· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təlimdə  İKT-dən istifadənin əhəmiyyəti

Elm və texnikanın sürətli inkişafı cəmiyyətdə informasiya bolluğu yaradır, həm də onları məzmun və əhəmiyyətlilik baxımından çevik şəkildə dəyişkən edir. Bu səbəbdən fakt və məlumatların yaddaşda mühafizə edilməsinə əsaslanan təlim texnologiyaları aktual bir problem olaraq pedaqoq və psixoloqların müzakirə obyektinə çevrilir. Yaddaşa əsaslanan təhsilin dövrün tələblərinə cavab vermədiyi aydınlaşdıqca  problemli təhsilə keçid daha geniş vüsət alır. Təlimin təşkilinə verilən yeni tələblər  lazım olan informasiyaları əldə etmək, onlardan düzgün istifadə etməklə problemin həllinə nail olmaq bacarıqlarını gerçək nailiyyət və yüksək təlim nəticəsi kimi müəyyənləşdirir. Bu təlim texnologiyası idraki fəaliyyətləri, tədqiqatçılıq bacarıqlarını, ictimai vərdişləri və maraqların düzgün istiqamətləndirilməsini ön plana çəkir. Göstərilən bacarıq və vərdişlərin formalaşmasında İKT-nin geniş imkanlarından düzgün istifadə ölkədə aparılan  təhsil siyasətinin tərkib hissəsidir.  Problemin həllinə nail olmaq üçün sinif otağını tərk etmədən  ən son məlumat mənbələrinə daxil olmaqla  lazımi informasiyanı əldə etmək imkanını məhz  İKT verir. Əldə olunmuş məlumatları emal etmək, onlardan düzgün yararlanaraq problemin həllinə doğru irəliləmək idraki bacarıqları inkişaf etdirir. İdraki inkişaf idraki fəaliyyətlə tənzimlənir. "İdraki fəaliyyət" ifadəsi müxtəlif cür dəyərləndirilə bilər, lakin mütəxəssislər təlimdə yeni yanaşmalar baxımından bunun "yadda saxlama" və "təkrarlama"dan başqa bütün qalan düşünmə fəaliyyətlərinə aid olduğunu bildirirlər. İnformasiyaların yadda saxlanması və təkrarlanması idraki fəaliyyət hesab edilməsə də, həmin informasiyalar idraki fəaliyyətin təşkili üçün mühüm vasitədir. İnformasiya elə bir "xammal"dır ki, onun emalı prosesində idrak fəaliyyətdə olur, inkişaf edir. Tədqiqatlar göstərir ki, idraki inkişafın uğurlu təşkilini yalnız idraki fəaliyyət vasitəsi ilə həyata keçirmək mümkündür.

İnformasiya və kommunikasiya texnologiyaları təlim prosesində idraki vərdişlərin inkişafına  necə xidmət edə bilər?

R.Tayler özünün "Kurrikulum və təlimin əsasları" əsərində göstərir ki, tapşırıqların tərtibi zamanı onların ardıcıl, sistemli düşünməni təşkil edə bilən olması mühüm şərtdir. Bu, aşağıdakı mərhələlərdə təqdim edilir:

* çətinlik hiss edilsin və ya suallara həmin vaxt  cavab vermək mümkün olmasın.

* Problemi təhlil yolu ilə  aydınlaşdırmağa ehtiyac olsun.

* Uyğun faktlar toplansın.

* Problemin həllinin mümkün izahı və ya alternativ həlli olan fərziyyələri formalaşdırılsın.

* Uyğun materiallarla fərziyyələr yoxlanılsın.

* Problemin həlli olan nəticələr çıxarılsın.

Problemin həllinin yuxarıda sadalanan mərhələləri idraki fəaliyyətin pedaqoq və psixoloqlar tərəfindən müəyyənləşmiş üç tərkib komponentinin vasitəsi ilə reallaşır:  induktiv düşünmə - xüsusini ümumiləşdirmə, deduktiv düşünmə - ümumini xüsusiləşdirmə və məntiqi düşünmə - məntiqi arqumentlər gətirmə, fərziyyələr yürütmə və nəticələr çıxarma.

