· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Paytaxtın ümumtəhsil məktəblərinin istiliklə təminatı necədir?

 

245 nömrəli məktəbi niyə su basdı?

 

Hazırda ölkəmizin bütün ərazisində ayazlı, şaxtalı, soyuq hava şəraiti hökm sürür. ötən illərdən fərqli olaraq bu il qış daha sərt görünür. Sözsüz ki, qışa hazırlıqla əlaqədar paytaxtın təhsil müəssisələrində də vaxtında həll olunmayan bir çox problemlər yaşanmaqda davam edir.

Elə bu həlli vacib problemlərlə bağlı hələ ötən ilin dekabrın 1-də Təhsil Nazirliyi kollegiyasının iclası keçirildi. "Bakı şəhərinin ümumtəhsil məktəblərinin istiliklə təminatı vəziyyəti" mövzusunda məsələnin müzakirə olunduğu iclasda təhsil naziri Misir Mərdanov Bakının rayonları üzrə məktəblərin istilik sisteminin vəziyyəti ilə əlaqədar kollegiyada iştirak edən məktəb rəhbərlərinə qısa vaxt ərzində həmin problemləri aradan qaldırmağı tövsiyə etmişdi. Odur ki, biz də ötən bu müddət ərzində paytaxt məktəblərində qışa hazırlıqla bağlı görülmüş işləri müşahidə etmək qərarına gəldik.

 

öncə Bakının Nəsimi rayonundakı 247 nömrəli təhsil ocağında olduq. Direktor Məhəmməd Əliquliyev məktəb haqqında ümumi məlumat verərək bildirdi ki, hələ keçən il Nazirlər Kabinetinin köməkliyi ilə köhnə çuqun batareyalar və boru xətləri təmir edilərək saz hala gətirilmişdir. Hazırda akt zalımız və 4 sinif otağımız tam qızdırılmır. Yerdə qalan bütün otaqlarımızda istilik sistemi normal işləyir. Onu da deyim ki, məktəbimiz mərkəzləşdirilmiş qaydada qızdırılır. Təhsil Nazirliyinin bu məsələyə həsr olunmuş kollegiya iclası olan gündən etibarən bizə istilik verilir.

Sonra direktorla birlikdə bir neçə sinfə, müəllimlər və əmək otaqlarına baxış keçirdik. Həqiqətən də istilik sistemi normal işləyirdi. Məktəbdə tənəffüs zamanı beşinci sinif şagirdləri Elməddin Mirzəyev və Coşğun İsgəndərlidən sinif otaqlarının isti olub olmadığını soruşduq. Hər iki şagird razılıq etdi. Direktor isə bir qədər gileyli halda onu da bildirdi ki, məktəbdə yadıma gələn son on ildə heç bir təmir işi aparılmadığından pəncərə və qapılar nasaz vəziyyətdədir. Əlbəttə, bu da sinif otaqlarının tam istilənməsinə təsir edir. Bir də təhsil ocağının ucqar nöqtədə yerləşməsi istiliyin bizə gəlib çatana kimi nisbətən soyumasına səbəb olur. Bunları deməkdə məqsədim odur ki, məktəbin ayrıca qazanxanası olsa, bu problemlərlə üzləşmərik...

Həmin gün Nəsimi rayonunda yerləşən daha bir təhsil ocağında - 42 nömrəli məktəbdə də olduq. Burada məktəbin təsərrüfat işləri üzrə direktor müavini Vilayət Cabbarovla görüşdük. O, gəlişimizin məqsədini biləndə dedi:

- Hələ ötən ilin avqust ayında Təhsil Nazirliyinin əsaslı tikinti idarəsi məktəbimiz üçün yeni qazanxana tikmiş, içərisində də Almaniyanın istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Eyni zamanda təhsil ocağının həm köhnə, həm də yeni korpusundakı dəhliz və sinif otaqlarında Türkiyənin istehsalı olan 183 qızdırıcı batareyalar boru xəttinə qoşulmuşdur. Artıq bu il yanvarın 5-dən məktəbin istilik sistemi tam gücü ilə işləyir. İndi şagirdlər və valideynlər çox razılıq edir. Dərslərə davamiyyət də yüksəkdir.

