dərs keçilməsini qeyd etdi.

İki təhsil ocağına reydimiz kurrikulumla bağlı müəllimlər arasında hələ çox izahat, maarifləndirmə işləri aparmağa ehtiyac olduğunu aşkara çıxardı.

Yusif ƏLİYEV,

Fazil İDRİSOĞLU