İnformasiya və kommunikasiya texnologiyalarının geniş imkanları idraki fəaliyyətin hər üç mərhələsində şagirdlər üçün problemin həll edilməsini daha da asanlaşdırır və şagird fəaliyyətini məhsuldar edir. Belə ki, şagird  İKT vasitəsi ilə   sinif otağından birbaşa məlumat mənbəyinə qoşularaq ən son informasiyaları əldə etmək imkanı qazanır. İKT-nin Microsoft Office  Microsoft Word, Microsoft Power Point, İnternet Explorer və digər proqramlarının imkanları adıçəkilən idraki fəaliyyətlərin təşkil edilməsində, məqsədəuyğun tapşırıqların yerinə yetirilməsində çox əhəmiyyətlidir. İdraki bacarıqların formalaşmasının İKT vasitəsi ilə  təşkili üç mərhələ baxımından  araşdırılmışdır: (a) induktiv, (b) deduktiv və (c) məntiqi  

a) Ədəbiyyatın tədrisi zamanı İKT vasitəsi ilə induktiv vərdişlərin inkişafını təşkil etmək imkanları çox genişdir. Aparılan  müşahidələr zamanı müəyyən edilmişdir ki, şagird verilən tapşırığı yerinə yetirdiyi zaman problemin həllinə nail olmaq üçün  əldə etdiyi məlumatları ümumiləşdirərkən baş verən idraki fəaliyyət sonrakı mərhələ üçün ilk addım kimi dəyərləndirilir. Bu prosesin səmərəliliyi, əsasən, iki mühüm cəhətlə şərtlənir:

1) İKT məlumatların toplanmasında ən yararlı vasitədir;

2) İKT problemin həllinin təşkili üçün çoxsaylı proqramlar mənbəyidir.

Şagird verilən problemi həll edərkən həm onu araşdırır, həm də müxtəlif kompüter proqramlarının ayrı-ayrı xidmətlərinin ümumi bir məqsəddə birləşdirilməsi üzərində düşünür. Bir neçə proqramın problemin həllində yararlı olan uyğun məqamlarının seçilib məqsədə çatmaq üçün istifadə edilməsi tapşırığın icrasını asanlaşdırmaq və sürətləndirməklə yanaşı, həm də işin keyfiyyətinin yüksəldilməsini təmin edir. Bu baxımdan xüsusi cəhətləri ümumiləşdirərək konkret məsələyə tətbiq etməklə şagird həm problemin həllinə nail olmaq üçün əldə etdiyi məlumatları ümumiləşdirmək bacarıqlarını nümayiş etdirir, həm də  paralel olaraq həmin problemin həllində keyfiyyət və sürət nümayiş etdirmək məqsədi ilə müxtəlif proqramların fraqmentlərini ümumi bir məqsəd ətrafında birləşdirir. Bu vaxt, eyni zamanda ikiqat  induktiv düşünmə fəaliyyəti baş verir.

b) İKT-nin istifadəsi  deduktiv düşünmənin inkişafında  mühüm əhəmiyyət daşıyır. Qeyd edildiyi kimi, deduktiv düşünmə idrakın ümumini xüsusiləşdirmə bacarığıdır. Şagird ona verilən tapşırığın, layihənin yerinə yetirilməsi üçün kompüter texnologiyasının uyğun proqramlarının imkanlarını götür-qoy edir. Proqramların ümumi imkanlarının məqsədə nail olmaq üçün nə kimi xidmət edə bilməsi araşdırılır. Layihə və ya tapşırığın hansı səviyyədə, hansı proqramlar vasitəsi ilə həyata keçiriləcəyi haqqında qərarlar qəbul edilir. Şagird İnternet Explorer proqramının ümumi imkanlarından xüsusi tapşırığın yerinə yetirilməsində yararlanır. Məsələn, hər hansı problemin həll edilməsində şagird faktlar və informasiyalar toplamaq məqsədi ilə İnternet Explorer proqramı vasitəsi ilə axtarış səhifələrindən, əldə etdiyi informasiyalardan gəldiyi qənaətlərlə bağlı qeydlər aparmaq üçün Microsoft Word proqramından, təqdimatlar hazırlamaq üçün Power Point proqramının imkanlarından istifadə edir. Eləcə də digər məqsədlərə nail olmaq üçün müxtəlif proqramların ümumi imkanlarını dəyərləndirir və konkret problemin həllində ondan istifadə edir. Deduktiv düşünmə fəaliyyəti toplanmış müxtəlif məlumatlardan əldə edilən qənaətlərin xüsusi məsələnin həllinə tətbiqi zamanı baş verdiyi kimi, həm də proqramın ümumi imkanlarını xüsusi məqsədlərdə istifadə etmək prosesində formalaşır, yəni şagirdin deduktiv düşünməsinin inkişafına bir tapşırıq yerinə yetirilərkən iki mövqedən yanaşılır.

