· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ali məktəblərdə qış imtahan sessiyası

Azərbaycan Texniki Universiteti

Yeni ilin ilk günlərindən təbiət paytaxt sakinlərini soyuq, qarlı-şaxtalı hava ilə çətin sınağa çəkib. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini isə daha çox başqa bir sınaq narahat edir. Onlar bu günlərdə qış imtahan sessiyasının həyəcanlarını yaşayırlar.

Bu məsuliyyətli dövr ərəfəsində təhsil ocaqlarında nə kimi tədbirlər həyata keçirilib? Ali məktəblərdə imtahan sessiyası necə gedir? Bu suallara cavab tapmaq məqsədilə Azərbaycan Texniki Universitetinə yollandıq. Universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi Xalıq Yahudov burada imtahanlarla bağlı görülən işlər haqqında ətraflı məlumat verdi.

Onun bildirdiyinə görə, Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 19.XII.2007-ci il tarixli 1265 nömrəli "Ali və orta ixtisas təhsili müəssisələrində 2007-2008-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə müvafiq olaraq bu ərəfədə universitetdə sessiyanın gedişinə nəzarət etmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həll olunması məqsədilə qərargah yaradılıb. Qərargahın işinə prorektorlar, kafedra müdirləri, müəllimlər, Tələbə Həmkarlar Komitəsinin və Tələbə Gənclər Təşkilatının sədrləri olmaqla 17 nəfər cəlb olunub. Nəzərdə tutulan tədbirlərin, eyni zamanda yarana biləcək münaqişə və şikayətlərin həll edilməsinin operativliyini təmin etmək məqsədilə müvafiq "qaynar xətt" təşkil edilib. Bütün bunlar haqqında universitetin ayrı-ayrı korpuslarında elanlar vurulub. Bundan başqa, təhsil nazirinin "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında" əmrinə əsasən, həmin üsulla aparılan imtahanlarda nizam-intizama, eləcə də imtahanların gedişinə nəzarət etmək məqsədilə 45 nəfər müəllim-koordinator təyin edilib.

Qərargahın sədri Xalıq Yahudov və üzvü, magistratura şöbəsinin müdiri, texnika elmləri namizədi Elçin Rzayevlə birlikdə imtahanları müşahidə etməzdən öncə Operativ Nəzarət Qərargahına baş çəkdik. Həmin vaxt orada növbətçi olan qərargah üzvlərindən biri - texnika elmləri namizədi Əhməd Məmmədov hələ ki, neqativ hallarla bağlı heç bir müraciət və şikayətin olmadığını bildirdi. Sonra isə auditoriyalara yollandıq. İmtahan cədvəlinə görə həmin gün - yanvarın 10-da universitetin 8 fakültəsinin 61 qrupunda çoxballı sistemlə və ənənəvi üsulla imtahanlar aparılırdı.

İmtahan başlananda ilk olaraq mühəndis biznesi və menecment fakültəsinin I kurs 907 "R" qrupunun (rus bölməsi) riyaziyyat fənnindən çoxballı sistemlə imtahan verdikləri auditoriyaya daxil olduq. İmtahanı fənn müəllimi, fizika-riyaziyyat elmləri namizədi Ramiz Yüzbəyov və koordinator Aydın Ağəliyev aparırdı. Fakültənin dekanı İlham Aslanzadə məlumat verərək bildirdi ki, bu qrupda təhsil alan 15 tələbənin hamısı imtahanda iştirak edir.

Tələbə Şəhla Adıgözəlova ona düşən sualların çətin olmadığını, imtahandan yüksək qiymət alacağına ümid etdiyini dedi.

Sonra girdiyimiz auditoriyada avtomatika və kompüter texnikası fakültəsinin I kurs 687 A2 qrupunun tələbələri də riyaziyyatdan imtahan verirdilər. İmtahanı fənn müəllimi Məmməd Babayev və assistent Sevinc Nəcəfova götürürdü. Bu qrupda təhsil alan 24 tələbənin hamısı imtahanda iştirak edirdi. Bilet çəkmiş 9 tələbə suallar ətrafında fikirləşir və müəyyən qeydlər edirdilər. 24 nömrəli bileti çəkmiş tələbə Emil Emilli sualların asan olduğunu, heç bir problemin olmadığını vurğuladı.

Metallurgiya fakültəsinin fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasının I kurs 437 A1 qrupunda təhsil alan 18 tələbənin hamısı fizikadan keçirilən imtahanda iştirak edirdi. Fənn müəllimi Rəsul Rəhimov və assistent Şəfiqə Mehdiyeva hər biletdə 3 sualın yazıldığını və sualların 2-sinin nəzəri, 1-nin isə praktik olduğunu bildirdi. 7 nömrəli biletin suallarına cavab vermiş Əli Yusifovun biliyini "4"-lə qiymətləndirdilər. Tələbə Hənifə Əhmədov isə suallara ətraflı cavab verərək "5" aldı.

