· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Unudulmazlar

O, bir yaz günü dünyaya göz açmışdı

Xalqımızın böyük və unudulmaz şairi Səməd Vurğunun anadan olmasının 102-ci ildönümü münasibətilə onun keçdiyi ömür yoluna işıq salmaq üçün şairin qızı, Səməd Vurğun Fondunun prezidenti və S.Vurğun ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Aybəniz Vurğunqızı ilə görüşməyi qərara aldıq.

Gözlərini məchul bir nöqtəyə dikib dərin xəyala daldı. Yəqin ki, uzun illərin arxasından boylanıb qayğısız uşaqlıq illərini, atalı günlərini xatırlayır, olub-keçənləri bir-bir xəyal süzgəcindən keçirirdi, atası haqqında unudulmaz, əziz xatirələrini danışmaq üçün sözə haradan başlayacağını götür-qoy edir, düşünüb daşınırdı. Nura qərq olmuş çöhrəsində kədər qarışıq sevinc sezilirdi. Fikrini cəmləşdirib söhbətə çox uzaqdan, keçmişdən başladı...

 

Kasıb sözü atamı təzyiqlərdən qoruyub

 

Atamın tərcümeyi-halında kasıb bəy ailəsində dünyaya gəldiyi yazılırdı. 6 yaşında anasını, 16 yaşında isə atasını itirən atam nənəsinin himayəsində yaşayıb, o da tez bir zamanda dünyadan köçüb. Başsız qalan atamla Mehdixan əmim çətinliklərə baxmayaraq, iki qardaş əl-ələ verib bir-birinə dayaq olur və həyatda layiqli mövqe tuta bilirlər.

Atam Bakıya gələndən sonra tez-tez xalamın əri Abdulla Şaiqin evinə gedir, onunla sıx münasibətdə olur. Anamı da onlarda görüb bəyənir, fikrini dostuna bildirir. Abdulla Şaiq bu izdivaca sevinərək, məsələni nənəmə danışır, razılıq verməsini xahiş edir. Nənəm də, mən qızımı nazirə, böyük idarə müdirinə vermərəm, yazı-pozu adamına, şairə verərəm. çünki onlar hər şeyi başa düşən, insana qiymət verməyi bacaran savadlı adamlar olur, deyib və qızı Xavəri atama verməyə razı olub. Atam da sonralar nənəmə böyük hörmətlə yanaşıb, onu özünə doğma ana hesab edib. İsfəndiyar dayıma da həmişə qayğı göstərib, onu bir neçə dəfə bəlalardan qurtarıb.

Müharibə illərində dayım zavodda işləyirdi. Bir dəfə tramvayda yuxulu olduğu üçün içində fəhlələrin maaşı olan çantasını oğurlayırlar. O zaman vəziyyət ağır idi, işə hərbi tribunal baxacaqdı.  Atam həmin vaxt "Fərhad və Şirin" poemasına görə əlli min manat məbləğində Stalin mükafatı almışdı. Tərəddüd etmədən həmin pulun hamısını dayıma verib fəhlələrin maaşını paylamasını tapşırmışdı. Onları ac qoymaq olmaz demişdi. Beləliklə, dayımı hərbi tribunala düşüb uzunmüddətli həbsdən xilas etmişdi. Elə həmin dövrdə "Vaqif" əsərinə görə aldığı mükafatı isə müharibə zamanı fəaliyyət göstərən "Qələbə fondu"na keçirmişdi.

Atamın tərcümeyi-halına yazılan kasıb sözü onu zamanına görə uzun müddət təzyiqlərdən qorumuş, layiqli mövqe qazanmağına kömək etmişdir. Yoxsa bəy balası kimi onu da vaxtından qabaq həbs edib sürgünə göndərərdilər.

 

Atam incə duyumlu, kövrək qəlbli, xeyirxah bir insan idi

 

O, bizimlə təkcə valideyn kimi deyil, həm də yaxın dost kimi rəftar edər, bizi heç vaxt cəzalandırmazdı. Əgər tərəfimizdən hər hansı bir problem yaranardısa, həmin problemi təzyiqlə deyil, demokratik, sülh, əmin-amanlıq şəraitində yoluna qoyar, arzu və istəklərimizi nəzərə alar, dəyərli tövsiyələri ilə bizi başa salardı. Elə buna görə də ondan çəkinməz, bizi düşündürən məsələ barədə onunla məsləhətləşər və xeyrini də görərdik. Onun xeyirxahlığını heç vaxt unuda bilmir, əksinə, bundan sonsuz qürur hissi duyuram. Şahidi olduğum iki hadisəni sizə danışmaq istəyirəm.

