· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir

 

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi Qaydaları

 

1. ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı müəllim" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək, novatorluğa və innovasiyalara meyilli müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün səmərəli şərait yaratmaq, cəmiyyətdə müəllimin statusunu və nüfuzunu yüksəltmək, dövlətin təhsil siyasətinin həyata keçirilməsində müəllimin rolunun getdikcə artmasına nail olmaq və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsində stimullaşdırıcı tədbirlərin mühüm əhəmiyyət daşıdığını geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

1.4. Müsabiqədə əsas iş yeri ümumtəhsil məktəbləri olan, bu Qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən müəllimlər (Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər istisna olmaqla) iştirak edə bilərlər.

1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi (bundan sonra Təşkilat komitəsi) tərəfindən həyata keçirilir.

1.6. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər.

1.7. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.

1.8. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən apelyasiya komissiyası yaradılır.

 

2. Müsabiqədə iştirak etmək üçün şərtlər

 

2.0. Müsabiqədə iştirak etmək istəyən müəllimlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

2.0.1. azı beş il pedaqoji iş stajına malik olması;

2.0.2. ixtisasartırma kurslarını keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənəd alması;

2.0.3. təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməsi;

2.0.4. dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərinə, seminar və treninqlərə cəlb edilməsi;

2.0.5. pedaqoji mühazirələrdə, elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməsi, əvvəlki illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunmuş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin respublika mərhələsində mükafata layiq yer (yerlər) tutması;

2.0.6. mətbuatda metodiki məqalələrlə çıxış etməsi, tədris vəsaitlərinin müəllifi olması;

2.0.7. tədris etdiyi ixtisas üzrə şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanması, fənn olimpiadalarının, müsabiqə, sərgi və yarışların yekun mərhələsində mükafata layiq yerlər tutması;

2.0.8. "Baş müəllim", yaxud "Metodist müəllim" adını alması, dövlət təltiflərinə ("Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı və s.) layiq görülməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunması;

2.0.9. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarları və Azərbaycan Respublikası təhsil nazirinin əmrlərində, yerli təhsil orqanlarının müvafiq sənədlərində səmərəli fəaliyyəti barədə məlumatların olması, qabaqcıl təcrübəsinin müxtəlif səviyyələrdə öyrənilib yayılması barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilməsi;

2.0.10. informasiya və kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olması;

2.0.11. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən aparılan sorğularda həmin müəllim haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.0.12. müəllimin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

 

3. Müsabiqənin təşkili

 

3.1. Müsabiqə üç mərhələdə keçirilir.

3.2. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

3.3. Müsabiqədə iştirak etmək istəyən müəllim hər il bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada ərizə ilə müraciət edir. Bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər (onların surətləri) ərizəyə qoşma kimi əlavə olunur. Ərizə elektron poçt vasitəsilə də göndərilə bilər ([email protected]).

3.4. Sənədlərin qeydiyyata alınması və ekspertizasının aparılması üçün Təşkilat komitəsi tərəfindən ekspert qrupu (qrupları) yaradılır. Ekspert qrupu sənədlərin ekspertizasını aparır və nəticələri barədə Təşkilat komitəsinə hesabat təqdim edir.

3.5. Ekspertizanın yekununa görə daha çox bal toplamış müəllimlər ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.

3.6. Müsabiqənin ikinci mərhələsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə təşkil edilir. Bu mərhələnin iştirakçıları ümumtəhsil məktəblərində ixtisasları üzrə təklif olunan siniflərdə sınaq dərsləri aparırlar.

3.7. Sınaq dərsləri Təşkilat komitəsi tərəfindən ixtisaslar əhatə olunmaqla, tanınmış alim və metodistlərdən, təcrübəli mütəxəssislərdən, ictimaiyyətin nümayəndələrindən ibarət tərkibdə yaradılmış fənn komissiyaları tərəfindən qiymətləndirilir. Sınaq dərsləri videolentə alınır.

