· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Görkəmli təhsil və sənət ocağı

Musiqi mədəniyyətimizin təşəkkülü və inkişafında, professional musiqi təhsilinin yaranmasında, son yüz ildə milli musiqimizin korifeyləri sırasına yüksəlmiş onlarca sənətkarın yetişməsində əsası XIX əsrin sonlarında qoyulmuş, XX əsrin ilk onilliklərində böyük üzeyir Hacıbəyov dühası ilə pərvəriş tapmış Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) böyük rolu olmuşdur. Bu günlərdə yaranmasının 110 illiyi musiqi ictimaiyyətimiz, bütövlükdə Azərbaycan xalqı tərəfindən təntənə ilə qeyd olunan Musiqi Kolleci mövcud olduğu illər ərzində professional musiqi sənətimizin milli zəmin əsasında inkişafı, yeni-yeni bəstəkar, ifaçı, pedaqoqlar nəslinin yetişməsində misilsiz xidmətlər göstərməklə mədəniyyət tariximizdə özünə şərəfli yer tutmuşdur.

 

Azərbaycan xalqının musiqi mədəniyyəti tarixi çox qədim olsa da, Avropa sistemli musiqi təhsilində nailiyyətlər son iki əsrdə əldə edilmişdir ki, onların da böyük qismi Musiqi Kollecinin adı ilə bağlıdır.

Mədəniyyətimizin, musiqi sənətimizin böyük himayədarı və qayğıkeşi olan, bu günlərdə anadan olmasının 85 illik yubileyini dərin hörmət və məhəbbətlə qeyd etdiyimiz ümummilli liderimiz Heydər Əliyev müstəqil respublikamızda hakimiyyətdə olduğu illərdə mədəniyyət və incəsənət tarixini araşdıran mütəxəssislər qarşısında XIX-XX əsrləri əhatə edən dövrü yenidən, müasir reallıqlar baxımından ciddi araşdırmaq vəzifəsi qoymuşdur. Onun göstərişi, diqqət və qayğısı sayəsində son illər mədəniyyət tariximizin araşdırılıb öyrənilməsi və xalqa çatdırılması istiqamətində bir sıra addımlar atılmış, xalqımızın həyatında, mədəniyyətimizin inkişafında önəmli rolu olan sənət ocaqlarının və sənətkarların fəaliyyəti yenidən araşdırılmışdır. Belə araşdırmalar kollecimizin tarixi, onun fəaliyyəti ilə bağlı bir sıra həqiqətlərin ortaya çıxmasına və xalqa çatdırılmasına səbəb olmuşdur.

Araşdırmalar göstərir ki, Azərbaycanda ilk müstəqil musiqi təhsili müəssisəsi olan Musiqi Kolleci XIX əsrin sonlarında yaranmış və özünəməxsus inkişaf yolu keçmişdir.

Məlum olduğu kimi, XIX əsrin sonlarında "qara qızıl" vətəni olan Bakının sürətli iqtisadi inkişafı, onun neft sənayesi şəhərinə çevrilməsi paytaxtda mədəni həyatın canlanmasına təkan vermiş, yeni-yeni ədəbi-musiqi dərnəkləri, xeyriyyəçi-maarifçi cəmiyyətlər, maarif və incəsənət ocaqlarının yaranmasına səbəb olmuşdur.

Bakıya xarici neft kampaniyalarının, sərmayəçilərin və kapitalistlərin axını, buraya yaxın və uzaq xarici ölkələrdən incəsənət, ədəbiyyat, rəssamlıq sahəsində tanınmış simaların, alim-səyyahların yaradıcılıq səfərlərinə, qastrollara gəlməsi Azərbaycanın paytaxtını tədricən mədəniyyətlərin inteqrasiya olunduğu məkana, qovuşduğu mədəni mühitə çevirirdi.