Bir gün məktəbdən qayıdanda atama bizimlə eyni sinifdə oxuyan bir qızın məktəbi qurtarmağımız münasibətilə keçirəcəyimiz tədbirə geyinib gəlmək üçün babat paltarı olmadığını, ehtiyac içində yaşadığını söylədim. Atam bir an fikrə getdi, sonra, "Sabah həmin qızı bizə gətirərsən, hər ikiniz üçün təzə paltar alacağam, sizə təzə ayaqqabı tikdirəcəyəm", - dedi. İki günün içərisində atam dediklərinə əməl etdi. Həmin qızın sevincdən uçmağa qanadı yox idi.

Məktəbi qurtarmağım münasibətilə böyük bir ziyafət təşkil etmişdi. Elə bu oturduğumuz otaqda yığışmışdıq. Müəllimlərim, rəfiqələrim həmin məclisdə iştirak edirdilər. Səhəri gün atama dedim ki, bir rəfiqəm var, onun da anası bu münasibətlə qızının şərəfinə qonaqlıq verir. Ora gedəcəyəm. "Qızın atası kimdir?" - deyə atam soruşdu. "Atası müharibədə həlak olub", - dedim. ünvanı məndən soruşsa da, səbəbini demədi. Rəfiqəmgilə ziyafətə yığışmışdıq. Məclisin şirin yerində həyətdən atamın "Ay ev yiyəsi, gəlmək olarmı?" çağırışını eşitdik. Atamdır, deyib sevinclə ayağa qalxdım. Atam içəri keçib mənə məhəl qoymadan yuxarı başda əyləşdi. Rəfiqəmin şəninə gözəl sağlıqlar deyib ona xoşbəxtlik dilədi. Atamın gəlişi bu balaca ailəyə hədsiz sevinc gətirmişdi. Sonra atamın həmin məclisə qəfil gəlişinin səbəbini soruşdum. "Böyüyəndə bilərsən, qızım", - deyə cavab vermişdi. Bəli, həmin qızın atasızlığı atamın qəlbini kövrəltmişdi.

Bir dəfə Ağsudan bir valideyn Bakıya gəlib atama şikayət edir ki, sizə görə riyaziyyat müəllimi oğlumu sinifdə saxlayır. Müəllim deyirmiş ki, Səməd Vurğunu bilməyən şagirddən nə yaxşı vətəndaş, nə yaxşı insan, nə də yaxşı riyaziyyatçı olar. Atam Ağsu Rayon Partiya Komitəsinin birinci katibinə zəng edir. Beləliklə, həmin uşağı sinifdə saxlamırlar. Atam, istər uşaq olsun, istərsə də böyük, hamıya belə həssaslıqla, qayğı ilə yanaşardı. O, qəlbən çox gənc idi, amma zahirən hədsiz qocalmışdı. Bütün bunlar həyatı boyu haqsızlıqlarla qarşılaşdığı üçün baş verirdi.

 

O, böyük nüfuzunu xalqının tərəqqisinə yönəldərdi

 

Atam o zaman SSRİ məkanında böyük nüfuz sahibi idi. Yaxşı yadımdadır, ümumittifaq yazıçılarının ikinci qurultayında iyirmiillik sovet poeziyası haqqında çıxış Səməd Vurğuna tapşırılmışdı. öz dövrünə görə Azərbaycan Yazıçılar İttifaqı üçün bu, böyük hadisə idi. Mən lojada oturmuşdum, həyatımda ən çox qürur keçirdiyim anları yaşayırdım. Atamdan çox zalda oturanlara baxır, onların necə hərarətlə atamı qarşıladıqlarından sevinir, böyük fərəh hissi duyurdum. Atamın sovet poeziyası barədə irəli sürdüyü həlli vacib məsələlər qurultay nümayəndələri tərəfindən bəyənildi və alqışlandı.

Atam təkcə şair kimi deyil, həm də ictimai-siyasi xadim və alim kimi geniş şöhrət qazanmışdı. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yarananda ilk akademiklərdən biri atam olub. ömrünün son illərində isə akademiyanın vitse-prezidenti vəzifəsində çalışırdı.

Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan başqa dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, tarixçi Mahal Məmmədov, filosof Camal Mustafayev və bir çoxlarının elmə gəlməsi Səməd Vurğunun təkidi ilə olub. Təqaüdü az olanlara pul göndərər, başqa yerə oxumağa gedənlərin ailəsinə kömək edərdi.