3.8. Sınaq dərslərinin qiymətləndirilməsi prosesində aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

3.8.1. mövzunun tədrisi üçün maraqlı və optimal dərs formasının seçilməsi;

3.8.2. problemin qoyuluşu və həlli prosesinə şagirdlərin fəal cəlb edilməsi, şagirdlərlə həssas ünsiyyətin qurulması və pedaqoji əməkdaşlıq münasibətlərinin yaradılması;

3.8.3. dərsin fəal, interaktiv təlim üsullarının səmərəli tətbiqi şəraitində tədris edilməsi;

3.8.4. tədris olunan mövzunun şagirdlər tərəfindən dərs prosesində mənimsənilmə səviyyəsinin müəyyən edilməsi;

3.8.5. şagirdlərin bütünlüklə qiymətləndirilməsi üçün çevik formalardan istifadə edilməsi.

3.9. Hər bir sınaq dərsi müvafiq fənn komissiyasında müəllimin iştirakı ilə təhlil edilir, ümumi rəy və nəticələr onun nəzərinə çatdırılır. Fənn komissiyaları növbəti mərhələyə təqdim olunan müəllimlər haqqında Təşkilat komitəsinə yekun hesabat hazırlayır.

3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Bu mərhələdə iştirakçılar özləri haqqında qısa məlumat verməklə, müasir dövrdə təhsil prosesinin təşkilinin aktual məsələlərinə dair Təşkilat komitəsinin təklif etdiyi mövzu ətrafında 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən sualları cavablandırırlar.

 

4. Müsabiqənin yekunu

 

4.1. Təşkilat komitəsi tərəfindən zonalar üzrə qaliblərin seçilməsi üçün müəllimlərin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllimi seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

4.3. Müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlərin siyahısı müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.

4.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etməlidir.

4.5. Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Ən yaxşı müəllim" mükafatı ilə mükafatlandırılırlar.

4.6. "Ən yaxşı müəllim" mükafatı ilə mükafatlandırılmış müəllim mükafatlandırıldığı tədris ilindən 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir

 

"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri

 

1. ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamına uyğun olaraq, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin (bundan sonra müsabiqə) keçirilməsi qaydalarını və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərini müəyyən edir.

1.2. Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

1.3. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilir.

1.4. Müsabiqədə bu Qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər.

1.5. Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi (bundan sonra Təşkilat komitəsi) tərəfindən həyata keçirilir.

1.6. Təşkilat komitəsinin tərkibinə beynəlxalq və qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri də daxil edilə bilərlər.

1.7. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir.

1.8. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən apelyasiya komissiyası yaradılır.

 

2. Müsabiqədə iştirak etmək üçün şərtlər

 

2.0. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri aşağıdakı şərtlərə cavab verməlidirlər:

2.0.1. son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması;

2.0.2. son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması;

2.0.3. müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı;

2.0.4. respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması;

2.0.5. ali təhsilli müəllimlərinin faizinin yüksək olması;

2.0.6. ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması;

2.0.7. təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi;

2.0.8. ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsilalanlar arasında aparılan sorğularda ümumtəhsil məktəbi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi;

2.0.9. ümumtəhsil məktəbinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər.

 

3. Müsabiqənin təşkili

 

3.1. Müsabiqə üç mərhələdə keçirilir.

3.2. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

3.3. Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq rayon (şəhər) təhsil şöbələrinə müraciət edirlər.

Bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş şərtləri təsdiq edən sənədlər (onların surətləri) ərizəyə qoşma kimi əlavə olunur.

3.4. Ərizə müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən qeydiyyata alınır və ümumtəhsil məktəbinin fəaliyyətinin bu Qaydaların 2-ci bölməsində müəyyən olunmuş şərtlərə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlər Təşkilat komitəsinə göndərilir:

3.4.1. ümumtəhsil məktəbinin müsabiqədə iştirakının irəli sürülməsi barədə müvafiq rayon (şəhər) təhsil şöbəsinin təqdimatı;

3.4.2. müsabiqədə iştirak etmək üçün əsas olan şərtlərə uyğun ümumtəhsil məktəbinin göstəriciləri.