Paytaxtın iqtisadi, sənaye və mədəniyyət, incəsənət baxımından xarici ölkələrlə əlaqələrinin genişlənməsi, öz növbəsində, təhsilə olan zəruri ehtiyacın və tələbatın artmasına gətirib çıxarırdı. Belə bir şəraitdə xalqın maariflənməsi, məktəblərin açılması, istedadlı gənclərin təhsil ala bilməsi üçün şərait yaradılması Azərbaycanın maarifçi ziyalılarını çox düşündürür, bu məsələlərin həlli yönündə müəyyən addımlar atılırdı. Eyni zamanda Bakının neft şəhəri kimi iqtisadi və mədəni baxımdan inkişafı fonunda görkəmli bəstəkar, dirijor, vokalçı və digər ifaçıların burada verdiyi konsertlər, keçirdikləri görüşlər və gecələr Bakıda Avropa tipli musiqi təhsili verə bilən ixtisaslaşmış musiqi məktəbinin, notlu musiqi tədrisinin meydana gəlməsi üçün real zəmin yaratmışdı. Belə bir şəraitdə 1895-ci ildə tərəqqipərvər rus ziyalı qadını, Moskva Konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açır. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, Bakının yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və Qərb musiqisini öyrətmək məqsədilə yaradılmışdı. Ona görə də ilk illərdə məktəbdə musiqi dərsləri alan uşaqların arasında bir nəfər belə azərbaycanlı yox idi.

1901-ci ildə həmin məktəbin bazasında Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsinin musiqi sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarda rus kapitalist ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə də bir nəfər də olsun azərbaycanlı uşağı təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi  təhsili verən məktəbdə azərbaycanlı balalarının da oxuması üzeyir Hacıbəyovun ən böyük arzusu idi. O, bu arzusunu həyata keçirməyə çalışırdı. Nəhayət, ü.Hacıbəyov öz ziyalı həmkarları ilə birlikdə A.N.Yermolayevanın musiqi məktəbinin 1916-cı ildə dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail oldu.

Dahi bəstəkar musiqi təhsili ocağının açılması istiqamətindəki ardıcıl fəaliyyəti nəticəsində 1920-ci ildə Bakıda Xalq Konservatoriyası, bir il sonra isə onun əsasında Dövlət Konservatoriyası təsis edildi.

1922-ci ildən etibarən Dövlət Konservatoriyasının azərbaycanlı müəllim və tələbələrdən ibarət olan Şərq şöbəsi konservatoriyadan ayrılaraq müstəqil təhsil müəssisəsinə çevrildi. Həmin il aprelin 22-dən məktəb "Şərq Konservatoriyası" adını daşımağa başladı. Bu məktəbə üzeyir Hacıbəyov direktor təyin edildi. Məhz onun səyi nəticəsində Azərbaycanda dövlət səviyyəsində musiqi təhsili sisteminin formalaşması üçün zəmin yarandı. üzeyir Hacıbəyovun rəhbərliyi dövründə məktəbə milli kadrların cəlb olunmasına diqqət artırıldı. Məktəbə qəbul edilən tələbələr arasında digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlılar da böyük əksəriyyət təşkil edirdi. ü.Hacıbəyov tədris prosesinin genişlənməsinə, yeni proqramların yaranmasına, milli musiqi alətləri üçün notlu tədrisin əsasının qoyulmasına, nəzəri fənlərin, xor dərslərinin keçilməsinə, ilk muğam proqramının yazılmasına nail oldu. Məktəbdə Avropa musiqi alətləri və ixtisasları (fortepiano, vokal, skripka) ilə yanaşı, Azərbaycan xalq çalğı alətləri - tar, kamança, balaban, xanəndəlik də tədris edilirdi, gələcəyin professional milli musiqiçi kadrlarının hazırlanması üçün geniş imkanlar yaranırdı.

üzeyir Hacıbəyov qabaqcıl müəllimləri, ən istedadlı məzunları pedaqoji fəaliyyətə cəlb edir, musiqi folklorumuza, xalq yaradıcılığı qaynaqlarına dərindən bələd olan ustad-peşəkar musiqiçiləri məktəbə dəvət edir, onlarla birgə xalq musiqisinin əsaslarını, nəzəriyyəsini, tədris proqramlarını hazırlayırdı. Eyni zamanda Avropa, dünya və rus bəstəkarlarının əsərləri, ümumi musiqi nəzəriyyəsi də şagirdlərə öyrədilirdi. Zaman keçdikcə məktəbə qəbul olunanların milli tərkibi də dəyişir, musiqi təhsili almağa gələn azərbaycanlıların sayı sürətlə artırdı.

