· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Fənn olimpiadalarının respublika turu keçirildi

Məktəblilərin ənənəvi kütləvi bilik yarışması sayılan fənn olimpiadalarının final turu bu il də Novruz bayramı ərəfəsinə təsadüf edirdi. Təhsil Nazirliyinin 5 mart 2008-ci il tarixli əmrinə uyğun olaraq martın 17-də S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, fizika-riyaziyyat və informatika, kimya-biologiya təmayüllü liseylərdə və BDU-da keçirilən olimpiadaların finalını əməkdaşlarımız izləmişlər.

 

Kimya və biologiya fənlərindən finala vəsiqə alanlar hər il olduğu kimi, bu il də kimya-biologiya təmayüllü liseyə gəlmişdilər.

Final yarışları martın 17-də saat 9.00-da başladı. Əvvəlcədən fənlər və siniflər üzrə liseyin həyətində sıraya düzülmüş şagirdləri kimya və biologiya fənləri üzrə münsiflər heyətinin sədrləri, təşkilat komitəsinin üzvləri, respublika MEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, biologiya elmləri doktoru, ADPU-nun kafedra müdiri, professor Ədalət Fərəcov, liseyin direktoru Mirhəsən Cavadov və b. bilik bayramı münasibəti ilə təbrik edib qarşıdakı çətin mübarizədə onlara uğurlar arzuladılar. Sonra şagirdlər içəri dəvət olunaraq əvvəlcədən bu məqsədlər üçün ayrılmış otaqlarda yerləşdirildi, final yarışları, olimpiada vərəqlərinin doldurulması, təqdim olunmuş suallarla iş qaydaları onlara izah edildi.

Həm biologiyadan, həm də kimyadan yarışanlara 5 məsələ-misaldan ibarət olimpiada tapşırığı təqdim olunmuşdu. Sualların asan-çətinliyi, tərtibi qaydası ilə maraqlandıq. öyrəndik ki, onlar orta məktəblərin proqramlarına və fənn olimpiadalarına verilən tələblərə uyğundur.

Biologiya üzrə respublika münsiflər heyətinin sədri, professor Ədalət Fərəcov bizimlə söhbətində olimpiadaya vəsiqə qazanan şagirdlər arasında istedadlı uşaqların çox olduğunu, son illər həm müəllimlərin, həm də məktəblilərin öz üzərində işləmələri üçün olimpiadalara dair kifayət qədər vəsait nəşr edildiyini, xüsusən son vaxtlar məktəblərin istifadəsinə verilmiş elektron vəsaitlərin şagirdlərin oxumaq-öyrənmək imkanlarını xeyli genişləndirdiyini, son elmi yeniliklərlə əyani tanış ola bilmələrinə şərait yaratdığını bildirdi.

Olimpiadaların təşkilinə, bilik yarışları üçün sualların hazırlanmasına da münasibət bildirən müsahibim olimpiadaların həm orta məktəblərdə keçirilən buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarından köklü şəkildə fərqləndiyini, olimpiadanın əsl istedad meydanı olduğunu, suallar hazırlanarkən onun fənn üzrə bir mövzunu deyil, bütövlükdə bir bölməni əhatə etməsinə diqqət yetirildiyini bildirdi. Olimpiadaları şagirdləri ali məktəblərə hazırlayan vasitə kimi qiymətləndirən Ə.Fərəcov, eyni zamanda bu böyük bilik yarışlarında qalib yerlərin verilməsində müəyyən məhdudiyyət olduğunu da vurğuladı.

Professor Ə.Fərəcovla olimpiadalar gedən bir neçə otağa baş çəkdik. Hərəsində bir və ya iki nəfər qeyri-ixtisas fənn müəlliminin nəzarət etdiyi otaqlarda şagirdlər verilmiş tapşırıqların icrası ilə məşğul idilər. Siniflərdə tam sakitlik hökm sürürdü.

Biologiya üzrə olimpiadanın münsiflər heyətinin məsul katibi, ADPU-nun dekan müavini, dosent Nizami Mehdizadədən öyrəndik ki, respublikanın şəhər və rayonlarından 186 nəfər biologiya olimpiadasının respublika turuna vəsiqə qazanıb, onlardan 30-u Naxçıvan Muxtar Respublikasını təmsil edir. Onlarla final turu da Naxçıvanda təşkil olunub. Nəticələr olimpiada üzrə respublika münsiflər heyətinə göndəriləcək və burada onlara təkrar baxılacaqdır.

