· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məktəb rəhbərləri valideynlərlə əlaqəni vacib hesab edirlər

Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, müasir dövrdə məktəbin fəaliyyətinin təşkili, idarə olunması, problemlərinin həlli prosesinə valideynlərin daha fəal cəlb olunması təhsilin və tərbiyənin inkişafına müsbət təsir göstərə bilər. Görəsən, məktəblərimizdə uşaqların yaxşı təhsil almalarında, təlim-tərbiyəsində valideynin köməyindən necə istifadə olunur?

 

Bakıdakı 47 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Aytən Bağırova dedi ki, məktəbdə yaranan problemlərin həllində valideynlər də kömək göstərirlər. Biz valideynlərlə sıx əlaqə saxlayırıq. Hər rübün sonunda valideynləri məktəbə dəvət edir, övladlarının problemləri ilə bağlı söhbətlər aparırıq. Siniflərin hər birində valideyn komitəsi yaradılıb. Bununla  yanaşı, sinif rəhbərləri də həmişə valideynlərlə sıx əlaqədədir.

Paytaxtın  42 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidovanın sözlərinə görə, valideynlərlə sıx əlaqə uşağın təhsili və təlim-tərbiyəsi üçün vacibdir. Bir neçə gün bundan əvvəl biz yuxarı siniflərin valideynləri ilə görüşmüşük. Onlara uşaqlarının problemləri haqqında ətraflı məlumat vermişik.  Buna baxmayaraq, elə valideynlər də var ki, onlarla işləmək çox çətindir. Keçirdiyimiz iclaslarda aşağı sinif şagirdlərinin valideynləri çox fəal iştirak etdikləri halda, X-XI siniflər üzrə bu göstərici, nədənsə, aşağı səviyyədədir. ümumiyyətlə, məktəbə ataların gəlişindən sonra uşağın  təlim-tərbiyəsindəki qüsurlar müəyyən qədər aradan qalxır.

Bakıdakı 20 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Əkbər Qocayev valideyn uşağı ilə daim maraqlansa, onun təhsilində və təlim-tərbiyəsində heç bir problem olmaz, qənaətini bizimlə bölüşür: Məktəbimizdə valideyn iclası keçiririk. Valideynlərlə görüşdükdən sonra uşaqlarda müsbətə doğru dönüş yarandığını hiss edirik.

Paytaxtdakı 36 nömrəli orta ümumtəhsil məktəbinin direktoru İradə Babayeva da valideynlərlə sıx əlaqədə olduqlarını dedi. Bildirdi ki, məktəbdə ildə dörd dəfə valideynlərlə görüşmək üçün "açıq qapı" günləri təşkil olunur. Uşaqların problemlərinin həllində valideynlər bizə kömək göstərirlər. Bizim birgə işimizdən sonra uşağın təlim-tərbiyəsi ilə bağlı problemlər öz həllini tapır. Elə valideynlər də var ki, müəyyən səbəblərdən onlar məktəbə gəlib uşaqları ilə maraqlana bilmirlər. Həmin valideynlərlə sinif rəhbərləri evlərində görüşür, uşaqlarının problemləri haqqında məlumat verirlər.

 

Rəşad ZİYADOV