1924-cü ildə musiqi məktəbinin adı dəyişdirilərək Azərbaycan Dövlət Türk Musiqi Texnikumu adlandırıldı. 1926-cı ilə qədərki fəaliyyətində texnikum fortepiano, skripka, tar, kamança, xanəndə, musiqi nəzəriyyəsi üzrə xeyli sayda ifaçı və müəllim kadrları yetişdirmişdi. Texnikumun ilk məzunları arasında Səid Rüstəmov, Asəf Zeynallı, Xurşid Ağayeva, Əşrəf Həsənov, Tamara Rəhimova, Məmməd Nəsirbəyov, Nigar Usubova, Ələkbər Daşdəmirov, Qılman Salahov, Əhməd Bakıxanov və başqaları var idi.

Yeri gəlmişkən qeyd edək ki, bu musiqi təhsili ocağının inkişafında üzeyir Hacıbəyovun daha böyük xidmətləri olmuşdur. O, Azərbaycan musiqisinin bütün ağırlığını çiyinlərində daşıdığı kimi texnikumun da inkişafı üçün əlindən gələni edirdi.

1926-cı ildə Dövlət Konservatoriyasına birləşdirilən, 1932-ci ildən isə Dövlət Musiqi Texnikumu kimi yenidən müstəqil fəaliyyətə başlayan bu təhsil ocağına 1936-cı ildə yenidən üzeyir bəy rəhbərlik etməyə başlamışdır.

30-cu illər texnikumun tarixində bütün şöbələrin ahəngdar və sabit işləməsi, yaradıcılıq axtarışlarının davam etdirilməsi, konsert fəaliyyətinin fəallaşması, gənc musiqiçi kadrların yetişdirilməsinə tələbkarlığın artması, müəllim kollektivinin güclənməsi, tədrisin keyfiyyətinin daha da artırılması dövrü olmuşdur. Həmin illərdə folklora, xalq musiqisi ənənələrinin öyrənilməsinə, muğamlarımızın tədrisinə və tədqiqinə marağın artması ilə yanaşı, bəstəkarlar tərəfindən yeni musiqi əsərləri də yazılır, klassik musiqiyə meyil güclənirdi. Məktəbin müxtəlif şöbələrində çalışan Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Bülbül, Qurban Pirimov, Seyid Şuşinski, Ağası Məşədibəyov kimi sənət fədailərinin məhsuldar əməyi sayəsində tədris prosesi daha da təkmilləşir, ifaçılıq səviyyəsi yüksəlirdi.

1940-1950-ci illərdə texnikumda müəllim və tələbələrdən ibarət xalq çalğı alətləri orkestri, ansamblı, kamera kollektivləri, muğam üçlüyü yaradılır. Müəllim və tələbə kontingenti kəmiyyət və keyfiyyət baxımından daha da artır. Texnikumda rus və xarici ölkələrin musiqi ədəbiyyatı, musiqi nəzəriyyəsi fənləri üzrə yeni metodik vəsaitlər yazılır, ixtisas dərslərini təcrübəli müəllimlərlə yanaşı, ali təhsil almış gənc müəllimlər də aparırlar.

1953-cü ilin dekabr ayında Musiqi Texnikumuna ilk professional bəstəkar, bu təhsil ocağının ilk məzunlarından olan Asəf Zeynallının adı verilir. Sonrakı dövrlərdə musiqi məktəbi fəaliyyətini uğurla davam etdirir. Məktəbin yaradıcılıq-pedaqoji fəaliyyəti daha geniş miqyas alır, maddi-texniki bazası möhkəmlənir. Bu illərdə və sonrakı dövrlərdə məktəbə rəhbərlik etmiş Süleyman Ələsgərov, Əşrəf Abbasov, Müdhət Əhmədov, Azər Abdullayev, Vasif Adıgözəlov, Bayandur Mehdiyev və Əvəz Rəhmətovun yüksək səviyyəli pedaqoji fəaliyyətlərini və böyük təşkilatçılıq işlərini xüsusilə  qeyd etmək lazımdır.

60-70-ci illərdə də kollecin pedaqoji kollektivi səmərəli fəalliyət göstərərək, Azərbaycan Dövlət Konservatoriyası, uşaq musiqi məktəbləri, bədii özfəaliyyət və digər yaradıcı kollektivlər üçün yüzlərlə ixtisaslı mütəxəssislər yetişdirmişdir.

