· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Ən yaxşı məktəb", "Ən yaxşı müəllim": seçim necə olmalıdır?

 

"İlin ən yaxşı müəllimi"  kim ola bilər?

Məlum olduğu kimi, Respublika Təhsil Nazirliyi "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi"ni müəyyənləşdirməyə qərar vermişdir. Olduqca əhəmiyyətli tədbirdir. Tədbirin tam obyektiv şəkildə, hamının bəyəndiyi formada həyata keçirilməsində təkcə müəllimlər maraqlı deyil; valideynlər də, şagirdlər də, bütün təhsil işçiləri də tədbirin nəticəsini səbirsizliklə gözləməli olacaqlar. Kim ilin ən yaxşı müəllimi olacaq? İlin ən yaxşı müəllimi necə müəyyənləşdiriləcək?

Suala birmənalı cavab vermək o qədər də asan iş deyil. Nə üçün? çünki məktəblərimizdə tədris olunan fənlər məzmunca bir-birindən xeyli fərqləndiyi kimi, onların tədrisi metodikaları da eyniyyət təşkil etmir. Halbuki ilin ən yaxşı müəllimi axtarışında ortaya fizika müəllimi də, kimya müəllimi də, tarix müəllimi də, hər hansı digər fənni tədris edən müəllim də çıxa bilər. Belə olduğu halda, yenə təbii sual yaranır: Fənlərin məzmunundakı və tədrisi metodikasındakı müxtəlifliyi istisna edən və bütün müəllimlərin iştirakını təmin edən ümumi meyarlar, göstəricilər müəyyənləşdirmək mümkündürmü? Fikrimizcə, mümkündür!

Belə meyarlar təhsil naziri Misir Mərdanovun bir əmri ilə dərslik kimi çap olunmuş, digər əmri ilə bəzi ümumtəhsil məktəblərində, habelə ixtisasartırma və yenidənhazırlanma müəssisələrində tətbiqi vacib hesab edilmiş "Məktəb pedaqogikası"nda var. Bizcə, pedaqoji prosesin tamlığını təmin etmək; dərsin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici vəzifələrini vəhdətdə həyata keçirmək; təlimin vəzifələri ilə strateji məqsədini uzlaşdırmaq; dərsdə mənimsənilən milli və ümumbəşəri dəyərləri dərsdənkənar tədbirlərlə daha da möhkəmləndirmək; son zamanlar müşahidə olunan bəzi neqativ hallara qarşı barışmaz olmaq bu cür meyarlar hesab edilə bilər.

Pedaqoji prosesin tamlığının təmin edilməsi ideyasına nəzər salaq. Bu ideyaya görə bütövlükdə məktəbin fəaliyyəti, o cümlədən hər bir müəllimin fəaliyyəti şagirdlərə yalnız təhsil verməkdən və ya onları yalnız tərbiyə etməkdən, yaxud onların psixoloji qüvvələrinin inkişafını təmin etməkdən ibarət olmur; pedaqoji prosesdə təlim də, tərbiyə də, təhsil də, psixoloji inkişaf da eyni dərəcədə diqqət mərkəzində saxlanılır; çalışılır ki, onlar bir-birini tamamlasın.

Bu ümumi ideyanı başa düşən, onu qəbul edən və öz fənninin tədrisində nəzərə alan müəllim üç başlıca yaxın vəzifəni və bir uzaq strateji məqsədi həyata keçirməli olur.

Dərsin həyata keçirməli olduğu yaxın vəzifələrə diqqət yetirək. Fənnin xarakterindən, hansı sinifdə təşkil edildiyindən asılı olmayaraq, müəllim hər bir dərsdə üç başlıca vəzifə yerinə yetirməli olur: 1.Proqram üzrə hansısa yeni biliyin, bacarıq və vərdişin şagirdlər tərəfindən şüurlu və möhkəm mənimsənilməsini təmin edir; 2. öyrənilən bilik və bacarıqlar vasitəsi ilə, dərsin çoxsaylı tərbiyəvi imkanlarını işə salmaqla şagirdlərin mənəvi aləmini Azərbaycan xalqının arzuladığı faydalı keyfiyyətlərlə zənginləşdirir; 3. Biliklərin və mənəvi keyfiyyətlərin mənimsənilməsi prosesində uğurlu təhsil üçün zəruri şərt olan diqqətin, hafizənin, təxəyyülün, təfəkkür tərzlərinin, iradi keyfiyyətlərin intensiv inkişafına təkan verir.

