· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

"Vətən dərsi" deyəndə...

Ailə, məktəb, ətraf mühit övladlarımızın tərbiyəsinə təsir göstərən başlıca amillərdir. Təbii ki,  hər birimiz onun gələcəyindən nigaranıq.  Təsəvvür etmirəm, elə bir müəllim, valideyn tapılsın ki,  şagirdinin,  uşağının  tərbiyəsinə biganə qalsın.  Amma bilirsinizmi, bu tərbiyəni nə bütövləşdirir?! Əlbəttə ki,  Vətənə, torpağa məhəbbət və sevgi, ona sədaqət. Yəqin ki, mənimlə razılaşarsınız ki, indiki nəsil vətənpərvərlik ruhundan yetərincə uzaq böyüyür. Buna çox şey təsir göstərir. Xüsusilə, ekranı gecə-gündüz sönmək bilməyən televizorlarda uşaqlarımız torpaq, Vətən haqqında müxtəlif verilişlərə həsrət  qalıb, indi daha çox bayağı şou verilişləri könül bulandırır. Uşaqlarımız biz özümüz də bilmədən, hiss etmədən bu bataqlıqda batırlar. Daha yetər, "Vətən dərsi" keçməyin vaxtıdır.

 

Səbail rayonundakı  189 nömrəli məktəbin müəllim və şagird kollektivi  artıq 2001-ci ildən həyəcan təbili çalaraq  təkcə kiçiklərə yox, eləcə də böyüklərə "Vətən dərsi" keçir.  2001-ci ildə Azərbaycan dili və  ədəbiyyat müəllimi Şəhla Gündüzün rəhbərliyi altında fəaliyyət göstərən "İstedad" studiyası  əsl vətənpərvərlər yetişdirir. İndiyədək məktəbdə "Vətən dərsi" adı altında müxtəlif mövzularda silsilə tədbirlər keçirilib. Həmin dərslərin təşəbbüskarı və təşkilatçısı, ssenari müəllifi və rejissoru Şəhla Gündüzdür. "İstedad" uşaq studiyasının üzvləri öz rollarının öhdəsindən əsl aktyor kimi gəlirlər, böyüklərə müraciət edərək, ana Vətən üçün  əllərindən gələni əsirgəməməyə çağırırlar. çünki bir müddət keçəcək, bu torpağı sevmək və qorumaq  üçün onların da zamanı yetişəcək, döyüş və əzmkarlıq göstərmək zamanı. 

Necə edək ki, uşaqlarımız vətənpərvər böyüsünlər? öz keçmişlərini öyrənsinlər, tarixi unutmasınlar. Təkcə qınaq hədəfi uşaqlar deyil, elə biz özümüz -  böyüklər də  bu hisslərdən uzağıq. Ona görə hər birimiz "Vətən dərsi" keçməliyik.

Məktəbin direktoru Bela Cəlilova deyir ki,  hər tədbirimiz böyük anşlaqla keçir. Zalda boş yer tapa bilməzsən.  200  insanın gözünə və qəlbinə elə bir hisslər dolur  ki, tədbirdən günlər keçsə belə, bu gözəl duyğulardan xilas ola bilmirsən. Hər dəfə Vətəni daha çox sevməyi öyrənirsən. Bu sevgi sənin qanına və canına hopur. 

I "Vətən dərsi"nin mövzusu "Haqq yoludur tutduğumuz yol", II-si "Mən Vətənin  daşıyam", III-sü "Azərbaycan-türk xatunları",  IV "Vətən dərsi"nin mövzusu isə "Sərhəddən o yankı Vətən" adlanıb. "İstedad" studiyasının ölməz şairlərimiz  - Cəfər Cabbarlı, Mikayıl Müşfiqlə bağlı yaddaqalan yubiley gecələri də təqdirəlayiqdir. Ən önəmlisi isə bu tədbirlərin bənzərsiz olmasıdır. Burada səslənən şeirlər, qurulan səhnəciklər, oxunan mahnılar təkrarsızdır. Bu obrazları yaradanlar və hər kəsin içində yaşatmağa can atanlar isə Aytac İsmayılova, Fizzə Mirzəyeva, Şəhriyar Nağızadə,  Aydan İsmayılzadə, Həsənbala  Hüseynov, Nərgiz Qədirli, Rüfət İsmayılov və "İstedad" studiyasının digər fəal üzvləridir.  Bu balalar əsl vətənpərvərlər kimi böyüyürlər.

İndi "istedadlar" Şəhla müəllimin növbəti "Ay dil yiyəsi" adlı layihəsi üzərində işləməyə hazırlaşırlar. Bu, hər bir azərbaycanlının öz dilinə sahib çıxmasına doğru bir çağırışdır: "Dilimizi bilək, sevək və göz bəbəyimiz kimi qoruyaq". Qarşıda duran planlar çoxdur. "Vətən dərsi" hələ çox mətləblərə aydınlıq gətirəcək, qəlbləri titrədəcək.

 

Aynur GüLüSTAN