Yarışlarda Bakıdan və respublikanın digər bölgələrindən 54 IX, 59 X və 52 nəfər XI sinif şagirdi iştirak edir. İştirakçılar arasında ötən il bu bilik yarışlarında qüvvəsini sınamış 25 şagird var. Onlardan 12-si ötən il müxtəlif mükafatlar alanlardır.

Kimya fənninin təmsilçilərinə liseyin tədris korpusunun 3-cü mərtəbəsi ayrılmışdı. Həmin mərtəbədəki 9 otaqda respublikanın müxtəlif yerlərindən gəlmiş IX, X və XI sinif şagirdləri birincilik uğrunda mübarizə aparırdılar. Kimya fənni üzrə olimpiadanın münsiflər heyətinin məsul katibi, Təhsil Problemləri İnstitutunun əməkdaşı Akif Əliyevin məlumatından aydın oldu ki, bu fənn üzrə istedadlardan 121-i finala vəsiqə qazanıb. Lakin onlardan 1-i yarışlara gəlməyib. Ona görə də hazırda 120 nəfər final tapşırığını yerinə yetirir. İştirakçılardan 14-ü Naxçıvan MR ümumtəhsil müəssisələrinin şagirdidir. Onlar muxtar respublikada yarışırlar. Olimpiadaya gələnlər əsasən rayon, şəhər turunun qalibləri, yəni I və II yeri tutanlardır. IX sinif şagirdləri olimpiadada 36, XI sinif şagirdləri isə 38 nəfərlə təmsil olunub. X sinifdə oxuyanlardan isə əvvəlki turda qalib daha çox olub - 47.

Olimpiadaçılardan 2 nəfəri ötən il dünya bilik yarışlarında və respublika fənn olimpiadasının finalında iştirak edib.

XI sinif şagirdləri üçün olimpiada tapşırığının hazırlanmasında yenilik edilib. Onlara 4 sual-məsələ ilə yanaşı, V məsələ kimi test tapşırığını yerinə yetirmək təklif olunub, eksperiment müsbət nəticələnsə, gələn ildən digər siniflər üzrə yarışanlara da şamil olunacaq.

Saat 12-yə yaxın hər iki fənn üzrə münsiflər heyətinin üzvləri də liseyə yığışdılar. Artıq şagirdlərdən öz işini təhvil verib gedənlərin sayı da artırdı.

Saat 13.00-da olimpiada üçün ayrılmış vaxt başa çatdıqdan sonra nəzarətçilər işləri yığıb münsiflər heyətlərinin rəhbərlərinə təhvil verdilər. Olimpiada işləri kodlaşdırılaraq yoxlanılmaq üçün münsiflər heyətlərinin üzvlərinə verildi.

***

Artıq saat 9:30-dan şagirdlər  fizika-riyaziyyat və informatika təmayüllü liseyin həyətində idilər. Təxminən 10 dəqiqədən sonra onlar olimpiada keçirilən liseyin binasına daxil oldular. Sual vərəqələri şagirdlərə paylandıqdan sonra saat 10.00-da olimpiadaya start verildi. Riyaziyyat fənni üzrə şagirdlər 180 nəfər idi. Onlar tədris korpusunda 6 sinif otağına yerləşdirilmişdi. Liseyin direktoru Taryel Talıbovla birlikdə olimpiada keçirilən sinif otaqlarına baxış keçirdik. Xatırladaq ki, olipiadada yalnız IX, X, XI sinif şagirdləri iştirak edirdi. Riyaziyyat fənni üzrə münsiflər heyətinin sədri Rafiq Quluyev bildirdi ki, olimpiadanın gedişində heç bir problem olmayıb.  Olimpiada başlandıqdan sonra sinif otaqlarına mütəmadi baş çəkmişik. Nəzarət edən müəllimlər qeyri-ixtisas fənn müəllimləridir. Burada respublikanın bütün rayonlarından şagirdlər iştirak edir. Olimpiadanın qurtarmasına bir saat qalıb, saat 13.00-da yekunlaşacaq.  Olimpiadanın vaxtı bitdikdən sonra  münsiflər heyətinin 8 üzvü tərəfindən işlər yoxlanacaq.

