· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bu il mindən çox müəllimin ucqar kənd məktəblərinə

göndərilməsi nəzərdə tutulub

 

Təhsil Nazirliyindən bildirmişlər ki, 2005-2009-cu illər Dövlət Proqramına uyğun olaraq bu il 1000-dən çox müəllimin ayrı-ayrı rayonların ucqar kənd məktəblərində işləməyə göndərilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda təhsil müəssisələrində müasir tələblərə cavab verən tədris şəraitinin yaradılması ilə bağlı tədbirlər də həyata keçirilir.

 

 

 

 

Almaniya səfiri "Odlar Yurdu" Universitetində olub

 

Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina "Odlar Yurdu" Universitetində olub.

Səfir bu ali məktəbin nəzdində fəaliyyət göstərən DSH intensiv alman dili kurslarının məzunları ilə görüşmüşdür.

Görüşdə universitetin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini bildirmişdir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətini vurğulayan rektor təhsildə qazanılan uğurlardan danışmışdır. O, "Odlar Yurdu" Universiteti ilə Almaniyanın Ziqen Universiteti arasında əlaqələrin genişləndiyini bildirmiş, rəhbərlik etdiyi ali məktəbdə fəaliyyət göstərən DSH intensiv alman dili kurslarının bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu söyləmişdir.

Azərbaycanın Avropa təhsil məkanına - Boloniya prosesinə qoşulduğunu xatırladan Per Kristofer Stançina müasir şəraitdə təhsilin mühüm rolunu vurğulamış, DSH kurslarının məzunlarına uğurlar arzulamışdır.

Diplomat Per Kristofer Stançina universitetə kitablar hədiyyə etmişdir.

 

 

 

 

Almaniyanın Azərbaycandakı səfirliyi

Bakı məktəblərinə tərəfdaşlıq statusu verib

 

Almaniyanın Azərbaycandakı səfirliyi 160 nömrəli klassik gimnaziyaya, 40 nömrəli orta məktəbə və Nəsirəddin Tusi adına gimnaziyaya tərəfdaşlıq statusu vermişdir.

Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stançina jurnalistlərə bildirmişdir ki, həmin tədris müəssisələri dünyanın müxtəlif ölkələrində sayı mindən çox olan məktəb-tərəfdaşlar şəbəkəsinə daxil olacaqdır. Almaniya hökuməti bu tədris müəssisələrinə maddi və texniki yardım göstərəcəkdir.

Diplomatın sözlərinə görə, dərslərin dil daşıyıcısı səviyyəsində keçilməsi alman dilinin tədrisi keyfiyyətinin yüksəldilməsi baxımından səmərəli addımdır.

 

 

 

 

İnformasiya-kommunikasiya texnologiyaları

üzrə ixtisaslı kadrlar hazırlanır

 

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslı kadr hazırlığı məqsədi ilə dünyanın bir neçə tanınmış informasiya texnologiyaları universiteti ilə əlaqələr qurmuşdur.

ABŞ-ın Corc Meyson, San-Xose Dövlət və Los-Anceles, Kaliforniya, İsveçin çalmers Texnologiya və İnformasiya Texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, 25 azərbaycanlı gənc dünyanın müxtəlif tanınmış universitetlərində müasir İKT ixtisasları üzrə təhsil alır. 30-dan çox gənc isə xarici ölkələrdə ixtisasları üzrə qısamüddətli hazırlıq kursları keçmişdir.

Bu sahədə işin təşkilini daha da təkmilləşdirmək üçün respublikada fəaliyyət göstərən yerli və xarici informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi ilə İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu yaradılmışdır.

 

 

 

 

 

"Qlobal tələbə mübadiləsi proqramı"

üzrə müsabiqənin qalibləri seçilib

 

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (IREX) Azərbaycanda "Qlobal tələbə mübadiləsi proqramı (UGRAD)" çərçivəsində 2009-2010-cu tədris ili üçün müsabiqə keçirmişdir.

Müsabiqədə ayrı-ayrı universitetlərdə təhsil alan 298 tələbə iştirak etmiş, onların 11-i qalib seçilmişdir. Qalib tələbələr ABŞ-ın universitetlərində (Linkoln Universiteti, Troy Universiteti, Dikinson Dövlət Universiteti və s.) bir il dərəcəsiz təhsil almaq imkanı qazanmışlar.

Müvafiq proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri  Bürosunun dəstəyi ilə həyata keçirilir.

 

 

 

 

 

Azərbaycan Texniki Universiteti ilə çin Xalq Respublikasının

ZTE Korporeyşn şirkəti arasında saziş imzalanıb

 

Azərbaycan Texniki Universiteti (AzTU) ilə çin Xalq Respublikasının ZTE Korporeyşn şirkəti arasında AzTU-da yeni tədris mərkəzinin yaradılması ilə bağlı saziş imzalanmışdır.

