· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, ötən məqalədə de-institutlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkədə ilk dəfə beynəlxalq təcrübəyə uyğun bütün dövlət uşaq müəssisələrində aparılmış qiymətləndirmə barədə məlumat vermişdik. Bu məqalədə həmin qiymətləndirmənin nəticələri, aparılmış təhlillər və hazırlanmış transformasiya planı (hər bir dövlət uşaq müəssisəsinin mərhələlərlə profilinin dəyişməsini və həmin müəssisələrdəki uşaqların ailələrinə qaytarılması və ya alternativ qayğı ilə əhatə olunmasını əks etdirən sənəd) barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm.

İlk növbədə qeyd edim ki, qiymətləndirmənin əsas əhəmiyyəti ondan ibarət oldu ki, Təhsil Nazirliyində dövlət uşaq müəssisələri haqqında ölkəmizdə ilk dəfə olaraq beynəlxalq standartlara uyğun geniş məlumat bazası yaradıldı.

Hazırda məlumat bazasında respublikada 3 dövlət strukturunun tabeliyində fəaliyyət göstərən 55 dövlət uşaq müəssisəsi barədə müfəssəl məlumat toplanmışdır. Təhsil Nazirliyinin tabeliyində 50 müəssisə: yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 3 internat məktəbi, 24 ümumtəhsil orta internat məktəbi, 6 uşaq evi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 12 internat məktəbi, çətin tərbiyə olunan oğlanlar üçün 2 xüsusi təlim-tərbiyə müəssisəsi, sanatoriya tipli 3 internat məktəbi, Səhiyyə Nazirliyinin tabeliyində 3 müəssisə: 2 körpələr evi və 1 psixonevroloji uşaq evi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 müəssisə: əqli çatışmazlığı ağır formada olan uşaqlar üçün 2 internat evi fəaliyyət göstərir.

Qiymətləndirmənin əhatə etdiyi 55 müəssisədən 22-si (40%) Bakı şəhərində yerləşmişdir ki, onlardan da 8-i (15%) Əzizbəyov rayonundadır. Bakı, Naxçıvan və Abşeronla yanaşı, dövlət uşaq müəssisələri ölkənin 25 rayon və şəhərini əhatə etmişdir.

Qiymətləndirmənin nəticələri göstərmişdir ki, 55 dövlət uşaq müəssisəsində 14.389 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 72%-i oğlan, 28%-i isə qızlardır. Belə bir gözlənilməz fakt da aşkar olunmuşdur ki, 55 dövlət uşaq müəssisəsinin 6-da ümumiyyətlə heç bir uşaq yaşamır, yalnız təhsil alır. Təhlil göstərmişdir ki, 14.389 uşaqdan 10.334 (72%) nəfəri ancaq təhsil almaq məqsədilə dövlət uşaq müəssisələrinə gəlirlər. Yalnız 4055 nəfər uşaq bu müəssisələrdə həm təhsil alır, həm də yaşayır. Müəyyən edilmişdir ki, uşaqların əksəriyyətinin dövlət uşaq müəssisələrindən orta məktəb kimi istifadə etmələrinin səbəbləri himayəçi və ya hər iki valideynin işdə olması, müəssisənin yaşayış ərazisinə ən yaxın məsafədə yerləşməsi, xüsusi təhsilə ehtiyacla bağlıdır.

Dövlət uşaq müəssisələrində yaşayan 4055 nəfər uşaqla bağlı aparılan təhlil göstərmişdir ki, uşaqların 31%-i (1265 nəfər) Bakı şəhərindəndir. Bakı şəhərinin rayonları arasındakı ən çox Sabunçu (4%), Suraxanı (4%) və Əzizbəyov rayonundan (3%) dövlət uşaq müəssisələrinə uşaqlar yerləşdirilmişdir. Paytaxtdan sonra say çoxluğuna görə Sumqayıt şəhəri (4,4%), Zaqatala rayonu (4%), Lənkəran rayonu (4%), Gəncə şəhəri (3,3%), Biləsuvar (3%), Xaçmaz (2,3%), Neftçala (2,2%), Balakən (2%) və Lerik (2%) rayonlarından olan uşaqlar üstünlük təşkil edirlər. Eyni zamanda məlum olmuşdur ki, dövlət uşaq müəssisələrində başqa ölkələrdən olan uşaqlar da yaşayır. Bu uşaqlar ümumi sayın 0,76 faizini təşkil edir. Onların arasında Gürcüstandan olan uşaqlar çoxluq təşkil edir (22 nəfər). Müəssisələrdə Türkmənistan, Rusiya, Türkiyə və Qazaxıstanda anadan olmuş azərbaycanlı uşaqlar da vardır.

