· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyinin kollegiyasında

Sınaq imtahanlarını keçirməkdə məqsəd orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini artırmaq, məktəbin və müəllimin nüfuzunu yüksəltməkdir

 

Martın 15-də Təhsil Nazirliyində 24 fevral 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilən ikinci yoxlama imtahanının nəticələrinə dair kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin şöbə müdirləri və struktur bölmələri rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçiləri, sınaq imtahanları keçirilən məktəblərin direktorları və imtahan rəhbərləri, respublikanın şəhər və rayon təhsil şöbələrinin müdirləri iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov kollegiya iclasını açaraq müzakirə olunan məsələ haqqında məlumat verdi. Bildirdi ki, orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada  ikinci sınaq imtahanı əvvəlkindən daha mütəşəkkil keçib. Yeni qaydada keçirilən imtahanın başlıca məqsədinin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətini artırmaq, məktəbin və müəllimin nüfuzunun yüksəltmək  olduğunu qeyd edən nazir həmin işin artıq ictimaiyyət tərəfindən də müsbət qarşılandığını söylədi. Nazir bu yaxınlarda olduğu bir neçə məktəbdə XI sinif şagirdləri ilə söhbət etdiyini, onların mərkəzləşdirilmiş qaydada  keçirilən imtahanlarla bağlı fikirləri ilə tanış olduğunu dedi. Qeyd etdi ki, şagirdlər imtahanın onlarda məsuliyyət hissinin artmasına, tədris olunan fənlərə, keçilən dərslərə daha ciddi yanaşmağa sövq etdiyini bildirdilər.

Təhsil naziri ikinci sınaq imtahanının nəticələrinin yüksək olduğunu vurğulayaraq, bu dəfə tətbiq olunan bir neçə yeniliyi, xüsusən də şagirdlərin verdikləri cavabların çox qısa bir zamanda yoxlanılaraq nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini də müsbət bir addım kimi dəyərləndirdi. Qeyd olundu ki,şagirdlər və onların valideynlərinin bu nəticələrlə əyani tanış olmaları bütün narahatçılıqları aradan qaldırıb. Misir Mərdanov ikinci sınaq imtahanında təşkilati işlərin daha yaxşı qurulduğunu, bu sahədə xeyli irəliləyişlərin olduğunu dedi.

Nazir əldə olunmuş müsbət nəticələrlə yanaşı, imtahanın gedişində müəyyən problemlərin, çatışmazlıqların da qeydə alındığını, bəzi məktəb direktorlarının imtahanlara məsuliyyətsiz yanaşmalarını, nəzarətçi müəllimlərin bir çoxunun öz işlərinin öhdəsindən gələ bilmədiklərini təəssüf hissi ilə qeyd etdi. Bununla bağlı məktəb direktorlarına ciddi iradlarını bildirdi. Məktəblərdə  şagirdlərin deyil, müəllimlərin də biliyinin qiymətləndirilməsinin vacibliyini diqqətə çatdıran nazir, direktorlara rəhbərlik etdikləri təhsil müəssisələrində bu istiqamətdə iş aparmalarını tövsiyə etdi. Bildirdi ki, təkcə təhsil alanın yox, eyni zamanda təhsil verənin də biliyi qiymətləndirilməlidir. Direktor hər bir müəllimin biliyinin  hansı səviyyədə olmasını bilməlidir.

Nazir artıq Sumqayıtda həmin istiqamətdə işin aparıldığını deyərək şəhər təhsil şöbəsinin müdiri tərəfindən ona təqdim olunan nəticələrlə bağlı məlumatları kollegiya iştirakçılarının nəzərinə çatdırdı. Məlum oldu ki, Sumqayıt şəhərində təhsil işçilərinin mərkəzləşdirilmiş şəkildə monitorinqi keçirilib. Müəllimlərin hər birinin bilik səviyyəsi, peşəkarlığı yoxlanılaraq müxtəlif parametrlər üzrə təhlil olunub. Təhsil naziri Sumqayıt  Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırovun bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirərək  direktorlara belə br təcrübəni  məktəblərində  tətbiq etməyi məsləhət gördü.

İkinci sınaq imtahanı ilə bağlı başqa məsələlərə  də ətraflı toxunan nazir öz  fikirlərini söylədi.

Sonra Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi müdirinin müavini Təranə Hacıyevanın 24 fevral 2008-ci il tarixində mərkəzləşdirilmiş qaydada keçirilən ikinci yoxlama imtahanın nəticələrinə dair hesabatı dinlənildi. Verilən məlumatdan aydın oldu ki, imtahanlar rayon və şəhərlərdə yaradılmış 89 mərkəzdə keçirilməklə 51727 şagirdi və 895 məktəbi əhatə edib. 94 nəfər imtahan rəhbəri, 89 nəfər isə bina rəhbəri təyin edilmiş, 1772 otaqda 4000-dən çox nəzarətçi müəllim imtahan prosesində iştirak edib. Yoxlama imtahanlarında 42 məktəb 90-100, 218 məktəb 70-90, 351 məktəb 50-70, 174 məktəb 30-50, 110 məktəb 0-30 faiz arasında nəticə göstərib. 7 məktəbin müvəffəqiyyət faizi 0 olub. Bakı şəhərinin, eləcə də respublikanın rayon və şəhərləri üzrə ayrı-ayrılıqda hazırlanan statistik təhlilləri əks etdirən cədvəllər kollegiya iştirakçılarının nəzərinə çatdırıldı.

