· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Paytaxtın daha bir məktəbi yubileyini qeyd etdi

Xətai rayonundakı  Ayaz Məhərrəmov adına 95 nömrəli məktəbin 30 yaşı tamam oldu. Bu münasibətlə  təhsil ocağında yubiley tədbiri keçirildi.

Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Tahir Süleymanov məktəbin 30 illik tarixi dövründə qazandığı uğurlardan  bəhs etdi. 

Bildirdi ki, 95  nömrəli   məktəb 1977-ci ildə istifadəyə verilib.   Məktəbin ilk direktoru  Həsənxan Ağayev olub.  Fəaliyyətə başladığı ildə məktəbdə  10 sinifdə 123 şagird təhsil alıb. 22 müəllim çalışıb. Sonralar  məktəb inkişaf edərək ən yaxşı təlim-tərbiyə müəssisələrindən birinə çevrilib.

Fəaliyyət göstərdiyi dövr ərzində məktəbin pedaqoji kollektivi bütün qüvvələri səfərbər edərək gənc nəslin təlim-tərbiyəsi işini dövrün tələbləri səviyyəsində qurub, dövlətin təhsil siyasətinin yerinə yetirilməsinə layiqli töhfəsini verib.  Məktəbdə fəaliyyət planına müvafiq olaraq istedadlı şagirdlərin aşkara çıxarılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib.  Nəticədə təhsil ocağının şagirdləri bilik yarışlarında, fənn olimpiadalarında, müsabiqələrdə, idman turnirlərində bir sıra uğurlar qazanıb.  2001-2002-ci dərs ilində məktəbin IX  sinif şagirdi Heyran Əliyeva  biologiya fənni üzrə olimpiadanın respublika turunda II yerə layiq görülərək Təhsil Nazirliyinin ikinci dərəcəli diplomu ilə təltif edilib.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  2007-ci ilin dekabrında keçirdiyi "Bilik yarışı"nın rayon turunda 6 şagird fərqlənmə diplomu alıb, 3 şagird isə şəhər turunda iştirak etmək hüququ qazanıb.  Bu illər ərzində məktəbin məzunlarından 4-ü  qızıl, 12-si isə  gümüş medala layiq görülüb.

Hazırda burada işləyən müəllimlərdən 8 nəfəri məktəbin öz məzunlarıdır. Məktəbin bacarıqlı müəllimləri Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin elan etdikləri yarış və müsabiqələrdə yaxından iştirak edərək müxtəlif  mükafatlara layiq görülmüşlər.  Məktəbin kimya müəllimi Sona Abbasova "İlin ən yaxşı müəllimi" müsabiqəsində respublika üzrə 2-ci yeri tutaraq fəxri  fərmanla təltif edilib.

Məktəb şəhidlik zirvəsinə yüksəlmiş  qəhrəman məzunları ilə fəxr edir. Ayaz Məhərrəmov və  Mehman Yaralıyev Qarabağda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla  həlak olublar.  

Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov təbrik çıxışında bu təhsil ocağının digərləri   ilə müqayisədə öndə olduğunu nəzərə çatdırdı, uğurlardan danışdı. Qeyd etdi ki, məktəbin məzunları hər il qəbul imtahanlarında  yüksək bal toplayaraq ölkənin ali məktəblərinə qəbul olurlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil şöbəsinin müdiri Fürudin Həmzəyev çıxışında qeyd etdi ki,  təhsil ocağı çoxlu savadlı kadrlar yetişdirib. Bu məktəbin qarşıda böyük gələcəyi var.

Digər təbrik çıxışlarında da təhsil ocağının ünvanına xoş sözlər deyildi. Mərasimin sonunda fərqlənən müəllimlərə diplomlar verildi, şagirdlərin iştirakı ilə konsert proqramı nümayiş olundu. Şagirdlər məktəbləri haqqında yazdıqları şeirləri səsləndirdilər.

Rəşad ZİYADOV

 

 

Kəskin hava şəraitinə baxmayaraq məktəblərdə tədris prosesi davam edir

Son günlər havaların kəskin soyuması, ölkəmizin ərazisində yağan güclü qar bir sıra problemlər yaratmaqla əhalinin gündəlik həyat rejimini pozub. Yollar buz bağladığından gediş-gəliş çətinləşib, nəqliyyatın hərəkət intensivliyi aşağı düşüb. Bütün bunlar, təbii ki, idarə və müəssisələrin, o cümlədən təhsil ocaqlarının normal fəaliyyətinə də öz mənfi təsirini göstərib. Yaranmış ekstremal vəziyyət nəzərə alınaraq yanvarın 7-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə verilmiş xüsusi əmrlə ölkənin ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tədris yanvarın 10-dək müvəqqəti dayandırılmışdı.

Budur, artıq həmin müddət başa çatmış, dünəndən ümumtəhsil müəssisələrində dərslər başlanmışdır. Bəs 10 günlük tətildən sonra məktəblərdə ilk dərs günü necə keçib? Yaranmış şəraitdə təhsil ocaqları necə fəaliyyət göstərir? Suallarımıza cavab almaq üçün dünən paytaxtımızın müxtəlif ərazilərində yerləşən bir sıra təhsil ocaqları, Sumqayıt şəhərinin, bir neçə rayonun təhsil şöbələri ilə əlaqə saxladıq.

Məlum oldu ki, əlverişsiz hava şəraitinin yaratdığı problemlərin, yolların buz bağlaması ilə bağlı çətinliklərin davam etməsinə baxmayaraq, ilk dərs günü normal keçib. Hətta bəzi məktəblərdə şagirdlərin davamiyyəti 70-80 faizdən yuxarı olub. Müəllimlər arasında da işə gəlməyənlər olub. Dərslərdə iştirak etməyən şagirdlərin valideynləri ilə əlaqə saxlanılır, tədris prosesinin davam etdiyi onlara bildirilir.

Əlaqə saxladığımız məktəblərin rəhbərləri tədris ocaqlarında istilik sisteminin normal işlədiyini bildirdilər.

Y.HƏSƏNƏLİOĞLU