· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Təzəlik, gözəllik bayramı

Dağların bəyaz örtüklü yal-yamaclarına iz düşüb. çillədən sonra yaz havası hökmünü göstərir. Elə buna bənd imiş kimi, həyət, bağçalarda görünənlər də çoxalıb. Belı şallı, saçı xınalı nənələr yulğun süpürgələri işə salırlar. çiyni kürklü babalar çal-çəpərə əl gəzdirirlər. Qız-gəlinlər xalça-palazı havaya çıxarırlar. Qolu zorlu, köksü nurlu kişilər torpağa bel sancırlar. Bağban qayçıları qurumuş budaqlarda təmizləmə işi görür.

 

Qışın buzu, qarı ilə dolub tıxaclaşmış arxlarda lillənən sular axar tapır. Evlərin divarları əhənglənir. Qapı-pəncərələr silinib təmizlənir. Saxlanc sandıqlarının qapaqları açıldıqca evdəki oğul-uşaqların əyin-başı təzələnir. Neçə vaxtdan bəri asılı qalmış təzə paltarların tozu alınır. Beləcə bütün el, oba camaatı əziz günə - Novruza hazırlaşır.

Yeni astronomik ilə keçid dövrü olan Novruza 50 gün hazırlıq görülür.

Əvvəllər Novruz 7 gün qeyd olunardı. Bayram süfrəsi 7 növ nemətlə bəzənərdi.

Novruzun gəlişi 4 çərşənbə ilə qeyd olunur: Su, Od, Yel və Torpaq çərşənbələri.

Novruz bayramının qarşılanması, təşkili və keçirilməsi əslində sistem təşkil edir. Bu fikri çoxlu sayda fakt və detallar təsdiqləyir.

Azərbaycan mədəniyyətinin bilicisi, xalq rəssamı Elçin Aslanov yazır ki, Novruz - İlbaşı törəni həm kənd, həm də sırf şəhər - sənət, peşə bayramıdır.

Yazda evlənmə ilə bağlı oyunlar keçirilmişdir. Bunlardan biri böri (qurd) və keçi (qoyun) oyunudur. Oyunun ana xətti bütün variantlarda eynidir.

Bayram vaxtı insanlar yaz və təbiət kimi yeniləşmək, təzələnmək, günahlardan azad olmaq istəyirlər.

Yeni il, Novruz bayramı qabağı od üstündən atılan, mənən çirkini, günahını müqəddəs odda yandırıb təmizlənən insan saflaşır, ülviləşirlər.

Professor Elməddin Əlibəyzadə yazır ki, ulularımız "Yeni il", "Təzə il" anlayışında kainatın dövr etməsini, hərəkətini və bu dövretməni dəqiq hesablayıb  nəzərə alıblar: Novruza, təzə ilə keçid günü gecə ilə gündüz bərabərləşir, yəni təzə ildən uzana-uzana gələn günlər dekabrdan qısalmağa başlayır, martın 21-də bərabər olur və il yenidən təzələnir.

Novruz bayramına qədər 4 çərşənbə olur. Və bu çərşənbələrin hər birinin öz adı, özünəməxsus inancları var.

Boz ayın dörd müqəddəs çərşənbəsindən biri Su çərşənbəsi, "Sular Novruzu" ilə başlayır. Əzəl çərşənbədə qarşıdan təzə ilin gəlməsi ilə bağlı ən əvvəl su təmizlənir. Hamı gün doğmamış su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır.

Od çərşənbəsi martın əvvəlinə düşür. Bayram axşamı evlərin qarşısında, damlarda çatılmış tonqallara od vurulardı. Alovun dilləri səngiyəndə  qoca-cavan, uşaq-böyük tonqal üstündən üç və ya yeddi dəfə o yan  - bu yana hoppanır. Hər dəfə də deyirlər: "Bəla bizdən uzaq olsun, qüssə-kədər iraq olsun", "Azarlığım, bezarlığım , ağrım-acım, qada-balam bu od üstə tökülsün".