"İlin ən yaxşı müəllimi"ni səciyyələndirməyə imkan verən meyarlardan biri də müəllimin dərsdənkənar tədbirləri ilə əlaqədardır. Belə müəllimin ətraflı ölçülüb-biçilmiş dərsdənkənar tədbirləri şagirdlərin dərslərdə qazandıqları təhsillilik, tərbiyəlilik və psixoloji inkişaf səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Bu cür yaxın vəzifələri həyata keçirən ilin ən yaxşı müəllimi daim xatırlayır ki, belə vəzifələr pedaqoji prosesin uzaq, strateji məqsədinin reallaşdırılmasına yönəlir. Pedaqoji prosesin strateji məqsədi isə respublikamızın reallığını nəzərə alan "Milli pedaqogika"da belə ifadə olunmuşdur: "Milli və ümumbəşəri dəyərləri gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılamaq yolu ilə respublikamızın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, dövlət müstəqilliyini qorumağa, ölkəmizi inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək pedaqoji prosesin strateji məqsədidir".

Nəhayət, ilin ən yaxşı müəllimi son zamanlar bir çox cəhətdən qəbuledilməz hesab edilən bəzi neqativ hallara qarşı, o cümlədən repetitorluğa qarşı barışmaz mövqe tutur.

Beləliklə, milli pedaqogika baxımından ilin ən yaxşı müəllimi öz fəaliyyətində pedaqoji prosesin tamlığını təmin edir; hər dərsdə təhsilləndirmə, tərbiyələndirmə və inkişafetdirmə vəzifələrini vəhdətdə həyata keçirir; bu vəzifələri dərsdənkənar tədbirləri ilə daha da möhkəmləndirir; dərsin və dərsdənkənar tədbirlərin vəzifələrini pedaqoji prosesin strateji məqsədinə istiqamətləndirir; təhsildə neqativ hallara qarşı barışmaz mövqeyi ilə fərqlənir.

 

Nurəddin KAZIMOV,

əməkdar elm xadimi,

pedaqoji elmlər

doktoru, professor

 

  

 

Hikmət Haqverdili (əməkdar müəllim, İsmayıllı rayonunun Lahıc qəsəbə orta məktəbinin direktoru):

ölkə rəhbəri cənab İlham Əliyevin "Ən yaxşı məktəb və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı ürəyimizdəndir. Sərəncam pedaqoji kollektivdə ciddi müzakirə edilib. Hamımız birmənalı şəkildə bildiririk ki, bu sərəncam Azərbaycan təhsilinin inkişafına xidmət etməklə yanaşı, pedaqoji kadrların potensial imkanlarının üzə çıxmasına təkan verəcəkdir. Bu amil də ölkəmizin gələcəyi olan yüksək intellektli vətənpərvər gənclərin yetişməsinə şərait yaradacaqdır.

Ən yaxşı məktəbin əlverişli iş şəraiti olmalı, təlimin müasir texnologiyalarından və fəal təlim üsullarından məqsədyönlü istifadə olunmalıdır. Fənn müəllimləri əsasən ali təhsilli, dayaq məntəqələrinin işi yaxşı, məktəb şurasının fəaliyyəti yüksək, şagird özünüidarəetmə orqanlarının işi lazımi səviyyədə aparmağa qadir olmalıdır. Məktəb rəhbərlik tərəfindən elmi şəkildə idarə olunmalıdır. Son 10 ildə məzunlarının ali məktəblərə, ali hərbi məktəblərə və xarici ölkələrin universitetlərinə qəbulu göstəriciləri, şagirdlərinin fənn olimpiadalarının respublika turunda və beynəlxalq olimpiadalarda, digər sərgi, müsabiqə və yarışlarda nəticələri nəzərə alınmalıdır. Məktəbin beynəlxalq əlaqələri, saytı, elektron poçtu olmalı, müəllimləri son 5 ildə tam şəkildə ixtisasartırma kurslarından keçməli, müxtəlif layihələrdə iştirak etməli və qalib gəlməlidir. Təhsil ocağının tərtibatı yüksək olmalı, orada məktəbli forması tam tətbiq edilməlidir. Son 5 ildə məktəbdə qanunvericilik qaydalarının pozulmasına yol verilməməlidir. Məhz belə təhsil ocaqları ən yaxşı məktəb adına layiq görülə bilər.

