· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda YUNESKO-nun regional konfransı başlanmışdır

AzərTAc xəbər verir ki, mayın 14-də Bakının "Gülüstan" sarayında Dünyada Savadlılığın Dəstəklənməsi üzrə YUNESKO-nun Regional Konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda konfransı başlanmışdır.

YUNESKO-nun, Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşkilatçıları olduğu konfrans Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilir. Konfransda YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, Hollandiya şahzadəsi xanım Laurentien, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferial və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottir, habelə bir sıra ölkələrin təhsil nazirləri və çoxsaylı mütəxəssisləri, Azərbaycan hökumətinin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər. "Gülüstan" sarayında mövzu ilə bağlı "BMT-nin Savadlılıq Onilliyi" mövzusunda sərgi də təşkil olunmuşdur. Sərgidə VIII əsrdən XX əsrin əvvəllərinə qədər məktəb və mədrəsələrdə dərs vəsaiti kimi istifadə edilən müqəddəs "Qurani-Kərim"in müxtəlif dövrlərə aid nüsxələri, habelə Azərbaycanda mövcud qədim kitablar və yeni dərs vəsaitləri, müxtəlif illərə aid ensiklopediyalar, əlifba kitabları və lüğətlər, ümumilikdə 18 adda qədim kitab və 183 dərs vəsaiti nümayiş etdirilir.

Avropanın 31 ölkəsini əhatə edən konfransı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açaraq qonaqları salamladı.

Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu. (Təbrikin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində çıxış etdi.

 

 

 

 

 Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışı

 

- Cənab YUNESKO-nun baş direktoru!

Əlahəzrətlər!

Zati-aliləri!

Xanımlar və cənablar!

Mən Avropada savadlılığın dəstəklənməsi mövzusunda YUNESKO-nun regional konfransının bütün iştirakçılarını və qonaqlarını səmimiyyətlə salamlayıram. Hamıya "Azərbaycana xoş gəlmisiniz" deyirəm!

YUNESKO-nun təhsilin inkişafı sahəsindəki fəaliyyəti bütün dünyada yüksək dəyərləndirilir. Mən bu fürsətdən istifadə edərək, YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuraya elm, təhsil və mədəniyyətə dəstək sahəsində yorulmaz və hərtərəfli fəaliyyətinə və ölkələr arasında əməkdaşlığın qurulmasında göstərdiyi xidmətlərə görə minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda mən məmnunluqla burada xüsusi qonaqlarımızı - əlahəzrət Hollandiya şahzadəsi xanım Laurentieni, əlahəzrət şahzadə Ferialı və YUNESKO-nun xoşməramlı səfiri, zati-aliləri xanım Viqdos Finboqadottiri salamlayıram. Bu konfransı fəal şəkildə dəstəklədiklərinə və bu gün bizimlə olduqlarına görə onlara xüsusi təşəkkürümü bildirirəm.

Bu gün biz 30-dan artıq Avropa ölkəsindən gəlmiş milli təhsil sistemlərinin rəhbərləri və rəsmiləri, eləcə də tanınmış ekspertlər və bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşməkdən məmnunuq.

Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfranslarının davamıdır. Bu, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviq edilməsinə yönəlmiş birgə səylərin bir hissəsidir.

Hazırda YUNESKO hər bir ölkənin xalqı üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir.

Avropa ölkələrində təhsilin sonrakı inkişafı üçün hazırkı forumun əhəmiyyətini qeyd etməmək mümkün deyildir. Bu tədbir qitəmizdə savadsızlığa aid problemlərin səmərəli həllinə yardım edəcəkdir.

Avropa ölkələri milli siyasəti vasitəsilə savadlılığı uğurla təşviq etmişlər. Bununla belə, ümumi savadlılığın ənənəvi yüksək səviyyədə qalmasına baxmayaraq, bu sahədə hələ də xüsusi problemlər və çağırışlar mövcuddur.

Konfransımız geniş Avropa ictimaiyyətinin savadlılıq və böyüklərin təhsili sahəsində ən aktual məsələlərin həllinə diqqətini cəlb etmək məqsədini daşıyır. Bu, cari təhsil problemlərini müzakirə etmək üçün xüsusi bir fürsətdir. Tədbir yeni ideyalar, təcrübə və ən münasib iş barədə fikir mübadiləsinə imkan verəcəkdir.

Konfrans ümumi yanaşmaları, habelə savadlılıq və böyüklərin təhsilini təşviq etmək məqsədi ilə istifadə olunan səmərəli üsulları və vasitələri müəyyən edəcəkdir. Biz konfransın yekun sənədlərində və tövsiyələrində Avropada təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş yeni razılaşdırılmış ideya və tədbirlərin öz əksini tapacağını gözləyirik.

