· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə YUNESKO-nun regional konfransında

YUNESKO-nun "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransının ikinci iş gününün iclasları mayın 15-də "Hyatt Regency" otelinin Quba zalında keçirildi.

 

öz işini "dəyirmi masa" təqdimatları və müzakirələr formasında davam etdirən konfransın həmin günkü səhər iclası "Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi" mövzusunun müzakirəsinə həsr olunmuşdu. Həmin mövzuda birinci "dəyirmi masa"nın aparıcısı YUNESKO-nun ömürboyu Təhsil İnstitutunun direktoru Adama Ouen iclası açıb "dəyirmi masa"da "Biliyə əsaslanan cəmiyyətlərdə ömürboyu öyrənmək üçün savad", "İşlə təmin olunmaq üçün əsas bacarıqlar", "Fəal vətəndaş olmaq üçün savadın vasitə olması" "Savad sosial həyata müdaxilə üçün bir vasitə kimi" mövzularının müzakirə ediləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. "Dəyirmi masa"da iştirak edən YUNESKO-nun Avropa Komissiyasından Marta Ferrier, Macarıstandan Yanoş Jiqeti Tot, İngiltərədən Piter Lavender, YUNESKO-nun eksperti Aaron Benavot, Hollandiyadan Marqaret de Vrays çıxış edərək region üzrə əsas vəzifələr və nailiyyətlərlə konfrans iştirakçılarını tanış etdilər.

Təqdimatlarda Avropanın biliyə  əsaslanan cəmiyyətlərində və iqtisadiyyatında başlıca savad və vərdişlərdən xüsusilə ünsiyyətdə səmərəli istifadə etmək bacarığı, getdikcə mürəkkəbləşən müasir cəmiyyətlərdə onların tətbiqi məsələlərindən bəhs olundu. Qeyd edildi ki, Avropa ölkələrində spesifik savad situasiyasını nəzərə alaraq, ömürboyu öyrənmə perspektivində savad və böyüklər üçün savad proqramları hazırda savadlı, daha geniş və holistik konsepsiyadan çıxış edir. Bu da başlıca koqnitiv və praktik bacarıqların əxz olunması üçün bacarıqlara əsaslanan yanaşmadan kənara çıxır. Uğurlu və məsuliyyətli bir həyat sürmək, cəmiyyətin həyatında səmərəli şəkildə iştirak etmək, hazırki dövrün və gələcəyin tələblərinə cavab vermək üçün əlavə bacarıqlar lazımdır. Bu baxımdan savad və böyüklərin öyrədilməsinin əsas məqsədi fərdlərdə dəyərləndirmə, idarəetmə, inteqrasiyaolunma və qarşılıqlı təsir üçün başlıca bacarıqların inkişaf etdirilməsidir. Əlbəttə, söhbət təkcə oxumaq, yazmaq, elmi savad, riyazi bilik, dil bilgisi və s. kimi bacarıqlardan getmir. Sürətli sosial və texnoloji dəyişikliklərin tələbi, iqtisadiyyat və mədəniyyətlərin qloballaşması, müxtəlifliyin artması, rəqabət və liberallaşma, sosial bərabərsizlik, münaqişələr və yoxsulluğun bütün formaları insanlardan elə bacarıqlar tələb edir ki, onlar texniki ünsiyyət bacarıqlarından kənara çıxır.

çıxış edənlər bildirdilər ki, Avropada 80 milyon aşağı təhsilli fəhlə var və onlar ümumi işçi qüvvəsinin üçdə birini təşkil edirlər. Hesablamalar göstərir ki, 2010-cu ilədək ibtidai təhsili alanlar yeni yaradılmış işlərin yalnız 15 faizində çalışa biləcəklər. Digər iş yerlərinin 50 faizi isə yüksək ixtisaslı işçilər tələb edəcəkdir. Eyni zamanda beynəlxalq sorğu göstərir ki, Avropa əhalisinin böyük hissəsi çap şəklində olan məlumatı gündəlik ev fəaliyyətində, işdə və cəmiyyətdə başa düşüb tətbiq etmək bacarığına malik deyil. Bu baxımdan xüsusilə də məktəb təhsili natamam olanlar risk qrupuna daxildir. Aşağı səviyyəli təhsil və təlim AB-yə üzv olan bütün ölkələrdə insanların böyük hissəsinin hüquqlarının pozulmasına yol açır, onların cəmiyyət nemətlərindən bəhrələnməsinə və cəmiyyətə fayda vermələrinə maneçilik törədir. Müasir əmək bazarı savadı qeyri-adekvat şəxslərə çox məhdud miqdarda iş yeri təklif edir.

Konfransın ikinci iş gününün iclaslarında nazirlərin və ya onların nümayəndələrini də "dəyirmi masa" ətrafında müzakirələri keçirildi. Latviyanın təhsil və elmi naziri Tatyana Kok, Slovakiya Təhsil Nazirliyinin dövlət katibi Bibiana Obrimçakova çıxış etdilər.

Həmin gün YUNESKO-nun Baş direktoru və birinci xanımların iştirakı ilə də "dəyirmi masa" keçirildi.

Saat 14-15 arasında keçirilən gündüz iclasında üç seksiyada müzakirələr aparıldı, səmərəli təcrübələrin təqdimatı oldu. Quba zalında keçirilən birinci sessiya müzakirəsində "Ailədə savad və nəsillərarası öyrənmə", Şuşa zalında keçirilən ikinci seksiya müzakirəsində "Səhiyyə sahəsində savadsızlıq", Bakı zalında keçirilən üçüncü seksiya müzakirəsində "Davamlı inkişaf naminə savad və təhsil" problemləri araşdırıldı.

Həmin günün axşam iclasında ikinci "dəyirmi masa" keçirildi. YUNESKO Baş direktorunun təhsil üzrə müavini Nikolas Börnetin apardığı həmin "dəyirmi masa"da "Savad səviyyələrinin və təməl bacarıqların müəyyən edilməsi və dəyərləndirilməsi" mövzusu ətrafında müzakirələr və təqdimatlar aparıldı.

Regional konfrans bu gün öz işini davam etdirəcək.

 

Yusif ƏLİYEV