1992-ci ilədək A.Zeynallı adına Bakı Musiqi Məktəbi, həmin ildən isə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumu adlanan təhsil ocağı Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2000-ci ildən öz fəaliyyətini Milli Konservatoriyanın tərkibində Musiqi Kolleci adı altında davam etdirir.

Kollecin keçdiyi şərəfli yol, əldə etdiyi nailiyyətlər fəxrlə bunu deməyə əsas verir ki, dahi üzeyir Hacıbəyovun musiqi mədəniyyətimizin və musiqi təhsilimizin inkişafı naminə sərf etdiyi zəhmət hədər getməmiş, öz gözəl bəhrələrini vermişdir. Təkcə Azərbaycanda deyil, Şərqdə ilk professional musiqi tədris ocağı olan kollecimiz yüzlərlə dünya şöhrətli, musiqi mədəniyyətimizə və xalqımıza başucalığı gətirən bəstəkarlar yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Hacı Xanməmmədov kimi sənətkarlarımız məhz bu təhsil ocağının yetirmələridirlər. Bu gün cəsarətlə deyə bilərik ki, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin ilk kadr əsası məhz bizim Musiqi Kollecində qoyulmuşdur.

Görkəmli Azərbaycan xanəndələrindən Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, Əlibaba Məmmədov, Hacıbaba Hüseynov, Nəriman Əliyev, məşhur tarzənlər - muğam xiridarları Qurban Pirimov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Adil Gəray Məmmədbəyov, Əhsən Dadaşov, Baba Salahov və digərləri, kamança ustaları - Hafiz Mirzəliyev, Tərlan Qazıyeva, Fərhad Dadaşov ilk sənət, peşə addımlarını burada atmış, ömürlərini bu qocaman təhsil ocağı ilə bağlayaraq, pedaqoji fəaliyyətlərini sona qədər kollecdə davam etdirmişlər.

Musiqi Kollecindən pərvazlanmış görkəmli bəstəkarların və ifaçıların siyahısı bununla bitmir. Milli mədəniyyətimizin iftixarı olan Müslüm Maqomayev, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Zeynəb Xanlarova, Rafiq Babayev, Vaqif Mustafazadə, Ramiz Mustafayev, Məmməd Quliyev,  Habil Əliyev, İslam Rzayev və digər adlı-sanlı sənətkarlar da kollecin yetirmələridirlər.

1978-ci ildə kollecimizin 80 illik yubileyi ölkədə geniş qeyd olunmuş, həmin ildə musiqi kadrlarının hazırlanması sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə o vaxt A.Zeynallı adına Bakı Musiqi Məktəbi adlanan kollecimiz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Yubiley münasibəti ilə 10-a yaxın müəllim "Əməkdar müəllim", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşlar.

Doğma Azərbaycanımız 17 il öncə müstəqilliyini bərpa etdikdən sonra kollecimiz özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Kollecimiz son illərdə özünün elmi-təcrübi bazasını daha da möhkəmləndirmiş, tədris, təlim-tərbiyə potensialını genişləndirmişdir. Kollecdə təhsilin keyfiyyətinin yüksəlişinə xüsusi diqqət yetirilir. Bu məqsədlə yeni forma və metodlar axtarılır, ümumbəşəri, milli dəyərlərə, qabaqcıl musiqi-tədris metodlarına üstünlük verilir. Müəllimlərimiz müntəzəm olaraq, öz biliklərini artırır, dünyagörüşlərini genişləndirir, ifaçılıq təcrübələrini təkmilləşdirirlər.