Müəssisələrdə yaşayan uşaqların əksəriyyəti 12-16 yaş arasındadır (45%), 18 yaşından yuxarı gənclər ümumi sayın 4%-ni təşkil edir və onların əksəriyyəti oğlanlardır. Bu uşaqlar müxtəlif səbəblərdən (valideynin məsuliyyətsizliyi, uşağın doğum haqqında şəhadətnaməsi və ya valideynin daimi yaşayış yerinin olmaması və sair) təhsilə gec cəlb olunmuşlar.

Təhlil göstərir ki, uşaqlar müəssisələrə daha çox 2004-cü və ondan əvvəlki illərdə yerləşdirilmişlər. Onların dövlət uşaq müəssisələrinə düşmə halları 2004 və 2005-ci illər arasında kəskin azalmış (40%-dək), 2005 və 2006-cı illər arasında sabit qalmış, 2007-2008-ci illərdə yenə də nəzərəçarpacaq dərəcədə (18%) azalma tendensiyası müşahidə olunmuşdur.

Uşaqların hüquqi statusuna gəldikdə, qiymətləndirmə zamanı məlum olmuşdur ki, onların çoxu müəssisələrə bioloji ailələri (86%) tərəfindən müvəqqəti olaraq, 5,4% uşaq isə müəssisələrə yaxın qohumları (genişlənmiş ailə) və ya himayəçiləri tərəfindən yerləşdirilmişdir. Digər dövlət uşaq müəssisələrindən (körpələr evi, gecə-gündüz uşaq bağçaları, uşaq evləri) internat məktəbləri və uşaq evlərinə yerləşdirilən və ya bir müəssisədən digərinə köçürülən uşaqlar cəmi 6%, küçədən tapılan uşaqlar 2,6% təşkil edir.

Qiymətləndirmə zamanı müəssisələrdə yaşayan uşaqların ailə statusları da araşdırılmışdır. Məlum olmuşdur ki, müəssisədə yaşayan uşaqların böyük əksəriyyəti (40,3%) öz bioloji ailələrinin himayəsindədir. Himayəçi qismində 39,1%-ni tək analar, 5,8%-ni isə tək atalar təşkil edir. Uşaqlardan 5,6%-nin bioloji ailələri olmasa da, genişlənmiş ailə və ya qəyyumları vardır. Sırf yaşadığı müəssisənin himayəsində olan uşaqlar isə 9,2% təşkil edir.

Dövlət Proqramının əsas məqsədlərindən biri də uşaqların bioloji ailələrinə qaytarılması olduğu üçün qiymətləndirmə zamanı uşaqların ailələri ilə əlaqələri araşdırılmış və mütəxəssislər tərəfindən uşaqlar 3 qrupa bölünmüşdür: hər şənbə və bazar günləri evə gedənlər (1329 nəfər), hərdənbir evə gedənlər (2030 nəfər) və ümumiyyətlə evə getməyən uşaqlar (696 nəfər). Təhlil onu da göstərmişdir ki, evə getməyən və daimi müəssisədə yaşayan uşaqların ümumi sayı 17,2 % təşkil etsə də, onlardan 236 nəfərinə müəssisədə baş çəkilir, 460 nəfər uşaq isə rəsmi və ya qeyri-rəsmi atılmış, imtina edilmiş uşaqlardır ki, onlardan da 101 nəfəri ağır formada əqli və ya fiziki əlilliyi olanlar, 28 nəfəri hər iki valideynini itirmiş uşaqlardır. Evə getməyən uşaqlar, əsasən, körpələr və uşaq evləri, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar və çətin tərbiyə olunan uşaqlar üçün internat məktəbləri, əqli geriliyi ağır formada olan uşaqlar üçün internat evi tipli müəssisələrdə yaşayan uşaqlardır.