Biz məktəbin ayrı-ayrı sinif otaqlarını, dəhlizlərini direktor müavini ilə birlikdə gəzdik. Burada istilik sisteminin normal işlədiyinin şahidi olduq. Daha sonra Bakının Nərimanov rayonundakı 45 nömrəli məktəbə baş çəkdik. Burada direktor Nazilə Məmmədova ilə söhbət zamanı öyrəndik ki, ötən ilin yay ayında Təhsil Nazirliyi tərəfindən məktəb əsaslı təmir edilmişdir. Elə həmin vaxt təhsil ocağının bütün otaqlarında Türkiyənin istehsalı olan 216 qızdırıcı batareyalar da quraşdırılmışdı. Direktor onu da bildirdi ki, biz kollegiya iclasında iştirak edəndə məktəbimizə mərkəzləşdirilmiş qaydada verilən istilik boru xəttində baş vermiş qəzanın nəticələri Nərimanov Rayon İcra Hakimiyyəti və "Azəristiliktəchizat" ASC-nin  səyi nəticəsində aradan qaldırılmışdır. Məktəbimizə 2 gün idi ki, istilik verilirdi. Elə o vaxtdan bizim təhsil ocağında istilik sistemi ilə bağlı heç bir problemimiz yoxdur.

Direktorla məktəbi gəzdik. Foyedə XI "ç" sinif şagirdi Zaur Vəliyevin anası Xalidə xanımla rastlaşdıq. O, məktəbin qızdırılması ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, qısaca onu deyim ki, məktəb bizim evdən istidir. Sonra biz VII "D" sinfində Fəqan , Rüfət, Aysel, Əzizə ilə, VII "E" sinfində İsmayıl və Rüfətlə, VII "B" sinfində isə informatika müəllimi Yamən Həsənova ilə söhbətdən də öyrəndik ki, həqiqətən məktəbdə istiliklə bağlı heç bir problem yoxdur.

Beləliklə, bir-birindən çox-çox aralıda yerləşən hər 3 təhsil ocağındakı qışa hazırlığın vəziyyəti istər-istəməz ürəyimizi isitdi.

 

***

Paytaxtın ümumtəhsil məktəblərinin istilik təminatı ilə əlaqədar yanvarın 21-də Bakının Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksində olduq. Direktor Qafar Hüseynov bildirdi ki, ötən ilin avqust ayında Təhsil Nazirliyinin xətti ilə  məktəbimizin hər iki korpusundakı dəhlizlərdə və 54 sinif otağında Türkiyənin istehsalı olan 184 qızdırıcı batareyalar yeni çəkilmiş plastik boru  xəttinə birləşdirilmişdir. Zirzəmidəki ana xətlər də bütünlüklə dəyişdirilərək yenisi ilə əvəz edilmişdi. Beləliklə, ötən ilin noyabr ayının 17-dən məktəbimiz mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Bu sahədə heç bir problemimiz yoxdur.

Sonra birlikdə IV "ç", IV "C" siniflərinə, dəhlizlərə baxış keçirdik. Həqiqətən də məktəbin istiliklə təminatı yüksək səviyyədə idi. Söhbət etdiyimiz valideynlər, şagirdlər və müəllimlər yaradılmış şəraitdən razılıq edirdilər.

Bakının Xətai rayonundakı 95 nömrəli orta məktəbində isə istilik təminatı ilə bağlı görüb eşitdiklərimiz bizdə təəssüf hissi doğurdu.

ümumi vəziyyətlə bağlı məlumat verən məktəbin direktoru Tahir Süleymanov bildirdi ki, keçən ilin avqust ayında Təhsil Nazirliyinin vəsaiti hesabına "Birlik" MMC tərəfindən bizim təhsil ocağında istilik sistemi dəyişdirilərək 65 sinif otağına, dəhlizlərə 250 qızdırıcı batareyalar quraşdırılmışdır. Sevindik ki, bu sahədə daha heç bir problemimiz olmayacaq. Amma sonradan məlum oldu ki, şirkət işçiləri məktəbimizin zirzəmisindəki ana xətlərin heç birini təmir etməyib. İndi Xətai Rayon İstilik İdarəsi bizim məktəbə istilik verəndə zirzəmidəki 30 il əvvəl çəkilmiş boru xətləri yüksək təzyiqə davam gətirmir. Tez-tez qəza baş verir. Elə bu səbəblərdən də sinif otaqlarımız lazımınca qızdırılmır. ötən ilin dekabrın 20-dən guya məktəbimizə mərkəzləşdirilmiş qaydada istilik verilir. Belə istilik bizim təhsil ocağını qətiyyən qane etmir. özümüzün fərdi qazanxanamız olsa, belə problemlərlə üzləşmərik...

Tahir müəllimin bu gileyini dinlədikdən sonra birlikdə əvvəlcə sinif otaqlarını gəzdik, XI "A", VII "Ə", IX "Ə", XI "B" sinif şagirdləri otaqlarının soyuq olduğunu, şagirdlərin bir neçəsinin xəstələndiyini bildirdilər. Hərbi otaqda papaq və paltolu əyləşmiş müəllim Cavad Kələntərli də soyuqdan xəstələndiyini bildirdi. Zirzəmidə yerləşən ana xətlərin vəziyyətini öyrənmək istədik. Elə burada rayon istilik mərkəzinin çilingəri Nəcəf Qasımovla rastlaşdıq. O da zirzəmidəki ana boru xətlərinin nasaz olduğunu göstərib gileylənərək bildirdi ki, bu xətlər yeniləri ilə əvəz olunmayana qədər sinif otaqlarını istiliklə tam təmin etmək çətin olacaq. Əlbəttə, məktəbdə görüb eşitdiyimiz bu vəziyyət bizdə təəssüf hissi doğurdu.

Həmin gün baş çəkdiymiz Xətai rayonundakı 25 nömrəli məktəbdə isə istilik təminatı nisbətən yaxşı idi. Direktor Nəbi Ağayev bildirdi ki, hələ iki il əvvəl Təhsil Nazirliyi ilə Xətai Rayon İcra Hakimiyyəti birlikdə məktəbdəki köhnə çuqun batareyaları yuyaraq təmir etmiş, yeni boru xətləri çəkmiş, zirzəmidəki ana boru xətlərini yenisi ilə əvəz etmişdir. ötən il noyabrın 30-dan təhsil ocağı mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir.

Biz direktorla birlikdə V "C", VII "A", VII "B", VIII "D" siniflərinə, məktəbdəki dəhlizlərə baxış keçirdik. Burada istilik sisteminin normal işlədiyinin şahidi olduq.

Xətai rayonundakı 29 nömrəli məktəbdə də istilik sistemi işləmirdi. Direktor Ələddin Əliyev əvvəlcə məktəbin istilik sisteminin təmiri ilə əlaqədar məlumat verərək dedi ki, keçən ilin avqustundan noyabrın axırına kimi bizim təhsil ocağında Təhsil Nazirliyinin xətti ilə istilik sistemində təmir işi aparılmış, yeni boru xətti çəkilmiş və Türkiyənin istehsalı olan 250-yə yaxın qızdırıcı batareyalar quraşdırılmışdır. Məktəbin zirzəmisində isə ana boru xətləri dəyişdirilməmişdir. Burada təmir işi aparılmadığından həmin köhnə borularda tez-tez qəza baş verir. Buna baxmayaraq, ötən ilin yanvarın 4-dən bizə mərkəzləşdirilmiş qaydada istilik verilir.

Bəs indi niyə istilik yoxdur sualımıza cavab olaraq direktor Xətai Rayon İstilik İdarəsi ilə telefon əlaqəsi yaratdı. İdarədən Musa adlı bir nəfər cavab verdi ki, işıq xəttində hansısa faza yoxa çıxıb. Faza "tapılanda", istilik verəcəyik...

Bütün bunların əsas səbəbi isə zirzəmidəki ana boru xətlərinin 1976-cı ildən bəri təmir edilməməsidir. Bax elə buna görə də rayonun istilik mərkəzindən aşağı təzyiqdə istilik verilir. Bu səbəbdən də məktəbin sinif otaqları normal qızdırılmır.

O gün sonuncu baş çəkdiyimiz təhsil ocağı Xətai rayonundakı 245 nömrəli məktəb oldu. Buranın istiliklə təminatı son dərəcə acınacaqlı idi. Müəllimlər və şagirdlər dəhlizlərdə paltolu, papaqlı gəzirdilər. Bura elə bil məktəbə oxşamırdı. Hələ ötən ilin avqust ayından təmirinə başlanmış istilik sistemində işlər tamamlanmamışdı. ötən bu müddət ərzində məktəbin bütün mərtəbələrindəki dəhlizlərə, sinif otaqlarına yeni boru xətləri çəkilmiş, 250 qızdırıcı batareyalar yeniləri ilə əvəz edilmişdir. Biz həmin gün direktor və məktəbin təsərrüfat işləri üzrə direktor müavini Sahib Zülfiqarovla əvvəlcə IV "Q", IV "İ" siniflərinə baş çəkdik. Otaqlar soyuq idi. Şagirdlər sinifdə paltoda, papaqda, hətta əllərində əlcək əyləşmişdilər. Sonra zirzəmiyə baxış keçirdik. Burada həqiqətən köhnə  boru xətləri tam dəyişdirilməyib, görünən çürümüş xətlərin veriləcək istilik təzyiqinə davam gətirməyəcəyi aydınca görünürdü. Bütün bu çatışmazlıqlara baxmayaraq, həmin gün batareyalarda cüzi istilik hiss olunurdı. Biz məktəbdən uzaqlaşandan sonra valideynlərdən biri bizə zəng vurub bildirdi ki, "Azərbaycan müəllimi" qəzeti əməkdaşlarının bu ərazidə reyddə olduğunu bilib, yarım saat əvvəl ilk dəfə olaraq istilik veriblər. Xətlər köhnə olduğu üçün məktəbin xeyli hissəsini su basıb.

Biz isə bu işdə günahı bütün əlaqədar təşkilatlarda, o cümlədən məktəb rəhbərliyində görürük. Axı ötən müddət ərzində bu işə laqeyd  münasibət göstərməsəydi, indi qışın bu sərt günlərində şagirdlər soyuq otaqlarda dərs keçməzdilər.

Yəqin ki, bu işdə günahı olanlar cəzalarına çatacaqlar.

Soyuq qış günlərində Səbail rayonunun 20-ci sahə adlanan ərazisində təhsil müəssisələrinin istiliklə təminatı ilə maraqlandıq. Həmin ərazidə bir həyətdə yerləşən 4 bina - 162 nömrəli məktəb, 51 nömrəli məktəbin iki korpusu və yeni tikilmiş uşaq bağçasının istilik sistemi bir qazanxanadan vurulan su ilə qızdırılmalıdır.

Yanvarın 19-da 162 nömrəli məktəbdə olarkən burada istilik sisteminin işləmədiyini, sinif otaqlarının istiliklə təminatı məqsədilə yalnız elektrik qızdırıcılarından istifadə edildiyini müəyyən etdik.

Məktəbin direktoru Ələkbər Əliyev bizimlə söhbətində binanın daxilində istilik sisteminin qaydasında olduğunu dedi. O bildirdi ki, bu məsələ ilə bağlı yayın ortalarından noyabradək iş görülüb, köhnə borular dəyişdirilərək divarın içinə salınıb, əvvəllər sistemə qoşulmamış dəhlizlərə və bir neçə sinif otağına xətlər çəkilib və bütün korpusdakı qızdırıcılar müasir formalı yeniləri ilə əvəz olunub. Amma qazanxanadan vurulan su hardasa sızdığından və buna görə də dövr etmədiyindən istilik sistemindən istifadə etmək mümkün olmur.

Sonra getdiyimiz 51 nömrəli məktəbin şagird kontingentinin əksəriyyəti bu il istifadəyə verilmiş təzə korpusda, cəmi 12 sinif isə köhnə binada təhsil alır. Yuxarıda qeyd edildiyi kimi, burada da bütün boru və qızdırıcılar yenidir. Həmin gün məktəbdə istilik sistemi normal işləyirdi.

Məktəbin direktoru Lətafət Səmədova məlumat verdi ki, bu məqsədlə əhaliyə veriləndən əlavə Səbail Rayon Qaz İdarəsi 20-ci sahədən qazanxanaya 250 metr uzunluğunda qaz xətti çəkib. L.Səmədova qeyd etdi ki, qazanxana bizim balansda olduğundan bu işə daim çox ciddi yanaşır və xüsusi diqqət göstəririk.

Amma istilik sistemini işlətmək yalnız dünəndən mümkün olub. Onun sözlərinə görə, tikinti və təmir işlərini görən fəhlələrin səhlənkarlığı nəticəsində nasazlıq yaranmış və həmin problem ucbatından bu vaxtadək bir neçə dəfə cəhd etsələr də, müsbət nəticə əldə olunmayıb. Nəhayət, nasazlığın səbəbi ayırd edilmiş və dünən axşamacan görülən gərgin işdən sonra istilik sisteminin normal fəaliyyəti üçün hər şey qaydaya salınmışdır.

Paytaxtda istilik sistemi ilə bağlı ciddi problemləri olan təhsil ocaqlarından biri də 8-ci mikrorayonda yerləşən və özünün təhsil uğurları, məzunlarının ali məktəblərə qəbulda yüksək göstəriciləri ilə tanınan 83 nömrəli məktəb-liseydir. Məktəb-lisey mərkəzi istilik sisteminə qoşulsa da, neçə illərdir normal istilik üzünə həsrətdir. Səbəb təhsil ocağında istilik sisteminin yararsız vəziyyətə düşməsidir. Məktəb-liseyin direktoru Yaqut Sadıqova bizimlə söhbətində bildirdi ki, mərkəzi qazanxanadan məktəbə qədər olan məsafədə borular təzələnib. Lakin binanın daxilindəki borular köhnəlib sıradan çıxdığından istilik sistemini işə salmaq qeyri-mümkündür. Məktəb-liseydə ötən il cari təmir işləri aparılsa da, çox vəsait tələb etdiyindən istilik sistemini qaydaya salmaq mümkün olmayıb. Direktor problemin həlli ilə bağlı aidiyyəti təşkilatlara dəfələrlə müraciət etdiyini, Nazirlər Kabinetindən, rayon icra hakimiyyətindən, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələrin gəlib vəziyyətlə yerində tanış olduqlarını, rayon icra hakimiyyətinin başçısı tərəfindən bu barədə iki dəfə məsələ qaldırıldığını bildirdi. Problemin bu il həll olunacağını deyən Yaqut xanım mart ayından başlayaraq məktəb-liseyin istilik  sistemində  əsaslı  təmir işləri aparılmasının nəzərdə tutulduğunu söylədi.

Bu günlərdə məktəblərdə istilik sisteminin işləyib-işləməməsini öyrənmək məqsədilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 288, 139, 166 və 106 nömrəli orta məktəblərdə olduq. İlk yolumuzu Neftçi Qurban adına 288 nömrəli məktəbə saldıq. 2182 şagirdi, 260 nəfər pedaqoji və texniki işçisi olan məktəbdə siniflərin sayı 98-dir. Sinif otaqlarında istilik sistemi tam qaydasında idi.

Elxan Həsənov adına 139 nömrəli orta məktəbdə sinif otaqlarını gəzərkən istiliyin normal olduğunu gördük.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Tofiq Rəfiyev adına 166 nömrəli məktəb-liseyə baş çəkdik. Burada da istilik sistemi normal idi. Siniflərdə kifayət qədər istilik vardı.

Qəsəbənin Səxavət Məhərrəmov adına 106 nömrəli məktəbində də olduq. Məktəbdə 75 sinif otağı, 185 nəfər texniki və pedaqoji işçi olmaqla, şagirdlərin sayı 1608-dir. Məktəbin direktoru Süleyman Şıxəliyevlə sinif otaqlarını gəzdik. Siniflərdə istilik zəif idi. Direktor bunun səbəbini belə izah etdi. Mən bu məktəbə təyin olunanda istilik sistemi normal deyildi. çünki siniflərin qızdırılması üçün məktəbdə qazanxana sistemi yox idi. Artıq bu sistem məktəbdə quraşdırılıb. İstilik sistemi yaxın günlərə qədər yaxşı idi. Son günlər havaların şaxtalı keçməsindən qızdırıcılarda xırda çatışmazlıqlar əmələ gəlib ki, bunlar da təcili olaraq aradan qaldırılır. çalışırıq ki, bu sahədə heç bir problemimiz olmasın.