Elektrotexnika və energetika fakültəsinin II kurs 246 A2, həmçinin metallurgiya fakültəsinin III kurs 415 "A" qruplarında təhsil alan tələbələrin hamısı imtahanda iştirak edirdi.

Sonda mühəndis biznesi və menecment fakültəsinin I kurs 907 AT-1 qrupunda çoxballı sistemlə iqtisadi tarix fənnindən keçirilən imtahanda iştirak etdik. Biz auditoriyaya daxil olanda saat 11.55 dəqiqə idi. Artıq auditoriyada 22 tələbədən 10 nəfəri qalmışdı. 11 tələbə imtahan işlərini təhvil verərək sinfi tərk etmişdi.

Bir nəfər tələbə isə üzürlü səbəbə görə imtahanda iştirak etmədi. İmtahan qurtardıqdan sonra yığılmış işlər koordinator Zəfər İsmayılov tərəfindən kodlaşdırılaraq qiymətləndirmə komissiyasına təhvil verildi. Son nəticədə 7 tələbənin "5", 5 tələbənin "4", 9 nəfərin isə "3" aldığı məlum oldu.

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

Yanvarın 10-da qış imtahan sessiyasını müşahidə etmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində olduq. Universitetin tədris şöbəsinin müdiri Sabir Məmmədovdan imtahanların təşkili, gedişi və nəticələri barədə məlumat verməsini xahiş etdik. O dedi:

- Qış imtahan sessiyasına hazırlıq rektorun əmrinə uyğun olaraq yerinə yetirilir. Bu məqsədlə hələ dərs ilinin əvvəlində bütün qruplarda qış sessiyasında imtahan keçiriləcək fənlərin siyahısı, bilet nümunələri fakültələrin informasiya lövhələrində asılıb. Tələbələrə həm də imtahan sualları verilib. Bütün universitet üzrə imtahan cədvəlləri hazırlanıb və rektorun əmri ilə imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi məqsədilə universitetin qabaqcıl əməkdaşlarından ibarət nəzarətçilər qrupu yaradılıb. İmtahanlarımız üç gündür ki, başlayıb. Sessiya yanvarın 25-nə kimi davam edəcək. Bu gün universitet üzrə 25 imtahan keçirilir. Onlardan 13-ü monitorinq üsulu ilə, 12-si isə ənənəvi yolla aparılır. Onu da deyim ki, universitetdə inşaat kolleci və əcnəbi tələbələrin hazırlığı fakültəsi də fəaliyyət göstərir. Onlarda da hazırda imtahanlar aparılır.

Söhbətə qoşulan imtahan sessiyasına nəzarət qərargahının sədri Şahin İsmayılov isə bildirdi ki, Təhsil Nazirliyinin əmrinə uyğun olaraq Memarlıq və İnşaat Universitetində imtahanlara nəzarət qərargahı yaradılmışdır. Qərargahın 9 üzvü var. Məqsəd imtahanlara nəzarəti, obyektivliyi təmin etmək, ortaya çıxan problemləri operativ həll etmək, birinci mərtəbədə qoyulmuş qutuda toplanmış ərizə və şikayətlərə yaradılmış komissiya tərəfindən baxmaq, ictimai fikri öyrənməkdən ibarətdir. Qərargah sədri onu da qeyd etdi ki, monitorinq üsulu ilə aparılan imtahanlar digərlərindən fərqlənir. Burada sualları ətraflı cavablandırmaq üçün tələbələrə tam şərait yaradılır. Eyni zamanda müəllimin imtahan prosesinə müdaxiləsi də olmur. Söhbətin bu məqamında universitet rektorunun bizi yanına dəvət etdiyini bildirdilər.

Görüş zamanı rektor bizi mehribanlıqla qarşılayıb gəlişimizin məqsədini öyrəndi. Daha sonra müəyyən tövsiyələr verib, imtahanların gedişatı ilə yaxından tanış olmaq üçün bizə nümayəndələr qoşdu. Birlikdə imtahan aparılan auditoriyalara baş çəkdik. İlk müşahidəyə tikinti iqtisadiyyatı fakültəsində aparılan investisiya maliyyələşdirməsi, pul, kredit və bank işi fənni üzrə keçirilən imtahandan başladıq. Burada 735 A2 əyani qrupu imtahan verirdi. Qrupdan 22 nəfər tələbənin hamısı imtahanda iştirak edirdi. Artıq tələbələrin əksəriyyəti imtahan verib auditoriyanı tərk edirdi. Onlardan biri - Emil Quliyevlə söhbət etdik. öyrəndik ki, o, ali məktəbə 587 balla daxil olub. Bundan əvvəlki  imtahandan "əla" qiymət alıb. Bu imtahandan da "əla" qiymət alacağına böyük ümid bəsləyir. Emildən imtahan prosesindən razı qalıb-qalmadığını soruşduqda o, imtahanın tam obyektiv və şəffaf aparıldığını, tələbələrə sərbəstlik verildiyini bildirdi.

