· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Moldovada beynəlxalq konfrans

Azərbaycan təhsil müəssisələrində İKT-dən istifadə təcrübəsi maraq doğurdu

Martın 10-dan 15-dək təhsil nazirinin müavini İradə Hüseynova Moldova Respublikasının Maarif və Gənclər Nazirliyinin dəvəti ilə "Təhsilin keyfiyyəti: informasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin nəzəri və praktiki məsələləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Moldova Respublikasının Kişinyov şəhərində səfərdə olmuşdur. Aşağıda səfər təəssüratları ilə bağlı yazını oxuculara təqdim edirik.

 

Konfransın beynəlxalq nümayəndə  heyəti kifayət qədər geniş idi. Belə ki,  iştirakçı ölkələr sırasına Rumıniya, Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Kipr, Latviya, Litva, Moldova, Ukrayna, Estoniya, Ermənistan daxil idi. Konfransda həmçinin YUNESKO, Avropa Şurası, Maykrosoft kampaniyasının Avropa ofisi də təmsil olunurdular.

Konfransın plenar iclasının rəsmi açılış mərasimində Moldova Respublikasının Prezidenti Vladimir Voronin və Moldovanın informasiya inkişafı naziri Vladimir Molocen iştirak edirdilər. Plenar iclasda məruzə üçün söz mənə verildi. Mən Azərbaycanda ölkə Prezidenti tərəfindən bu sahəyə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, "Azərbaycan  Respublikasında İKT-nin təhsil sistemində tətbiqi" mövzusunda  geniş  məruzə ilə çıxış etdim. Yarım saat davam edən çıxışı slaydlarla müşayiət olunurdu. Məruzəmdə  Azərbaycanda İKT-nin  təhsilə tətbiq edilməsi sahəsində görülən işlər, qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdim. çıxış konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Müzakirələr zamanı respublikamızın, xüsusi ilə də  Təhsil Nazirliyinin bu sahədə təcrübəsinin qabaqcıl regionlarla müqayisədə kifayət qədər proqressiv olduğu meydana çıxdı. Dünyada bərabərhüquqlu, ali informasiya texnologiyalarına son dərəcə xüsusi önəm və müasir elmi innovasiyaların inkişafında elmin xüsusi roluna əhəmiyyət verən ölkə kimi Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi nailiyyətlər müxtəlif ölkələrdən gəlmiş  mütəxəssislərinin, o cümlədən  konfrans iştirakçılarının diqqətini cəlb etdi.

Konfransın  tematik müzakirə və plenar

iclaslarında Moldovanın maarif və gənclər naziri Viktor Svirkun, Rumıniyanın maarif, elm və gənclər naziri Adomnisey Kristian Mixay, Moldova Nəqliyyat və Telekommunikasiya Akademiyasının rektoru Dumitru Solomun, Bolqarıstanın təhsil və elm nazirinin müavini Kirço Atanasov, Ukrayna Dövlət Mənzil-Kommunal Təsərrüfatı Akademiyasının elmi işlər üzrə prorektoru Yuri Doroşşenko və başqaları məruzələrlə çıxış etdilər.

Beynəlxalq konfransın ilk iş günü  ölkənin qabaqcıl tədris müəssisələri və informasiya mərkəzləri ilə tanışlığa  həsr olundu. Bu sıradan ilk tanışlıq Moldovanın ən iri universitetlərindən biri olan  Moldova Dövlət Universiteti  ilə oldu.