Qiymətləndirmə nəticəsində uşaqların dövlət uşaq müəssisələrinə düşmə səbəbləri də müəyyən olunmuşdur. Belə ki, əsas səbəblər kimi ailələrin maddi vəziyyətinin pis olması (47,1%), uşaqların ağır xəstəliyi və ya xüsusi təhsilə ehtiyac (37,7%) göstərilmişdir.

Pedaqoji heyətə gəldikdə isə müəyyənləşdirilmişdir ki, 55 dövlət uşaq müəssisəsində 5381 işçi çalışır. Pedaqoji işçilərin 22%-ni tərbiyəçilər, 22%-ni fənn müəllimləri, 14%-ni psixoloq, loqoped və defektoloqlar, 5%-ni inzibati işçilər, 5% -ni tibb işçiləri, 32% -ni isə köməkçi heyət təşkil edir. Müəssisələrdə çalışan 4374 nəfər qadından 599 nəfəri (13,7%), 1007 nəfər kişi işçidən isə 215 nəfəri (21,4%) pensiya yaşındadır. ümumilikdə isə 5381 işçidən 814 nəfər (15,12%) təqaüd yaşında olanlardır. 30 yaşadək olan gənc işçilər 1167 nəfərdir ki, onlar da ümumi işçilərin 21,7%-ni təşkil edirlər. Müəssisə rəhbərlərinin 27,2 faizi 60 və ya ondan yuxarı yaş həddindədir. Dövlət uşaq müəssisələrində çalışanların 22%-nin ümumi iş stajı 21-30 ilə yaxındır. İşçi heyətinin 83%-i müəssisələrin yerləşdiyi ərazidə yaşayırlar.

Səhiyyə xidmətləri ilə bağlı təhlil göstərmişdir ki, 34 müəssisədə (61,8%) tibbi yardım xidməti, 10 müəssisədə (18,2%) tibbi profilaktik xidmət, 6 müəssisədə (10,9%) tibbi müalicə, 1 müəssisədə (1,8%) reabilitasiya və 4 müəssisədə (7,3%) digər səhiyyə xidmətləri mövcuddur. Müəssisələrin 36-da psixoloji xidmət mövcuddur. Bu xidmət, əsasən, Bakıda yerləşən müəssisələrdə göstərilir. Belə ki, 1 müəssisədə psixoloji diaqnostika, 3 müəssisədə psixoloji korreksiya, 32 müəssisədə isə psixoloji məsləhət xidməti mövcuddur. Loqoped xidməti yalnız 18 müəssisədə göstərilir ki, bu da, əsasən, Bakıda yerləşən müəssisələrə aiddir.

Qiymətləndirmə zamanı məlum olmuşdur ki, dövlət uşaq müəssisələrində olan bəzi uşaqların doğum haqqında şəhadətnaməsi yoxdur. Bu problemin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdəki 51 uşağın şəhadətnaməsinin alınması üçün tədbirlər görülmüş, uşaqların əksəriyyətinə doğum haqqında şəhadətnamə alınmışdır və bu istiqamətdə işlər davam etdirilir.

Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsasında "Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan" tərtib olunmuş və cari ilin aprel ayında hökumət tərəfindən qəbul edilmişdir. Düşünürəm ki, bu Plan de-institutlaşdırma sahəsində əhəmiyyətli rol oynayacaqdır.

Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri meyarlar şərti olaraq 2 qrupa bölünmüşdür:

 

Əsas meyarlar:

 

* Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi.

* Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu.

* Göstərilən xidmətlərin keyfiyyəti.

 

Əlavə meyarlar:

 

* Müəssisədəki uşaqların sayı.

* Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi.

* Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən uşaqların sayı.

* Müəssisənin tipi.

 

Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq müəssisələrinin transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər müəssisələr rayon mərkəzlərində yerləşir, uşaqlar yaxın ərazilərdə yaşayır, zəruri xidmətlər müəssisələrə yaxın ərazilərdə yerləşir və müəssisələrin infrastrukturu qənaətbəxşdir ki, bu da transformasiya üçün əlverişli zəmin yaradır.

Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin yaradılacaq alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa (1 il), orta (3 il), uzun müddət (5 il) ərzində transformasiya olunmalıdırlar. Uşaqların daimi olaraq yaşamadığı müəssisələr isə qısa müddət ərzində ümumtəhsil məktəblərinə transformasiya olunacaqlar.

