· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Azərbaycan Müəllimlər İnstitutunda ulu öndərə həsr olunmuş yubiley tədbirləri

Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyası Nərimanov Rayon təşkilatı ilə birlikdə tədbir keçirildi.

Tədbirdə YAP-ın idarə heyətinin üzvləri, YAP Nərimanov rayon ilk təşkilatların sədrləri, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, AMİ-nin rəhbərliyi, professor, müəllim heyəti və tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə AMİ-nin rektoru, professor A.Naxçıvanlı açaraq ulu öndərin unudulmaz həyat və fəaliyyətindən bəzi məqamları diqqətə çatdırdı.

Sonra YAP Nərimanov Təşkilatının sədri Təhmiraz Tağıyev ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi ən mühüm cəhətlərindən danışdı.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini H.Məmmədov, Nərimanov rayonunda yerləşən 45 nömrəli orta məktəbin direktoru N.Məmmədova, YAP AMİ təşkilatının sədri, professor M.Həsənov Heydər Əliyev dühasının dahiliyindən, ölməzliyindən, təhsilə, elmə, biliyə verdiyi qiymətdən söz açdılar.

***

AMİ-də Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş silsilə tədbirlərdən biri də möhtəşəm konsert proqramı keçirildi.

Tədbirdə bir neçə gün öncə yubiley münasibəti ilə keçirilmiş institut tələbələri arasında 3 turdan ibarət "Ey Vüqarlı Rəhbərim!" adlı şeir müsabiqəsinin, fakültələrarası voleybol yarışının qalibləri rəhbərlik tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Sonra institut tələbələri Heydər Əliyevə həsr edilmiş mahnılar oxudular, milli rəqslər ifa etdilər. Şeir müsabiqəsi qaliblərinin çıxışı tədbirə daha bir gözəllik gətirdi.

 

 

Müstəqillik dövrünün ilk epopeyası

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının böyük zalında respublikanın əməkdar jurnalisti, Milli Məclisin deputatı, "Şöhrət" ordenli yazıçı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildlik roman-tədqiqatının təqdimat mərasimi keçirilmişdir.

 

"Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayan jurnalist beş ilə yaxın gərgin zəhmət sərf edərək ulu öndərin uşaqlıq və gənclik dostları, qohumları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə görüşlər, DTK arxivlərində, Prezidentin şəxsi arxivində olan unikal sənədlərdən istifadə etmişdir.

Redaktoru Azərbaycanın əməkdar jurnalisti Vladimir Morozkov, rəssamı Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədov olan kitab "Ozan" nəşriyyatında çap edilmişdir. Kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət gətirdiyindən onu daha da oxunaqlı etmişdir.

Təqdimat mərasimini giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Elmira Axundovanın yaradıcılığı haqqında məlumat verərək ərsəyə gələn bu əsəri Heydərəliyevşünaslığa sanballı töhfə kimi dəyərləndirmişdir. "Heydər Əliyev. Şəxsiyyət və zaman" əsərini müstəqillik dövrünün ilk epopeyası kimi qiymətləndirən rektor romanın peşəkar tədqiqat və publisistika, şəxsiyyətə sonsuz ehtiram və sevgi ilə qələmə alındığını, Azərbaycan ədəbiyyat tarixində xüsusi çəkisi ilə fərqləndiyini vurğulamışdır.

Təqdimat mərasimində Naxçıvan MR Ali Məclisinin sədr müavini Azər Zeynalov Ali Məclis sədri Vasif Talıbovun kitabla bağlı fikirlərini və təbrikini əks etdirən dərin məzmunlu məktubunu dinləyicilərin diqqətinə çatdırmışdır.

Daha sonra AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, dosent Hüseyn Həşimli, fəlsəfə elmləri doktoru Məmməd Rzayev, tarix elmləri namizədi Elman Cəfərli çıxış edərək kitabla bağlı fikirlərini bildirmiş, dahi rəhbərin həyat və fəaliyyətinin ən xırda detallarından tutmuş ən ali keyfiyyətlərinə qədər əks olunan salnamənin bədii təxəyyülə əsaslanan siyasi-tarixi yönlərinə aydınlıq gətirmiş, hərtərəfli məziyyətlərindən bəhs etmişlər.

