· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Unudulmaz şairin xatirəsi anıldı

Bakıdakı Mikayıl Müşfiq adına 18 nömrəli pilot orta məktəbin kollektivi adını daşıdığı unudulmaz şairin anadan olmasının 100 illiyi münasibətilə Uşaq Filarmoniyasında ədəbi-bədii gecə keçirdi.

Filarmoniyanın foyesində şairin həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillər, həmçinin məktəblilərin əl işlərindən ibarət əsərlər qonaqlara təqdim olundu.

 

Yubiley tədbirini 18 nömrəli məktəbin direktoru Vaqif Hüseynov açaraq şairin fəaliyyəti haqqında qısa məlumat verdi. M.Müşfiq irsinin tədqiqatçısı Gülhüseyn Hüseynoğlu böyük sənətkarın həyat və yaradıcılığı barədə iştirakçıları geniş məlumatlandırdı.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov şairin ədəbiyyat sahəsindəki xidmətlərindən danışdı, şagirdlərə bu tükənməz sərvətdən bəhrələnməyi məsləhət gördü.

Sonra Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə çıxış edərək iştirakçıların nəzərinə çatdırdı ki, ölkə Prezidentinin müvafiq sərəncamı əsasında respublikamızda M.Müşfiqin 100 illik yubileyi qeyd edilir. 18 nömrəli məktəb şəhərimizin qabaqcıl təhsil müəssisələrindən sayıldığı üçün bu tədbiri birincilər sırasında təşkil etmişdir. M.Müşfiq irsinin tədqiqatçısı Gülhüseyn Hüseynoğlunun məhz bu təhsil ocağında müəllim işləməsi məktəb kollektivinin Müşfiqə olan məhəbbətinin daha da artmasına səbəb olmuşdur. Bu yöndə keçirilən tədbirlər şagirdlərin vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını qeyd edən B.Hüseynzadə təhsil naziri adından yubiley iştirakçılarını təbrik etdi.

Şagirdlərin çıxışlarında şairin həyat və yaradıcılığı bir daha öz əksini tapdı. Məktəblilərin ifasında şeirə, M.Müşfiqin sözlərinə bəstələnmiş mahnılara geniş yer verildi. Zövqlə bəzədilmiş zalda səhnəciklər göstərildi, rəqslər ifa olundu. Ulu öndər Heydər Əliyevin 18 nömrəli məktəbdə olduğu zaman çəkilmiş sənədli film iştirakçılara təqdim olundu.

Ədəbi-bədii gecə 18 nömrəli məktəbin "Şahin" hərbi-idman komandasının ifasında zəfər marşı ilə başa çatdı.

Fazil İDRİSOĞLU,

foto müəllifindir