Od çərşənbəsinin sonunda insanlar "Od-alovun ömrü uzun olsun", "Ocağın odlu, qazanın qaynar olsun", deyib evlərə dönürlər. Xızırın adına şamlar sancılmış "üskü xonçası" olan bayram süfrəsi ətrafında əyləşirlər.

"Avesta"da yel müqəddəs sayılır. "Yelin gücü qüdrətli Hörmüzdün gücüdür... Yel Hörmüzddən güc alıb dünyaya ayaq açmışdır....".

"İncil"də və "Zəbur"da Yel Allahın qüdrəti kimi təqdim olunur. "Tövrat"da 4 növ Yel ilahəsi olduğu bildirilir, onların hər birinin özünəməxsus cəhətləri vardır.

"Qurani-Kərim"də Yel Allahın əlində mərhəmət və cəza antromorfu kimi göstərilir.

Torpaqda qurub-yaradan, əkib-biçən, cənnətə bənzər bağlar salan nənələr-babalar torpaqla bağlı deyiblər:

Torpaq ovuclayan qızıl ovuclar.

Torpaq deyər: öldür məni, dirildim səni.

Xalqımızın zəngin mənəviyyatı, qədim tarixi, rəngarəng təbiəti, dünya duyumu haqqında özündə yetərincə bilik və məlumat yaşadan, daşıyan Novruz ulu və əbədi bir bayram kimi yaşayır.

Ş.MƏMMƏDOV

 

 

 

 

 

 

Orta məktəb dərsliklərində Novruz bayramı

Xalqımızın milli bayramı olan Novruz hər il olduğu kimi, bu il də Vətənimizin hər yerində böyük təntənə ilə qeyd ediləcək. Qədim və zəngin ənənələri olan bayramla bağlı məlumatların orta məktəblərin Azərbaycan dili və ədəbiyyat dərsliklərində şagirdlərə çatdırılması ilə bağlı vəziyyəti öyrənmək məqsədi ilə "Azərbaycanşünaslığın əsasları" kitabının müəllifi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovla görüşüb fikirlərini öyrəndik.

 

- Orta məktəb dərsliklərində Novruz bayramına aid müəyyən şeirlər, ümumiyyətlə, bədii nümunələr verilib. Bunların mövzusu birbaşa Novruz bayramı barəsindədir. X-XI siniflərdə ətraflı öyrənilən elə əsərlər də vardır ki, bu bayram haqqında təfərrüatlı məlumatlar əks etdirən səhnələrə malikdir. Məsələn, M.Şəhriyarın "Heydər babaya salam" poemasında, İ.Şıxlının "Dəli Kür" romanında elə yerlər var ki, Azərbaycan xalqının etnoqrafiyasında, məişətində, dünyagörüşündə Novruzun nə qədər geniş yer tutduğunu əks etdirir.

Eyni zamanda Azərbaycan dili dərsliklərində, birbaşa olmasa da, müxtəlif cümlələrdə bu bayrama işarə edilən məqamlar var. Bu cür məlumatlar tarix dərsliklərində də özünü göstərir. Təbii ki, nə ədəbiyyat, nə ana dili, nə də tarix fənləri Novruz bayramı haqqında bütün təfsilatı ilə məlumat verə bilməz. Ona görə də müəllimlərimiz həmin bayram ərəfəsində həm dərslərdə, həm də sinifdənxaric tədbirlərdə şagirdlərin qavraya  biləcəkləri qədər, yəni onların yaş, idrak səviyyələrinə uyğun olaraq daha ətraflı məlumat verə bilərlər. Belə ki, ibtidai siniflərdə yazın gəlişi, təbiətin canlanması, yəni birbaşa görünən mənzərə əsasında təsəvvür yaradılar.