Bu forum müxtəlif milli hökumətlərin və beynəlxalq təşkilatların gördüyü tədbirlər haqqında məlumat verəcək və dialoqu gücləndirəcəkdir. O, Avropa qitəsində savadlılığın yüksək standartını təmin edəcəkdir.

ümidvaram ki, konfrans savadlılıq və təhsil sahəsindəki problemlərin həlli üçün milli strategiyaların formalaşdırılmasına mühüm töhfə verəcəkdir. Bu tədbir hamı üçün təhsil proqramının uğurla həyata keçirilməsinə xidmət edəcəkdir.

Mən bu cür mühüm konfransın Bakıda keçirilməsini təhsil sahəsində öz siyasətinin təşviq olunmasında Azərbaycanın əldə etdiyi nailiyyətlərin bəyənilməsi kimi qiymətləndirirəm. Şadam ki, YUNESKO və Azərbaycan bir çox sahələrdə uğurla çalışır və hazırda sıx dəstəkləyici tərəfdaşlıq qurublar.

Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Müasirləşmə siyasəti həyatın bütün sahələrində müşahidə edilir: iqtisadi, siyasi və mədəni sahələrdə. Sabit siyasi vəziyyət və artan iqtisadi inkişaf təhsil sahəsində problemlərin uğurla həlli üçün zəmin yaradır. Bu, yeni texnologiyaların tətbiqinə, istifadəsinə və inkişaf etdirilməsinə xidmət edir. Son dörd il ərzində ölkədə altı yüz mindən çox iş yeri yaradılmışdır. Əlbəttə, iqtisadiyyatın bir çox sahələrində, idarəçilik, bank işi və digər sektorlarda mütəxəssislərin formalaşmasına ciddi ehtiyac duyulur. Bu sahədə "Böyüklər üçün təhsil" həyata keçirilən ən uğurlu layihələrdəndir.

Hökumət ən müasir tələblərə cavab verən milli təhsil sisteminin yaradılmasına xüsusi əhəmiyyət verir. Təhsil infrastrukturunun inkişafına və müasir qurğuların tikilməsinə sərmayə qoyur. Təhsilin inkişaf etdirilməsi və onun Avropa standartlarına çatdırılması üçün genişmiqyaslı proqramlar həyata keçirilir.

ölkəmizdə xüsusi dövlət proqramı aşağıdakı mövcud problemlərin həllinə yönəlib: müasir tədris üsullarının zəif şəkildə tətbiqi, mütəxəssislərin formalaşmasında olan çatışmazlıqlar və tədris zamanı müasir informasiya texnologiyalarının aşağı səviyyədə istifadəsi. Bu məsələlərlə biz bir çox digər postsovet ölkələrində üzləşirik.

Hesab edirəm ki, Azərbaycan yaxşı tərəqqiyə nail olub və düzgün istiqamətdə gedir. Bizim ən böyük problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmışdır. Son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşıbdır. Qaçqın-köçkün uşaqları münaqişənin nəticələrindən əziyyət çəkirlər.

Buna baxmayaraq, mürəkkəb vəziyyət olsa da, hökumətimiz həmin uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmişdir. Biz onların təhsil problemlərini həll etmək məqsədi ilə regionlardakı infrastrukturu dəstəkləyən təhsil modelini yaratmışıq. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblər kimi eyni səviyyədə fəaliyyət göstərir. Son on il ərzində bu, bizim ən mühüm nailiyyətlərimizdən biridir.

Təhsilin inkişafına hərtərəfli dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindən biridir. Yaradıldığı gündən etibarən Fond ölkədə təhsilin inkişafına böyük töhfə vermişdir. Misal üçün, "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Fond tərəfindən ölkənin müxtəlif bölgələrində 200-dən artıq məktəb inşa edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur. İnternat məktəblərində uşaqlar üçün təhsil bizim üçün xüsusi əhəmiyyət kəsb edir.

Heydər Əliyev Fondu YUNESKO ilə əlaqələrini genişləndirməkdə davam edir və bu təşkilata dəstək verir. Fond bir sıra birgə layihələr və proqramlar həyata keçirir. 2007-ci ildə ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında YUNESKO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır.

Bugünkü konfrans əməkdaşlığımızın yeni bir nümunəsidir. Birgə əməkdaşlığımız vasitəsilə biz hamının konkret şəkildə yararlanacağı daha möhkəm və uzunmüddətli münasibətlər quracağıq.

Sonda mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu konfrans ölkələrimiz arasında daha sıx və geniş əlaqələrin qurulmasına yeni təkan verəcəkdir. Tədbir bütün Avropa ölkələrinin milli təhsil sistemlərinin nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək və tərəfdaşlığımızı yeni səviyyəyə qaldıracaqdır.

