· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupu təhsil müəssisələrində antikorrupsion tədbirlər keçirir

Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupunun fəaliyyət planına uyğun olaraq rayon təhsil şöbələrində və məktəblərdə antikorrupsion maarifləndirmə tədbirləri həyata keçirirlər. Bu günlərdə işçi qrupunda təmsil olunan "Korrupsiyaya qarşı Mübarizə fondu"nun icraçı direktoru Vasif Mövsümovla "Dövlət quruculuğu" Araşdırmalar Mərkəzinin rəhbəri İslam Əsgəroğlu Bakı şəhər 7 nömrəli orta məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə "dəyirmi masa" keçirmişlər. Tədbirdə fəaliyyət planından irəli gələn məsələlər: təhsildə korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq məqsədilə hüquqi maarifləndirmə işinin, seminar və məşğələlərin, buraxılış imtahanlarının monitorinqlərinin təşkili, "qaynar xətt"lərin fəaliyyət qaydalarının tətbiqi, onların səmərəliliyinin yüksəldilməsi, təhsil müəssisələrində antikorrupsiya tədbirlərinin keçirilməsi və s. problemlər müzakirə olunub. Tədbir iştirakçılarına "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya" barədə geniş məlumat verən V.Mövsümov korrupsiyanın törətdiyi fəsadlar və ona qarşı mübarizə vasitələrindən danışaraq təhsildə neqativ halların mövcudluğunun səbəblərindən biri olan valideyn və şagirdlərin fəallığının, işgüzarlığının aşağı səviyyədə olmasını qeyd etdi.

Təhsildəki neqativ halların doğuracağı korrupsiya fəsadları barəsində danışan Təhsil Nazirliyinin işçi qrupunun üzvü İslam Əsgəroğlu bu mübarizədə dövlət və cəmiyyətin, məktəb və ictimaiyyətin birgə əməkdaşlığı, səyi və təşəbbüsü olmadan müsbət nəticə əldə etməyin mümkünsüzlüyünü söylədi.

Məktəbin direktoru Gülnaz Mehdizadə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəblərdə son vaxtlar apardıqları məqsədyönlü tədbirləri təqdir etməklə bu cür tədbirlərin təhsilin inkişafında oynayacağı müsbət roldan danışdı, məktəbin müəllim və şagirdləri, valideynləri, uşaq və gənclər təşkilatlarının sayı və təşəbbüsü ilə mövcud problemlərin həllinə nail olacaqlarına əminliyini bildirdi.

çıxış edən şagirdlər, müəllimlər və  valideynlər fikirlərə dəstək olmaqla yanaşı, bəzi problemlər barədə suallar verdilər. Onlar bu problemlərin həllində ictimaiyyətin yaxından iştirakının vacib olduğunu və bunun da təhsilin keyfiyyətinin yüksəlməsinə yardım edəcəyini qeyd etdilər. Sonda nəzərdə tutulan tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.