c) Mütəxəssislər məntiqi düşünməni, yuxarıda qeyd edildiyi kimi, məntiqi arqumentlər gətirmə, fərziyyələr yürütmə və nəticələr çıxarma kimi dəyərləndirirlər. Xüsusinin ümumiləşdirilməsi (induktiv) və ümuminin xüsusiləşdirilməsi (deduktiv) fəaliyyəti ilə şagird artıq problemin həllinin bir neçə mərhələsini geridə qoymuş olur. Problemin həlli zamanı yerinə yetirilən tapşırığın xüsusiyyətləri və kompüter proqramının imkanları məntiq etibarı ilə üst-üstə düşməlidir. Eksperimentlər göstərir ki, şagirdlər İKT-nin istifadəsi ilə əldə edilmiş məlumatlarla fikirlərini əsaslandırır, fərziyyələr irəli sürür və nəticələr çıxarırlar. Şagirdlər gəldikləri nəticələrə əsasən uyğun  kompüter proqramları vasitəsi ilə təqdimatlar hazırlayır, fikirlərini  yoldaşları ilə bölüşürlər.

Məlumatlar toplamaq, toplanmış məlumatlardan əldə edilmiş qənaətləri hər hansı məsələyə tətbiq etmək, mülahizələr yürüdüb nəticələr çıxarmaq kimi fəaliyyətlər problemin həllinə nail olmaq üçün mərhələli şəkildə ayrı-ayrı təlim proseslərinin məqsədi ola bilər. Lakin idraki təfəkkürün tərkib hissələri olaraq onlar vəhdət təşkil edir və hər hansı problemin həllinə nail olmaq üçün kompleks şəkildə tətbiq edilir.

İnformasiya və kommunikasiya texnologiyaları, verilən tapşırığı yerinə yetirərkən bir  problemin  müxtəlif  proqramların imkanlarından çıxış edərək fərqli çalarlarda həll edilməsi istiqamətində şagirdlərin seçim imkanlarını artırır, yəni şagird problemin həllini Microsoft Word proqramının imkanlarında bir çalarda, Power Point proqramının imkanlarından çıxış edərək başqa çalarda təsəvvür edir. Bütün bunlar şagirdin idraki fəaliyyətinin formalaşmasında mühüm amillərdir.

Bu cür dərslərin həyata keçirilməsi üçün aşağıdakı məsələlər mühüm şərt kimi dəyərləndirilir:

* müvafiq bilik və bacarıqlara malik müəllim;

* texniki təchizatlarla təmin edilmiş sinif otağı və ya kompüter laboratoriyası;

* texnologiyalarla çalışma vərdişlərinə malik şagirdlər;

* uyğun proqram təminatı;

* hər zaman yardımçı olmağa hazır olan mütəxəssislər, həmkarlar.

Pedaqoji heyətin, şagirdin və ümumiyyətlə məktəbin istər strateji, istər metodiki, istərsə də texniki baxımdan hazırlığı vacib şərt hesab edilməklə orta ümumtəhsil məktəblərindən uyğun şəraiti olan Bakı şəhərindəki 181 nömrəli orta məktəbin XI sinfində M.Ə.Sabirin yaradıcılığını öyrənmək məqsədi daşıyan bu cür dərslər keçildi.