Fizika fənni üzrə aparılan olimpiada məktəbin yeməkxanasında təşkil olunmuşdu. Respublika olimpiadasının fizika fənni üzrə münsiflər heyətinin sədri Mirzəli Murğuzovun sözlərinə görə, imtahanda 98 nəfər iştirak etməli idi. Bir nəfər gəlmədiyinə görə, 97 nəfər iştirak edir. Olimpiadanın  gedişində heç bir problem olmayıb. Qeyd edək ki, yer böyük olduğundan buradakı şagirdlər o birilərindən fərqli olaraq tək-tək oturmuşdu. 

BDU-da informatika fənni üzrə təşkil olunan olimpiadada 37 nəfər iştirak etməli idi. Ancaq 33 nəfər iştirak edirdi. Münsiflər heyətinin sədri Ramin Mahmudzadənin sözlərinə görə, olimpiada 4 sinifdə keçirilir. Şagirdlərin əksəriyyəti şəhər məktəblərindən gəlib. Olimpiadanın keçirilməsində heç bir problemlə qarşılaşmamışıq.

***

S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında Azərbaycan dili, ədəbiyyatı  və Azərbaycan tarixi fənləri üzrə olimpiadanın respublika turu keçirildi. 28 sinif otağında təşkil edilmiş bilik yarışında 56 qeyri-ixtisas fənn müəllimi nəzarətçi kimi iştirak edirdi. IX-XI sinifləri əhatə edən olimpiadada 233 şagird Azərbaycan dili və ədəbiyyatı üzrə, 242-si isə tarix fənni üzrə öz qüvvəsini sınayırdı. İştirakçıların təxminən 50 faizi kənd rayonlarını əhatə edirdi. Saat 10-da başlanan olimpiadada məktəblilərə 3 saat vaxt verilmişdi. Cəmi bir neçə şagird prosesdə iştirak etmirdi.

Baş çəkdiyimiz sinif otaqlarında şagirdlərin əhval-ruhiyyəsi yaxşı idi. Hiss olunurdu ki, gimnaziyanın rəhbərliyi məktəblilərin normal işləməsi üçün lazımi şərait yaratmışdır. Nəzarətçi müəllimlərə lazımi təlimatlar verilmişdi. Hətta övladını gözləyən valideynlər üçün də otaq ayrılmışdı.

Olimpiadanın təşkili, əhəmiyyəti və ondakı yeniliklər barədə fikirlərini öyrənmək məqsədilə Azərbaycan dili və ədəbiyyatı və Azərbaycan tarixi fənləri üzrə münsiflər heyətinin sədrləri Zahid Xəlil və Oqtay Sultanova müraciət etdik. Bildirdilər ki, ötən ilə nisbətən şagirdlərin sayı bu il xeyli çoxdur.

Sualların səviyyəsindən məlum olur ki, builki uşaqlar daha biliklidirlər. Bilik yarışında bu hal təqdirəlayiq hesab olunmalıdır. Qeyd edildi ki, olimpiadanın keçirilməsinə Təhsil Nazirliyi xüsusi qayğı ilə yanaşmışdır. Proqram daxilində çalışılıb ki, uşaqların daha çox intellektinə təsir edən, düşüncəsini və qabiliyyətini yoxlayan sərbəst suallara müraciət edək. Şagirdlərin müxtəlif mərhələlərdən keçərək burada iştirakı, onların orta məktəblərdəki sınaq imtahanlarda öz bilik və bacarığını nümayiş etdirmələri və həmin biliklərin kompüter vasitəsi ilə yoxlanılması da yeniliyin bir nümunəsidir. Bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi müəllim və şagirdlərin olimpiadaya olan inamını daha da artırır. Biz inanırıq ki, bu olimpiadalar uşaqların təfəkkürünü və intellekt səviyyəsini daha yaxşı aşkarlamağa geniş imkanlar yaradacaq.

Yusif ƏLİYEV,

Rəşad ZİYADOV,

Fazil İDRİSOĞLU

 

 

Layihə çərçivəsində hazırlanmış tədris vəsaitləri sınaqdan keçiriləcək

Təhsil Nazirliyi və "Uşaqların xilası" (Save the Children) təşkilatı ilə birgə yaradılan işçi qrupu tərəfindən "Uşaqların tolerantlıq təhsili proqramı" çərçivəsində vəsaitlərin ilkin variantı hazırlanıb. İbtidai sinif müəllimləri üçün vəsaitlər "Sülh mədəniyyətinə dair tədris vəsaiti", şagirdlər üçün isə "Qısa hekayələr  toplusu" adlanır.