ZTE Korporeyşn şirkəti tərəfindən müasir avadanlıqla təchiz olunacaq mərkəzdə telekommunikasiya sahəsi üzrə mütəxəssislərin hazırlanması nəzərdə tutulmuşdur.

İlkin mərhələdə Azərbaycan Texniki Universitetinin iki əməkdaşı müvafiq sahə üzrə təcrübə keçmək üçün sentyabrda çin Xalq Respublikasına göndəriləcəkdir.

 

 

 

 

 

Bütün qruplar üzrə ixtisas seçimi başlanıb

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, 2009-2010-cu tədris ili üçün ölkəmizin ali məktəblərinə bütün qruplar üzrə ixtisas seçimi başlanmışdır.  İnternet vasitəsilə aparılan ixtisas seçimi avqustun 3-də başa çatacaqdır.

 

AzərTAc

 

 

 

Sumqayıt Dövlət Universitetinə sertifikat verildi

 

Azərbaycan Respublikasında təhsil pillələrində həyata keçirilən islahatlar ölkə tarixinin XXI əsrin əvvəllərindəki səhifələrini zənginləşdirən parlaq uğurlardır: ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması, Milli Kurikulumla tədrisə, ali məktəblərdə kredit sisteminə keçilməsi... Respublika müəllimlərinin XIII qurultayında ali təhsil sahəsində akkreditasiyanın reallaşdırılması məsələsi də xüsusi vurğulanmışdı. Artıq Təhsil Nazirliyinin təşkil etdiyi Attestasiya Komissiyasından keçmiş ali məktəblərin sayı qurultaydan sonra artmışdır.

Sumqayıt Dövlət Universiteti ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılıb. ötən 9 il ərzində çoxprofilli mütəxəssis hazırlığı istiqamətlərində nailiyyətlər qazanmış ali məktəbdə çalışan professor-müəllim heyətinin tərkibi elmlər doktorları və elmlər namizədlərinin hesabına zənginləşdirilib: Almaniya, İran və s. ölkələrlə elmi əməkdaşlıq əlaqələri yaradılıb; tələbələr arasında bədən tərbiyəsi və idmanın kütləviləşməsi təmin olunub, belə ki, universitetin tələbələri və əməkdaşları keçirilən müxtəlif yarışlarda layiqli yerlər tuturlar. 2008-2009-cu dərs ilinin ikinci yarısında universitetdə 9 istiqamət üzrə 46 mövzunu əhatə edən elmi iş görülüb. Bunladan 7-si istehsalatda, 15-i isə tədris sahəsində tətbiq olunub. 2 monoqrafiya, 10 dərslik, 15 metodiki vəsait çap olunub, 243 elmi məqalə yerli jurnallarda və xarici ölkələrin elmi nəşrlərində işıq üzü görüb.

Ali məktəbin tədris-maddi, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində işlər görülüb. Bu və ya digər uğurlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Attestasiya Komissiyası tərəfindən araşdırılmış, təqdir edilmiş, həm də görüləsi və diqqət yetiriləsi tərəflər dəqiqləşdirilərək arayış hazırlanmışdır.

İyulun 15-də keçirilmiş genişləndirilmiş elmi şurada nazirliyin Attestasiya Komissiyasının sədri, professor Eldar Qocayev çıxış edərək ali məktəbin nailiyyətlərini dəyərləndirdi.

Təhsil Nazirliyinin əməkdaşı Solmaz İsmayılzadə nazir Misir Mərdanovun adından SDU-ya verilən sertifikatı rektor N.Qəhrəmanova təqdim etdi.

Ş.ELNUR

 

 

 

 

NDU-nun tələbələri Türkiyə universitetlərində

istehsalat təcrübəsi keçiblər

 

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kayseri  şəhərindəki Erciyez Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq NDU-nun tibb fakültəsinin 22 nəfər III və IV kurs tələbəsi bu yaxınlarda həmin təhsil ocağında elmi-istehsalat təcrübəsində olub.

Tələbələr öncə Erciyez Universitetinin Gövhər Nəsibə tibb fakültəsinin biokimya, anatomiya, mikrobiologiya, normal fiziologiya kafedralarına baş çəkərək onların fəaliyyəti, yeni dərslik və dərs vəsaitləri ilə maraqlanmış, fikir mübadiləsi aparmışlar.

Təcrübə zamanı tələbələr fakültənin 1500 çarpayılıq 5 xəstəxanasında - hematologiya-onkologiya, orqan köçürülməsi və dializ, ürək və damar xəstəlikləri, uşaq xəstəxanalarında, sümük iliyi köçürülməsi mərkəzində də olmuş, bu müalicə ocaqlarının ayrı-ayrı şöbələrində müxtəlif xəstəliklərin müayinəsində fəal iştirak edərək müasir müalicə üsulları, ən yeni tibbi texnologiyalardan istifadəni mənimsəmiş, çoxsaylı cərrahiyyə əməliyyatlarını müşahidə etmişlər.