Sonra memarlıq fakültəsinin dekanı Tofiq Abdullayevlə görüşdük. O bildirdi ki, rəhbərlik etdiyi fakültədə 608 nəfər tələbə təhsil alır. Bu gün həmin fakültədə üç qrupda imtahan aparılır. Qruplardan ikisi ənənəvi, biri isə monitorinq üsulu ilə imtahan verir. Dekanla birlikdə memarlıq konstruksiyaları fənnindən imtahan aparılan əcnəbi tələbələrin hazırlığı fakültəsində də olduq. Burada türk və iranlı tələbələr imtahan verirdi. Müəllim Vidadi Muradovun, nəzarətçi Məhin Məmmədbəylinin iştirakı ilə aparılan imtahandan tələbələr razılıq etdilər. Artıq bir neçə tələbə "əla" və "yaxşı" qiymətlər alıb otağı tərk etmişdi. Daha sonra tikinti iqtisadiyyatı fakültəsində menecmentin əsasları fənnindən, memarlıq fakültəsində kompozisiya fənnindən keçirilən imtahanları da müşahidə etdik.

Müşahidələrimiz zamanı xırda nöqsanlar olsa da, ciddi təlimat pozuntularına rast gəlmədik.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Artıq ali təhsil ocaqlarında qış imtahan  sessiyasına start verilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanlar yanvarın 7-dən  başlayıb. Ali məktəbin ümumi  işlər üzrə prorektoru Vüqar  Mehrabovun sözlərinə görə, imtahan  sessiyasının  obyektiv və şəffaf keçirilməsinə nəzarət məqsədilə qərargah yaradılıb. İmtahanların  gedişi ilə əlaqədar tələbələr öz təklif və şikayətləri ilə müraciət etməkdə sərbəstdirlər, qərargahda müraciət  edənləri qəbul  etmək üçün geniş şərait yaradılıb, həmçinin imtahanlarla bağlı müxtəlif şikayətləri qəbul etmək üçün "qaynar xətt" də  fəaliyyət göstərir.  

Universitetin tədris işləri üzrə prorektoru Malik Cəbrayılov, ümumi  işlər üzrə prorektoru Vüqar  Mehrabov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, qərargahın katibi Azər Sərdarlı ilə birlikdə bir neçə auditoriyada imtahan prosesinin monitorinqini apardıq. öncə universitetin məktəbəqədər pedaqogika və psixologiya fakültəsinin defektologiya ixtisasının I kurs tələbələri tibbi biliklərin əsasları və mülki müdafiədən elektron imtahan verirdilər. Prorektor Malik Cəbrayılovun fikrincə, digər fənlər üzrə imtahanlar universitetin bazası imkan verdiyi qədər elektron variantda aparılır.   Universitetdə gedən imtahanların 30-35 faizi   kompüterlə verilir.  Hər gün 75 tələbə kompüterləşdirilmiş auditoriyada imtahan verir.  Pedaqogika və psixologiya fakültəsinin defektologiya ixtisasının I kurs tələbələri  Vahidə Nəcəfova, Aysel Əhmədova və Rəna Muxtarova prosesdən çox razı qaldıqlarını, bütün  imtahanların kompüterləşməsinin  tərəfdarı olduqlarını dedilər. Onların fikrincə, bu, çox obyektiv, şəffaf, həm də tələbələr üçün  əlverişli variantdır: "Tələbələrə qiymətləri müəllimlər əvəzinə kompüter verir". 

Sonra tarix fakültəsi IV kurs tələbələrinin sosiologiya və politologiya fənni üzrə gedən imtahanında isə tələbələr yazılı şəkildə 5 sualı cavablandırmalı idilər.  Obyektivliyi tam təmin etmək məqsədilə imtahana  qeyri-ixtisas fənnini tədris edən müəllimlər nəzarət edirdilər. Tələbələrlə apardığımız söhbət zamanı bəlli oldu ki, onlar heç bir problemlə rastlaşmayıblar və  prosesin gedişindən tam razı qalıblar. 

Filologiya fakültəsinin IV kurs tələbələri isə fəlsəfədən imtahan verdilər. Analoji  vəziyyət bu auditoriyada da mövcüd idi: tələbələr sərbəst  şəkildə imtahan suallarını  cavablandırırdılar.

Tədris işləri üzrə prorektor Malik Cəbrayılovun sözlərinə görə, artıq  universitetdə kimya, filologiya, fizika, biologiya fakültələrində imtahanlar  Boloniya sistemi ilə aparılır.  O, çalışdığı ali təhsil ocağında tələbələrin imtahan sessiyalarından qazandıqları müvəffəqiyyətlər   digər  ali məktəblərdən qat-qat soxdur. Belə ki, ötən il tələbələrin 70 faizi imtahanlardan uğurla keçərək yüksək qiymətlər alıblar.

 

"Azərbaycan müəllimi"