Onlar nə dərslərdən, nə idmandan, nə də ictimai fəaliyyətdən geri qalıblar


 
Azərbaycan Texniki Universitetinin (AzTU) həyətində çal-çağır var. Hər kəsin gözü gülür. Təlaş dolu saatlar hələ günün sonunadək davam edəcək. Axı, bu gün onların günüdür. Bu hərəkətlilik 4 il ərzində doğmalaşdıqları universitet ilə onların vida mərasimidir. Təhsildə də, həyatda da bir mərhələnin sonu, başqa bir mərhələnin başlanğıcıdır. Bəlkə də sadəcə bir yolayrıcıdır?! 4-5 il bir yerdə addımlayan, bu illərdə doğmalaşıb bir ailəyə çevrilənlərin yolları ayrılır. Onlar  2178 nəfərdir. 1785 gənc bakalavr təhsil pilləsində, 240 nəfər isə magistr pilləsində təhsilini tamamlayır. Ötən tədris ilindən qalan 140 nəfər üçün də “Məzun günü” məhz bu gündür.
 
 
“Bundan sonrakı məsləhətçiniz qazanacağınız həyat dərsi olacaq”
 
 
2178 gəncin sevincinə şərik olmaq üçün AzTU-nun qapısını döyən xeyli qonaq var. Hətta rayon rəhbərliyinin də təmsil olunduğu rəsmi hissəni bu ali təhsil müəssisəsinin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov açıb. Rektor universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 
Bu tədris ilində universitetdə bakalavriat səviyyəsində məzun olanlardan 13-ü xarici ölkə vətəndaşıdır. Builki məzunlardan 16 bakalavr və 34 magistrant universiteti fərqlənmə ilə bitirib.
 
X.Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksək ixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. Professor bu il məzun olmağın özəlliyini də vurğulayıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə universiteti bitirməyiniz ömrünüz boyu yaddaşında silinməz iz buraxacaq”.
 
X.Yahudov AzTU-nun uzun illərə dayanan iki ənənəsi olduğunu deyib: “Universitetimizin iki ənənəsi olub. Uzun illərdir formalaşan bir vətənpərvərlik və bir də texniki ənənəmiz var. Əminəm ki, bu il məzun olanlar da bütün həyatı, karyerası boyunca bu ənənəyə sadiq qalacaq. Çünki bu universitetin həm vətənpərvər, həm də texniki sahədə böyük nailiyyətlər qazanan çoxsaylı məzunu var. Hər birimizin ali məqsədimiz odur ki, müstəqil Azərbaycanın inkişafı naminə çalışaq və onun adını həmişə uca tutaq. Əminəm ki, siz də ölkəmizin iqtisadiyyatının inkişafında yaxından iştirak edəcək və qüdrətli Azərbaycanın vətəndaşı kimi yaşayacaqsınız”.
 
 
X.Yahudov keçmiş tələbələrinə bir məqamı da xatırladıb: “İndiyədək yanınızda sizə məsləhət verəcək müəllimləriniz vardı. Bundan sonrakı məsləhətçiniz qazanacağınız həyat dərsi olacaq”.
 
 
Daha sonar tədbirə qatılan qonaqlar, həmçinin valideynlər çıxış edərək məzunları təbrik edib, onlara ən xoş arzularını ifadə ediblər. Hər kəs təhsilin inkişafından, bu sahəyə dövlət qayğısından, həmçinin ölkə sənayesinin inkişaf etdirilməsi üçün texniki ali təhsilin vacibliyindən danışıb, AzTU-da keyfiyyətli təhsil üçün yaradılan şəraiti yüksək dəyərləndiriblər.
 
Son sözü isə məzunlar deyib. Təhsil illərində onlara göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə, müəllimlərə minnətdarlıqlarını bildirib, AzTU-nun tələbəsi olduqları üçün fəxr etdiklərini deyiblər. Başlarına toplaşan, onları ən gözəl sözlərlə təbrik edən, sevinclərinə şərik olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonra universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının “Fəxri fərman”ları təqdim olunub.
 
 
“Gecənin yuxusuzluğunu, çəkdiyim əziyyəti 100, 90+ bal alandaca unutdum” 
 
 
Universitetin ictimai işlərində fərqlənən həmin gənclərdən biri - Cəvahir Babanlı Mühəndis biznesi və menecmenti fakültəsini bitirib. Heç də asan olmayan 4 ili uğurla başa vurub. Yuxusuz sessiya  gecələri isə hələ uzun müddət yuxularına girəcək. Ancaq həm də maraqlı keçib tələbəlik illəri. Çətinliyinə, yuxusuzluğa, əziyyətə baxmayaraq: “Gecənin yuxusuzluğunu, çəkdiyim əziyyəti 100, 90+ bal alandaca unutdum.  Universiteti fərqlənmə ilə bitirirəm. Bakalavr pilləsini 99 balla başa vurdum”.
 