Mən bu tədbirin təşəbbüskarlarına, təşkilatçılarına və iştirakçılarına, habelə hazırkı konfransın hazırlanmasında fəal çalışmış bütün şəxslərə bir daha səmimi minnətdarlığımı bildirirəm.

ümidvaram ki, Azərbaycana səfərinizdən məmnun qalacaqsınız. Mən sizin hamınıza böyük uğurlar arzulayıram. Sağ olun.

***

Sonra YUNESKO-nun Baş direktoruna söz verildi.

 

 

 

 

 

YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın çıxışı

 

- Hörmətli Azərbaycanın birinci xanımı!

Hörmətli Niderland və İordaniya şahzadələri, İslandiyanın sabiq prezidenti!

Hörmətli nazirlər, səfirlər,  xanımlar və cənablar!

YUNESKO-nun savadlılıq, xeyirxahlıq və təhsillə bağlı regional konfransına xoş gəlmisiniz. İcazə verin, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bu konfransa himayəçilik etdiyinə görə öz təşəkkürümü bildirim. Mehriban xanımın təhsilin, mədəniyyətin, sülhün və dialoqun inkişafında əlahiddə rolu var.

İcazə verin, bu tədbirin keçirilməsində göstərdiyi dəstəyə və YUNESKO-ya dərin sədaqətinə görə Mehriban xanıma bir daha səmimi təşəkkürümü ifadə edim.

Mən həmçinin bu tədbirin baş tutmasında göstərdiyi köməyə görə Azərbaycanın Baş nazirinin müavininə, digər nazirlərə təşəkkür edirəm.

Biz bu konfransda Niderland şahzadəsi Laurentienin məruzəsini dinləyəcəyik. Şahzadə Laurentien Niderland Krallığının Yazı və Oxu Fondunun sədridir. Onun savadlılığın sadiq tərəfdarı olması özünün müəllimlik təcrübəsinə əsaslanır.

Biz həmçinin ABŞ-ın birinci xanımı, BMT-nin Savadlılıq Onilliyinin fəxri səfiri Lora Buşun videomüraciətini də dinləyəcəyik. Bu görüş xanım Buşun təşəbbüsü ilə 2006-cı ilin sentyabrında Nyu-Yorkda keçirilən qlobal savadlılıq konfransının davamıdır.

İcazə verin, BMT-nin xoşməramlı səfirlərini, siyasətçiləri, universitetlərin, fondların, qeyri-hökumət təşkilatlarının nümayəndələrini, təhsil üzrə ekspertləri bir daha salamlayım.

Xanımlar və cənablar!

Biz bilirik və inanırıq ki, savadlılıq biliyin təməli və əsas inkişaf vasitəsidir. Təhsildə irəliləyiş olmadan, hətta yoxsulluğun azaldılmasına da nail olmaq mümkün deyildir. Qadınlar arasında savadlılığın artırılması müasir dövrün qarşısında duran ən vacib məqsədlərdən biridir.

Biz bilirik ki, savadlılıq azadlıq, demokratiya, eləcə də fərdi gəlir, işlə təmin olunma, iqtisadi rifah üçün həlledici amildir. Əgər oxumaq və yazmağı bacarmasaydıq, bizim heç birimiz burada olmazdıq.

Ancaq milyonlarla insan hələ də savadlılığın üstünlüklərindən faydalana bilmir. Biz statistik məlumatları çox təkrarlamışıq, lakin icazə verin, yenə də təkrarlayım. Dünyada 774 milyon yaşlı insan var. Onların beşdə bir hissəsi yazmağı və oxumağı bacarmır. Bunların da üçdə iki hissəsini qadınlar təşkil edir. Bundan başqa, 72 milyon uşaq ibtidai təhsil almır və onların savad alması üçün çox az imkanları var. İnanıram ki, bu vəziyyətin qəbuledilməz olması barədə siz mənimlə razılaşarsınız.

Beş il əvvəl ABŞ-da bu qlobal ədalətsizliyin aradan qaldırılmasına istiqamətlənən bütün dövlətlərin toplantısı keçirilmişdir. Bu toplantıda 2003-2012-ci illər üçün Savadlılıq Onilliyi elan edildi. Məqsəd dünya ictimaiyyətini qlobal savadsızlıq problemi ilə bağlı məlumatlandırmaq və bu problemin aradan qardırılması istiqamətində fəaliyyəti daha da canlandırmaq idi. YUNESKO beynəlxalq ictimaiyyəti bu beynəlxalq kampaniyanı əlaqələndirməyə dəvət etdi.