Qiymətləndirmə nəticəsində məlum olmuşdur ki, respublikanın ucqar rayonlarında həmin rayonun kəndlərindən gələn uşaqların əksəriyyəti həftə ərzində müəssisələrdə nəqliyyatın (avtobusun) olmaması səbəbindən qalırlar. Beləliklə, müəssisələrin avtobusla təmin edilməsi ailəsində gecələyən uşaqların sayının artmasına gətirib çıxaracaqdır.

Baş Plan çərçivəsində 30 dövlət uşaq müəssisəsinin 3 il ərzində transformasiya olunması nəzərdə tutulmuşdur. Bu müəssisələrin əksəriyyəti ümumtəhsil internat məktəbləridir və məlum olmuşdur ki, bu müəssisələrdə uşaqlar, əsasən, yaşamır, müəssisənin yalnız təhsil xidmətlərindən istifadə edirlər. Eyni zamanda bu uşaqların müəssisələrin yerləşdiyi ərazidə yaşayan bioloji və ya genişlənmiş ailələri var və onlar hər həftənin sonu ailələrinə baş çəkirlər. Transformasiyası 5 il və daha artıq müddətə nəzərdə tutulan müəssisələr əsasən foster (alternativ qayğı), günərzi qayğı, reabilitasiya və digər xidmətləri göstərən kiçik tərkibli müəssisələrə transformasiya olunmalıdırlar.

Bu istiqamətdə artıq bir sıra işlər görülmüşdür. Hazırda hər bir müəssisə üzrə tələb olunan maliyyə vəsaitləri də hesablanmaqla ətraflı plan hazırlanır. Bu məqsədlə YUNİSEF tərəfindən iki beynəlxalq və bir milli ekspert ayrılmışdır.

Baş Plana əsasən Qazax şəhəri Mehdi Hüseyn adına internat orta ümumtəhsil məktəbi transformasiya olunaraq Humanitar fənlər təmayüllü liseyə, Bakı şəhərindəki Süleyman Rüstəm adına xarici dillər təmayüllü ümumtəhsil internat məktəbi Xarici dillər təmayüllü gimnaziyaya çevrilmişdir. ümumilikdə, transformasiya olunacaq müəssisələrin yerləşdiyi rayonun sosial xəritəsi hazırlanacaq, burada respublikanın rayonlarında uşaqlar və ailələrə göstərilən xidmətlər, həmin rayonlarda uşaqlar və onların ailələri ilə işləyən fəal QHT-lər haqqında məlumatlar əks olunacaqdır.

De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi də nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Azərbaycanda alternativ xidmətlərin təşkili sahəsində ilk addımlar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Təhsil Nazirliyi alternativ xidmətlərin yaradılması sahəsində QHT-lərlə səmərəli əməkdaşlıq edir. Son illərdə xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna daxil uşaqlar üçün alternativ xidmətlərin yaradılmasında bəzi müvəffəqiyyətlər də əldə edilmişdir.

övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması istiqamətində atılmış əhəmiyyətli addımlardan biri yerlərdə xidmətlərin təşkil olunmasıdır. Bununla əlaqədar artıq 3 uşaq və ailəyə dəstək mərkəzi və 2 günərzi qayğı mərkəzi yaradılmışdır.

Alternativ qayğının təşkilində Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edən QHT-dən biri də Azərbaycana Birgə Yardım (UAFA) Təşkilatıdır. Təşkilatla əməkdaşlığın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların icma əsaslı xidmətlərə cəlb edilməklə müəssisəyə düşməsinin qarşısının alınmasıdır.

Təhsil Nazirliyinin əməkdaşlıq etdiyi digər QHT "SOS - Uşaq Kəndləri Assosiasiyası"dır ki, onun maliyyələşməsinin 35 faizi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Uşaq kəndi 12 ailə evi, uşaq bağçası və 6 yardımçı binadan ibarətdir. SOS Uşaq kəndi uşaqların cəmiyyətə adaptasiyasını təmin edən bir körpüdür. Belə ki, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə deyil, bu növ ailə tipinə yerləşdirilməsi onların cəmiyyətdən təcrid olunmasının qarşısını alır. Son zamanlar SOS yetkinlik yaşına çatmış uşaqları evlə təmin etmək işinə başlamışdır. Bu evlərdə uşaqlar müstəqil şəkildə yaşamaq və sərbəst qərar qəbul etmək bacarıqlarına yiyələnirlər. Uşaqlar burada 4 il ərzində yaşayır və tərbiyəçi nəzarətində olurlar. Bu müddətdə onlar təhsil və ya işlə təmin olunurlar.