Yaxşı yadımdadır, başqa yerə oxumağa göndərilən bir gənc bizə gəlmişdi. Maddi vəziyyətinin ağır olduğunu, buna görə də oxumağa gedə bilməyəcəyini atama danışdı. Atam ona, "Sən narahat olma, get, təhsilini davam elə, dediyim kimi sənə hər ay pul göndərərəm", - dedi. Birdən göndərməzsiniz, deyə gənc inamsızlığını bildirdi. Atam "Yox, mütləq göndərərəm, arxayın ol", - deyib gənci inandırmağa çalışdı. Gənc nə fikirləşdisə, "Bir ay, iki ay göndərdiniz, sonra tamam yaddan çıxdım, göndərmədiniz, onda gərək mən təhsilimi yarımçıq qoyub geri qayıdam", - deyərək tərəddüd etdiyini büruzə verdi. Atamın yerinə kim olsaydı, ona göstərdiyi inamsızlığa görə gəncə qəzəblənər, bəlkə də onu evdən qovardı. Atamın üzünə baxdım, əlini bığına apardığından hirsləndiyini sezdim. Hirslənəndə həmişə belə edərdi. O, yenə də xislətinə xilaf çıxmadı, qəzəbini içində gizlədərək təbəssümlə oğlana baxdı.

"Düz deyirsən, dedi, belə şeylər olur, söz verib aldadırlar. Ancaq sən belə edərsən, pulun bir gün geciksə, poçta gedərsən, oradan mənə teleqram vurub yazarsan ki, "Səməd müəllim, kişinin sözü bir olar". Mən də həmin teleqramı alan kimi sənə pul göndərərəm". Sonra stolun daxılından götürdüyü bir qundaq pulu gəncə verib, "üç ayın puludur, birini üst-başına, paltara verər, özünə kostyum alarsan, qalanını xərcləyərsən, iki aydan sonra sənə yenə pul göndərəcəyəm", - deyib hər ay yardım etdiyi adamların siyahısını oğlana göstərdi. Həmin siyahıda adını görən gənc şairə olan inamsızlığından xəcalət çəkdi, atamdan üzr istədi. Vidalaşıb getmək üçün qapıya yaxınlaşanda atam onu saxladı, "Bu evə gələn bu evdən ac getməyib", - dedi. Gənci süfrə başında əyləşdirdi, çörək yeyə-yeyə qılıqlı zarafatlarıyla könlünü aldı, onda gələcəyə böyük inam yaradaraq hörmətlə yola saldı, yaxşı oxumasını tövsiyə etdi.

Bir dəfə atama xəbər verirlər ki, Gəncədə böyük bir çinar ağacını kəsmək istəyirlər. Atam təcili ora gedib bu işin qarşısını alır və ürəkağrısı ilə "çinarın şikayəti" adlı şeirini yazır. Qazaxda olan "Hacı Mahmud əfəndi" türbəsini müharibə vaxtı dağıtmaq istəyiblər. Atam qorxmadan bunun da qarşısını ala bilib.

 

Atam qəzəblənərək buldozerçinin üstünə silah çəkmişdi

 

1952-1953-cü illərdə Qobustan qayalarını dağıdaraq burada daş karxanası yaratmaq istəyiblər. Elə buna görə də ora ağır texnika və dağıdıcı buldozerlər göndərilib. Bu hadisəni eşidən atam şəhər prokurorunu götürüb təcili ora gedir. Buldozerçinin onun sözünə baxmaq istəmədiyini sezən atam qəzəbləndiyi üçün prokurorun tapançasını götürüb ona buldozerdən düşməyi tələb edir, əks halda, güllələyəcəyini bildirir. Hədsiz humanist olan atamın bu hərəkəti prokuroru mat qoyur. Beləliklə, xalqın qədim tarixini dağıtmağa imkan vermir. Sonralar arxeoloqlarla ora tez-tez gedir, Qobustanın tarixi qoruq kimi saxlanılmasında əlindən gələni əsirgəmir. O zaman təzə fəaliyyət göstərməyə başlayan alimlərimiz baş vermiş bu hadisədən məlumatlıdırlar.

ümumiyyətlə, Səməd Vurğunun yaradıcılığı hələ tamam öyrənilməyib. Bizə məlum olmayan qaranlıq məqamları araşdırmaq, üzə çıxararaq, xalqa çatdırmaq ən azı xeyirxahlıq olardı.

 

Təzyiqlərə məruz qalan şair üçün DTK-da qovluq açılmışdı

 

Başqaları kimi atam da otuzuncu illərdə təqib olunur, millətçilikdə ittiham edilirdi. Xalqın keçmişi ilə bağlı yazdığı əsərləri ona baha otururdu. Həmin illərdə bu vəziyyətdən salamat çıxmasına səbəb onun məhsuldar işləməsi olub. Belə ki, Puşkinin "Yevgeni Onegin"ini tərcümə edib, bolqar kommunisti Dmitrova həsr etdiyi poemasını yazıb. Buna baxmayaraq, otuzuncu illərdə DTK-da atam üçün xüsusi qovluq açılır və haqqında olan yalan məlumatları həmin qovluğa yığaraq onu "vurmaq" üçün məqam axtarırlar.