Yuxarıda göstərilən amillər bizim təhsil ocağında olduğu üçün tədris müəssisəsinin pedaqoji şurasında Lahıc qəsəbə orta məktəbinin "Ən yaxşı məktəb" müsabiqəsində iştirak etməsi haqqında qərar qəbul edilmişdir. Mən, şəxsən 120 yaşlı Lahıc qəsəbə orta məktəbini respublikanın 50 ən yaxşı məktəbi sırasında görmək arzusundayam və bu ada özümüzü layiq bilirəm.

Ən yaxşı müəllim başqalarına nümunə olmalı, məktəbdə və valideynlər arasında böyük hörmət qazanmalı, dərslərində daim fəal təlim metodlarından yaradıcılıqla istifadə etməli, kompüterlə işləməyi bacarmalıdır. Yaxşı müəllim həmçinin "öyrədən" statusu verən sertifikata sahib olmalı, mətbuatda öz tədris metodikası ilə bağlı çıxışlar etməli, dərs dediyi şagirdlər fənn olimpiadalarının müxtəlif turlarında, yarış və müsabiqələrdə yüksək yer tutmalı, qabaqcıl iş təcrübəsi öyrənilib rayon və respublika miqyasında yayılmalıdır. Ən yaxşı müəllim mütəmadi olaraq pedaqoji mühazirələrdə, konfranslarda çıxış etməlidir. Məhz bu amillərə sahib olan müəllimlər ən yaxşı müəllim adına layiq görülə bilərlər.

 

 

 

  Sədaqət Məhərrəmova (əməkdar müəllim, Qobustan rayonunun Ağasəf Qıblı adına Nərimankənd kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi):

"Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" seçimi ilə əlaqədar onu deyə bilərəm ki, bu sərəncam ölkə rəhbərinin təhsilə olan qayğısından irəli gəlmişdir. Prezidentimizin məlum sərəncamından sonra respublikanın pedaqoji kadrları arasında bir canlanma yaranmışdır. Ən yaxşı müəllim savadlı, bacarıqlı, davranışı ilə başqalarına nümunə olmalı, dərs dediyi şagirdlərlə isti münasibət qurmaqla onların yaxın dostu və sirdaşı olmalı, tədrisi günün tələbləri səviyyəsində aparmaqla respublikaya layiqli, bilikli və vətənpərvər gənclər hazırlayıb tərbiyə etməlidir. Yaxşı müəllim fərdi yanaşma metodu ilə dərs dediyi şagirdlərin potensial imkanlarını üzə çıxarıb, onları gələcək təhsil və ixtisas seçimində istiqamətləndirməlidir. Əgər müəllim özünü şagirdə qayğılı dost kimi göstərə bilərsə, şagirddə özünə qarşı inam yaradar və şagird çəkinmədən müəllimindən məsləhət alıb gələcək həyat yolunu düzgün istiqamətləndirər. Müəllim dərs dediyi şagirddə fənnə maraq oyatmalı, bilikli və vətənpərvər gənc kimi yetişməsi ilə yanaşı, onun nitq mədəniyyətinə xüsusi fikir verməlidir.

Rayon rəhbərliyi məsləhət bilsə də, "Ən yaxşı müəllim" seçiminə mən öz namizədliyimi verməmişəm. Fikirləşirəm ki, məndən də yaxşı müəllimlər var. Əgər bu ada layiqəmsə, qoy bu seçimi rayon rəhbərliyi özü etsin.

Müəllimlərin yaxşı işləməsi üçün yaxşı məktəblərin də olması daha vacibdir. Yaxşı məktəb günün tələblərinə cavab verməli, lazımi avadanlıqla təmin olunmalı, fənn kabinetləri və laboratoriyaları müasir səviyyədə qurulmalı, savadlı və yüksək intellektual səviyyəyə malik rəhbər tərəfindən idarə edilməlidir. Ən yaxşı təhsil ocaqları ali məktəblərə qəbul zamanı məzunlarının yüksək göstəriciləri ilə başqa məktəblərdən seçilməlidir.