Tanışlıq zamanı universitetin rektoru Georgi çokanu, vitse-rektorlar İqor Yenikov, Peotor Qauqaş, Yelena Muraru ilə səmərəli görüşlərimiz oldu.  Onlar konfrans iştirakçılarına  Moldova Dövlət  Universitetinin professor-müəllim və tələbə heyətinin nailiyyətləri, yeni tədris proqramlarının tətbiqi, universitetin beynəlxalq əlaqələri haqqında geniş və əhatəli  məlumat verdilər.  Sonra  konfrans iştirakçıları universitetin tədris-mühazirə auditoriyaları, laboratoriyaları, müvafiq kafedraları, jurnalistika fakültəsində fəaliyyət göstərən  tele və radioverilişlər studiyaları,  tələbələrin peşəkar oriyentasiyası mərkəzi və universitetin kitabxanası ilə tanış oldular. Onu da qeyd etməyi vacib bilirəm ki,  universitetin  müasir tədris avadanlıqları, o cümlədən elektron avadanlıqlarla təchizatı kifayət qədər yüksək səviyyədədir. Moldova Dövlət  Universitetində 23 mindən artıq (15 min nəfər əyani, 7 min nəfər isə qiyabi şöbədə) tələbə təhsil alır, 1500 nəfərdən ibarət pedaqoji kollektiv, 1000 tədris-köməkçi heyəti fəaliyyət göstərir. Moldovanın ali məktəbləri Boloniya prosesinə 2005-ci ildən qoşulublar. Cari ildə ali təhsilin ilk tsiklinin (pilləsinin) - lisensiatın (tədris müddəti 3-4 il - 180-240 tədris krediti vahidi) ilk buraxılışı həyata keçiriləcək. Elə bu ildə ali təhsilin ikinci tsiklinə - masterata (1-2 il - 60-120 tədris kredit vahidi) ilk qəbulun keçirilməsi planlaşdırılır. Ali təhsildə islahatların aparılması çərçivəsində sistemə yeni təhsil standartları daxil edilmiş, məqbul-kredit sistemi və digər yeniliklər tətbiq edilmişdir. Hər bir məzunun Avropa modelli diplomuna əlavə verilir və bunun üçün heç bir ödəniş alınmır.

Səfər çərçivəsində konfrans iştirakçılarının Moldova Respublikasının Təhsil Nazirliyində  nazir müavini cənab Krudu ilə görüşü oldu. Bir saat davam edən  görüşdə təhsil islahatları, islahatların qanunvericilik əsasları, Moldova və Azərbaycanın təhsil sistemlərinin müqayisəsi və digər  məsələlər müzakirə olundu. Görüş  zamanı inklüziv təhsil məsələləri barədə də geniş müzakirə aparıldı və  Moldova tərəfi gələcəkdə bu sahədə ikitərəfli  fəal əməkdaşlıq təklif etdi. 

Səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan  uşaqların saxlanması üçün günlük uşaq mərkəzi "Speransa" ilə tanışlıq oldu. Məlum oldu ki, Moldova Ailə və Uşaq Sosial Təminatı Nazirliyinin hazırkı müavininin təşəbbüsü ilə  təşkil edilən  mərkəz 1997-ci ildən fəaliyyət göstərir.  Bu gün mərkəzdə  45 uşağ saxlanılır. İstirahət otaqları, müasir texniki, tədris və tibbi avadanlıqlarla təchiz olunmuş, ixtisaslaşdırılmış tədris və reabilitasiya kabinetləri olan  mərkəzdə   uşaqların saxlanması üçün hər cür şərait  yaradılıb. Mərkəzin nəzdində peşəkar pedaqoji, tibbi, köməkçi işçilər fəaliyyət göstərirlər. Uşaqlar üçün mərkəzin özünün nəqliyyat vasitələri var. Mərkəz yerli bələdiyyə şurası (son üç ildə), müxtəlif sponsorlar, donorlar, layihə və proqramlar tərəfindən maliyyələşdirilir.

Səfər çərçivəsində  konfrans iştirakçılarının digər bir görüşü  1 saylı məktəb-internatda oldu. Tədris ocağının direktoru xanım Qaştya məktəb və  pedaqoji kollektiv barədə  qonaqlara ətraflı məlumat verərək bildirdi ki, internatda I-IX siniflərdə (Moldovada 9 illik təhsil məcburidir) 82 şagird təhsil alır və internatın hazırkı binası  keçmiş uşaq bağçasının binası olub. Tətillərdə və bazar günlərində internatda getməyə yeri olmayan (və ya getmək istəməyən) 20-30 şagird qalır. İnternatın kifayət qədər peşəkar personalı  uşaqlara qarşı diqqətlidir, gecə işləmək üçün əlavə personal da fəaliyyət göstərir. İnternatda uşaqların təhsil alması, dincəlməsi, dərnəklərdə məşğul olması üçün  yaxşı şərait yaradılıb. İnternatda psixoloq, defektoloq və digər mütəxəssislərin işləməsi üçün kabinetlər, o cümlədən meditasiya (məşğələlərə hazırlıq) kabineti də fəaliyyət göstərir.

Təhsil yalnız rus dilində olan  M.Qreku adına liseydə olarkən müəssisənin direktoru xanım Qlotova söhbətində bildirdi ki, lisey incəsənət təmayüllüdür. Burada təhsilin formatı 1-12 sinifdir. Lisey şəhərin  orta ümumtəhsil müəssisələri  arasında yüksək reytinqə malikdir. Liseyin profil təhsilinə görə - rəssamlıq, xoreoqrafiya, musiqi-xor -  differensasiya edilmiş şagirdləri incəsənətdə yüksək nailiyyətlər, ən müxtəlif səviyyələrdə mükafatlar qazanmışlar. Liseydə  iki kompüter sinfi yaradılmışdır.