Qeyd etmək lazımdır ki, Təhsil Nazirliyi tərəfindən də alternativ qayğının təşkili istiqamətində bir sıra addımlar atılmış, Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evinin nəzdində "Günərzi Qayğı Mərkəzi" açılmışdır. Mərkəzin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Belə ki, mərkəzə Suraxanı rayonu ərazisində yaşayan və risk qrupuna daxil olan, aztəminatlı, çətin yaşayış şəraitində olan ailələrin uşaqları cəlb edilmişdir. Dövlət uşaq müəssisələrinə alternativ model kimi yaradılan bu mərkəzin fəaliyyəti genişləndikcə, tədricən uşaq evi bütövlükdə "Günərzi Qayğı Mərkəzi"nə çevriləcəkdir. Uşaq evinə yaşamaq üçün gələn uşaqların qəbulu dayandırılmışdır. Uşaqların evlərinə daşınmasını təmin etmək məqsədilə mərkəzə nəqliyyat vasitəsi ayrılmışdır. Eyni zamanda mərkəzin işçiləri tərəfindən həmin ərazidə yaşayan, risk qrupuna daxil olan uşaqlar və onların ailələrinin tələbatına uyğun iş aparılır, treninqlər keçirilir, psixoloji xidmət göstərilir. Hazırda mərkəz 80 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Mərkəz tərəfindən göstərilən bütün xidmətlər Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bu tip mərkəzlərin yaradılması ilk təcrübədir. İndiyədək ölkəmizdə belə mərkəzlər fəaliyyət göstərməmişdir. Bununla əlaqədar monitorinq mexanizmi də tətbiq edilir ki, bu modelin bütün güclü və zəif cəhətləri aşkar edilsin və gələcəkdə nəinki Bakıda, həm də respublikamızın digər regionlarında belə mərkəzlər yaradılsın.

Alternativ qayğı mərkəzlərindən biri də Mingəçevir şəhərində yerləşən "Uşaq və Ailəyə Dəstək Mərkəzi"dir. Təhsil Nazirliyinin "Uşaqların xilası" (Save the children) təşkilatı ilə bağladığı müqaviləyə əsasən həmin mərkəz nazirliyin tabeliyinə verilmişdir. Burada sağlamlıq imkanları məhdud olan uşaqların inkişafı, təhsili, cəmiyyətə adaptasiyası üzrə tədbirlər keçirilir, həmçinin uşaqların ailələrinə psixoloji, hüquqi dəstək xidmətləri göstərilir, uşaqlar gündə iki dəfə yeməklə təmin olunurlar. Mərkəzdə defektoloq və loqoped xidməti də göstərilir, valideynlər üçün təlim və seminarlar təşkil edilir.

Hazırda Transformasiya Planının icrasını təmin etmək məqsədilə QHT-lərlə sosial xidmətlərin təşkili barədə müqavilələrin bağlanması təcrübəsinə başlanmışdır. Müqaviləyə əsasən "Uşaqların xilası" təşkilatı 3 internat məktəbinin transformasiyası zamanı həmin müəssisələrdə günərzi qayğı mərkəzlərinin yaradılmasına dəstək göstərəcəkdir.

Baş Plan çərçivəsində cari ilin sentyabr ayında 1 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbinin nəzdində reabilitasiya - inkişaf mərkəzinin açılması nəzərdə tutulmuşdur.

Həmçinin, Açıq Cəmiyyət İnstitutu "Əqli sağlamlıq təşəbbüsü" təşkilatı ilə Təhsil Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Suraxanı rayonu 7 nömrəli əqli cəhətdən qüsurlu uşaqlar üçün xüsusi internat məktəbində "Hər kəs üçün icma təşəbbüsü" adlı layihə həyata keçirilir. Layihə 2008-2012-ci illəri əhatə edir. Layihə çərçivəsində müəssisədəki şagirdlərin və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi başa çatdırılmışdır. Hazırda müəssisədə gecələyən hər bir uşağın ailəsinə reinteqrasiyası məqsədilə fərdi qayğı planı hazırlanır. Layihənin əsas məqsədi Dövlət Proqramının həyata keçirilməsi və uşaqların ailələrinə qaytarılması işini sürətləndirməkdir.