Məktəblərdə istilik sisteminin vəziyyətini öyrənmək üçün paytaxtdakı bəzi orta təhsil  ocaqlarında  olduq. Nəsimi rayonundakı 133 nömrəli məktəbə getdik. Xatırladaq ki, bir müddət əvvəl Təhsil Nazirliyinin kollegiyasında  bu məktəbdə istilik sisteminin pis vəziyyətdə olması qeyd edilmişdi.  Nazir Misir  Mərdanovun haqlı tənqidindən sonra  bu təhsil ocağında istilik sistemi bərpa edilib. Məktəbin direktoru Füzuli Həsənovla birlikdə  bütün sinif otaqlarına baxdıq. Qızdırıcıların hamısı işlək vəziyyətdə idi.  Bir daha əmin olmaq üçün əlimizi qızdırıcılara yaxınlaşdırdıq. Həqiqətən, qızdırıcılarda yüksək istilk vardı. Direktorun sözlərinə görə, təhsil ocağında istilik sistemi məktəb istifadəyə veriləndən bəri həmişə fasilələrlə işləyib. Son dəfə isə fasiləyə səbəb məktəbin istilik sisteminə gələn xəttin zədələnməsi olub. Amma indi bu fasilələr tamamilə aradan qaldırılıb. Direktorun dediyinə görə, havalar istiləşənədək məktəbdən istilik kəm olmayacaq.

Binəqədi rayonundakı 100 nömrəli məktəbdə isə vəziyyət başqadır. Məktəb yarandığı gündən istilik sistemi olmayıb. Yalnız Təhsil Nazirliyinin yardımı ilə məktəbdə istilik sistemi yaradılıb. Məktəbin direktoru Gülnarə Məmmədovanın dediyinə görə, 75 illik tarixə malik təhsil ocağında ötən ilə qədər nə istilik sistemi, nə də qazanxana olub. Eyni zamanda məktəbdə şagirdlərin sayının çox olması və sinif otaqlarının çatışmaması ilə əlaqədar  ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb üçün yeni əlavə korpus və qazanxana tikildi. Amma işlər yarımçıq qaldı. Məktəbə istilik xətləri çəkilmədi. Hazırda yeni  inşa edilən  həmin binada ibtidai siniflər dərs keçir. Təhsil ocağında 1301 şagird təhsil alır.   Kollegiya iclasında həmçinin istilik sistemi olmayan məktəblərin sırasında 100 nömrəli məktəbin də adı çəkildi. Tənqiddən tez nəticə çıxarıldı.

Məktəbə qazanxanadan borular çəkildi. Amma  yeni tikilən korpusu çıxmaq şərtilə, köhnə binanın sinif otaqları soyuq idi. Köhnə binada  əlavə elektrik sobaları qoyulsa da, otaqlar yaxşı isinməmişdi. Şagirdlər üst geyimləri ilə sinif otaqlarında oturmaq məcburiyyətində qalıblar.

Binəqədi rayonundakı 157 nömrəli məktəbdə istilik sistemi son bir neçə gündə bərpa olunub. Məktəbin direktoru Gülayə Səttarova bidirdi ki, ötən il təhsil ocağının 30 ili tamam olub. Bu məktəbdə də istilik sistemi ümumiyyətlə olmayıb.  Yalnız Təhsil Nazirliyinin  təşəbbüsü ilə  məktəbdə istilik sistemi yaradılıb. Hazırda məktəbdə istilik sistemi var. Halbuki əvvəllər siniflərə girmək mümkün olmasa da, davamiyyətə elə bir təsir göstərməyib. Direktorun dediklərini dəqiqləşdirmək üçün sinif otaqlarnı gəzdik. Doğrudan da sinif otaqları normal istilikdə idi. Yalnız 4-cü mərtəbədə bir çox sinif otağında dərslər təxirə salınmışdı.  Məktəbin  dam örtüyü yararsız vəziyyətə düşüb. İndi məktəb rəhbərliyi  Təhsil  Nazirliyinin yardımına ümid bəsləyir. Əks halda, məktəbin dam örtüyünün nə vaxt təmir olunacağı məlum deyil. 

Binəqədi rayonundakı 144 nömrəli məktəbdə də istilik sistemi yox idi. Mən məktəbə girəndə istilik sisteminin düzəldilməsi istiqamətində işlərin görüldüyünün şahidi oldum. Məktəbin direktoru Raya Allahverdiyevanın sözlərinə görə, bu təhsil ocağı 1978-ci ildə istifadəyə verilib. Ancaq həmin vaxtdan bu günə kimi məktəbdə istilik sistemi olmayıb. Yalnız Təhsil Nazirliyinin diqqətindən sonra məktəbə istilik sistemi çəkilir. İndi "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin işçiləri əlindən gələni edirlər ki, yanvarın axırına qədər məktəbi istiliklə təmin etsinlər.

 

"Azərbaycan müəllimi"