Layihə çərçivəsində hazırlanmış həmin tədris vəsaitlərinin  cari ilin mart-aprel aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərinin, Abşeron, Quba, Qazax, Şəki, Lənkəran, Goranboy və Kürdəmir rayonlarının seçilmiş pilot məktəblərinin müəyyənləşdirilmiş I-IV siniflərində sınaqdan keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, həmin vəsaitlər Təhsil Nazirliyi tərəfindən yerlərə göndərilmiş rəsmi məktublar əsasında sınaqdan keçiriləcək. 

 

 

 

 Təbiət fənləri üzrə müəllimlər üçün təlimlərə başlanılıb

 

2008-ci ilin martından etibarən "British Council" təşkilatı Təhsil Nazirliyi ilə birgə "Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər" adlı yeni layihəni həyata  keçirməyə başlayıb.

Layihənin əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıqlarının, peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi və müvafiq təlim vasitələrinin hazırlanmasından ibarətdir. Layihənin 3 mərhələdə aparılması, eyni zamanda I mərhələ üzrə təlimlərin keçirilməsi məqsədilə müəyyənləşdirilmiş şərtlər əsasında təlimçilərin seçilməsi nəzərdə tutulub.

Layihə Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də  Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayonlarının müəyyənləşdirilmiş 3 ümumtəhsil məktəbində təbiət fənlərini tədris edən müəllim, metodist, universitet  və məktəb rəhbərlərini əhatə edib.

 

 

 

 

 

 

Hər bir şagirdə fərdi yanaşılan təhsil ocağı

ötən il fəaliyyətə başlamasına baxmayaraq, Bakı Britaniya Məktəbi - "British School in Baku" səmərəli işi ilə mövqeyini lazımınca yüksəldə bilib. Britaniyadan dəvət olunmuş və xaricdə  işləyib kifayət qədər təcrübə toplamış  yerli pedaqoqlar qısa müddət ərzində tədrisin keyfiyyətini arzu olunan səviyyəyə çatdıra biliblər.

Məktəbdə dərslər ingilis milli proqramı əsasında təşkil olunub.

Təhsil Nazirliyinin lisenziyası əsasında rəsmi fəaliyyətdə olan "British School in Baku" həm də Britaniya Məktəblər Şurasının üzvü, Kembric İmtahan Mərkəzinin Bakıdakı rəsmi təmsilçisidir.

Dünyada tanınan Britaniya beynəlxalq məktəbləri məzunlarına ingilis təhsil sisteminə məxsus İGCSE və "A Level" sertifikatları təqdim edir.

İGCSE və "A Level" proqramları və bütövlükdə Britaniya təhsili Azərbaycan üçün yenilikdir.  Bu məktəbi uğurla başa vuranlar xarici universitetlərə qəbul olmaq şansı qazanırlar. Onlar, eyni zamanda Azərbaycanın orta təhsil attestatını da alırlar ki, bu da məzunlara həm resrublikamızın, həm də digər ölkələrin universitetlərinə qəbul imkanı verir.

Məktəbin direktoru Deyvid Dreperin qeyd etdiyi kimi, "British School in Baku"da tətbiq olunan tədris və qiymətləndirmə sistemi dünyada qəbul olunmuş standartlara tam uyğundur. Ona görə də burada təhsil alan hər bir şagirdin biliyi ona dünyanın istənilən nöqtəsində gərəkli olacaq.

Britaniya beynəlxalq məktəbləri işlə əlaqədar hər hansı xarici ölkədə yaşayan ailələr üçün xüsusilə əlverişlidir. çünki bu məktəblərdə proqram və qiymətləndirmə sistemi eynidir. 

İngilis tədris qaydalarına əsasən şagirdlər mütəmadi sınaq və testlərdən əlavə, ibtidai məktəbin yekununda, IX, XI siniflərdə və "A Level" proqramının yekununda imtahan verirlər. Bu imtahanların sualları Kembricdə tərtib olunur. İmtahandan sonra cavablandırılmış vərəqlər yoxlanılıb qiymətləndirilmək üçün Kembricə göndərilir.

