· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidenti İlham Əliyevə Moskva Dövlət Universitetinin fəxri professoru adı verildi

AzərTAc-ın xüsusi müxbirləri xəbər verirlər ki, fevralın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə dünya şöhrətli bu tədris müəssisəsinin fəxri professoru adı verilməsi münasibətilə universitetin Elmi Şurasının təntənəli iclası olmuşdur.

MDU-nun rektoru, akademik Viktor Sadovniçi Azərbaycan dövlətinin başçısını, onun xanımı Mehriban Əliyevanı və qızını - Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanı universitetin əsas giriş qapısının yanında səmimiyyətlə qarşıladı.

Elmi Şuranın iclasının iştirakçıları salona daxil olan Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.

Təbrik sözü ilə çıxış edən MDU-nun rektoru Azərbaycan dövlətinin başçısının tərcümeyi-halının və siyasi fəaliyyətinin əsas mərhələləri, onun beynəlxalq aləmdə uğurları barədə məlumat verdi. Viktor Sadovniçi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşləri barədə xatirələrini də söylədi, bu görkəmli siyasi xadimin MDU-ya göstərdiyi diqqət və qayğını vurğuladı.

MDU-nun rektoru Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafına, hər iki ölkənin xalqlarının rifahı naminə təhsilin və elmin inkişafına, Azərbaycanın MDU ilə səmərəli əməkdaşlığına verdiyi sanballı töhfələrə görə Prezident İlham Əliyevə MDU-nun fəxri professoru adı verilməsi barədə Elmi Şuranın qərarını oxudu.

Sonra Azərbaycan Prezidentinə MDU-nun fəxri professoru diplomu və medalı təqdim edildi.

Mərasimdə çıxış edən universitetin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin, MDU-nun birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri İqor Kotlobovski Azərbaycanın iqtisadi sahədə uğurlarını, ölkənin bütün sahələrdə, o cümlədən təhsil və idman sahələrində dinamik inkişafında Prezident İlham Əliyevin xidmətlərini vurğuladılar. Ali riyaziyyat və kibernetika fakültəsinin üçüncü kurs tələbəsi, MDU-nun Azərbaycanlı Gənclər Klubunun sədri ülfət Əliyev bu nüfuzlu ali məktəbdə təhsil alan 200-dən çox azərbaycanlı tələbə adından Prezident İlham Əliyevi yüksək ada layiq görülməsi münasibətilə təbrik etdi və dövlətimizin başçısını əmin etdi ki, azərbaycanlı gənclər Rusiya paytaxtında ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

Azərbaycan Prezidenti universitetin tələbə və müəllimləri qarşısında mühazirə ilə çıxış etdi. Dövlətimizin başçısı bu şöhrətli ali məktəbin professoru olmaq şərəfinə layiq görüldüyü üçün universitetin Elmi Şurasına təşəkkürünü bildirdi. O, Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olmasını vurğulayaraq dedi ki, bu münasibətlər hərtərəfli və müxtəlif səpgilidir, hər iki dövlətin başçıları bunu regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təminatı kimi qiymətləndirirlər. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, 2000-ci ildən bəri iki dövlət arasında münasibətlər yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə çatmışdır.

Dövlətimizin başçısı humanitar sahədə əməkdaşlıq məsələləri üzərində ətraflı dayanaraq bildirdi ki, Bakıda Slavyan Universiteti, təhsilin rus dilində olduğu məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr edilir. Azərbaycan cəmiyyətində beynəlmiləlçilik və tolerantlıq ənənələri çox güclüdür. Bakıda MDU-nun filialının açılması iki ölkə xalqlarının bir-birinə yaxınlaşmasına yönəlmiş daha bir amil olacaqdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın büdcəsində müdafiə sahəsindən sonra ikinci ən mühüm sahə təhsildir. 2007-2015-ci illərdə azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almaları üçün Dövlət Proqramı qəbul edilmişdir. Son illərdə ölkədə ən müasir kompüter avadanlıqları ilə təchiz olunmuş 1200 ümumtəhsil məktəbi tikilmişdir.

Dövlətimizin başçısı Azərbaycanın və Rusiyanın elm və təhsil dairələri arasında əməkdaşlığın fəallaşdırılmasını arzuladı.

Sonra Prezident İlham Əliyev tələbələrin suallarına cavab verdi.

Mühazirə başa çatandan sonra həmvətənimiz Mirzə Əsgərovun rəhbərlik etdiyi akademik tələbə xorunun ifasında "Almanı atdım xarala" Azərbaycan xalq mahnısı və "Uzun illər" adlı ənənəvi təbrik mahnısı səsləndi.

Prezident İlham Əliyev MDU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Dövlətimizin başçısı MDU-nun müəllimləri və tələbələri ilə xatirə şəkli çəkdirdi.

 

 

 

 

 

"Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilsin (əlavə olunur).

2. "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatları üçün tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 fevral 2008-ci il