Əldə edilən nəticələrdən  belə məlum oldu ki, tapşırığın İKT vasitəsi ilə həyata keçirilməsi şagirdlərin idraki fəaliyyətinin təşkilinə uğurlu şərait yaratmış və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Belə ki, şagirdlər problemin həllinə nail olmaq üçün öncə materiallar toplamaq zərurəti qarşısında qalmışlar, yəni hər qrup tapşırılan insan  hüququ ilə bağlı M.Ə.Sabirin  yaradıcılığına  müraciət etmiş, problem baxımından cəmiyyətdə baş verən haqsızlıqları tənqid edən mövcud satira  nümunələrini əldə etmişlər. Şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış müvafiq hüquq və azadlıqları da müəyyənləşdirmişlər. Sonrakı mərhələdə onlar  mühakimələr yürüdərək faktları əlaqələndirmiş,  müəyyən nəticələrə gəlmiş, qərar qəbul etmiş və  problemin həllinə nail olmuşlar.

Problemin həllinə nail olmaq üçün şagirdlərin idraki fəaliyyəti Blumun idraki taksonomiyalarının: bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə kimi bütün altı mərhələsində təşkil edilir. Şagirdlər idraki fəaliyyətin birinci növü olan induktiv düşünmə zamanı Azərbaycan Respublikasının Konstitusiyasından və müvafiq İnternet səhifələrindən problemin həllində yararlı ola bilən məlumatları əldə etmək üçün  İnternet Explorer proqramından,  üzünü çıxarıb onları sürətlə və keyfiyyətlə bir araya gətirmək üçün Word proqramından istifadə edir, Konstitusiya ilə Sabir satiraları arasında problem baxımından əlaqələri öyrənərkən digər İnternet səhifələrinə də müraciət edilmiş, fikirlər ümumiləşdirilmişdir. Problemin həllinə nail olmaq üçün planlaşma aparılmışdır. Bu, növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirilmişdir. Şagirdlər məlumatları ümumiləşdirdikdən sonra gəldikləri qənaətlərə əsasən problemin incəliklərini özləri üçün aydınlaşdırmış, əldə etdikləri məlumatları tətbiq etmiş    məsələnin hissələri nəzərə alınmaqla təfərrüatlı açılmasını təşkil etmişlər. Əldə edilmiş materiallara əsasən təqdim olunacaq kiçik yaradıcılıq nümunələri hazırlamışlar. Mövzudan çıxış edərək Konstitusiya maddələri yazılmış, seçilmiş şeirlərdən parçalar köçürüb səhifədə yerləşdirmiş, uyğun tərtibat işləri aparmışlar. Bu, təqdimatın həm estetik, həm də məzmun baxımından dolğun olmasını təmin etmişdir. Vizuallığın təmin edilməsi fikirlərin ifadəsini daha da asanlaşdırmışdır. Bundan sonra təhlillər aparılmış, uyğun faktların məqsədyönlü əlaqələndirilməsi ilə əldə olunan nəticələr təqdim edilmişdir. Nəticələrin zəif və ya üstün cəhətlərinin müzakirə edilməsi idraki fəaliyyətin ən yüksək dəyərləndirmə  mərhələsi olduğundan, tam əminliklə bu qənaət hasil edilmişdir ki, aparılmış təcrübələr zamanı şagirdlərin idraki fəaliyyəti uğurlu şəkildə təşkil edilmişdir.

Ədəbiyyatın tədrisində İKT-dən istifadə məktəbin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görə bilər. Təlim nəticələrinin yüksəldilməsinə nail olmaq istəyən həm məktəb, həm də müəllim bu ecazkar təlim vasitələrindən istifadənin əhəmiyyəti üzərində dərindən düşünməli və tədris-təlimin təşkilində bu istiqamətdə həlledici addımlar atmalıdırlar.

Afət SüLEYMANOVA,

Təhsil Nazirliyinin

aparıcı məsləhətçisi