Cənab Dreper "Burada oxumağın daha hansı üstünlükləri var" sualımızı cavablandıraraq qeyd etdi: ""British School in Baku"nun üzərinə düşən öhdəlik uşaqlara təkcə bilik aşılamaqla bitmir. Biz hesab edirik ki, məktəb şagirdləri həyata hazırlamalıdır. Ona görə hər bir şagirdə fərdi yanaşma var. Onlara beynəlxalq mühitdə yaşamağı, mədəniyyət müxtəlifliyinə və fikir ayrılığına hörmətlə yanaşmağı öyrədirik".

 

Nərgiz MAHMUDZADƏ,

məktəbin müəllimi

 

 

 

  

Riqada azərbaycanlıların "Bazar günü məktəbi" fəaliyyət göstərir

Latviya Respublikasının paytaxtı Riqa şəhərindəki Klassik Gimnaziya eyni zamanda həmin şəhərdə yaşayan azərbaycanlıların "Bazar günü məktəbi" kimi də fəaliyyət göstərir.

 

Riqa Klassik Gimnaziyası ibtidai siniflərdən (1-6-cı siniflər), gimnaziyayaqədərki siniflərdən (7-8-ci siniflər) və gimnaziyadan (10-12-ci siniflər) ibarət olan müasir tədris kompleksidir.

Klassik təhsilin ənənələri və dəyərləri gimnaziyanın direktoru, pedaqoji elmlər doktoru, həmyerlimiz Roman Əliyev tərəfindən hazırlanmış gimnaziya təhsilinin konsepsiyası "Yaradıcı Yuniversum" Gimnaziyanın tədris proqramının əsasını təşkil edir. Gimnaziyada tədris prosesində informasiya texnologiyaları geniş şəkildə tətbiq edilir. Burada dörd kompüter mərkəzi, təbiət elmlərinin tədrisi üçün bir xüsusi laboratoriya və multimedia avadanlıqları ilə təchiz olunmuş sinif otaqları fəaliyyət göstərir.

Bütün şagirdlər 1-ci sinifdən başlayaraq ingilis dili öyrənirlər. İkinci xarici dil alman, ya da fransız dili (valideynlərin seçimi əsasında) 4-cü sinifdən başlayaraq tədris olunur. 10-cu sinifdən başlayaraq latın dili öyrədilir. Şagirdlərə arzu və istəklərinə uyğun 10-12-ci siniflərdə üçüncü xarici dili öyrənmək imkanı verilir. Xarici dillər, eləcə də rus və latış dilləri tədris prosesində istifadə olunur. Gimnaziyada Pedaqoji İnnovasiyalar Laboratoriyası, iki və daha çoxdilli mərkəzlər fəaliyyət göstərir. Yuxarı sinif şagirdləri Gimnaziyanın Elmi Tədqiqatlar Cəmiyyətində iştirak edirlər.

Riqa Klassik Gimnaziyası YUNESKO ilə sıx əməkdaşlıq edir.

Riqada 2000 nəfərə yaxın azərbaycanlı yaşayır. Gimnaziyanın 3 otağı Azərbaycanın dövlət atributları, Azərbaycan dilində müxtəlif ədəbiyyatlar, incəsənət nümunələri ilə təchiz edilmişdir. Bazar günləri azərbaycanlı uşaqlarına bu otaqlarda Azərbaycan dili, tarixi, xalqımızın adət-ənənələri, milli dəyərlərimiz öyrədilir.

2007-ci ilin yanvarında Latviyada "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi təsis edilmişdir. Azərbaycanın Latviyadakı səfirliyinin və "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın xalq artisti Alim Qasımov Riqanın "Böyük Qildiya" konsert salonunda zəngin və maraqlı ifası ilə  soydaşlarımızı sevindirmişdir Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Riqada olarkən "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinə ən müasir kompüter avadanlıqları hədiyyə etmişdir.

"Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin qarşıya qoyduğu vəzifələrdən biri də ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsini öyrənməkdir.

24-26 fevral 2008-ci il tarixlərdə Riqa şəhərində "İnklüziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru" beynəlxalq konfransda iştirak edərkən mən "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzində həmyerlilərimizlə görüşüb onların gördükləri işlərlə tanış oldum. özümlə apardığım milli dərslikləri Klassik Gimnaziyaya hədiyyə etdim.

Əhliyət ADICöZƏLOV,

Təhsil Nazirliyinin böyük məsləhətçisi