Mən 2003-cü ilin fevralında Nyu-Yorkda xanım Lora Buşla onillik proqramı başlamaq şərəfinə nail olmuşam. Bu onilliyin dəstəklənməsi istiqamətində YUNESKO-nun fəaliyyəti böyükdür.

2005-ci ildə biz yaşlılar arasında 2015-ci ilə qədər savadlılığın 50 faizə qədər artırılması məqsədi ilə savadlılıq təşəbbüsünə ("Həyat" proqramı) başladıq. Bu proqram savadlılıq səviyyəsinin 50 faizdən aşağı, yaxud oxumağı və yazmağı bacarmayan 10 milyondan artıq insanın olduğu 35 inkişaf edən ölkə üçün nəzərdə tutulmuşdu. Beynəlxalq səviyyədə savadlılığa dəstəyin artırılması üçün YUNESKO öz səyini daha da artırır. Bu məqsədlə monitorinqlər təşkil edir, təcrübə mübadilələri aparır, zəruri resursları səfərbər edir. Biz bütün təşkilatları savadlılığa daha böyük üstünlük verməyə çağırırıq.

Hazırda "Hamı üçün təhsil" devizini tam reallaşdırmaq üçün tələb olunan əsas təhsilin səviyyəsində çatışmazlıq mövcuddur. Təəssüf ki, yaşlılar arasında savadlılıq proqramlarının maliyyə səviyyəsi çox aşağıdır. Buna görə də yaşlıların savadsızlıq problemini həll etmək üçün, ümumiyyətlə, əsas təhsil üçün daha çox maliyyə vəsaiti sərf olunmalıdır.

Mən 35 ölkədə "Həyat" proqramının dəstəklənməsi üçün ianəçiləri daha çox vəsait sərf etməyə çağırıram. Bu ölkələrdə əldə ediləcək irəliləyiş qlobal savadsızlığın aradan qaldırılması istiqamətində olduqca vacibdir.

YUNESKO-nun qlobal savadlılığa dəstək üçün 6 regional və subregional konfrans təşkil etməsi olduqca fərəhləndirici haldır. Avropa üçün nəzərdə tutulmuş bugünkü konfrans ərəb ölkələri, Afrika, Asiya və Sakit Okean ölkələri üçün keçirilmiş konfranslardan sonra sayca beşinci konfransdır. Sentyabr ayında Meksikada Latın Amerikası və Karib hövzəsi ölkələri üçün daha bir konfransın keçirilməsi nəzərdə tutulur.

Hörmətli xanımlar və cənablar!

Bu konfransda təmsil olunan ölkələrdə savadlılığın səviyyəsi yüksək - 95 faizdən artıqdır. Lakin Avropada 15 milyon yaşlı hələ də oxumağı və yazmağı bacarmır. Əsas problem rəqəmlərdə deyil. Avropada savadsız yaşlıların sayı dünya üzrə 2 faiz təşkil edir. Avropa üçün əsas problem savad qabiliyyəti olmayan əhalinin çox olmasıdır. 2005-ci ildə aparılmış araşdırmalara əsasən, yaşlıların təxminən üçdə bir hissəsi gündəlik həyat və iş üçün tələb olunan savadlılıq səviyyəsinə çata bilməyibdir. Məsələn, belə bir faktı nəzərinizə çatdırmaq istərdim ki, Böyük Britaniyada on valideyndən biri uşaqlarına oxuduğu nağılları özü də başa düşə bilmir.

Əhalinin bəzi qrupları daha az savadlıdır. Buraya, əsasən, milli azlıqlar və immiqrantlar, fiziki cəhətdən qüsurlu olan insanlar, işsizlər, məhbuslar və ucqar ərazilərdə yaşayanlar daxildir.

Savadlılığın aşağı səviyyədə olması sosial və iqtisadi təcrid vəziyyətinə gətirib çıxarır. Avropa Komissiyasının gəldiyi qənaətə görə, Avropada 72 milyon aşağı qabiliyyətli işçilər vardır ki, bu da ümumi işçi qüvvəsinin üçdə birinə bərabərdir. Halbuki 2010-cu ilə qədər yeni yaradılacaq iş yerlərinin 15 faizi həmin adamlar üçün nəzərdə tutulur, 50 faizi isə yüksək ixtisas tələb edəcəkdir. Belə olanda Avropa ölkələri həmin tələblərə necə cavab verəcəkdir? Bizim bu konfransda həll etmək istədiyimiz əsas məsələ də məhz budur.

İcazə verin, bəzi vacib məsələləri nəzərinizə çatdırım. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, bu təşkilata üzv ölkələrdə 15 yaşınadək hər 6 uşaqdan 1 nəfəri qısa mətnlərin mənasını başa düşməkdə çətinliklərlə üzləşir. Bəzi ölkələrdə isə bu göstərici daha yuxarıdır. Avropada ibtidai və orta təhsilin aşağı səviyyəsi ciddi narahatlıq doğurur. Bu məsələ, ilk növbədə, öz həllini tapmalıdır.

