· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Cəmiyyətin böyük uğuru və qazancı

Respublikamızın Şərq və Qərb sivilizasiyalarının qovuşağında yerləşdiyindən təkcə regionda deyil, bütövlükdə dünyada dinamik inkişafın və nəhəng quruculuq işlərinin mərkəzinə çevrilməsi təbii bir prosesdir. Xalqın, millətin mənafeyi, respublikamızın çiçəklənməsi naminə böyük siyasi uzaq görənliklə möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirir. Son dörd ildə həyata keçirilən irimiqyaslı proqram və layihələr, sosial-iqtisadi islahatlar, iqtisadiyyatın sürətli inkişafı məhz bu uğurlu siyasətin danılmaz məntiqi nəticəsi kimi bütün dünyaya bir daha sübut edir ki, Azərbaycanda demokratik prinsiplərə söykənən sivil dövlət qurulub.

 

"İqtisadi potensialı intellekt kapitalına" çevirməyin zəruri olduğunu deyən Prezidentin ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə göstərdiyi qayğı və diqqət, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, məktəblilərin dərsliklərlə pulsuz təminatı öz bəhrəsini verməkdədir.

Təhsili  "ölkəmizin, millətimizin gələcəyi məsələsi" adlandıran Prezident deyir:

"Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə alsın. Gələcəkdə həm özlərini təmin etsinlər, cəmiyyətdə özlərinin yerini tutsunlar, eyni zamanda ölkəmizin ümumi inkişafına öz töhfələrini versinlər".

Bəli, bu gün təhsilə dövlət qayğısı gündən-günə artırılır. Təkcə ötən ildə Prezident İlham Əliyevin təhsillə bağlı 28 sərəncam imzalaması, ölkədə 200 yeni məktəbin tikilib istifadəyə verilməsi faktı bu sahəyə göstərilən diqqətin bariz təcəssümüdür. 2007-ci ildə Bakı şəhərində 22 yeni məktəb və 11 uşaq bağçası istifadəyə verilmiş, 28 məktəb üçün isə əlavə sinif otaqları tikilmiş, paytaxt məktəblərinin demək olar ki, əksəriyyətinin istilik sistemi yenidən qurulmuşdur. "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı (2003-2007-ci illər)", "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqla təmin olunmasına dair inkişaf Proqramı (2005-2009-cu illər)", "Dərsliklə təminat Proqramı (2006-2015-ci illər)" və başqa dövlət proqramlarının həyata keçirilməsi məhz Prezident İlham Əliyevin iqtisadi potensialın intellekt kapitalına çevrilməsi yönündə atdığı inamlı addımlardır. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər də diqqətəlayiqdir.

Heydər Əliyev Fondu və şəxsən onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin inkişafına, yeni məktəblərin tikilib istifadəyə verilməsinə, müəllimlərə və bütövlükdə pedaqoji sahədə fəaliyyət göstərən hər kəsə böyük qayğı və diqqət yetirir. 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı cəmiyyətdə böyük rezonans yaratdı. Bu proqramın həyata keçirilməsinin birinci mərhələsində respublikamızın ən ucqar regionlarında 132 məktəb tikilərək müasir avadanlıqlarla təchiz olundu.  Mehriban xanım Əliyevanın sözləri ilə desək: "Bu məktəblərin tikintisi cəmiyyətin ən böyük uğuru və qazancı idi". Proqramın birinci mərhələsinin reallaşması, eyni zamanda bu istiqamətdə böyük təcrübənin əldə olunmasına zəmin yaratdı.

Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond təhsilin inkişafı sahəsindəki xeyriyyəçilik missiyasını bir sıra xarici ölkələrdə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini bu ölkədə yaşayan soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır.

Fondun bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Rusiyanın paytaxtı Moskvada və ayrı-ayrı şəhərlərdə fəalıyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın məqsədyönlü və ardıcıl fəaliyyəti diqqəti cəlb edir. Bu ilin fevralında Sankt-Peterburqdakı ingilis dili təmayüllü uşaq evi-məktəbdə olan Leyla Əliyeva məktəblilərin suallarını cavablandıraraq respublikamızda təhsilin, idmanın, rus dilinin inkişafına göstərilən qayğıdan danışmış, Fondun təşəbbüsü ilə son illərdə Azərbaycanda yeni məktəbin tikilib istifadəyə verilməsinin geniş vüsət aldığını vurğulamışdır.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaiti göndərilmişdir.

2008-ci ilin fevralında isə Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün orta məktəb istifadəyə verilmişdir.

İnamımızı bildiririk ki, Fondun bu yöndəki fəaliyyəti dövlətimizin təhsillə bağlı həyata keçirdiyi siyasətə daim dəstək olacaqdır.

Ən istedadlı, ən layiqli tələbələrin dövlət xətti ilə dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradılır, bunun üçün lazım olan vəsait ayrılır.

Təbii ki, respublikamızda təhsilin dinamik inkişafına göstərilən bu qayğı biz təhsil işçilərinin üzərinə böyük məsuliyyət qoyur. Biz göstərilən qayğıya əməli işlərimizlə cavab verməli, ölkə başçısının bu sözlərini fəaliyyətimizdə daim əsas götürməliyik:

"Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Gələcək nəsil yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların inkişafını təmin edən amillərdən bəlkə də birincisi bilik, intellektual potensial olubdur, savad olubdur".

 

Səməndər MƏMMƏDOV,

Bakının Sabunçu rayonundakı 271 nömrəli

orta məktəbin direktoru