Yuxarı siniflərdə isə Novruzun etnoqrafik, ideoloji, mənəvi aspektdən izahı verilir, onun türk, fars və s. xalqlarda nə cür keçirilməsi, hansı tədbirlər müşayiət olunması, folklorda necə əksini tapması şərh edilir. Beləliklə, nəzərə çatdırılır ki, Novruz bayramı Azərbaycan xalqının ən qədim dövrlərdən bəri qeyd etdiyi, müxtəlif dini, ideoloji təsirlərə məruz qalsa da, təbiətlə bağlı ilkin təəssüratları özündə daşıyan, get-gedə daha da zənginləşmiş ən böyük bayramı olub, xalqımızın mənəvi ucalığının içərisində olduğu təbiətlə sıx təmasını, ruhi saflığını nümayiş etdirir.

 

Qələmə aldı:

Şakir CƏFƏROV

 

 

 

  

 

Novruzu yaşadan inanclardır

Novruz hərarəti ilə böyükdən-kiçiyə hamının qəlbini isidir, hər kəsə sevinc və gözəllik bəxş edir.   Novruz bizi nağıllar aləminə  aparır. Novruz  öz gəlişi ilə barışıq, sülh, bərabərlik gətirir. Bu bayramın ecazkarlığı və cazibəsi onun mənəviyyatımıza, əxlaqımıza bağışladığı dəyərlərdədir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri, professor  Əbdül Əlizadə:

- Bahar gəlir, öz gəlişi ilə sevimli Norvuzu gətirir. Xalqımız öz milli bayramını, adət-ənənələrini yüksək əhval-ruhiyyə ilə qeyd edir. Novruz baryamının öz inancları var. Bu inanclara görə hər evi səməni ilə bəzəyirlər. Novruzla əlaqədar milli ənənələrimiz çox zəngindir. Xalqımız bu adət-ənənələri, Novruz bayramı inanclarını göz bəbəyi kimi qoruyur, bir nəsildən başqa nəslə ötürür. Bu əziz bayram günlərində Azərbaycanın təhsili də özünün təmtəraqlı günlərini yaşayır. Təhsil sahəsində böyük elmi layihələr həyata keçirilir. Qabaqcıl müəllimlər yeni pedaqoji nailiyyətlər əldə edərək, ümummilli liderimiz  Heydər Əliyev  ideyalarına sadiqlik nümayiş etdirərək xalqımıza layiq övladlar tərbiyə edirlər.

Bu əziz bayram günlərində mən Azərbaycan müəllimlərini ürəkdən təbrik edirəm, onlara böyük uğurlar arzulayıram.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva: 

- Novruz ən çox sevdiyim və ənənələrinə rəğbət bəslədiyim bir bayramdır. Novruz bayramında, xüsusilə axır çərşənbə günündə tonqalın yandırılması, insanların onun ətrafına toplaşması, qapılara papaq  atmaq mənim üçün ən maraqlı məqamlardandır. Nəzərə alsaq ki, şəhərdə böyüyüb başa çatmışam, tonqaldan atılmaq, ətrafında dayanıb ona tamaşa etmək  mənim üçün əlçatmaz olub. 

Xüsusilə süfrələrin Novruzun atributları olan şəkərbura, paxlava, başqa ləziz təamlarla bəzədilməsi çox xoşuma gəlir.  Fevralın sonlarından, ilk çərşənbədən Novruzun gəlişini səbirsizliklə gözləyirəm. Düzdür,  inanclara o dərəcədə inandığımı deyə bilmərəm, amma xatırlayıram ki,  tələbəlik illərimdə  qızlarla yığışıb üzüklə fala baxardıq.

 

AMEA-nın Milli Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov:

- Novruzun tarixi 8 minillik bir dövrə malikdir. Qədim əsrlərdə də onun əlamətləri var, Nizaminin, Vaqifin  əsərlərində də Novruzla bağlı hadisələr cərəyan edir.  

Mart boz aydır. Görürsünüz ki, hava hər saatdan bir dəyişir. Su, Yel, Torpaq, Od çərşənbələri var. Hər biri özündə müxtəlif  mənalar kəsb edir.  Bolluq, ruzi- bərəkət, hərarət, təmizlik, saflıq, torpaqda canlanma... bütün bunlar Baharın, Novruzun gəlişindən xəbər verir. Novruz bayramı inancları ilə sevilir. Məsələn, qızlar daha çox bəxt falına  baxardılar. Mən özüm də cavan olmuşam axı. Hamı kimi mən də sevmişəm, sevilmişəm.  Cavanlıqda qulaqpusmaya gedərdim.  ürəyimdə sevdiyim qızı tutub qapı arxasında gizlənib, ilk eşidəcəyim sözləri gözləyərdim. Beləcə, hər kəs kimi mən də öz bəxtimi sınayardım.