Son illər kollecimizin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də böyük işlər görülmüşdür. Belə ki, kollecin əvvəlki binası tələbləri ödəmədiyindən Azərbaycan Milli Konservatoriyasının rektoru, tanınmış bəstəkar, professor Səyavuş Kərimi kollec üçün yeni binanın ayrılması barədə Nazirlər Kabineti qarşısında məsələ qaldırmış və hökumətin qərarı ilə 2002-ci ildə kollecimiz 1500 kv.m ümumi sahəsi olan binadan 2800 kv.metrlik sahəsi olan yeni binaya köçmüşdür. Bunun da nəticəsində sinif otaqlarımızın sayı 35-dən 55-ə çatmış, tədris şəraitimiz xeyli yaxşılaşmışdır. Yeni binada əsaslı təmir işləri görülmüş, kollec müasir avadanlıqlar və musiqi alətləri ilə təmin edilmişdir. Konsertlər vermək, müxtəlif tədbirlər keçirmək üçün 300 nəfərlik böyük akt zalımız var. 110 illiyimizlə əlaqədar onun təmir olunması nəzərdə tutulub. Hörmətli nazirimiz Misir Mərdanovun göstərişi ilə artıq təmir üçün vəsait ayrılıb. Zal cari tədris ilində təmir olunacaq.

Təhsil şəraitinin yaxşılaşması uğurlarımızın da artmasına səbəb olub. Son illər yetirmələrimiz bir sıra müsabiqələrdə fəal iştirak edərək sanballı uğurlar qazanmışlar. Bu baxımdan 2004-cü ildə keçirilən orta ixtisas musiqi məktəblərinin müsabiqəsindəki qələbəmizi xüsusi qeyd etmək istərdim. Respublikamızda fəaliyyət göstərən 12 musiqi tədris müəssisəsinin hamısının iştirak etdiyi müsabiqədə qaliblərə 32 yer ayrılmışdı. 16 yeri bizim tələbələr əldə etdilər. Bir tədris ocağının mükafata layiq yerlərin yarısını tutması böyük nailiyyətdir.

2005-ci ildə "Spase" televiziyasının iştirakı ilə keçirilən muğam müsabiqəsində də böyük uğurlarımız olub. Müsabiqənin final mərhələsində yarışan 20 iştirakçıdan 14-ü bizim məzunlar və tələbələr idi. Onlardan Təyyar Bayramov I, Babək Niftəliyev III yerə layiq görüldülər.

Məlum olduğu kimi, ötən il Heydər Əliyev Fondu tərəfindən, şəxsən Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən və Azərbaycan Televiziyası ilə yayımlanan "Muğam-2007" müsabiqəsi ölkədə böyük maraq doğurmuşdu. Həmin müsabiqədə də 20 iştirakçıdan 12-si bizim tələbə və məzunlarımız idi. Tələbələrimizdən Güllü Muradova I, Abgül Mirzəliyev və məzunumuz Ehtiram Hüseynov II, tələbə Rəvanə Ərəbova isə III yeri tutdular. Müsabiqədə iştirak edən digər tələbələrimiz laureat adına layiq görüldülər. Bu da bizim üçün böyük nailiyyətdir.

Kollecimizin ötənilki məzunlarından biri, estrada musiqi sənətinin təmsilçisi Elnur Hüseynov "Yevrovijn" müsabiqəsində qələbə çalıb. Hazırda o, yekun mərhələyə hazırlaşır. ümidvarıq ki, Elnur kollektivimizin adını orada da yüksəldəcəkdir.

Böyük öndərimiz Heydər Əliyevin 85 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin keçirdiyi "Heydər Əliyev -85" müsabiqəsində kollecimizin yetirməsi Tofiq Məmmədov (müəllimləri Fikrət Manafov, Mahmud Əliyev) və üçüncü kurs tələbəsi Elnur Hüseynov (müəllimi Əlibaxış Məmmədov) I yerə çıxaraq I dərəcəli diploma layiq görülmüşlər. II kurs tələbəsi Yusif Sultanov (müəllimi Kəmalə Cahangirova) kanon aləti üzrə III yeri tutub.

ümumiyyətlə, kollecimizdə istedadlar çoxdur. Onları böyük səhnədə, radio dalğalarında və televiziya ekranlarında tez-tez eşitmək və görmək mümkündür.

Kollecdə görkəmli adamlarla, tanınmış incəsənət ustaları ilə görüşlərin keçirilməsinə, kütləvi tədbirlərin bədii hissələrində iştiraka böyük diqqət yetirilir, hər il tələbələrin hesabat konsertini keçiririk. çünki belə tədbirlər tələbələrin ifaçılıq qabiliyyətini təkmilləşdirir, dünyagörüşlərini artırır, səhnə mədəniyyətinə yiyələnmələrinə səbəb olur.