1940-cı illərin axırları, 1950-ci illərin əvvəllərində hökumət rəhbərləri ziyalıların iştirakı ilə tez-tez yığıncaqlar keçirirdi. Tarixi dəqiq yadımda deyil, belə yığıncaqların birində mən də iştirak edirdim. M.Bağırov çıxış edərək atamı tənqid edib, ona millətçi damğası vurdu. Atamı o zamanlar xalq düşməni sayılan Dadaş Bünyadzadə ilə müqayisə edib, bunların yalnız bir fərqi var, dedi: - Dadaşın gözləri qonur, Səmədin gözləri isə qaradır. Səməd millətçi olmasaydı, heç olmasa uşaqlarının biri rus dilində təhsil alardı. Hər üçünü Azərbaycan məktəbinə qoymazdı.

M.Bağırovun bu çıxışından sonra bədənim keyləşdi, başımın tükü qabardı, şiddətlə döyünən ürəyim az qala yerindən çıxacaqdı. Atamın bu dəqiqə həbs edilərək gedər-gəlməzə göndəriləcəyini düşündüm. Belə vəziyyətimdə atamdan başqa mənə heç kim kömək edə bilməzdi. Az qala hədəqəsindən çıxacaq böyümüş gözlərim atama dikilmişdi. Onun hərəkətlərini səbirsizliklə gözləyirdim. M.Bağırovun bu çıxışından sonra atamı həbsdən və Sibirə sürgündən yalnız möcüzə qurtara bilərdi. Həmin möcüzəni də atam yaratdı.

Sonra söz Səməd Vurğuna verildi. Atam gözləmədiyim böyük səbr və təmkinlə danışaraq, "Mən yoldaş Bağırovun birinci ittihamına - "xalq düşməni" olmağıma  cavab vermək istəmirəm. çünki mən həyat yolumla, yaradıcılığımla bunu çoxdan xalqıma sübut etmişəm. Qaldı ki, mənim uşaqlarımın rus məktəbində oxumamalarına, yoldaş Bağırov unudur ki, mən şairəm, uşaqlarım məni tərcümə olunmuş başqa dildə oxusalar, bu mənim üçün böyük faciə olar", - dedi.

Atamın bu sözlərindən sonra zalda gurultulu və sürəkli əl çaldılar. Rəyasət heyətində oturanların çoxu, xüsusilə M.Bağırov zalda oturanları qəzəbli baxışlarla süzdü. Bir an keçəndən sonra M.Bağırov özü də əl çalmağa başladı. Mən onda bir daha atamın qüdrətini gördüm.

Bir dəfə də Mərkəzi Komitədə atamın "Aygün" poemasının müzakirəsi keçirilirmiş. Əlixanyan familiyalı bir erməni rus dilində çıxış edərək əsəri tənqid edir. Atam ayağa qalxıb Azərbaycan dilini bilməyən bir erməninin onun əsərini tənqid etməsini rədd edir. M.Bağırov əsəbiləşərək atamı intizamsızlıqda günahlandırır, - əgər razı deyilsənsə, buranı tərk edə bilərsən, - deyir. Atam ona xüsusi cavab verir:

- Sizin məni qovmağa ixtiyarınız yoxdur, mən sizin evinizdə deyiləm. Mən partiya üzvüyəm, özüm də partiya evindəyəm, - deyib öz yerində oturur.

Müharibə illərində əsir düşmüş yazıçı Süleyman Vəliyev dava qurtarandan sonra Vətənə qayıdır. Onu DTK-ya çağırıb Səməd Vurğunu izləməsini və ondan lazımi danos verməsini tapşırırlar. Süleyman Vəliyev: "Əvvəla, S.Vurğun xalq düşməni deyil, sonrası da mən müharibədə olanda o, həmişə mənim ailəmə əl tutub, kömək edib. Belə haqsızlığa yol verə bilmərəm", - deyib etiraz etdiyi üçün onun özünü xalq düşməni kimi Sibirə sürgün edirlər.

Göründüyü kimi, atamın xeyirxahlığı, etdiyi yaxşılıqlar həmişə qarşısına çıxıb, onu bəlalardan hifz edib.

Atamın 50 illiyi münasibətilə "Xalq şairi" fəxri adı təsis edilir və bu ad ilk olaraq atama verilir. Bu ada çox sevinsə də, ölüm yatağında olduğu üçün bu adın ləzzətini və şöhrətini duymaq ona qismət olmadı. Dünyadan vaxtsız köçsə də, bu gün xalqın qəlbində yaşamasına, hər il martın 21-22-si Səməd Vurğun poeziya günlərinin keçirilməsinə sevinir, bundan təskinlik tapıram. Sevindirici haldır ki, YUNESKO-nun qərarı ilə hər il martın 21-i ümumdünya poeziya günü kimi tarixə salınmışdır. Bu da atamın tale yazısıdır. Axı o bir  yaz günü, martın 21-i dünyaya göz açmışdı.

Nizami MİRZƏ