İkinci məsələ isə davamlı təhsildir. Savadlı cəmiyyət təkcə yüksək savad dərəcəsi olan cəmiyyət demək deyildir. Bu elə bir cəmiyyətdir ki, orada savad qabiliyyəti inkişaf edir və istifadə olunur. Hazırda savadlılığın faydası dəyişməkdədir. Təkcə yazıb-oxumağı bacarmaq hələ kifayət deyil. İnformasiya texnologiyaları tələbələrin yiyələnməli olduğu yeni telefon və kommunikasiya vasitələri yaratmışdır. Bundan başqa, sürətli texnoloji dəyişikliklər və qloballaşma hər bir fərddən idraki və təcrübi qabiliyyətlər tələb edir.

Bu gün qabiliyyəti istiqamətləndirmək, biliyi idarə və inteqrasiya etmək əsas şərtdir. Savadlılığın müəyyən edilməsi o qədər də sadə deyildir. Əvəzində, biz hər yerdə insanları qabiliyyətlərinə görə istiqamətləndirməliyik.

Avropada müşahidə olunan qeyri-bərabər savadlılıq səviyyəsini müəyyənləşdirərkən biz bəzi məqsədləri qarşıya qoymalıyıq. Bu, təhsil alanların müxtəlif ehtiyaclarının və onların qarşılaşdıqları çətinliklərin düzgün başa düşülməsini də tələb edir. Bu baxımdan savadlılıq dərəcəsini müəyyənləşdirmək üçün milli və beynəlxalq vasitələrin olması çox vacibdir. Bu, yaxşı uyğunlaşdırılmış savadlılıq strategiyası tələb edir. Təhsil alanların artan ehtiyaclarını ödəmək üçün müxtəlif vasitə və mexanizmlər lazımdır. Bunlardan səmərəli istifadə olunmalı və müvafiq proqramlar uyğunlaşdırılmalı, nəzarət altında saxlanmalıdır. Əhalinin təcrid olunmuş qruplarının bilik imkanlarını artırmaq üçün bəzi üsul və vasitələr xüsusilə vacibdir.

ümid edirəm ki, vacib məsələləri müzakirə edərkən siz bu və ya digər səbəbdən təhsildən təcrid olunmuş insanlara savad və sürətli inkişaf vasitəsilə yeni imkanlar bəxş edəcəksiniz. Buna görə də özümü xüsusilə xoşbəxt sayıram və ümid edirəm ki, sizin buradakı müzakirələriniz bütün Avropa və Şimali Amerikada diqqəti cəlb edəcəkdir.

YUNESKO-nun missiyası olan bu cür mübadilə həm yeni təmayülləri stimullaşdırır, həm də gələcəyə istiqamətlənmiş yeni şəbəkələr yaratmağa rəvac verir.

Hörmətli xanımlar və cənablar!

ümid edirəm ki, bu konfransımız Avropada savadlılıq sahəsində yeni dünyagörüşünə təkan verəcəkdir. 2000-ci ildə qəbul edilmiş Lissabon strategiyasının məqsədi 2010-cu ilə qədər Avropanı dünyada biliyə əsaslanan iqtisadiyyata görə daha rəqabətli və dinamik regiona çevirməkdir.

Bu, həmçinin yoxsulluğa qarşı mübarizəyə və böyük sosial birliyə gətirəcəkdir. Bu konfrans davamlı inkişaf və yüksək həyat səviyyəsi üçün göstərilən qlobal səylərin reallaşdırılması baxımından Avropa ölkələrinə yeni imkanlar verir. Biz səmərəli fəaliyyət planları irəli sürməklə savadlı cəmiyyətlərə nail olmaq yolunda ardıcıl səylər göstərməliyik. Vaxt gedir. Bu, beynəlxalq ictimaiyyət üçün taleyüklü bir mərhələdir. 2015-ci ilə qədər "Hər kəs üçün təhsil" və "Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün" müəyyən edilmiş hədəflərdir. Verilmiş vədlərin yerinə yetirilməsi zamanıdır.

Sağ olun.

***

Sonra Amerika Birləşmiş Ştatları Prezidentinin xanımı, BMT-nin Savadlılıq Onilliyinin fəxri səfiri Lora Buşun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirildi.

Lora Buş Bakı konfransının əhəmiyyətini vurğulayaraq bildirdi ki, dünyada savadsızlıq probleminin aradan qaldırılmasında hər bir ölkənin öhdəlik götürməsi vacibdir.

