· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəb və pedaqoji fikir tariximizdən səhifələr

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının

Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər

 

VI məqalə

 

Qori Müəllimlər Seminariyası təşkil olunarkən dövlət tədris planlarında və proqramlarında sinifdənkənar tədbirlərin keçirilməsi cüzi miqdarda nəzərdə tutulurdu. Sinifdənkənar tədbirlərin geniş miqyasda həyata keçirilməsini ilk dəfə seminariyanın mütərəqqi müəllimləri  irəli sürmüşlər. Burada xüsusilə XIX əsrin 70-ci illərinin axırlarında və 80-ci illərin əvvəllərində Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru D.D.Semyonov və 1879-cu ildən 1896-cı ilədək Azərbaycan şöbəsində inspektor olan A.O.çernyayevskinin rolu böyük olmuşdur.

 Onlar sinifdənkənar tədbirlərin labüdlüyünü dərindən başa düşərək bu tədbirləri məktəbin təlim-tərbiyə işlərinin ayrılmaz hissəsi hesab etmişlər. A.O.çernyayevski sinifdənkənar tədbirlərin labüdlüyü barədə seminariyanın pedaqoji şurasına "Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində tərbiyə işlərinin təşkili haqqında qeydlər" adı ilə 11 səhifədən ibarət məktub yazmışdır: "...mən necə bir inspektor-tərbiyəçi, Azərbaycan şöbəsindəki tərbiyə işlərində bir sıra dəyişikliklər aparılmasının labüdlüyü haqqındakı fikrimi çatdırmağı özümə qəlbən borc hesab edirəm. Azərbaycanlı tələbələrin həyatına yaxın olmağım və eləcə də azərbaycanlıların məişəti, dünyagörüşü və adət-ənənələri ilə işlərin indiki vəziyyəti qeyri-qənaətbəxşdir. Əgər tələbələr bundan sonra da belə vəziyyətdə qalsalar, onda tələbələrin mənəvi və fiziki qüvvələrinin hərtərəfli inkişaf etdirilməsi mümkün olmayacaqdır".

Bu məsələdə D.D.Semyonov bir az da irəli getmişdir. Hələ Kuban Müəllimlər Seminariyasından zəngin təcrübəsi olan D.D.Semyonov Qafqaz tədris okruqunun rəhbərinə "Müəllimlər seminariyaları nəzdində aqronomik və meteoroloji stansiyaların düzəldilməsi barədə" iki məktub yazmışdı. Orada göstərirdi ki, gərək hökumət və ictimaiyyət tələbələrin tərbiyəsinə ciddi təsir göstərən bağçılıq, bostançılıq, tarlaçılıq, arıçılıq, ipəkçilik və s. kənd təsərrüfatı işlərinə ciddi fikir versinlər. D.D.Semyonovun dərin düşüncəsinə görə, müəllimlər seminariyaları  nəzdindəki aqronomik və meteoroloji təcrübə stansiyaları öz mənəvi tərbiyə təsirləri ilə birlikdə, kənd təsərrüfatında aşkara çıxan və mövcud hadisələri öyrənmək, elmi materiallar əldə etmək, kənd təsərrüfatında əmək məhsuldarlığının artmasına bilavasitə kömək göstərmək, nəzəriyyə ilə təcrübəni əlaqələndirmək və s. məqsədləri izləməli idi.

Qori Müəllimlər Seminariyasının qabaqcıl pedaqoq və mütərəqqi xadimləri sinifdənkənar tədbirləri bacarıqla həyata keçirmişlər. Onlar bu tədbirləri məqsədəuyğun şəkildə təşkil etməklə seminaristlərin tərbiyəsinə müsbət təsir göstərmiş və bu tədbirlər vasitəsilə gələcək xalq müəllimlərinin nəzəri və praktiki hazırlığının çərçivəsini xeyli genişləndirməyə çalışmışlar.