Nə dərslərdən geri qalıb, nə də ictimai fəaliyyətdən: “Birinci kursda Həmkarlar Təşkilatında Qadınlar Şurasının sədri vəzifəsini icra etdim. Həmin kursu bitirəndə artıq Mühəndis biznesi və menecmenti fakültəsinin Həmkarlar Təşkilatına rəhbərlik edirdim. Əlaçı olduğum üçün iki dəfə Həmkarlar İttifaqları Konfederasiyasının təqaüdünə layiq görüldüm” – deyən məzun universitetə 347 balla daxil olsa da, burada daha fəal və nailiyətlərlə dolu bir tələbəlik həyatı yaşadığını bildirib.
 
Təhsilini Azərbaycan universitetlərindən birində, magistratura pilləsində davam etdirəcək.  
 
 
Çempion mühəndis
 
 
Xəzər Əliyev də Mühəndis biznesi və menecmenti fakültəsindən məzun olur. Çoxları kimi ali təhsilini 4 ilə tamamlayıb. Həm akademik göstəriciləri yüksəkdir, həm də universitetin ictimai həyatında fəal iştirak edib. Elə bu fəaliyyətinin nəticəsidir ki, universitetinin “Təşəkkürnamə”sini alanların siyahısında onun da adı var. Bakavriat dövründə hamıdan fərqlənib, elə indi fərqlənir. 
 
 
Xəzərin məzun cübbəsi əynində deyil. Cübbəsini niyə geyinmədiyinin səbəbi rektor onu təqdim edərkən aydın olur. Sən demə, o, idmançııdr, hətta dünya çempionudur.  Hər şey aydındır! Kürəyində Azərbaycan bayrağı görməyə alışan bir gənc üçün məzun cübbəsi yəqin çox kiçik uğur kimi görünür: “XI sinifdə oxuyarkən Kunq-fu-sanda idman növü ilə məşğul olmağa başladım. Ancaq çoxdan həvəsim vardı. Marağım  Brüs Liyə olan sevgimdən qaynaqlanırdı. Artıq ali məktəbə daxil olacağıma şübhəm qalmamışdı. Bazam vardı və bilirdim ki, həmin biliklə istədiyim ixtisası qazana biləcəyəm. Qazandım da. İdmanla universitetdə də məşğul olmağa davam etdim və  dünya çempionu oldum”.
 
Hazırda “Sərhədçi” İdman Olimpiya Kompleksinin yığma komandasında təmsil olunur. Kunq-fu-sanda növü üzrə dünya çempionudur: “Avropa çempionatında  II, dünya üzrə isə I olmuşam”. 
 
Onun sözlərinə görə, həm tələbə, həm də idmançı olmaq elə də asan başa gəlməyib. Başı sıxışanda universitet rəhbərliyi dadına yetişib. İdman yarışlarına qatılmasına mane olacaq heç bir əngəl qoymayıblar. O da universitetinin adını idman meydanlarında ucaldıb. AzTU-nun adı öz adıyla yanaşı çəkilib.
Qiymətlərinə baxılsa, deyəsən, AzTU-nun adını sadəcə tələbə olarkən idmançı kimi deyil, məzun olduqdan sonra da iş yerində ucaldacaq: “Buraxılış işimi müdafiə etdim. Bütün qiyətlərim 81-91-dir. İdman fəaliyyətimi də davam etdirəcəyəm. Artıq ixtisası üzrə işləyərək indiyədək təhsildə qazandıqlarımı nümayiş etdirəcəyimi düşünürəm”. 
 
 
SABAHın məzunları
 
 
Onlar 69 nəfərdir. 2178 nəfərin arasında məhz bu adla fərqləndirilirlər. Əslində, bütün təhsil boyu fərqləndiriliblər. SABAH qruplarından məzun olacaq Natəvan Abbasova Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə təhsil alıb. Universiteti fərqlənmə diploma ilə bitirir. Ən fəal tələbələrdəndir: “ START UP  layihəsi qurmuşuq. Bitkiləri identifikasiya edən layihəmizin böyük uğur qazanacağına inanırıq. Bitkinin şəklini çəkib kompüterə yükləyirsiniz və proqram onun nə olduğunu, necə qulluq tələb etdiyini müəyyənləşdirir. Hazırda üzərində işlədiyimiz bu layihə universitetdə ikinci layihəmdir. Bundan əvvəl də bir layihəm olub. O da xatırladıcı mobil tətbiqetmə idi”.
 
 
 
Natəvan aldığı təhsili yüksək dəyərləndirib: “4 ildə həm çoxlu bilik, həm təcrübə qazandım. Çoxlu praktiki dərslərimiz oldu. Həm nəzəri, həm də praktiki biliklərə yiyələndik. Dərs keçən müəllimlərimiz şirkətlərin mütəxəssisləri idi. Daha yaxşı öyrənmək üçün çox  böyük şanslarımız oldu və biz bu imkanı layiqincə dəyərləndirdik. SABAH qruplarında təhsil almaq tam fərqlidir. Burada ab-hava tamamilə seçilir. Gərgin rəqabət mühiti olur. Bu da  dərslərə qarşı biganə qalmağa imkan vermir. Qazandığın yer uğrunda daim mübarizə aparmalı olursan. Hesab edirəm ki, burada öyrəndiklərim iş həyatında çox gərəyim olacaq”.
 