Tələbələr xəstəxananın mərkəzi laboratoriyasındakı müasir laborator müayinə üsullarını, poliklinikada isə ambulator xəstələrin qəbulu, müayinə və müalicəsi üçün istiqamətləndirilməsi prosesini öyrənmişlər.

Təcrübə müddətində müvafiq kafedraların professorları tələbələrə müasir təbabətin aktual problemlərinə dair mühazirələr oxumuş, onları maraqlandıran suallara cavab vermişlər. Tələbələrdən Mircəlil Seyidov, İlkay Həşimli, Sevinc Qəhrəmanova, Turac Ağayeva, Ceyhun Hümbətov diskussiya zamanı yetkin nəzəri bilik nümayiş etdirmişlər.

Səfər zamanı naxçıvanlı qonaqlar üçün qədim yunan insan məskənlərinin yerləşdiyi Kappadokia muzey-şəhərinə ekskursiya təşkil olunmuşdur.

NDU-nun tibb fakültəsinin daha 20 nəfər III, IV, V kurs tələbəsi isə fakültənin klinik xəstəxanasının bir qrup əməkdaşı ilə birlikdə Türkiyə Respublikasının İzmitdəki Kocaeli Universitetində elmi-istehsalat təcrübəsi keçmişdir.

Naxçıvanlı tələbələr əsasən tibb fakültəsinə məxsus xəstəxananın Uşaq sağlığı və xəstəlikləri elmi-tədqiqat mərkəzində olmuş,  buradakı ümumi pediatriya bölməsində serebral iflic, metobalik astit, epilepsiya xəstəliklərinin müalicəsinin gedişini öyrənmişlər.

Təcrübəçi tələbələr xəstəxananın gün ərzində 1000 nəfərə tibbi xidmət göstərən poliklinikasının Kök hüceyrə və gen tədavüləri Araşdırma Uyqulama mərkəzində, Nevrologiya və Nefrologiya şöbələrində də olmuşlar.

Tələbələr asudə vaxtlarında Erciyez Universitetinin 70.000, Kocaeli Universitetinin 60.000-ə yaxın kitab fonduna malik zəngin kitabxanalarında türk və ingilis dillərində çıxan müasir elmi tibbi nəşrlərlə, son elektron dərgilərlə tanış olmuşlar. Erciyez Universiteti tərəfindən NDU-nun tibb fakültəsinin kitabxanasına 250-dən çox tibb dərsliyi hədiyyə edilmişdir. Elmi-istehsalat təcrübəsinin sonunda tələbələrə universitetlərin sertifikatları təqdim olunmuşdur.

 

Mehriban SULTAN

 

 

 

 Treninqlərdə müəllimlər kurikulum islahatının mahiyyətinə yiyələndilər

 

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək ibtidai sinif müəllimləri üçün 5 günlük öyrədici kurslar təşkil olunur. Yeni dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərinin I siniflərində dərs aparacaq müəllimlər üçün nəzərdə tutulan müvafiq treninqlər artıq başa çatmışdır. İyunun 2-dən iyulun 3-dək paytaxtın 11 rayonunu əhatə edən 11 məktəbdə keçirilmiş 5 günlük təlim kurslarında bütövlükdə 1872 müəllim iştirak etmişdir.

"Kurikulum islahatının davam etdirilməsi və kurikulum islahatına dəstək" alt-komponentinin koordinatoru, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov tərəfindən hazırlanmış təlim kursunun proqramına əsasən, müəllimlər treninqlərdə fənn kurikulumlarının strukturu və məzmunu, müasir kurikulumlar və yeni təlim strategiyaları, fənn kurikulumları əsasında təlimin planlaşdırılması, ümumi təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və s. mövzuları öyrənərək yeni fənn kurikulumlarının tətbiqi sahəsində zəruri bilik və bacarıqlara yiyələnmişlər.

Təlim kursunun nəticələrinin qiymətləndirilməsi ilə əlaqədar müdavimlər arasında sorğu keçirilmiş və onun nəticələri təhlil olunmuşdur.

Treninqlərin səmərəli keçirilməsi üçün zəruri olan bütün təşkilati məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodmərkəzi tərəfindən vaxtında görülmüşdür.

Məşğələlərin sonunda gözlənilən nəticələr müdavimlərin diqqətinə çatdırılmış və onun çap olunmuş versiyası müəllimlərə paylanmışdır.

 

Sitarə MƏMMƏDOVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Metodmərkəzinin direktor müavini