· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Məktəb Qrantı Proqramı başa çatdı

Hər əsrin bəşər tarixində bir sıra əlamətlərlə, hadisə və xüsusiyyətlərlə seçilən yeri və izi var. Qloballaşma, təhsil, informatika əsri kimi səciyyələndirilən XXI əsrin ilk 7 ili Azərbaycan Respublikası üçün daimi sabitlik, xarici siyasətdə uğurlar, milli mədəniyyətin dirçəldilməsi və dünya miqyasında təbliği, sənaye sahələrinin investisiyalar qoyuluşu yolu ilə inkişafı, təhsildə islahatlar və dünya təhsilinə inteqrasiya, təhsil sektorunun inkişafı layihələrinin reallaşdırılması dövrü kimi görülmüş işlər və qazanılmış uğurlarla seçilir.

Təhsil sektorunda reallaşdırılmış layihələrdən biri - "Təhsil almaq üçün bərabər hüquq və imkanlar: Məktəb Qrantı Proqramı" artıq tarixə çevrilmişdir. 2003-cü ilin 27 mayında təsdiq olunmuş layihə kurrikulum hazırlanması, müəllim hazırlığı, dərslik və oxu materialları, maliyyələşdirmə və büdcə islahatları, rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi, şagirdlərin qiymətləndirilməsi sistemi, təhsilin idarə olunması üzrə məlumat sistemi (TİMS), idarəetmə və planlaşdırma bazası alt-komponentlərini əks etdirən 4 komponentdən ibarət idi.

üçüncü komponent təhsil almaq üçün bərabər hüquq və imkanlar: Məktəb Qrantı Proqramı - pedaqoji prosesin - öyrətmə və öyrənmənin səmərəliliyini təmin etmək üçün lazımi və vacib təlim şəraitinin yaradılmasına yönəldilmişdi. Proqrama məktəblərin məhdud tədris-maddi ehtiyatlarını artırmaq, yüksək keyfiyyətli təhsil üçün bərabər təlimi, psixoloji imkanlar yaratmaq, eləcə də əlavə maliyyə vəsaiti əldə etməklə təlim-tərbiyədə özünü dünya təcrübəsində doğrultmuş innovasiyaların tətbiqinə nail olmaq kimi məsələlər daxil edilmişdi.

Proqramın həyata keçirilməsinə müvafiq tədbirlər planının hazırlanması, pilot rayonların seçilməsi, bəzi məsələlərin şərhinə xidmət edən konfransların keçirilməsi ilə başlanıldı.

Məktəb Qrantı Proqramına müvafiq olaraq debat təhsil, təhsil resurs, kompüter, ingilis dilini öyrənənlər mərkəzlərinin yaradılması, innovativ təlim üçün yeni kitabxana formalaşdırılması, tarix, riyaziyyat, informatika kabinetlərinin təşkili, məktəbdə psixoloji xidmətin yaxşılaşdırılması, fənlərarası əlaqələrdən səmərəli istifadə edilməsi, biologiya, coğrafiya laboratoriyalarının qurulması, ekoloji təhsil və tərbiyənin yaxşılaşdırılması, fiziki tərbiyənin, vətənpərvərlik, hərbi-vətənpərvərlik hisslərinin aşılanması, gənclərin çağırışaqədərki hazırlığının müasir tələblər səviyyəsində təşkili kimi məsələlərin öyrənilməsinə, problemlərin həllinə xüsusi diqqət yetirildi. Nəticədə zəngin kabinet və laboratoriyalar yaradıldı.