Novruzda gecə-gündüzlə bərabərləşir. Bu hadisə o zamanlar qara zurnanın sədaları altında qarşılanardı.  İllərlə bu bayram qadağan olunub. Amma bu bayramın o qədər böyük hikməti var ki, onu unutdurmaq mümkün olmayıb.

 

Heydər Əliyev adına məktəb-liseyin ibtidai sinif müəllimi Hökumə Əliyeva: 

- Novruz  xalqımızın milli  bayramıdır.  Novruz bayramında el tonqal başına yığılır, küsülülər barışır, qohumlar, dostlar bir-birlərinin evlərinə təbrikə gedirlər.  İnanclara o qədər də inamım yoxdur. Amma axır çərşənbə günündə tonqal üzərindən tullanmağı xoşlayıram. ürəyimdə niyyət tutmuşam. Düzdür,  arzuladıqlarım  qismən gerçəkləşsə də, artıq bu inanclar  insanlar üçün bir ənənəyə çevrilib.

Evdə səməni qoyuram, bolluq, bərəkət rəmzidir. Hər bir azərbaycanlı  Novruz ərəfəsində evində səməni saxlayır.   Bayramı bu cür qarşılamaq insanların məhz bu inanclara rəğbətindən, inamından irəli gələn xüsusiyyətlərdir.

 

Azərbaycan  Dövlət Pedaqoji Kollecin direktoru, filologiya elmləri doktoru Nurlana Əliyeva:

- Novruz bayramı hər zaman nənələrimizin, babalarımızın, ailəmizin, qohum-əqrəbalarımızın, tanıdıqlarım insanların ən əziz bayramıdır. Hətta ən kasıb ailələr belə bu bayramın yolunu səbirsizliklə gözləyər, yüksək əhval-ruhiyyə ilə qeyd edərdilər. Bu bayramın özəlliyi odur ki, hər ev Novruzda təmizliyə çıxar, hər kəs təzə paltar geyər, hamının evində süfrəsi cürbəcür şirniyyatlarla, milli xörəklərimizlə bəzədilər. O vaxt yadımdadır ki, anam  ən gözəl mürəbbələrini Novruz bayramına saxlayardı. Bayramda gül, qoz, qarpız qabığı mürəbbəsini süfrəyə qoyardılar.  Novruz bayramında gözəl-gözəl xuruşlarla aş dəmlənərdi. Atam danışardı ki, babam Hacı Seyidrza Axund Gəncənin varlı və xeyriyyəçi kişilərindən biri olub. O, Novruz  bayramından bir həftə əvvəl kəndin bütün kasıb-kusublarının siyahısını tutdurar və hamısına sovqat göndərərmiş. Amma faytonçusuna tapşırarmış ki, bayram payının onlara kimin verdiyini bir kimsəyə deməsin. çünki Hacı Seyidrza Axund həmin insanın onunla rastlaşarkən utanacağından ehtiyat edərmiş. 

 Yaxşı yadımdadır,  nənəm qonşudakı bütün qızlara şəkərbura, paxlava bişirməyi, xonça bağlamağı öyrədərdi. Deyərdi ki,  qadının ən böyük üstünlüyü onun əl qabiliyyətində, təmizliyində, səliqə-sahmanlı olmasındadır.

Novruz inancları çoxdur. Qapıpusma, falabaxma və s. Bu, əsasən,  gənc qızlar, gəlinlər arasında geniş yayılıb.  Hərçənd mən fala o qədər də inanmıram, amma mən onların  arasında ən çox ürəkdə niyyəttutma inancına inanıram. Məsələn, ürəyində hər hansı bir niyyət tutursan və ilk danışacaq adamdan eşitdiyin sözün nədən ibarət olduğunu gözləyirsən.Bununla da həmin kəlmə ilə sən arzunun yerinə yetəcəyini, yaxud gerçəkləşməyəcəyini müəyyən edə  bilirsən.  Sonra hətta bu niyyətin baş tutanda heyrətlənirsən. Həqiqətən, bu tipli inanclar xalqın sınağından keçmiş məqamlardır.