ötən konfranslarda müzakirə olunmuş məsələlərə və qəbul edilmiş qərarlara toxunan ABŞ-ın birinci xanımı savadsızlığın təhlükəli mühit olduğunu vurğuladı.

Xanım Lora Buş savadsızlıq probleminin həllinin dünyada təbliği və dəstəklənməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirdi, konfrans iştirakçılarına uğurlar arzuladı.

Konfransda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev dedi ki, əsas məqsəd Avropada və dünyanın digər hissələrində savadsızlıq problemlərini müzakirə etmək və onların yeni həllərini tapmaqdır. O, savadlılığa həsr olunmuş konfransların keçirilməsinə görə YUNESKO-nun Baş direktoru Koişiro Matsuuraya və indiki tədbirin Bakıda təşkilinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür etdi.

Azərbaycanda təhsilin inkişafı proseslərindən danışan Hafiz Paşayev vurğuladı ki, Azərbaycan cəmi bir əsr ərzində savad, təhsil və elm sahəsində mühüm dəyişikliklərin baş verdiyi nadir ölkələrdən biridir. Cəmi 100 il əvvəl Azərbaycan əhalisinin çox hissəsi savadsız idi. Lakin hətta bu mühitdə də Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və üzeyir Hacıbəyov kimi görkəmli şəxsiyyətlər yetişmiş və xalqımızın zəngin mədəni irsini daha da zənginləşdirmişlər. Zeynalabdin Tağıyev kimi uzaqgörən azərbaycanlı xeyriyyəçilərin sayəsində qızlar gimnaziyası da daxil olmaqla, bir sıra dünyəvi məktəblər açılsa da, ümumi kütlə savadsızlıq qaranlığında qalmaqda idi.

Hafiz Paşayev sovet dövründə təhsilin inkişaf sahəsində görülmüş işləri vurğulayaraq bildirdi ki, Sovet İttifaqı əhalinin savad göstəricisinə görə dünyada ən yüksək yer tutan ölkələrdən biri idi. Həmin dövrdə böyük bir ziyalı nəsli formalaşmışdı. Həmin nəslin bir neçə nümayəndəsinin 100 illik yubileyləri YUNESKO səviyyəsində qeyd edilir. Bununla yanaşı, Hafiz Paşayev sovet təhsil sisteminin nöqsanlarından da danışdı, bunların, ilk növbədə, təhsilin strukturu, metodologiyası və real dünyadan uzaq olması ilə bağlı olduğunu dedi.

Müstəqillik illərində Azərbaycanın təhsil sisteminin yeni bir mərhələyə daxil olduğunu bildirən xarici işlər nazirinin müavini dedi ki, hazırda Azərbaycan hökuməti keçmişdən gələcəyə doğru sürətli dəyişiklik üçün əlindən gələni etməkdədir. Prezident İlham Əliyev Azərbaycanı müasir və yüksək səviyyədə təhsil almış kadrlarla təmin etməkdən ötrü gənclərin xaricdə oxumaları üçün xüsusi dövlət proqramı imzalamışdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafında xidmətlərini qeyd edən Diplomatik Akademiyanın rektoru xatırlatdı ki, son illərdə Fondun təşəbbüsü ilə 200-dən çox yeni məktəb binası tikilmiş, yüzlərlə bina təmir olunmuşdur. Mehriban xanımın "Qayğısız bir uşaq qalmasın" şüarının məqsədi kasıb və imkansız ailələrin, eyni zamanda milli azlıqların və qaçqın-köçkünlərin uşaqlarına qayğı göstərməkdir.

Akademiyanın rektoru dedi ki, yeni məktəb və universitetlər özlüyündə məqsəd deyil, "yeni vətəndaş" yetişdirmək üçün vasitədir. Bu məqsədlə Azərbaycan hökuməti təhsil sahəsində islahatları davam etdirir. Təhsil sistemi yeni texnologiyalardan istifadə etməyi, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmağı bacarmalı, real dünyanın meyillərini başa düşməlidir. Yalnız belə təhsil savadsızlıq problemini geniş mənada həll edə bilər.

Hafiz Paşayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətı haqqında məlumat verərək bildirdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Diplomatik Akademiya peşəkar diplomatlar və digər mütəxəssislər hazırlamaq üçündür. Azərbaycan həm Şərq, həm də Qərblə münasibətlərini genişləndirir və inkişaf etdirir. İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı 26-dan 56-ya çatmışdır. Növbəti iki ildə daha 20 ölkədə səfirlik açılacaqdır.