Seminariyalara məxsus dövlət proqramı bu pedaqoqları təmin etmirdi, çünki həmin proqramlar tələbələrə həyat üçün az əhəmiyyətli biliklər verir və  elmi biliklərin dar çərçivə içərisinə alınmasını tələb edirdi. Sinifdənkənar tədbirlər Qori Seminariyasının qabaqcıl pedaqoqları üçün öz mütərəqqi məqsədlərinə nail olmaqda bir vasitə idi. Seminariyada aparılan sinifdənkənar tədbirlərdən biri sinifdənxaric oxu idi. Sinifdənxaric oxunun mövcud sistemi seminariyanın mütərəqqi pedaqoqlarını təmin etmirdi.

A.O.çernyayevski şuraya təqdim etdiyi qeydlərində yazırdı ki, əlbəttə, bəzi tələbələr kitabxanadan aldıqları kitabları sistemsiz oxuyurlar, sistemsiz oxu isə lazımi fayda verə bilməz. Sinifdənxaric kitab oxusunda sistemsizlik, ümumi məqsədin olmaması, tələbələrin yaş xüsusiyyətlərinin və bilik səviyyələrinin nəzərə alınmamasının qarşısını almaq və qiraətin maksimum məhsuldarlığını təmin etmək məqsədilə müəllimlər, seminariyanın pedaqoji şurası bu işlə bilavasitə məşğul olurdu. Belə ki, hər tədris ilinin başlanğıcında pedaqoji şura öz içərisindən direktor və inspektordan sədr, sinif rəhbərlərindən və müvafiq ixtisas müəllimlərindən ibarət komissiya ayırırdı. Bu komissiya seminariyanın hər sinfində tədris ili üçün oxu materialını müəyyənləşdirirdi. Bu zaman ayrı-ayrı tələbələrin imkanları, onların fərdi xüsusiyyətləri, ümumi inkişaf dərəcəsi, dərslərdəki müvəffəqiyyətləri və s. nəzərə alınaraq məcburi və könüllü, yəni minimum-maksimum ədəbiyyat müəyyənləşdirilirdi. Sinif rəhbərləri öz ixtisası üzrə bu və ya digər materialın oxunmasını yoxlamalı idi. Bu yoxlamalar yalnız istirahət qabağı, yaxud başqa günlərdə dərsdənkənar vaxtlarda aparılmalı idi. Məcburi oxu materialının yoxlanması yazılı hesabat vasitəsilə, könüllü oxu materialı isə ötəri sorğu ilə yoxlanılırdı. Yazılı məlumat yoxlanılan zaman təkcə məzmun deyil, yazının üslubuna, orfoqrafiya və kalliqrafiya qaydalarına düzgün riayət edilməsinə fikir verilirdi. Yoxlamanın formaca məzmunu bununla məhdudlaşmırdı. Tələbəyə kitab, onun oxuduğunu yoxlayan müəllimdən məktub təqdim etdikdə verilirdi. Coğrafiya, tarix, təbiyyat kimi fənlərdən birinə aid olan kitablar isə bu sahədən müəyyən faktları izah etdikdə verilirdi. Tələbələrə kitab aşağıdakı qaydada verilirdi: tələbələrdən biri kitabxanadan alıb oxuduğu kitabı yoldaşına verdikdə yeni kitab alırdı. Birinci kitabı bütün tələbələr oxuduqdan sonra yoxlama aparılırdı. Bu yoxlamada həmin kitabı oxuyan tələbələr arasında müəyyən fakt, hadisə və qəhrəman barədə qızğın mübahisə gedirdi. Aparılan mübahisələr protokola yazılırdı və həmin fənn müəllimi tərəfindən yekunlaşdırılırdı. Bəzən müəllim tələbələr yığıncağına bir sıra suallar təqdim edirdi. "Uşaq və böcək" adlı kitabın oxunmasının suallarla yoxlanması aşağıdakı qaydada aparılmışdır: 1. Kitabın məzmununu hamı başa düşmüşdürmü? 2. Bu kitabı oxuyarkən nə kimi çətin sözlərlə qarşılaşmışsınız? 3. Kitabdakı hansı hadisə kimin xoşuna gəlmişdir? 4. Kitabdan nə kimi xeyirli şey götürmüşsünüz? Bunlardan əlavə, kitabın məzmununu əhatə edən başqa suallar da qoyulurdu. Həmin suallara tələbələr düzgün və düşünülmüş cavablar vermişlər. Müzakirənin sonunda  tələbələrə yazı işi üçün "Müəllimin uşağa qarşı münasibəti" mövzusu təklif edilmişdir. Tələbələr tərəfindən oxunmuş M.Y.Lermontovun "Tacir Kalaşnikov haqqında mahnı" poemasının müzakirəsi də maraqlı keçmişdir. Əsərə aid maraqlı suallar verilmişdir. Sinifdənxaric oxunmuş kitabın təhlilinin gedişi müəllimlərin işə, özlərinə və tələbələrinə qarşı nə qədər ciddi, tələbkar olduqlarını aydın göstərir. Sinifdənxaric oxunun seminariyada bu cür qoyuluşu özünün böyük tərbiyəvi əhəmiyyətilə birlikdə ciddi elmi əhəmiyyət də daşıyırdı. Bu iş tələbələrin ümumi görüş dairəsini artırır, onların nitq və yaddaşını inkişaf etdirir və zənginləşdirirdi. Ətraf mühitə şüurlu münasibət bəsləmələrinə, real həyatla bədii ədəbiyyat arasındakı əlaqəni başa düşmələrinə imkan verirdi.