 

BDU-nun jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli:

- Mən Novruzu  dini bayram  hesab etmirəm, amma  o mənim üçün müqəddəsdir. Novruz deyəndə əkin-biçin yada düşür, bilirsən ki, 20 gündən sonra ağaclar çiçəkləyəcək, güllər açacaq. İnanclara gəlincə isə "papaqatdı", "qulaqpusdu" mənim üçün əzizdir. Hansı vaxt olursa olsun, çox sevinirəm ki, mənim də qapımı döyürlər. Qulaqpusduya, əsasən, qadınların marağı çoxdur. Həmin günü evdə ancaq xoş şeylər danışırıq.

çərşənbə axşamları tonqalların qalanması ilə elə bilirəm dünyaya işıq gəlir. Novruz bayramının hər anı mənim üçün çox əziz və unudulmaz xatirələrlə dolu məqamlardır.

 

Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin  direktoru, əməkdar müəllim, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli pedaqoq Minarə Tahirova:

- Novruz elə  bir bayramdır ki, onun gəlişinə sevinməmək mümkün deyil. Novruzu hər kəs səbirsizliklə gözləyir. 

Novruzda təbiət oyanır, ətrafda bizi əhatə edən  hər şey canlanır. Ən xoşuma gələn küsülülərin barışması, qohum-əqrəbaların bir-birinə gedib-gəlməsi, böyüklərə bu bayram günlərində diqqətin  artmasıdır.

Axır çərşənbə günündə insanların ürəklərində niyyət tutması, qulaqpusmaya çıxması, gənc qızların müxtəlif üsullarla fala baxması kimi adət-ənənələr illərin  sınanmış rəmzləridir. Yadıma düşür ki,  üzüyün qaşı ilə aya baxıb onun neçə günlük olduğunu müəyyən edirdilər. Mən gənclərə də tövsiyə edirəm ki, illərin sınağından çıxmış bu ənənələrə inansınlar, onları  yaşatsınlar.

 

Aynur GüLüSTAN

 

 

 

 

 

 

Təbiətin oyanış çağı

Nərgiz Quliyeva (Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun müasir dövr etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi,  tarix elmləri doktoru):

- Elimizin ən ülvi hisslər əsasında əsrlərdən bəri hifz edib saxladığı Novruz bayramı bu gün də bol-bərəkətli məhsul yetişdirmək, kənd əməkçilərinin uğurlu illərinin başlanğıcı, uzaq ölkələrdən uçub gələn quşların şən nəğməsi, ailələrin sevinci kimi xalqımızın həyatında dərin kök salmışdır. Novruz bayramı bütövlükdə xalq ilə bağlı olduğuna görə xalqımızın Novruzla səsləşən musiqisi, rəqsləri, mahnıları, şənlikləri çoxdur. Deyişmələrlə yanaşı, güləş, dirədöymə və onlarca başqa əyləncələr də vardır. Azərbaycan xalqının nəcib xüsusiyyətlərini əks etdirən keyfiyyətlərdən biri də ailədə övladları vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Vətəni qorumağa yollananlara uğur arzulayır, arxalarıyca su atırdılar. Anaların, bacıların istəklilərinə inamına görə bu bir qab su döyüşə yollananların uğurunu açır, yolunu aydın edərdi.

Novruzda bişirilən şirniyyatlar səma cisimlərinin - şəkərbura ayın, paxlava ulduzun, şorqoğalı Günəşin rəmzidir.