 
Ali məktəbə 542 balla qəbul olunan Natəvan universiteti 93 balla - fərqlənmə diplomuyla bitirir. Bundan sonrakı planı təhsilini xaricdə davam etdirməkdir. Artıq 2 universitetdən – Almaniya və İtaliya universitetlərindən dəvət alıb. Ancaq Florensiyadan cavab gözləyir. Müraciətinə müsbət cavab verilsə, təhsilini həmin universitetdə davam etdirəcək.
 
 
 
 
Hazırda Mərkəzi Bankda işlədiyini isə dekanından öyrənirik. Fevral ayından qatıldığı çoxmərhələli işəqəbul prosesini uğurla tamamlayıb və artıq işə başlayıb. İki aydır ki, Mərkəzi Bankın işçisidir.
 
Dekanı, Texniki Universitetin SABAH Mərkəzinin rəhbəri Aytən Sadıqovanın davranışları onun Natəvanın valideyni olduğunu düşündürür: “Valideyniyəm. SABAH qruplarının dekanıyamsa, bu qrupun hər üzvünün valideyniyəm, deməkdir.
 
 
Tələbələrlə biz bir SABAH ailəsiyik. Getdikcə genişlənərək artıq 12 universiteti əhatə edən bu ailəyə AzTU 2017-ci ildən daxil olub. Məzunlarının 53 faizi xarici universitetlərdə təhsilini davam etdirir. Ümumiyyətlə, məzunlarımızın 93 faizi magistrdir. Ölkəmizdəki bir çox müəssisələrdə, tanınmış şirkətlərdə işləyirlər. Builki məzunlarımızdan 40-a yaxın tələbə artıq işlə təmin olunub. Maraqlı bir məqamı da qeyd edim ki, məhz şirkətlər tələbələrimizi işə götürməyə can atırlar. Bir çox tələbəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, BP-də, “Still Company”də, “Azərişıq”da, çalışırlar”.
 
 
A.Sadıqovanın sözlərinə görə,  AzTU-da SABAH qrupları 4 ixtisas üzrə təşkil olunub. Onlardan İnformasiya Texnologiyaları, Metallurgiya mühəndisliyi, Kompüter mühəndisliyi, radiotexnika və rabitə, telekommunikasiya mühəndisliyi üzrə qruplardan bu il 69 nəfər məzun olacaq. Məzunların 70 faizi artıq xarici universitetlərə dəvət olunub”.
 
Mərkəz dekanı hesab edir ki, SABAH qruplarına üstünlük qazandıran onların təhsilində ingilis dilinin tədrisinə ayrılan vaxtdır: “Adi qruplarda 2 semestr tədris olunursa, SABAH qruplarında 8 semestr tədris olunur. Üstəlik, müəllimlər də xüsusi müsabiqə yolu ilə seçilir. Təcrübə dövründə isə tam mütəxəssis olaraq yetişirlər. Odur ki, SABAH qruplarının məzunları bir mütəxəssis kimi işə tam hazır  olurlar”. 
 
 
A.Sadıqova “SABAH” məzunlarının uğurlu START UP-larından da  danışıb: “Ötən ilki məzunlarımızdan birinin START UP-ı  İsveçrədə uğurla təmsil olunub. Şahin Xəlilov adlı ötən ilki məzunumuzun bu START UP-ı sürücülər üçün eynəkdir. Həmin eynək sürücü sükan arxasında yuxuya gedərsə, siqnal çalaraq onu oyandırır. Şahin Xəlilov hazırda Çində təhsilini davam etdirir. Bu il isə 2 ayrı-ayrı komandalarda təmsil olunan 2 tələbəmizin START UP-ı var.  Məzunlardan 2 tələbə, ümumiyyətlə, 4 ixtisas üzrə 5 START UP üzərində işləyirlər”.
 
 
Gələcəyin məzunu
 
 
 
 
AzTU-dan havalanan musiqi sədaları ətrafa yayılır. Bu səs-küydə bir qrup məzun papağını havaya fırladır, başqa bir qrup özçəkim edir, qalanlar isə meydanda şənlənir. Hamı xoşbəxtdir. Hər kəsin üzünə maraqla baxan, ətrafında baş verənləri sakitcə izləyən AzTU-nun kiçik məzunu isə hər kəsin diqqətini cəlb edir. Universiteti gənc anası ilə birgə oxuyan sabahın məzunu əynində məzun cübbəsi, başında məzun papağı ilə gələcəyə ümid vəd edir.     
 
 
 
Ruhiyyə Daşsalahlı