· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Təhsildə İKT: müəllimlər və texnologiyalar"

Fevralın 28-də "EXCELSİOR" otelində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, "İntel" şirkəti və "Mədəd" Humanitar Təşkilatı İctimai Birliyi təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı seminar keçirdilər. Pedaqoji, idarəetmə və texniki kadrların hazırlanması məqsədilə "Təhsildə İKT: müəllimlər və texnologiyalar" mövzusunda təşkil olunmuş seminarda Təhsil Nazirliyinin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, bir sıra ictimai qurumların nümayəndələri, bu sahədə qabaqcıl iş təcrübəsi ilə seçilən məktəblərin direktorları və müəllimlər iştirak edirdilər.

"Mədəd" Humanitar Təşkilatı İctimai Birliyinin rəhbəri Emil Məmmədov tədbiri açaraq seminar iştirakçılarını salamladı və sözü Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verdi.

Misir Mərdanov son zamanlar İKT-nin təhsil sahəsində tətbiqi ilə bağlı tədbirlərin tez-tez təşkil edilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək seminarın burada iştirak edən hər kəs üçün faydalı olacağına ümid etdiyini bildirdi. Nazir qeyd etdi ki, müasir dövrdə hər bir ölkənin intellektual və elmi potensialı, sosial-iqtisadi inkişafın ən vacib göstəriciləri məhz İKT-nin tətbiqi səviyyəsi ilə təyin edilir. Belə ki, informasiya cəmiyyətində İKT savadlılığının dövlətə verdiyi fayda hər hansı bir sahədən qat-qat yüksəkdir.

Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan Misir Mərdanov bildirdi ki, həmin vasitələr cəmiyyətdə təhsilin vacib komponentindən birinə çevrilməklə yanaşı, həm də bu sistemin idarə olunmasında böyük rol oynayır. O, daha sonra Dövlət Proqramı  çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək diqqətə çatdırdı ki, 2005-2007-ci illər ərzində  ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter nisbəti təmin edilib, ölkənin təhsil tarixində ilk dəfə olaraq İKT-nin tədris resursları hazırlanaraq məktəblərə çatdırılıb. Bu sahədə dünyanın ən öndə gedən şirkətləri ilə əməkdaşlıq əlaqələri yaradılıb.

Lakin təhsil müəssisələri müasir kommunikasiya avadanlıqları ilə təchiz edilsə də, hələ də onlardan tam səmərəli istifadə olunmadığını etiraf etməliyik. Bunun əsas səbəblərindən biri də məhz müəllimlərin və məktəbləri idarə edənlərin həmin sahədə müvafiq bacarıqlara malik olmaması, başqa sözlə desək, sadəcə əhəmiyyət verməməsidir. Amma unutmaq olmaz ki, hazırda bütün dünyada təhsilin keyfiyyətinin müəyyən edilməsində İKT-dən istifadənin səviyyəsi əsas amil kimi götürülür.

Təhsil sisteminə İKT-nin daha sıx inteqrasiyası istiqamətində bir sıra mühüm addımların atıldığını deyən Misir Mərdanov bildirdi ki, Təhsil Nazirliyi və "Ultra" şirkətinin rəhbərlik etdiyi beynəlxalq konsorsium Bakı Avropa Liseyi və 23 nömrəli məktəbdə "Elektron məktəb" layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsilin inkişafı və müasirləşdirilməsi, məktəbin idarə edilməsi prosesində və tədrisdə İKT-dən geniş istifadənin təmin olunmasından ibarətdir. İlkin təcrübə göstərir ki, bu layihə məktəbdə çevik idarəetməyə, valideyn-məktəb əlaqələrinin möhkəmlənməsinə, məktəblərarası elektron əlaqələrinin genişlənməsinə, şagirdlərin nailiyyətləri barədə məlumatlandırmaya zəmin yaradır. Nazir həmin təhsil ocaqlarında qazanılmış təcrübənin treninqləri təşkil edən qurumlar və ixtisasartırma müəssisələri tərəfindən öyrənilməsinin məqsədəuyğun olduğunu vurğuladı.

Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edən və bu sahədə öz peşəkarlığı ilə seçilən informatika və digər fənn müəllimlərinin adlarını çəkən Misir Mərdanov belə kadrların ixtisasartırma işinə cəlb olunmasını tövsiyə etdi və onların sayını daha da artırmaq məqsədilə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırdı.

ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramının idarəetmə qrupunun rəhbəri Samir Məmmədov seminarın gündəliyi haqqında məlumat verdikdən sonra iştirakçılar "Mədəd" Humanitar Təşkilatı İctimai Birliyinin "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi" proqramının koordinatoru ülkər Babayevanın və "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramının koordinatoru Emin Axundovun bu layihələr çərçivəsində görülən işlər və Bakı Kompüter Kollecinin direktoru İradə Səfərovanın "Köməkçi heyətin hazırlığı" barədə təqdimatlarını dinlədilər.

Daha sonra seminar öz işini "dəyirmi masa"larda davam etdirdi. Ayrı-ayrı işçi qruplarında təlim modelləri, təlimlərin təşkili problemləri, İKT-nin təhsilə tətbiqi və biznesin təlimlərə cəlb olunması məsələləri müzakirə olundu.

 

Hicran ƏKBƏROVA