 

Əli Əhmədov (BDU-nun biologiya fakültəsi torpaqşünaslıq kafedrasının professoru, biologiya elmləri doktoru):

- Novruzun gəlişi ilə təbiət oyanır, həyat canlanır, bolluğun, firavanlığın əsası qoyulur. Bütün çiçəklərin ətri, quşların nəğməsi ətrafa yayılır, meşələr yarpaqlanır. Torpaq heç kimə borclu qalmır, onun üstündə zəhmət çəkənlərə, tər tökənlərə o öz barını, bol nemətini əsirgəmir. Amma yuxarıda dediklərimizlə bərabər, torpaq həm də çoxsaylı ekoloji funksiyalar yerinə yetirir. Hər il Yer kürəsində fotosintez prosesi ilə külli miqdarda bioloji məhsul əmələ gəlir. Bu qalıqlar çürüyərkən ətraf mühitdə çoxlu miqdarda antisanitariya prosesləri baş verir. Həmin qalıqlar torpaqda basdırılanda çürümə prosesi yenə də davam edir və ayrılan qaz qatışıqları torpaq tərəfindən udulduğu üçün ətraf mühitin çirklənməsinin qarşısını alır. Torpaq planetimizdə tənzimləyici rol oynayır. Nəzərə alsaq ki, yazın başlanğıcından payız ayının sonuna kimi, yarpaqlar tökülənədək bitkilər nə qədər fotosintez prosesində karbon qazını mənimsəyirlərsə, karbon qazı qış aylarında torpaq onun məhlulu tərəfindən udulub saxlanılır. Əhatə olunan mühitdə qazlar qatışığının nisbətinin saxlanmasına şərait yaradırsa, digər tərəfdən yaz fəslində havalar istiləşəndə bitkilərdə yaşıl yarpaqların əmələ gəlməsi mərhələsində qış fəslində topladığı karbon qazını hissə-hissə ayırıb yerüstü mühitə verməklə bütün vegetasiya müddətində bitkilərdə baş verən fotosintez prosesi üçün xammal rolunu oynayır...

Hazırladı:

Sifai SƏFƏROVA

 

 

 

 

 

Tələbələrin bahar şənliyi

Qafqaz Universitetinin tələbə və müəllim heyəti xalqımızın əziz bayramı olan Novruzu hər il təntənə ilə qeyd edirlər. Bu il tələbələr bayram şənliyini Xırdalan Şəhər Mədəniyyət Sarayında keçirdilər.

 

Şənliyin əsas təşkilatçıları universitetin xor, teatr və rəqs klubları idi. Lakin onda istedadlı, şeiri, sənəti sevən və qiymətləndirən bütün tələbələr ifaçı qismində iştirak edirdilər.

Aparıcılar zala toplaşanları bayram münasibəti ilə təbrik edəndən sonra söz universitetin rektoru, professor Əhmət Saniçə verildi. Novruzu bütün Şərq dünyasının önəmli bayramı kimi səciyyələndirən Əhmət bəy türklərin də bu bayramı çox sevdiyini, Orta Asiyadan Balkanlaradək hər yerdə onun qeyd edildiyi bildirildi.

Sonra tələbələr hazırladıqları bayram proqramını təqdim etdilər. Onların ifasında bahara, Novruza həsr olunmuş şeirlər, mahnılar səsləndi. Teatr qrupu maraqlı səhnəciklər nümayiş etdirdi, rəqs qrupunun üzvləri milli rəqslərimizi ifa etdilər. Novruz atributları Kosa və Keçəlin göstərdikləri məzəli səhnəciklər, danışdıqları macəralar mərasim iştirakçılarında xoş ovqat yaratdı.

Y.ƏLİYEV

 

 

 

 

 

A kosa-kosa, gəlsənə...

Martın 18-də paytaxtımızdakı 96 nömrəli körpələr evi - uşaq bağçasında bayram ovqatı vardı. Müəssisənin məktəbə hazırlıq qrupunda tərbiyə alanlar Novruz şənliyinə yığışmışdılar. Körpə fidanların bayram sevincini bölüşməyə xeyli qonaq - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbəqədər təhsilə cavabdeh rəsmiləri, şəhərin 11 rayonundan 25 nəfərdən çox bağça müdiri və musiqi rəhbəri, valideynlər və b. da gəlmişdi.