Dövlət Proqramı çərçivəsində BMT-nin İctimai İnformasiya Departamenti və Təhsil Nazirliyi "BMT uşaqların gözü ilə" adlı layihə həyata keçirmiş, Dövlət Proqramının idarəolunması üzrə İşçi Qrupu ilə İctimai İnformasiya Departamentinin əməkdaşları Bakı şəhərində yerləşən uşaq evləri və SOS Uşaq Kəndinin sakinləri üçün seminarlar təşkil edilmişdir. Seminarlarda BMT-nin, onun təşkilatı kimi YUNİSEF-in fəaliyyəti, Uşaq hüquqları konvensiyası və uşaqların bu konvensiyadan irəli gələn hüquqları, hər bir uşağın ailə mühitində yaşamaq hüquqları barədə təqdimatlar edilmiş, BMT-nin yaranma tarixi və bugünkü fəaliyyət dairəsini əks etdirən film nümayiş etdirilmişdir. Seminardan sonra uşaqlar arasında "BMT uşaqların gözü ilə" adlı inşa müsabiqəsi keçirilmiş və 14 uşaq qalib adını qazanmışdır. Müsabiqənin qalibləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşmüşlər. Qaliblərə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hədiyyələr verilmiş, eyni zamanda onlara Təhsil Naziriyi və BMT rəhbərliyinin birgə imzaladığı sertifikatlar təqdim olunmuşdur.

De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramının həyata keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə sisteminin olmamasıdır. BMT tərəfindən qəbul edilmiş "Minilliyin məqsədləri"ndə, eyni zamanda 2007-ci ildə BMT-nin Baş Katibi "Uşaqlara qarşı zorakılığın öyrənilməsinə" həsr edilmiş araşdırmanın nəticələri barədə hesabatında qeyd etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onların müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədilə hər bir ölkə Milli Uşaq Müdafiə Sisteminə malik olmalıdır. Bu sistem risk qrupuna daxil olan ailələrdəki uşaqların (valideyn himayəsindən məhrum olmuş, dövlət uşaq müəssisələrində tərbiyə alan, qanunla ziddiyyətdə olan, hərbi münaqişələrin qurbanı və küçə həyatına düçar olmuş uşaqlar) hüquqlarının təmin edilməsi, təhsildən yayınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların qarşısının alınması, uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud rəftarın və digər zərərli təsirlərin profilaktikası, uşaqların təhsili, sağlamlığı və müdafiəsi sahəsində fəaliyyət göstərən bütün dövlət və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qurumları və medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu barədə Azərbaycan müəllimlərinin XIII qurultayında da təkliflər irəli sürülmüş və bu məsələ qurultayın qətnaməsində öz əksini tapmışdı.

Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları müdafiə etməklə yanaşı, bu cür hallarla qarşılaşa biləcək uşaqların müdafiəsini təmin etməlidir. Uşaq Müdafiə Sistemi ilə əlaqədar məsələlərin həlli üçün, dünya təcrübəsində olduğu kimi, xüsusi qurumun yaradılmasına ciddi ehtiyac vardır. Uşaq Müdafiə Sistemi bu qurum vasitəsilə icma, rayon və milli səviyyədə fəaliyyət göstərməli və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq pozuntusunun qarşısını almaq imkanına malik olmalıdır. Həmin sistem uşaqların düşdüyü vəziyyəti, onların sosial durumunu və onlara təsir edən problemləri vaxtında müəyyənləşdirməli və bütün problemlərin kökünü axtarmalıdır. Buna nail olmaq üçün bütün aidiyyəti dövlət və qeyri-dövlət qurumları arasında əlaqələndirilmiş şəbəkə qurulmalı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazırlanmalı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir.

Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə və ya müəssisədə təhlükəsizliyinin təmin edilməsi həm ailənin və icmanın, həm də dövlətin vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən böyüklər öz vəzifələrini yerinə yetirmirsə, onları tələb olunan qayğı ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq edir və ya kobud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də Uşaq Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməlidir. Uşaq Müdafiə Sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və təklif ediləcək xidmətlər uşağın və onun ailəsinin üzləşdiyi problemdən, uşağa dəymiş zərərdən və ya onun normal yaşamasına, inkişafına, habelə ümumi təhlükəsizliyinə olan riskin həcmindən asılı olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xidmətlər dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə tutulur. Xidmətlərin ümumi məqsədi uşağın, onun ailəsinin üzləşdiyi problemlərin və ya mövcud vəziyyətin yaranmasına gətirib çıxarmış amillərin aradan qaldırılmasıdır. Eyni zamanda xidmətlərin göstərilməsi yaranmış vəziyyətin gələcəkdə təkrar olunmamasına yönəldilməlidir.

Uşaq Müdafiə Sistemi, ilk növbədə, uşağın məhz ailə mühitində tam inkişaf edə biləcəyinə əsaslanaraq, onun öz ailəsində böyüməsi üçün bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. Lakin ailə mühitində uşağın təhlükəsizliyinə və ya onun tam inkişafına zəmanət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması zərurəti yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq sosial işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən keçirilməlidir. Yeri gəlmişkən qeyd edim ki, bu Proqram çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində sosial iş üzrə magistr, 2008-ci ildən isə bakalavr səviyyəsində sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanması işinə başlanmışdır.

Onu da qeyd edim ki, Uşaq Müdafiə Sisteminin yaradılması istiqamətində müəyyən işlər görülmüş, YUNİSEF-in uşaq hüquqlari üzrə beynəlxalq eksperti Karolina Hameltonun "Azərbaycanda uşaqların müdafiəsi sisteminin hüquqi təhlili" adlı tövsiyə sənədi nəzərə alınaraq, "Uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" və "Uşaqlar üçün sosial xidmətlərin təşkili mexanizmləri (konsepsiyası)" işlənib hazırlanmış və cari ildə onların sınaqdan keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə "Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi" pilot layihəsi hazırlanmışdır. Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə edilmişdir. Layihənin məqsədi seçilmiş pilot rayonda uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün uşaqların müdafiəsinin təmin edilməsidir. Pilot layihədən gözlənilən nəticələr aşağıdakılardan ibarət olacaqdır:

1. Uşaqların müəssisələrə düşməsinin qarşısı alınacaq (gatekeeping) və müdafiə sistemi yaradılacaq;

2. Alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər yaradılacaq;

3. övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar və namizəd ailələr üzrə məlumat bankı yaradılacaq.

Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericiliyin təhlil olunması və uşaqların müdafiəsi ilə bağlı müvafiq dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanmasına ekspertlər cəlb edilmişdir. Qanunvericiliyə müvafiq dəyişikliklər barədə təkliflər hazırlandıqdan sonra müzakirə üçün əlaqədar qurumlara təqdim olunacaqdır.

Proqramda nəzərdə tutulan məsələlərdən biri də de-institutlaşdırma ilə bağlı əhalinin məlumatlandırılmasıdır. Bu istiqamətdə "Uşaqlar üçün keyfiyyət standartları", "Düşüncələrin, prinsiplərin və həyat tərzinin dəyişdirilməsi (3 cilddə)" adlı kitablar tərcümə və nəşr olunmuş, "Uşaqlar ailədə böyüməlidir" adlı buklet çap edilərək dövlət uşaq müəssisələrinə, əlaqədar dövlət strukturlarına, beynəlxalq təşkilatlara, QHT-lərə paylanmışdır.

YUNİSEF və Təhsil Nazirliyi transformasiyası yaxın müddətdə nəzərdə tutulan müəssisə rəhbərləri, tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və Dövlət Proqramının idarəolunması üzrə İşçi Qrupu üçün təlimlərin təşkilini nəzərdə tutmuşdur. Təlimlər sosial iş, onun ümumi nəzəriyyələri, layihələrin yazılması, strateji planlaşdırma, idarəetmə bacarıqlarının aşılanması, ilkin tədqiqat bacarıqları və sair mövzuları əhatə edəcək və ilin sonuna kimi davam edəcəyi nəzərdə tutulur.

ümid edirəm ki, De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının reallaşdırılması və Uşaq Müdafiə Sisteminin yaradılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması mümkün olacaqdır.

 

 

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor