· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Leyli və Məcnun"un 100 yaşı oldu

Dahi bəstəkarın ilk operasının 100 illiyi bir vaxtlar müəllimlik etdiyi 51 nömrəli orta məktəbdə qeyd edildi

 

Səbail rayonundakı 20-ci yaşayış sahəsində yerləşən 51 nömrəli orta məktəbdə  Şərqdə ilk opera olan "Leyli və Məcnun" operasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Yubiley tədbirinin 51 nömrəli orta məktəbdə keçirilməsi heç də təsadüfi deyildir. Dahi bəstəkarımız üzeyir Hacıbəyov Qori Müəllimlər Seminariyasını bitirdikdən və bir müddət indiki Xocavənd rayonunda işlədikdən sonra Bakı şəhərinə gələrək,  1905-1907-ci illərdə məhz bu məktəbdə  müəllimlik etmişdir.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov böyük bəstəkarın mədəniyyətimizin inkişafı və Azərbaycan xalq musiqisinin dünya  səviyyəsində tanınmasında, peşəkar bəstəkarlıq məktəbinin yaranmasındakı misilsiz xidmətlərindən söhbət açdı. Natiq son illərdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən mədəniyyətimizə və incəsənət xadimlərinə olan qayğıdan bəhs edərkən, muğam sənətinin qorunub saxlanmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini də xüsusi vurğuladı.

Məktəblilərin ifasında səslənən "Leyli və Məcnun" operasından   "Şəbi-hicran" xoru tədbir iştirakçılarında xoş təəssürat oyatmış, Azərbaycan muğamını yaşadan və geniş təbliğ edən Leyli və Məcnun rollarının mahir ifaçıları, xalq artistləri Nəzakət Teymurova və  Mənsum İbrahimovun çıxışı hərarətlə qarşılandılar.

Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov  dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söhbət açaraq, onun bir zamanlar dərs dediyi məktəbdə büstünün ucaldılmasının təşəbbüskarlarına öz minnətdarlığını bildirib,  məktəb  kollektivinə  uğurlar  arzuladı.

"Leyli və Məcnun" tamaşasında 100-cü dəfə Məcnun rolunu ifa etməyə hazırlaşan xalq artisti Mənsum  İbrahimov, 51 nömrəli orta məktəbin şagirdi  Həmid Qarayev də mərasimdə çıxış etdilər.

 

 

 

 

Yüzillik eşq mehrabı

Naxçıvan Dövlət Universitetinin konservatoriyasında Şərqin ilk operası  "Leyli və Məcnun"un 100 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli görkəmli bəstəkar üzeyir Hacıbəyovun yaradıcılığı barədə geniş məruzə etdi. Rektor milli operamızın ilk nümunəsi olan "Leyli və Məcnun"un Azərbaycan incəsənətindəki misilsiz xidmətlərindən, opera teatrının, milli orkestrin və dirijorluq sənətinin inkişafındakı rolundan danışdı. Akademik muğamlarımız əsasında yaradılmış bu operanı dahi şair Füzulinin və Azərbaycan musiqisini dünyada tanıdan böyük üzeyir bəyin sənətinin ecazkar vəhdəti kimi dəyərləndirdi.

Universitetin musiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq namizədi İnarə Məmmədova "Leyli və Məcnun"u sənətşünaslıq baxımından təhlil edərək bu operanı nəinki Azərbaycan, bütün Şərq incəsənətində nadir sənət incisi kimi dəyərləndirdi.

Sonra söz musiqiyə verildi. Konservatoriya tələbələrinin ifasında operadan müqəddimə, xor və duetlər, partitura səsləndi. Tələbələrdən Ayaz Qocazadə və Zeynəb Yusifovanın ifasında duet, tar və fleytada səsləndirilən musiqi nömrələri, tələbə mini orkestrinin uğurlu debütü hərarətlə alqışlandı. Samiddin Vəliyevin ifa etdiyi "Qarabağ şikəstəsi" üzeyir ruhuna sevgi və ehtiramdan yoğrulmuş musiqi dəməti oldu.

Konsertdən sonra çıxış edən akademik İsa Həbibbəyli tələbələrin hər konsertdə sənətkarlıq baxımından püxtələşdiyini, yeni istedadların üzə çıxdığını, musiqinin müxtəlif janrları üzrə ifaçıların yetişdiyini vurğuladı, konsertin yüksək səviyyədə  təşkilinə görə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Səidə Məmmədovaya təşəkkürünü  bildirdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə tələbələrin musiqi professionallığından və səhnə səriştəsindən, istedadından danışdı.

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universitetinin

mətbuat xidmətinin əməkdaşı

 

 

20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirildi

Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun akt zalında 20 Yanvar faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə institutun kollektivi ilə yanaşı, qonaqlar da iştirak edirdilər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra tədbir öz işinə başladı.

Tədbiri giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov çıxışında bildirdi ki, biz bu gün 1990-cı il 20 Yanvar faciəsinin 18-ci ildönümünə yığışmışıq. O gecədə neçə-neçə dinc vətəndaş, ziyalılarımız, alimlərimiz şəhid oldular. Unutmamalıyıq ki, dəhşətli gündə Moskvada yaşayan Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanat 20 Yanvar faciəsi xəbərinin beynəlxalq aləmə yayılmasında çox böyük rol oynadı. Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən bu faciənin törədilməsində əsl günahkarların, Sov.İKP və SSRİ rəhbərliyinin adını tam açıqladı. Bu, sovet imperiyasının öz vətəndaşlarına qarşı silah qaldırmasının və dinc əhalini qanına qəltan etməsinin bütün dünya qarşısında ifşası idi.

Sonra söz institutun Gənclərin çağırışaqədərki hazırlığı kabinetinin müdiri Nurəddin Hüseynova verildi. Nurəddin müəllim qeyd etdi ki, xalqımız 1990-cı ilin 20 Yanvarında hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, tarixi qəhrəmanlıq ənənələrinə sadiq qaldığını, çətinliklərə baxmayaraq, azadlıq və müstəqillik uğrunda sarsılmaz mübarizə apardığını bütün dünyaya çatdırdı. Həm də 20 Yanvar Azərbaycanda xalq hərəkatından milli azadlıq mübarizəsinə keçidin dönüş məqamı oldu.

Tədbirdə 20 Yanvar Cəmiyyəti İdarə Heyətinin üzvü, cəmiyyətin Binəqədi rayon təşkilatının sədri Ağarza Xankişiyev, Pedaqogika kabinetinin müdiri Fikrət Əliyev və Rəhbər kadrlar kabinetinin müdiri Nisə Cəlilova da 20 Yanvar faciəsinə öz münasibətlərini bildirdilər. Qeyd olundu ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması ilə bağlı addımlar atıldı. 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

İnstitutun əməkdaşı, şair Mehdi Cəlal 20 Yanvara aid şeirini söylədi. Müdavimlər Eltac Salmanova və Etibar Əliaslanov 20 Yanvar faciəsi ilə əlaqədar hazırladıqları kompozisiyanı nümayiş etdirdilər.

Tədbirdə matəm musiqisi sədaları altında o müdhiş gecədən fraqmentlər göstərildi. Tədbirin axırında 20 Yanvar hadisələri zamanı zərərçəkmiş bir qrup şəxsə, o cümlədən Binəqədi rayon sakinlərindən 20 Yanvar Cəmiyyəti İdarə Heyətinin üzvü Ağarza Xankişiyevə, Canpolad  İsmayılova və Esmira Mehdiyevaya Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rəhbərliyi tərəfindən yardım təqdim olundu.

 

Şakir CƏFƏROV

 

 

 

Şəhidlərimizin ruhu bizi mübarizəyə səsləyir

20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı Bakının Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə "Şəhidlərimizin ruhu bizi mübarizəyə səsləyir" mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir. Rayon səviyyəsində keçirilən tədbirdə iştirak edən icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları, müxtəlif məktəblərin rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhid anası və digər qonaqlar öncə faciə ilə bağlı məktəb-liseydə təşkil olunmuş sərgiyə tamaşa etdilər. Sonra 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Əkbər Qocayev qonaqlarla birlikdə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdi və faciə ilə bağlı ümumi məlumat verdi. O bildirdi ki, məktəb-liseydə 20 Yanvarla əlaqədar təhsil naziri Misir Mərdanovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rəsm sərgisi, inşa müsabiqəsi, ibtidai siniflərdə ana, Vətən mövzularında aparılmış söhbətlər, Şəhidlər Xiyabanını ziyarətlər, mərdlik dərsləri və s. tədbirlər keçirilir. Şəhidlər haqqında danışan Əkbər müəllim şagirdlərə Vətən sevgisi, Vətən məhəbbəti arzuladı. Sonra söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə verildi. ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar faciəsinə siyasi qiymət verildiyini tədbir iştirakçılarının nəzərinə çatdıran İ.Mehdiyev şəhid ailələrinə və əlillərə göstərilən dövlət qayğısından danışdı. Qeyd etdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların əməlləri heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqlar.