Tələbələrdən sinifdənxaric oxu üçün qeyd dəftəri düzəltmək tələb olunurdu. Bu dəftərə oxunmuş kitabın adı, müəllifi, harada və nə vaxt nəşr olunduğu, oxunma tarixi (başlanğıc və sonu), qısaca məzmunu (yaxud məzmunu əks etdirən plan), əsas ideya, hadisəni, qəhrəmanı xarakterizə edən və tələbəni ən çox maraqlandıran seçmə parçalar, nəhayət, çətin sözlər və ifadələr qeyd olunurdu. Qiraət, onun müzakirəsi bəzən tarixi günlərlə, yazıçıların yubileyləri və bayramlarla əlaqələndirilirdi. Sinif rəhbərləri bu dəftərləri ardıcıl yoxlayırdılar, onlara faydalı məsləhətlər və düzgün istiqamət verirdilər. Onlar apardıqları bu ardıcıl yoxlamalardan əlavə, müxtəlif müddətlərdə (dərs ilinin hər rübündə, birinci yarısında və sonunda) qeyd dəftərlərindəki qeydləri yekunlaşdırır, tələbələrin hansı müəllifin əsərləri ilə, ədəbiyyatın hansı janrı, elm və mədəniyyətin hansı sahəsi ilə daha çox maraqlandıqlarını müəyyənləşdirirdilər. Bunun nəticəsində sinifdənxaric oxunun təşkilinin daha da yaxşılaşdırılması üçün lazımlı tədbirlər görülürdü. Kitabxanalar zənginləşdirilir, pedaqoqların tələbələrə köməyi gücləndirilir, təcrübə mübadiləsi aparılırdı. Seminaristlərə oxumaq üçün təklif olunan məcburi ədəbiyyata dini xarakter daşıyan kitablar da daxil edilirdi, lakin tələbələr çox zaman bu kitabları oxumaqdan boyun qaçırırdılar. Belə halda bəzi mürtəce sinif rəhbərləri bu kitabları sinifdə tələbələrin qarşısında özləri oxuyurdular.

Müəllimlər seminariyasında sinifdənxaric oxunun təşkilində və aparılmasında bir sıra qüsurların olmasına baxmayaraq, bu tədbirlər maraqlı və müsbət təcrübəvi əhəmiyyət daşıyırdı.

Seminaristlər oxuduqları müddətdə elm və mədəniyyətin müxtəlif sahələrinə aid 340 məcburi və digər kitab oxumalı idilər. Məhz buna görə də onlar qiraətə böyük həvəs göstərir, müxtəlif sahələrə aid çətin mətnləri asanlıqla başa düşürdülər.

 

(Ardı var)

 

Fikrət SEYİDOV,

professor