Rektor akademiyanın planları haqqında ətraflı məlumat verərək dedi ki, Diplomatik Akademiya ABŞ-ın Corctaun Universiteti, Fletçer Hüquq və Diplomatiya Məktəbi, Con Hopkins Universiteti kimi nüfuzlu təhsil ocaqları və Avropa Kolleci, ENA, Kembric Universiteti, MDBMİ, Trento Universiteti kimi Avropanın nüfuzlu təhsil ocaqları ilə münasibətlər qurmuş, əməkdaşlığa dair sazişlər imzalamışdır.

Hafiz Paşayev təhsil konsepsiyasının həyata keçirilməsinə töhfəsi və dəstəyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi.

Hollandiya şahzadəsi xanım LAURENTİEN çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirdi.

O dedi ki, dünyada milyonlarla yaşlı insan yazıb oxuya bilmir, xeyli uşaq isə məktəbə getmir. Avropada əhalinin 20-25 faizi savadsızdır. Bu vəziyyətin qəbuledilməzliyini söyləyən şahzadə savadlılığın insan inkişafına aparan yol olduğunu vurğuladı.

O, Avropada bu sahədə həllini gözləyən problemlərin olduğunu qeyd edərək, onların həlli ilə bağlı ölkəsində mühüm işlərin görüldüyünü söylədi. Bildirdi ki, insanın təhsilli olması gələcəyə ümidini artırır və onun cəmiyyətə daha tez adaptasiya olunmasına imkan verir. Savadlılıq cəmiyyətin gündəliyində olmalıdır.

Şahzadə Laurentien savadsızlıq problemlərinin həllində yüksək texnologiyaların tətbiqinin vacibliyini xüsusi vurğuladı. O dedi ki, bu sahəyə investisiyaların qoyulması çox əhəmiyyətlidir. Savadsızlıq probleminin həllinə cəmiyyətin diqqətini artırmaq üçün mətbuatın rolundan da istifadə edilməlidir.

***

Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

Konfrans işini mayın 15-də davam etdirəcəkdir.

 

AzərTAc

 

 

 

 

 

 

 

YUNESKO-nun Baş direktoru Koişiro Matsuuraya AMEA-nın fəxri üzvü diplomu təqdim olunmuşdur

AzərTAc xəbər verir ki, mayın 14-də Milli Azərbaycan Tarixi Muzeyində YUNESKO-nun Baş direktoru Koişiro Matsuuraya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü diplomunun təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimə toplaşanlar Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı, YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranı, YUNESKO-nun xoşməramlı səfirlərini - Hollandiya şahzadəsi xanım Laurentieni, İordaniya şahzadəsi xanım Ferialı və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottiri səmimiyyətlə qarşıladılar.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov mərasimi açaraq bu tarixi binada qonaqları salamlamaqdan məmnun olduğunu bildirdi.

Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Bakı milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və onun tikdirdiyi bina haqqında məlumat verdi. Bildirildi ki, sonralar Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina Bakının ən nadir memarlıq incilərindəndir. Tarixə və mədəni irsin qorunmasına çox böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin göstərişi ilə bu binada yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Sonra çıxış edən akademik Bəkir Nəbiyev Azərbaycan ilə YUNESKO arasında əlaqələrin son illər xüsusi sürətlə inkişaf etdiyini vurğulayaraq demişdir ki, ölkəmiz qurumun işinə layiqli töhfələr verən dövlətlərdəndir. ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə məşhur Azərbaycan şairləri Nəsiminin 600 illik, Füzulinin 500 illik, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileylərinin YUNESKO səviyyəsində keçirilməsi buna əyani sübutdur.

Dahi bəstəkar üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, görkəmli ədib və yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileylərinin

YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına daxil olunması Azərbaycan-YUNESKO əlaqələrinin uğurlu inkişafının daha bir təzahürüdür. Təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr də uğurlu nəticələr verir. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun Dünya Mədəni İrsi siyahısındadır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qurumun xoşməramlı səfiri seçilməsi ilə Azərbaycan-YUNESKO əlaqələrində yeni mərhələnin əsası qoyulmuşdur. YUNESKO-nun Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı da uğurla davam edir.

Sonra akademik Mahmud Kərimov YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın AMEA-nın fəxri üzvü seçilməsi haqqında akademiyanın ümumi yığıncağının qərarını oxudu. Qərarda deyilir ki, dünyada sülh və sabitliyin bərqərar olunmasında, elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi vasitəsilə sivilizasiyalararası dialoqun təşkilində səmərəli fəaliyyətinə görə, habelə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsində, Azərbaycan xalqının mənəvi irsinin və ümumbəşəri dəyərlərin qorunmasında böyük xidmətlərinə görə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.

M.Kərimov AMEA-nın fəxri üzvü diplomunu və döş nişanını Koişiro Matsuuraya təqdim etdi. YUNESKO-nun Baş direktoruna Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildi də hədiyyə olundu.