20 Yanvar faciəsinə həsr olunmuş bədii hissə başlandı. Faciəni əks etdirən stendlərin qarşısında çıxış edən aparıcılar öncə 20 Yanvar şəhidləri haqqında məlumat verdilər. Sonra həzin musiqi sədaları altında məktəblilərin ifasında Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından parçalar, bayatılar, qəhrəmanlığı və Vətən sevgisini əks etdirən şeirlər səsləndi, səhnəciklər göstərildi.

Tədbirin yüksək vətənpərvərlik ruhunda keçməsində müəllimlərdən Aydın Babayev, Ləman Ağasıyeva, Gülnarə Orucova, Mehparə Həbibi, Şamil Sadıqov, Adil Ağayev, şagirdlərdən isə Taleh, Tural, Turanə, Günel, Orxan, İlham və Fərizənin xüsusi əməyi oldu. Sonra şəhid Fərizənin anası öz çıxışında 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Əkbər Qocayevə bu tədbirin təşkili üçün minnətdarlığını bildirdi və şagirdləri vətənpərvərliyə çağırdı.

"Şəhidlərimizin ruhu bizi mübarizəyə səsləyir" adlı ədəbi-bədii kompozisiya "Koroğlu" uvertürasının sədaları altında başa çatdı.

 

Fazil İDRİSOĞLU

 

 

 

 

 

 

20 Yanvara həsr olunan rəsm sərgisi

Yanvarın 18-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" qalereyasında 20 Yanvara həsr olunan sərgiyə toplaşanlar məktəblilərin həmin günlə bağlı çəkdikləri rəsm işləri ilə yaxından tanış oldular. Sərgi iştirakçıları uşaq təxəyyülünün məhsulu olan sənət əsərlərinə tamaşa edərək o günü yenidən xatırladılar.

Sərginin açılışından öncə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov çıxış edərək 20 Yanvar faciəsinin tariximizə qanlı bir gün kimi daxil olduğunu söylədi. Bununla bərabər, həmin gün xalqımız müstəqilliyə qovuşdu. Bir millət, xalq olaraq sovet imperiyasına qarşı öz etirazını bildirərək, azadlığını, müstəqilliyini əldə etdi. Neçə-neçə oğul və qızlarımız şücaət, igidlik göstərərək qəhrəmancasına həlak oldular.

Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova qanlı gecənin canlı iştirakçısı olan 48 nömrəli Tərbiyə İşi Mərkəzinin direktoru Avtandil Nəbiyev həmin günü ürəkağrısı ilə yenidən xatırladılar. 

çıxışlardan sonra sərgiyə baxış oldu. Sərgidə paytaxtın bir çox uşaq yaradıcılıq mərkəzlərinin rəsm dərnəyində məşğul olan şagirdlərin 200-dən yuxarı rəsmi nümayiş olunurdu. Rəsm əsərlərində 20 Yanvar günü paytaxtda törədilən qırğınlar təsvir olunub, igid oğul və qızlarımızın qəhrəmanlıqla həlak olmaları göstərilib.

Məktəblilərin çəkdikləri rəsmlərə həyəcansız baxmaq qeyri-mümkün idi. Uşaqlar öz rəsm əsərlərində 20 Yanvar hadisələrini elə peşəkarlıqla təsvir etmişlər ki, sanki həmin gecənin canlı şahididirlər. Nümayiş olunan şəkilləri seyr etdikcə həmin qanlı faciənin üstündən 18 il keçməsinə baxmayaraq, gənc nəslin yaddaşında o gecənin unudulmayan bir gün kimi yadda qaldığına bir daha əmin olduq.

 

Samirə KƏRİMOVA