· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Səmərəli pedaqoji təcrübə və yaxşı müəllim hazırlığı

Hər il olduğu kimi, bu il də Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi ilə Nəsimi rayonundakı Fəxrəddin Nəcəfov adına 266 nömrəli məktəbdə pedaqoji təcrübə keçirik.

IV kurs tələbələrinin pedaqoji təcrübəsini səmərəli təşkil etmək üçün metodist Sevda Əhədova, pedaqoq, dosent  İnqilab Xəlilov və psixoloq Sona Həsənova ilk gündən birgə fəaliyyətə üstünlük veriblər.

Uğurlu təcrübənin ilk gündən, məktəbə qəbul günündən başlandığını desək, heç də səhv etmərik. Məktəb rəhbərliyinin tələbələri səmimi, gülərüzlə qarşılaması, onları ilk gündən istiqamətləndirməsi təcrübəçiləri həvəsləndirir.

Hər il olduğu kimi, bu il də məktəbin direktoru Fərqanə Əliyeva, tədris işləri üzrə direktor müavini Asəf Vəliyev, tərbiyə işləri üzrə direktor müavini Ağa Nağıyev, eləcə də təcrübəçilərlə işləyən xarici dil müəllimləri tələbələri təhsil ocağının daxili nizam-intizam qaydaları ilə tanış edib tövsiyələr verdilər. Tezliklə tələbələr müəllimlərə təhkim olundular. Sınaq və zaçot (məqbul) dərsləri müəyyənləşdirildi.

İlk günlər qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə dərslər dinlənildi və tələbələrlə həmin dərslər müzakirə edildi. Tələbələr dərs deyəcəkləri şagirdlərlə tanış olub səmimi ünsiyyət qurdular. Bu tanışlıq qısa müddətdə təmin olundu. çünki bir qayda olaraq təcrübəçilər III və IV kurslarda eyni məktəbə göndərilirlər. Bu isə onların işini xeyli yüngülləşdirir. Onlar məktəbi də, müəllimləri və şagirdləri də kifayət qədər tanıyırlar. Məktəbin iş rejiminə, daxili qayda-qanununa bələd olurlar. Bütün bunlar təcrübənin normal, səmərəli, yüksək səviyyədə keçməsi üçün vacib şərtlərdəndir.

Qeyd edək ki, metodistlərin həmin məktəbdə təkrar eyni tələbələrlə işləmələri də işin müsbət tərəflərindəndir.

Məktəbin xarici dil müəllimlərindən Elmira Əliyeva, Vəcibə Səlimova, Hicran Hacıyeva, Yeganə Məmmədova, Arzu Qiyasova və başqaları təcrübəçilərə düzgün məsləhət verir, həmçinin müəllimlik ixtisasının sirlərini öyrətməkdə onlara qayğı ilə yanaşırlar.

Dərs zamanı şagirdlərin bəzən qrup halında, bəzən üçlük, dördlük və ya cütlük qaydasında işlədilməsi, interaktiv fəaliyyətə cəlb olunması proqramda nəzərdə tutulan kommunikativ bacarığın formalaşdırılmasına təsir edir, şagirdlər işgüzar danışıq prosesinə cəlb olunurlar.

Şübhəsiz, burada şagirdlərin qismən sərbəstliyi sərbəst danışıq vərdiş və bacarıqlarının inkişafına təsir edir. Səhvlərlə fikir mübadiləsinə daxil olsalar da, tədricən psixoloji maneəni qismən aradan qaldırırlar və əvvəllər müşahidə olunan səhvlər sonrakı mərhələlərdə azalır.

Dərslərini bu səpgidə qurmağa çalışan tələbələrdən Almaz Qasımlı, Kəmalə Quliyeva, Aytən Quliyeva, Vüsalə Kərimova və başqaları dərsdə vaxt itkisinə yol vermir, bütün mərhələlərdə şagirdləri işgüzar fəaliyyətə cəlb edirlər. Onlar həm metodik cəhətdən, həm də dili kifayət qədər yaxşı bildiklərindən işlərini istənilən səviyyədə qura bilirlər. Roman-german filologiyası fakültəsinin 462-ci qrup tələbələri dərslərini müasir tələblərə uyğun şəkildə qurmağa çalışırlar.

Bəlkə elə ona görədir ki, onların dərs dedikləri siniflərin şagirdləri də dərsdə xeyli fəal iştirak edir, onların rəğbətini qazanırlar. VII "Q", VII "D", X "B", XI "C" və XI "B" siniflərində aparılan müşahidələr belə nəticə çıxarmağa imkan verdi. Şagirdlər hər dərsdə öz fəallıqları ilə fərqlənir və qrupun ümumi fəallığına da əsaslı təsir edə bilirlər. Şübhəsiz, şagirdlərin səviyyəsi yüksək olduqca, təcrübəçilərin məsuliyyəti daha da artır, dərslərinə daha ciddi və ətraflı hazırlaşırlar.

Pedaqoji təcrübənin uğuru tələbələrin məktəbə necə qəbulundan başlamaqla, həm də sinifdəki şagirdlərin hazırlıq səviyyələrindən, təcrübəçinin metodik və ixtisas hazırlığından, eləcə də onlara rəhbərlik edən metodist, pedaqoq, psixoloq və fənn müəllimlərinin əlbir işindən asılıdır. Bu uğur təcrübənin məqsədyönlü təşkili və düzgün seçilən məktəblə də bağlıdır.

Səmərəli pedaqoji təcrübə yaxşı müəllim hazırlığının təməlini təşkil edir desək, yəqin ki, heç də səhv etmərik. Ona görə təcrübə keçirilən bütün məktəblərdə təcrübənin normal təşkilinə kömək etmək hər bir məktəb rəhbərliyinin vəzifə borcu olmalı, yadda saxlanmalıdır ki, tələbələrin normal qəbulu həmin təcrübəçilərin fəaliyyətinə stimul yaradır.

Müəllim hazırlığı pedaqoji təcrübənin düzgün təşkili və aparılması ilə sıx əlaqədardır. Təcrübəçilərə rəhbərlik edən metodist, pedaqoq və psixoloq həssas olmalı, müzakirə zamanı vacib detallar üzərində dayanmaqla, nöqsanlarla yanaşı, müsbət cəhətləri də deməklə onları ruhlandırmalıdırlar.

Firuz KƏRİMOV,

ADU-nun xarici dillərin tədrisi

metodikası kafedrasının baş müəllimi,

pedaqoji təcrübə rəhbəri