Qrupun tərbiyəçisi Firuzə Məmmədovanın, musiqi rəhbəri Sevinc Vəliyevanın, tərbiyəçi Balaxanım Abdullayevanın yaxından köməyi və təşkilatçılığı ilə körpə fidanlar maraqlı bayram proqramı hazırlamışdılar.

Bayram mərasimini açan 96 nömrəli körpələr evi - uşaq bağçasının müdiri Ruhəngiz Qurbanova şənlik iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi, qonaqlara "xoş gəldin" dedi. Sonra meydan al-əlvan geyimli uşaqlara verildi.

Balaca Nəcibə, Firuzə, Müzəffər, Umud və başqaları Novruza, bahara həsr olunmuş şeirlər söylədilər, mahnılar, rəqslər ifa etdilər, səhnəciklər göstərdilər.

Kosa və Keçəl, Bahar qızı da həmin gün uşaqların qonağı idi. Daha doğrusu baharın girməsini, Novruzun gəlişini burada tərbiyə alan 175 nəfər uşağa xəbər verməyə, onları əyləndirməyə gəlmişdilər. Uşaqlar onları dövrəyə aldılar. Hamı Kosadan, Keçəldən, Bahar qızından bayram payı, sovqat istəyirdi. Onlar öz şux, məzəli sözləri, hərəkətləri ilə uşaqları əyləndirdilər, onların körpə qəlblərinə sonsuz sevinc və fərəh bəxş etdilər.

Beləcə, 96 nömrəli körpələr evi-uşaq bağçasında həmin gün nəğmə, şeirlə dolu xoş anlar yaşandı.

Y.ƏLİYEV

 

 

 

 

 

Məktəblilər bayram sevincini yaşayırlar

Bu gün təhsil ocaqlarında  bir bayram əhval-ruhiyyəsi yaşanır  və məktəblilər  hazırladıqları maraqlı çıxışları ilə valideynlərini, müəllimlərini, qohum-əqrəbalarını, eləcə də bir-birlərini sevindirir, təbrik edirlər.

 

Paytaxtdakı 38 nömrəli orta məktəbdə də Novruz bayramı böyük təmtəraqla keçdi.  Məktəbin  V, VI, VII sinif şagirdləri şairlərimizin, aşıqlarımızın Novruza, baharın  gəlişinə həsr etdikləri şeirlərindən parçalar  söylədilər, səhnəciklər göstərdilər. Onlar  nənə və babalarından eşitdikləri xalq inanclarını, deyimlərini tədbir iştirakçılarına çatdırdılar.  

Aşağı sinif şagirdlərinin ifasında  rəqs nömrələri  göstərildi. Bayram mərasimində uşaqların milli geyimlərdən istifadə etməsi tədbiri daha da yaddaqalan  etdi.

Kosa ilə keçəlin məzəli rəqsləri şagirdlərdə yazla qışın görüşü təəssüratını yaratdı. Tədbirdə VIII, XI sinif şagirdləri ilə yanaşı, məktəbin müəllimlərindən Mehparə Məmmədova, Nəzakət Seyfəlova, Flora Dadaşova da fəal iştirak etdilər.

Martın 18-də Bakının 36 nömrəli orta məktəbində də Novruz yüksək əhval-rühiyyə ilə qeyd olundu. Məktəbin direktoru İradə Babayeva tədbir iştirakçılarını əziz bayram olan Novruz münasibəti ilə təbrik etdi. Hamının sevimlisi sayılan Bahar qızı ağ at üstündə məktəbin həyətinə daxil oldu. O da öz növbəsində Novruz bayramı münasibəti ilə tədbirə gələn qonaqları, şagird və pedaqoji kollektivi ürəkdən təbrik etdi. Ən maraqlı Novruz inanclarından biri olan  tonqal yandırıldı və şagirdlər tonqalın ətrafında milli bayrama aid şeirlər söyləyərək, mahnılar oxudular. Sonda şagirdlərin bayram əhval-ruhiyyəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu. 

 

Rəşad ZİYADOV