· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Hüseyn Cavidə məhəbbətlə  

Böyük şairin 125 illik yubileyini Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutu da qeyd etdi

 

Artıq tarixə qovuşmuş 2007-ci ilin ən böyük ədəbi hadisələrindən biri Azərbaycan ədəbiyyatının nəhəng simalarından sayılan Hüseyn Cavidin 125 illik yubileyi oldu. ölkə Prezidentinin ötən il aprelin 17-də imzaladığı sərəncama əsasən böyük ədibin yubileyi dövlət səviyyəsində qeyd olundu. Bu münasibətlə ilboyu, xüsusən də ilin son aylarında müxtəlif idarə və müəssisələrdə, təhsil ocaqlarında bir-birindən maraqlı, zəngin mündəricəli tədbirlər, yubiley mərasimləri keçirildi.

Belə tədbirlərdən biri də ötən ilin son iş günü - dekabrın 30-da Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda keçirilən yubiley mərasimi oldu. Mərasimdə institutun rəhbərliyi, professor-müəllim heyəti, müdavimləri və qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru Gülbəniz Kəngərli, AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Kamran Əliyev iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov mərasim iştirakçılarını salamlayıb, 2007-ci ilin Azərbaycanda Hüseyn Cavidin yubileyinin keçirilməsi ili kimi tarixə düşdüyünü bildirdi. Böyük ədibin 125 illiyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə bütün ölkə miqyasında geniş qeyd olunduğunu, sərəncamın icrası istiqamətində Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Milli Elmlər Akademiyası və digər dövlət qurumları tərəfindən müvafiq tədbirlər planının hazırlanıb həyata keçirildiyini söyləyən Asəf müəllim yığışdıqları yubiley mərasiminin bu silsilədən son tədbirlərdən biri olduğunu, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün respublikanın təhsil və elmi ictimaiyyətinin, ziyalılarının, mədəniyyət işçilərinin çox böyük şərəf və məsuliyyətlə çalışdıqlarını diqqətə çatdırdı.

Asəf Zamanov giriş sözündə böyük şair və dramaturq Hüseyn Cavidin bioqrafiyasına qısa ekskurs edərək bildirdi ki, o,  1882-ci il oktyabrın 24-də Azərbaycanın ən qədim mədəniyyət və təhsil mərkəzlərindən biri olan Naxçıvan şəhərində dünyaya göz açmış, böyük maarifçi Məhəmməd Tağı Sidqinin "Tərbiyət" məktəbində oxumuş, Naxçıvandan sonra Təbrizdə, İstanbulda, Tiflisdə təhsil alıb çalışmış, 1915-ci ildən Bakıda müəllimlik etmişdir. H.Cavidin 1913-cü ildə işıq üzü görmüş ilk şeirlər kitabının böyük uğur qazandığını, ziyalılar, alimlər, ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirildiyini, bu uğurun onun gələcək fəaliyyətində çox böyük önəm daşıdığını deyən professor A.Zamanov ədibin zəngin yaradıcılıq yolu keçdiyini, poeziya və dramaturgiyada dəyərli əsərlər yaratdığını söylədi.

1937-ci ildə amansız repressiya maşınının qurbanına çevrilmiş H.Cavidin Azərbaycan ədəbiyyatının inkişafındakı roluna toxunan natiq ədəbiyyat tarixçilərinin XX əsr Azərbaycan ədəbiyyatının inkişafında Hüseyn Cavidin böyük rolu olması barədə dedikdəri fikirləri bir qədər deformasiya olunmuş fikir adlandırıb, onun fikrincə, H.Cavidin yaradıcılığının nəinki XX əsrdə, XXI əsrdə də, bundan sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının, ümumiyyətlə türk dünyası ədəbiyyatının inkişafında çox böyük əhəmiyyəti olduğunu və olacağını vurğuladı.

Professor Asəf Zamanov 1956-cı ildə bəraət almış Hüseyn Cavidin nəşinin vəfat etdiyi İrkutsk vilayətinin Şevçenko kəndindən böyük öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1982-ci il oktyabrın 21-də vətəni Naxçıvana gətirilərək dəfn edilməsini onun yenidən bəraət alması, bununla da xalqımızın öz milli mənəvi dəyərlərinə bağlılığını bütün dünya xalqlarına sübut etməsi kimi dəyərləndirdi, H.Cavid yaradıcılığına, H.Cavid irsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə görkəmli ədibin 100, 110, 120 illik yubileyləri çox böyük ədəbi hadisə kimi qeyd olunmuş, qəbirüstü abidəsi tikilmiş, əsərləri nəşr edilmiş, Naxçıvanda və Bakıda ev-muzeyi yaradılmışdır.