Reytinq cədvəlində ilk  50 yeri tutan məktəblər haqqında məlumat verildi. Aydın oldu ki,bu reytinq cədvəlində ilk 50  yeri tutan məktəblər içərisində ön sırada Ağdam 51 nömrəli orta məktəbidir. Onun müvəffəqiyyət faizi 100-dür.  Təhsil Nazirliyinin  tabeliyində  olan 12 təhsil müəssisəsinin göstəricilərinə əsasən, ilk sırada  Bakı Avropa Liseyi yer alaraq 92,86 faiz nəticə göstərib. T.Hacıyeva Bakı şəhərinin rayonları üzrə göstəricilərdən də danışaraq qeyd etdi ki, bu siyahıda  Xətai rayonu 77,96 faiz nəticə ilə birinci sıradadır. Rayonlar (şəhərlər) üzrə göstəricilərə əsasən, Bakı şəhərində 62,95 faiz nəticə əldə olunub. Ən aşağı göstərici isə peşə liseylərinə aiddir. Məcburi köçkün rayonları üzrə göstəricilərə görə, sonuncu yeri Xocalı rayonu tutur. Onun faiz göstəricisi 27,78-dir.

Təranə xanım sonra reytinq cədvəlində son 50 yeri tutan məktəblər barəsində danışdı.Şagirdlərin 8 fənnin hər biri  üzrə qiymət göstəricilərinə də toxunan çıxışçı qeyd etdi ki, onlar ana dili, Azərbaycan tarixi, xüsusən də coğrafiya fənlərindən suallara cavab verməkdə çətinlik çəkməyiblər. Nəticələr ürəkaçandır.O, hər bir fəndən respublikanın rayonları, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyaları üzrə  qiymət göstəricilərinin ayrı-ayrılıqda təhlilini apararaq  onlardan bu siyahılarda daha yüksək yerləri tutanların adlarını çəkdi.

Təranə  Hacıyeva yoxlama imtahanında fərqlənmiş bir qrup nəzarətçinin əməyini də xüsusi qeyd etdi. İmtahanın təşkili, gedişi nəticələri ilə bağlı digər məlumatları  diqqətə çatdıran Təranə xanım bu proses zamanı nəzarətçilərin və məktəb direktorlarının səhlənkarlığı üzündən qeydə alınan, həmçinin müşahidə olunan problemlərə də toxundu. O, növbəti sınaq imtahanında bunların aradan qaldırılması ilə bağlı bir sıra işlərin görüləcəyini bildirdi.

Təqdimatdan sonra təhsil naziri Misir Mərdanov bütövlükdə fevralın 24-də keçirilən ikinci sınaq imtahanının nəticələrindən razı qaldığını bildirdi. Qeyd etdi ki, ikinci sınaq imtahanından sonra apelyasiya  komissiyasına müraciət edənlərin sayı əvvəlkindən xeyli az olub.

Nazir aprelin 27-də keçiriləcək növbəti sınaq imtahanına  daha ciddi hazırlıq işlərinin görülməsini zəruri sayaraq nazirliyin müafiq şöbəsinə müəyyən göstərişlərini verdi. Həmin imtahanda tətbiq ediləcək bir sıra yeniliklər, həmçinin iyunun 6-da  keçiriləcək mərkəzləşdirilmiş buraxılış imtahanları ilə bağlı hazırlıq işləri barəsində ətraflı danışdı. Təhsil naziri digər məsələlərə də geniş toxunaraq fikir və mülahizələrini söylədi. Təhsilimizin keyfiyyətinə təsir göstərən bir sıra həlli vacib məsələləri təhsil işçilərinin diqqətinə çatdırdı, bəzi məqamlara aydınlıq gətirərək tövsiyələr verdi.

Kollegiyada Sumqayıt şəhər 11 nömrəli məktəbin direktoru Ofelya Babayeva, T.İsmayılov adına "İntellekt" məktəb- liseyinin direktoru Ceyran Kuliyeva, 220 nömrəli məktəbin direktoru Almaz Əsgərova və başqaları ikinci sınaq imtahanı ilə bağlı öz fikirlərini söylədilər.

Sonda təhsil naziri bütün təhsil işçilərini Novruz bayramı münasibətilə təbrik edərək onlara cansağlığı, uğurlar arzuladı.

Samirə KƏRİMOVA