Tələbə Elmi Cəmiyyətinin sədri Aidə Cəlilzadə öz çıxışında tələbə gənclərin ictimai-siyasi fəaliyyətində xüsusi iz qoyacaq bu əsərin tədqiqatçılar üçün qiymətli məxəz olduğunu bildirmişdir.

Mərasimin sonunda söz alan müəllif yüksək səviyyəli təqdimat mərasiminin təşkilinə görə Naxçıvan MR Ali Məclisinin sədri və universitet rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Tanınmış yazıçı əsərin meydana gəlmə zərurətindən bəhs edərək Heydər Əliyevlə bağlı xatirələrini dinləyicilərlə bölüşmüşdür. İki əsrin qəhrəmanı ilə təmasda olub onun haqqında əsər yazmağı özü üçün şərəf bilən E.Axundova araşdırmalarının davam edəcəyini, bu nəşrin yeddi cilddə əks olunacağını qeyd etmişdir.

Mərasimdən sonra NDU Konservatoriya tələbələrinin dahi rəhbərin 85 illiyinə həsr edilmiş konsert mərasimini izləyən tədbir iştirakçıları "Heydər Əliyev. Şəxsiyyət və zaman" iki cildliyində yer alan nadir şəkillərdən ibarət və Elmira Axundovanın ümummilli liderlə görüşlərini əks etdirən fotoslaydları izləmişlər.

Seyid SURƏ

 

 

 

İnşa müsabiqəsi keçirilib

Müasir Azərbaycanın qurucusu ulu öndərin 85 illik yübleyi ilə bağlı aprelin 30-da Bakıdakı 30 nömrəli orta məktəbində "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" mövzusunda inşa müsabiqəsi keçirilib. Müsabiqədə altı məktəbdən (30, 99, 100, 115, 143,144) 122 şagird iştirak edib. Müsabiqənin obyektivliyinin təmin edilməsi üçün şagirdlərə kodlaşdırılmış dəftərlər paylanıb.

 

Tədbiri giriş sözü ilə açan millət vəkili Rəfail Cəbrayılov müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin ölkəmiz üçün gördüyü nəhəng işlərdən danışdı. Bildirdi ki, məhz onun siyasəti nəticəsində xalqımız bu gün xoşbəxt və firavan həyat keçirir. Qeyd etdi  ki, müsabiqədə iştirak edən şagirdlərin çox həyəcanlı olması normaldır, çünki bu cür dahi şəxsiyyət haqda inşa yazmaq məsuliyyətli və şərəflidir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi İsgəndər İsgəndərov da Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə məlumat verdi.   

Qeyd edək ki, müsabiqədə müxtəlif məktəblərdən 10 nəfər qalib gəlib. Onlara qiymətli hədiyyələr və pul mükafatı təqdim edildi.

 

Rəşad ZİYADOV

 

 

 

 Ekoloji problemlər məktəblilərin gözü ilə

 

Bakı Məktəbliləri Parlamenti (BMP) Nərimanov rayonu 47 nömrəli orta məktəbdə "Ekoloji problemlər məktəblilərin gözü ilə" mövzusunda "dəyirmi  masa" keçirib. Parlamentin Ekologiya daimi komissiyasının təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan komissiyanın sədri Nərmin Əzimzadə son illər ümumilikdə bütün dünyanın ekoloji böhranla üz-üzə qaldığını bildirib.

 

Komissiya sədri ekoloji problemlərin Azərbaycandan da yan keçmədiyini qeyd edərək ətraf mühitin çirklənməsindən ən çox yetişməkdə olan nəslin zərər çəkdiyini söyləyib. BMP rəsmisi məktəblərdə şagirdlərin istirahəti üçün ekologiya güşələrinin yaradılmasını və hər ay ağacların əkilməsi, iməciliklərin keçirilməsini təklif edib.

Daha sonra çıxış edən Bakı Məktəbliləri Parlamentinin sədri Tural Əliyev ekoloji problemləri və onlardan çıxış yollarının məktəblilərə öyrədilməsinin vacibliyini vurğulayaraq, bu sahədə kursların təşkil olunmasını zəruri sayıb. Məktəblərdə şagirdlərə təbiəti qoruma vərdişlərinin öyrədilməsinin sağlam gələcək vəd etdiyini diqqətə çatdırıb.

"Dəyirmi masa"da məktəblilərə maarifləndirici vərəqələr paylanıb. Tədbir məktəblilərin çıxış və müzakirələri ilə davam edib.