Son illər kollecimizdə bir sıra görüşlər keçirilib. ABŞ-ın, Türkiyənin, İranın, Norveçin, Hindistanın səfirləri qonağımız olmuş, kollecdə keçirilən tədbirlərdə iştirak etmiş, tələbələrimizin ifasına qulaq asmış, istedadlara bir çox qayğı göstərmişlər. Həmçinin sənət adamları ilə tez-tez görüşlərimiz olur. Dünya şöhrətli bəstəkar, kollecimizin məzunu, SSRİ xalq artisti, professor Arif Məlikov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Dövlət mükafatı laureatı, bəstəkar Aqşin Əlizadə kollecimizdə müəllim və tələbələrimizlə görüşmış, tələbələrin konsertinə baxmışlar.

Qazandığımız uğurların bir qismi də müəllimlərimizin müxtəlif fəxri adlara layiq görülməsi ilə bağlıdır. Təhsil və incəsənət işcilərinə böyük qayğı göstərən, onların əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin sərəncamları ilə son vaxtlar bir neçə müəllimimiz fəxri adlara layiq görülmüşlər. Onlardan Ağasəlim Abdullayev, Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov, Natəvan Şeyxova "Xalq artisti", Elmira Paşayeva "Əməkdar müəllim", bu sətirlərin müəllifi və Salman Qənbərli "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülmüşlər.

Yetirmələrimiz içərisində indiyədək 9 nəfəri "SSRİ xalq artisti", 200-dən çoxu "Azərbaycanın xalq artisti", "Əməkdar incəsənət xadimi", "Əməkdar müəllim" və s. fəxri adlara layiq görülüblər.

Hazırda Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin əyani və qiyabi şöbələrində 1372 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə məşğul olan 400-ə yaxın müəllimdən 260 nəfəri əsas işçi, 100-dən çoxu isə əvəzedici müəllimlərdir. Müəllimlərimiz arasında 50-yə qədər fəxri ad sahibi, professor, elmlər doktoru, elmlər namizədi var. Onlar müstəqil Azərbaycanın yeni istedadlı ifaçılar nəslinin yetişməsi üçün əllərindən gələni edirlər.

Azərbaycanda ədəbiyyat, incəsənət, elm və təhsilin inkişafı, onların parlaq gələcəyi, tələbələrin geniş ixtisas biliyi almaları üçün kollecimizdə hər cür imkanlar və şərait yaradılmışdır. Belə bir mövqe musiqi təhsilinin tərəqqisi yolunda yeni nailiyyətlər və perspektivlər yaratmağa, Azərbaycanda istedadlı gəncliyin yetişməsinə və respublikamızın dünyadakı nüfuzunun durmadan artmasına qüvvətli təsir göstərir.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin kollektivi həmişə respublikanın ictimai və mədəni həyatında fəal iştirak edir, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, musiqi mədəniyyətimizin və təhsilimizin inkişafına əzmlə xidmət göstərir. Biz şəxsiyyəti, müdrikliyi, təcrübəsi, vətənpərvərliyi və yüksək mədəniyyəti ilə fəxr etdiyimiz möhtərəm Prezidentimiz İlham Əliyevin incəsənətə və təhsilə münasibətdə apardığı inkişaf xəttini alqışlayırıq. İnanırıq ki, Şərqin ilk musiqi məktəbi kimi Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Musiqi Kollecinin 110 illik yubileyi əsl ümumxalq sənət bayramına çevriləcəkdir.

Yeri gəlmişkən onu da qeyd edim ki, son vaxtlar 110 illik yubileyimizlə bağlı silsilə tədbirlər həyata keçirmişik. Yubiley ərəfəsində Bakının 10-dan çox musiqi məktəbində, incəsənət gimnaziyasında, Sumqayıt Musiqi Texnikumunda, Şirvan şəhər uşaq musiqi məktəbində çıxışlarımız olub, konsertlər vermişik. Təhsil Nazirliyinin müvafiq əmri ilə mayın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında təntənəli yubiley gecəsi keçiriləcəkdir.

Nazim KAZIMOV, 

Azərbaycan Milli Konservatoriyası

nəzdində Musiqi Kollecinin direktoru,

əməkdar incəsənət xadimi, professor