Sonra söz H.Cavidin ev-muzeyinin direktoru Gülbəniz Kəngərliyə verdi. çıxışına yubileyin keçirilməsi barədə xüsusi sərəncam imzalamış ölkə başçısına minnətdarlıq sözləri ilə başlayan G.Kəngərli yubiley tədbirlərinin bütövlükdə yüksək səviyyədə keçirildiyini, ölməz sənətkar haqqında "Cavid ömrü" adlı film çəkildiyini bildirdi. Natiq Hüseyn Cavid ev-muzeyinin fəaliyyəti, yubiley ərəfəsində muzey tərəfindən görülmüş işlər barədə mərasim iştirakçılarına məlumat verdi. Aydın oldu ki, H.Cavidin ev-muzeyi Azərbaycanda ilk və yeganə muzeydir ki, onun virtual variantı hazırlanaraq İnternetdə yerləşdirilib.1 il ərzində dünyanın 36 ölkəsindən 25 min adam İnternet vasitəsi ilə H.Cavidin ev-muzeyini ziyarət edib. Muzey şairin 5 cildliyini yenidən çap edib. İlk dəfə seçmə şeirləri fransız dilinə tərcümə edilərək çap olunub və s.

Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutu kitabxanasının müdiri Güldanə Mehdiyeva tədbir iştirakçıları qarşısında H.Cavidin həyat və yaradıcılığına həsr olunmuş "H.Cavid açarı qeyb olmuş xəzinədir" adlı məruzə ilə çıxış etdi. G.Mehdiyeva öncə ümummilli liderimiz Heydər Əliyevin H.Cavid yaradıcılığına verdiyi yüksək qiyməti diqqətə çatdırdı: "H.Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. H.Cavidin yazdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. H.Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı müstəqil, azad görməkdən ibarət olub. Şairin bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırır".

Məruzəçi sonra H.Cavidin tərcümeyi-halının ilk dövrü, ədəbiyyata gəlişi, ilk şeirlər kitabı "Keçmiş günlər" (1913) və "Bahar şəbnəmləri" (1917) haqqında məlumat verdi.

Məruzədə H.Cavidin bəzi əsərləri təhlil olunaraq şairin əsas mövzuları, sənətkarlıq xüsusiyyətləri diqqətə çatdırıldı.

Böyük sənətkarın ölməz dram əsərlərindən də ayrıca söz açan məruzəçi onların Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaradan, milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərən əsərlər kimi dəyərləndirdi.

Sonra böyük sənətkarın nəşinin Vətənə gətirilməsindən bəhs edən "Qayıdış" filmi nümayiş olundu.

Mərasimdə çıxış edən AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli Cavidin ölməzliyinin öz əsərlərində təcəssüm etdirdiyi qlobal bəşəri ideyalarda olduğunu, bu gün dünyada gedən qloballaşma, mədəniyyətlərin bir-birinə inteqrasiyası proseslərini Cavidin hələ 20-ci əsrin əvvəllərində peyğəmbər uzaqgörənliyi ilə gördüyünü və mövzularını qlobal səviyyədə götürdüyünü, buna görə dəfələrlə tənqid atəşinə məruz qaldığını diqqətə çatdırdı.

Bildirdi ki, vaxtilə ona olan hücumların, onun aktual mövzularda yazmadığını iddia edən sənətçilərin fikirlərində əsassız olduğunu H.Cavid öz yaradıcılığı ilə sübut edib. Belə ki, H.Cavidin dövründə neftçilərdən, kolxozçulardan yazılan əsərlərdən indi əsər-əlamət qalmadığı halda, Cavidin əsərləri bu gün də bizimlə yol yoldaşıdır, dövlətçiliyimizə, xalqımıza xidmətdə bizim köməkçimizdir.

AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Kamran Əliyev çıxışında H.Cavidin bir sənətkar kimi özünəxas xüsusiyyətlərindən, xüsusən də onun əsərlərinə ad seçərkən adları tək olan adamları əsərlərinin əsas qəhrəmanı etməklə Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikdən, H.Cavidin zaman anlayışına münasibətindən, bilavasitə gələcəyi görməyə istiqamətləndirə bilən zamanı ədəbiyyata gətirmək istəyindən danışdı, məkan seçimi baxımından böyük sənətkara 30-cu illərdə tutulan iradların yanlışlığından və s. məsələlərdən bəhs etdi.

Sonra institutun müdavimlərinin hazırladıqları "Cavidə məhəbbətlə" ədəbi-bədii kompozisiya mərasim iştirakçılarına təqdim olundu. Müdavimlərdən Eltac Salmanova və Etibar Əliaslanovun məharətlə apardıqları ədəbi-bədii kompozisiya, ayrı-ayrı müdavimlərin yüksək sənətkarlıqla ifa etdikləri şeirlər yubiley mərasiminin iştirakçılarında xoş əhval-ruhiyyə doğurdu, onların alqışları ilə qiymətləndirildi.

Tədbirin sonunda professor Asəf Zamanov qonaqlara, tədbirin yüksək səviyyədə hazırlanmasında əməyi olanlara təşəkkür etdi.

Yusif ƏLİYEV,

foto Fazil ORUCOVUNDUR