· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

YUNESKO-nun Baş direktoru regional konfransın yüksək səviyyədə təşkilindən razılıq etdi

 

YUNESKO-nun "Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə regional konfransında iştirak edən bu qurumun Baş direktoru cənab Koişiro Matsuura mayın 15-də "Hyatt Regency" otelinin Quba zalında mətbuat  konfransı  keçirdi.

Konfransı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq qonaqları və KİV nümayəndələrini salamladı. Nazir YUNESKO-nun belə nüfuzlu tədbirinin Azərbaycanda ilk dəfə keçirildiyini və cənab Koişiro Matsuuranın onda iştirakını xüsusi qeyd edib, bunu ölkəmizə göstərilən etimad kimi dəyərləndirdi. YUNESKO ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, nüfuzlu beynəlxalq qurumun dəstəyi ilə ölkəmizin təhsil sistemində bir sıra irimiqyaslı layihələr həyata keçirildiyini vurğulayan Misir Mərdanov buna misal olaraq ölkəmizdə inklüziv təlim sahəsində görülən işləri, ali məktəblərin bir neçəsində YUNESKO kafedralarının fəaliyyət göstərməsini,  peşə  təhsili  ilə  bağlı  əldə olunmuş razılaşmanı qeyd etdi.

Nazir bildirdi ki, regional konfransın sonunda da YUNESKO ilə Azərbaycan arasında yeni layihələr barədə təkliflər irəli sürmək fikrindədirlər. Nəzərdə tutulan həmin layihələr barədə media mənsublarına məlumat verən nazir dedi ki, gələcəkdə yeni tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılması, məktəbəqədər təhsilin məzmunu, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi, ali məktəblərin akkreditasiyası  ilə bağlı ekspert köməyinin göstərilməsi xahişi ilə YUNESKO-ya müraciət etmək nəzərdə tutulub.

Nazir habelə müəllim fəaliyyətinin lisenziyalaşdırılması, ixtisasartırma və təkmilləşdirmədə yeni mexanizmlərin hazırlanması, Azərbaycanın təhsil müəssisələrində xarici dillərin tədrisinin yeni, müasir tələblərə cavab verən mexanizmlərinin hazırlanması, yeni monitorinq mexanizmlərinin işlənməsi barədə birgə əməkdaşlıq etmək, peşə təhsili sahəsində əməkdaşlığı davam etdirmək xahişi ilə də YUNESKO-ya  müraciət etmək fikrində olduqlarını bildirdi.

Mətbuat konfransında çıxış edən YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuura regional konfransın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, onun savadlılıq və yaşlı əhalinin təhsilinə münasibətdə ölkələrin məlumatlılığının yüksəldilməsində, yaşlıların təhsil və savadlılığın təbliğində, savadlılıq və yaşlıların təhsil sahəsində problemlərin müəyyənləşdirilib müzakirə olunması və s. məsələlərdə mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Başçılıq etdiyi təşkilatla Azərbaycanın sıx əlaqələr qurmaq təşəbbüsünü, mövcud əməkdaşlıq əlaqələrinin getdikcə daha da inkişaf etməsini yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbəri YUNESKO-nun irəli sürdüyü bir sıra qlobal proqramlarda ölkəmizin daha yaxından iştirakını zəruri saydı. Ali qonaq çıxışının sonunda göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.

Mətbuat konfransında cənab Koişiro Matsuura və Misir Mərdanov jurnalistlərin suallarını cavablandırdılar.

Y.ƏLİYEV