3.5. Bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdən sonra müvafiq rayon (şəhər) təhsil şöbəsi tərəfindən bu Qaydaların 3.4-cü bəndinə uyğun olaraq Təşkilat komitəsinə təqdim edilən sənədlər qəbul edilmir.

3.6. Təqdim edilmiş sənədlərin ekspertizasını Təşkilat komitəsi tərəfindən təhsil sahəsində nüfuzlu mütəxəssislər, təhsilin idarə olunması üzrə təcrübəli işçilər, müsabiqə materiallarının qiymətləndirilməsində səriştəsi olan şəxslər daxil edilməklə yaradılan ekspert qrupu (qrupları) həyata keçirirlər.

3.7. Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumtəhsil məktəbinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumtəhsil məktəbinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir.

3.8. Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar.

3.9. Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır.

Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini və nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfindən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir.

3.10. Müsabiqənin üçüncü mərhələsi bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir.

3.11. Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər.

3.12. üçüncü mərhələdə iştirakçı məktəbin rəhbəri ümumtəhsil məktəbinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir və verilən suallara cavab verir. Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir.

3.13. Təqdimatın qiymətləndirilməsi zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

3.13.1. təqdimat üçün maraqlı və orijinal formanın seçilməsi;

3.13.2. təqdimatın tamlığı və zəruri məsələləri əhatə etməsi;

3.13.3. ümumtəhsil məktəbinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı iş üslubunun və informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması;

3.13.4. suallara cavabların əsaslandırılmış və inandırıcı xarakter daşıması;

3.13.5. ümumtəhsil məktəbini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi;

3.13.6. ümumtəhsil məktəbinin fəaliyyətinin perspektivləri və yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması.

 

4. Müsabiqənin yekunu

 

4.1. Təşkilat komitəsi tərəfindən zonalar üzrə müsabiqə qaliblərinin seçilməsi üçün ümumtəhsil məktəblərinin say nisbəti nəzərə alınmaqla kvotalar müəyyənləşdirilir.

4.2. Təşkilat komitəsi hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 50 ümumtəhsil məktəbini seçir və müsabiqənin yekununu müvafiq aktla rəsmiləşdirir.

4.3. Müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumtəhsil məktəblərinin siyahısı müsabiqənin yekunlarına dair əsaslandırılmış arayış əlavə edilməklə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim edilir.

4.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi zərurət yarandıqda müsabiqənin keçirilməsi ilə bağlı zəruri sənədləri (məlumatları) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etməlidir.

4.5. Hər tədris ili üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş ümumtəhsil məktəbləri Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" mükafatı ilə mükafatlandırılırlar.

4.6. "Ən yaxşı ümumtəhsil məktəbi" mükafatı ilə mükafatlandırılmış ümumtəhsil məktəbi mükafatlandırıldığı tədris ilindən 4 il keçdikdən sonra müsabiqədə təkrar iştirak edə bilər.

 

5. ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri

 

5.1. ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə aşağıdakı istiqamətlər üzrə xərclənə bilər:

5.1.1. laboratoriya, kompüter və idman avadanlığının alınması;

5.1.2. informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi;

5.1.3. istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsi;

5.1.4. inkişafyönümlü layihə və proqramların hazırlanması;

5.1.5. elektron tədris vəsaitlərinin, elmi-metodiki ədəbiyyatların alınması;

5.1.6. innovativ təhsil proqramlarında iştirak üçün xarici ölkələrə ezamiyyələrin təşkili.

5.2. ümumtəhsil məktəbləri verilmiş mükafatlardan tam istifadə edildikdən sonra xərc barədə hesabatı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formada Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edirlər.