Konfransın ikinci günü Avropa Şurasının məsləhətçisi Bernard Dümonun çıxışı ilə başladı. O, öz çıxışında  ictimai və fərdi intellekt kapitalından,  elm və təhsilin xalqların gələcək inkişafındakı rolundan, elektron təhsil və təhsilin keyfiyyətindən danışaraq, təhsil mühəndisliyinin aktuallığı məsələlərini xüsusi olaraq nəzərə çatdırdı. İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə təhsilin keyfiyyət göstəricilərinin artırılması sahəsindəki fəaliyyət haqqında YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Natalya Tokareva məlumat verdi.

Adları çəkilən beynəlxalq ekspertlərin çıxışından sonra Moldova və Rumıniya respublikalarının təhsil nazirləri V.Svirkun və A.K.Mixay  öz çıxışlarında ölkələrinin təhsil sistemlərində informasiya və kommunikasiya texnologiyalarından istifadə təcrübələrini bölüşdülər. Konfransdakı çıxışlar arasında fasilədə  mətbuat konfransı keçirildi.

Həmin gün Bolqarıstanın elm və təhsil nazirinin müavini K.Atanasovun, Estoniyanın Təhsil və Elmi tədqiqatlar Nazirliyinin əməkdaşı C.Antonun, Litvanın Təhsildə İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri V.Bracdeykisin çıxışları dinlənildi.

Ukraynada informatika sahəsində məktəb təhsilinin məzmun və strukturunun müasirləşdirilməsinin perspektivləri və reallıqları haqqında Dövlət Mənzil-Kommunal Təsərrüfatı Akademiyasının  elmi işlər üzrə prorektoru, professor Y.Doroşşenko danışdı.  Təhsildə informasiya vasitələrinin tətbiqinin Moldova təcrübəsini İqtisadi Elmlər Akademiyasının mütəxəssisləri İ.Bolun, İ.Kostaş və İ.Kovalenko təqdim etdilər. Nəqliyyat və Telekommunikasiya Akademiyasının rektoru D.Solomun "İnformasiya və kommunikasiya texnologiyaları: təhsilin keyfiyyətinin təmin edilməsində həlledici amil" mövzusunda çıxış etdi.

Mərkəzi və Şərqi Avropa üzrə ofisin əməkdaşı M.Kavanovanın  Maykrosoft kampaniyası ilə əməkdaşlığa dair  məruzəsi də konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı. M.Kavanova təhsil sistemlərində İKT-nin istifadə edilməsində kampaniyanın investisiyalaşdırılması imkanları haqqında danışdı. Konfransda tanınmış beynəlxalq kommunikasiya kampaniyaları və İKT istehsalçıları  ilə Azərbaycanın Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində daha sıx əlaqələrin davam etdirilməsi və Milli İKT sektorunun potensialından daha səmərəli şəkildə istifadə edilməsinin  çox perspektivli olduğu bir daha xüsusi vurğulandı.

Konfransda müzakirə olunan məsələlər  iştirakçıların böyük marağına səbəb oldu və bütün çıxışlar maraqlı suallarla, əməkdaşlıq təklifləri ilə qarşılandı. Azərbaycanın İKT sahəsində təcrübəsi də auditoriya tərəfindən bəyənildi.

üçüncü gün konfrans iştirakçılarının  İKT-nin köməyilə təhsilin keyfiyyətinin artırılması ilə bağlı real nailiyyətlərlə tanışlığına həsr edildi. Tədbir iştirakçılarına Təhsildə İnformasiya və Kommunikasiya Texnologiyaları mərkəzində, "Haudeamus" nəzəri liseyində, İqtisadi elmlər Akademiyasında olmaq təklif edirdi.

Konfransın son iclasında ümumi təkliflər müzakirə olunaraq müvafiq qərar qəbul olundu. Onu da qeyd edim ki, Azərbaycanda İKT-dən təhsil proseslərində səmərəli istifadə edilməsi səhəsində görülən işlər haqqında geniş məlumat  konfrans materialında öz əksini tapdı.

İradə HüSEYNOVA,

Azərbaycan Respublikası təhsil nazirinin müavini