Münasib təlim şəraitinin yaradılması müqavilə bağlamış məktəblərdə dərslərdə debat üsulundan, interaktiv metodlardan, inteqrativ dərs növündən, biologiya dərslərində reproduktiv sağlamlığın tədrisi imkanlarından, əmək hazırlığı dərslərində innovativ təlimdən, Azərbaycan tarixi prosesində məktəb muzeyi eksponatlarından istifadə daha da reallaşdı, təlim göstəriciləri yaxşılaşdırıldı. Bunlar həmin təhsil ocaqlarında çalışanların elmi-nəzəri biliklərini artırmalarına, pedaqoji ustalıqlarını dövrün tələblərinə uyğun təkmilləşdirmələrinə, elmi-metodik yeniliklərə daha intensiv yiyələnmələrinə təkan verdi, stimul yaratdı.

Artıq başa çatdırılmış proqramın nəticələrindən razılıqla danışmaq olar. Məsələn, Məktəb Qrantı Proqramının I-III dövrlərində İsmayıllı rayonunun 86 məktəbindən 82-si, Ucar rayonunun 45 məktəbindən 44-ü, Əli Bayramlı şəhərindəki 16 məktəbin hamısı layihə yazılışında iştirak etmişlər. İsmayıllı və Ucar rayonlarının hər birindən 29, Əli Bayramlı şəhərindən 7 məktəb bir dəfə, İsmayıllı rayonunun 19, Ucar rayonunun 12, Əli Bayramlı şəhərinin 5 məktəbi iki dəfə, İsmayıllı rayonunun 11, Əli Bayramlı şəhərinin 1 məktəbi isə hər üç dövrdə müsabiqə qalibi olmuşdur.

Proqram çərçivəsində görülmüş işləri nümayiş etdirmək, qazanılmış təcrübənin mübadiləsi niyyətilə 16 may 2007-ci il tarixdə Ucar rayonunda pilot rayonları məktəblərinin MQP-nin I-II dövrlərinin nəticəsinə həsr olunmuş sərgi və konfransı keçirildi, layihə müəllifləri gördükləri işləri, qazandıqları uğurları əyani nümayiş etdirdilər. Sərgiyə baxışda Azərbaycan Respublikası təhsil nazirinin müavini İ.İsgəndərov, Ucar RİH-in başçısı A.Qafurov, LƏQ-in direktoru E.Rüstəmov, baş mühasibi Y.Məmmədov, pilot rayonların R(Ş)TŞ müdirləri, məktəb rəhbərləri, bələdiyyə, icra nümayəndələri, valideyn və şagirdlər iştirak etdilər. Nazir müavini İ.İsgəndərov sərgi iştirakçıları qarşısında çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafına göstərdikləri diqqət və qayğıdan danışdı.

MQP-nin hər üç dövrü üçün Dünya Bankının ekspertləri tərəfindən monitorinq hesabatı hazırlanıb nazirliyə təqdim olunmuşdur. Komponent koordinatoru və pilot rayonların təhsil şöbələri monitorinq hesabatında göstərilən irad və təkliflərlə bağlı fəaliyyət planı tərtib edib icrasına başlamışlar.

Artıq Məktəb Qrantı Proqramı başa çatmışdır. Nəticələr nəzərdən keçirilir, statistik rəqəmlər təhlil olunur. Şübhəsiz ki, pilot rayonları üzrə məzunlardan ali məktəblərə sənəd verən və qəbul olunanların, məktəblilərin fənn olimpiadalarında və digər bilik yarışlarında mükafata layiq yerləri tutanların, xarici dili və kompüteri mükəmməl öyrənməklə xaricdə təhsil alanların sayının artmasında MQP çərçivəsində məktəblərin tətbiq etdikləri layihələrin rolu az olmamışdır.

2008-ci ilin may ayında MQP-nin hər üç dövrünün nəticələrinə həsr olunmuş daha geniş sərgi və yekun konfransın keçirilməsi nəzərdə tutulmuşdur.

Əhliyət ADIGöZƏLOV,

Təhsil Nazirliyinin Kənd rayonları

üzrə ümumi təhsil və məktəbəqədər

tərbiyə şöbəsinin böyük məsləhətçisi,

 Məktəb Qrantı Proqramının

komponent koordinatoru