Koişiro Matsuura AMEA-nın prezidenti Mahmud Kərimova YUNESKO-nun elm sahəsindəki 60 illik fəaliyyətindən bəhs edən kitabı təqdim etdi.

YUNESKO-nun Baş direktoru Koişiro Matsuura mərasimdə çıxış edərək dedi ki, hələ ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycana ilk səfəri zamanı ölkədə milli mənəvi dəyərlərə, tarixə və mədəniyyətə yüksək diqqətin şahidi olmuşdur. Bu siyasət indi də uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçildikdən sonra isə Azərbaycan ilə YUNESKO arasında sıx əməkdaşlıq münasibətləri yaranmışdır. İçərişəhər, Qobustan Dövlət tarixi-bədii qoruğu Dünya Mədəni İrs siyahısına daxil edilmişdir.

Baş direktor Bakıda Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirakını xoş təəssüratla xatırladığını bildirdi.

Cənab Koişiro Matsuura dedi ki, Azərbaycan YUNESKO ilə habelə beynəlxalq layihələrdə də uğurla əməkdaşlıq edir. Təhsil, elm sahəsində əməkdaşlıq xüsusilə təqdirəlayiqdir. Azərbaycan Milli Elmlər Akademiyası ilə də əlaqələr uğurla inkişaf etdirilir.

AMEA-nın fəxri üzvü seçilməsindən fərəh hissi keçirdiyini bildirən YUNESKO-nun Baş direktoru Azərbaycan-YUNESKO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.

***

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın, Hollandiya şahzadəsi xanım Laurentienin, YUNESKO-nun xoşməramlı səfirləri - İordaniya şahzadəsi xanım Ferialın və İslandiyanın sabiq prezidenti xanım Viqdos Finboqadottirin şərəfinə ziyafət verildi.

 

 

 

 

 Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva YUNESKO-nun Baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva  "Gülüstan" sarayında YUNESKO-nun Baş direktoru Koişiro Matsuura ilə görüşmüşdür.

Qonağı yenidən Bakıda görməyindən məmnunluğunu söyləyən Mehriban xanım Əliyeva dəvəti qəbul edib  Bakıya gəldiyi üçün YUNESKO-nun Baş direktoruna təşəkkür etdi, Azərbaycan paytaxtında keçirilən konfransın uğurlu nəticələr verəcəyinə əminliyini bildirdi.

Konfransın Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulayan Koişiro Matsuura ölkəmizin təhsil sahəsində fəal siyasətini vurğuladı.

Cənab Koişiro Matsuura Mehriban xanım Əliyevaya YUNESKO-nun xatirə gümüş medalını təqdim etdi.

Görüşdə Azərbaycan ilə YUNESKO arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi aparıldı.

AzərTAc

 

 

 

  

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Hollandiya şahzadəsi Laurentien ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Gülüstan" sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Hollandiya şahzadəsi xanım Laurentien ilə görüşmüşdür.

Qonağı Bakıda görməyindən şad olduğunu bildirən Mehriban xanım Əliyeva dəvəti qəbul edib Bakıya gəldiyi üçün şahzadəyə təşəkkür etdi, konfransın uğurlu keçəcəyinə əminliyini söylədi.

Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə qonağa məlumat verdi.

Hollandiya şahzadəsi dəvətə görə təşəkkür edərək, Bakıya səfərindən məmnunluğunu bildirdi.

AzərTAc

 

 

 

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İordaniya şahzadəsi Ferial ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Gülüstan" sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair keçirilən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş İordaniya şahzadəsi, YUNESKO-nun xoşməramlı səfiri xanım Ferial ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan Mehriban xanım onun dəvətini qəbul edib Bakıya gəldiyi üçün şahzadə Feriala təşəkkür etdi. Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında qonağa məlumat verdi.

Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirən şahzadə Ferial Bakının gözəlliyindən məmnunluğunu vurğuladı.

Görüşdə YUNESKO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

AzərTAc

 

 

 

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva İslandiyanın sabiq prezidenti Viqdos Finboqadottir ilə görüşmüşdür

 

Mayın 14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva "Gülüstan" sarayında YUNESKO-nun himayəsi ilə təhsil problemlərinə dair konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslandiyanın sabiq prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Viqdos Finboqadottir ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Azərbaycana səfərə gəldiyinə və konfransda iştirakına görə qonağa təşəkkürünü bildirdi.

Xoş münasibətə və qonaqpərvərliyə görə minnətdarlıq edən xanım Viqdos Finboqadottir Bakıda keçirilən konfransın əhəmiyyətini vurğuladı.

Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında qonağa ətraflı məlumat verdi.

AzərTAc