· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Moskva Dövlət Universiteti Bakı filialının təntənəli açılışı olub

Oktyabrın 4-də Bakıda yağış yağırdı, lakin bu təbiət hadisəsi M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının açılışına toplaşan insanların bayram əhvali-ruhiyyəsinə təsir etməmişdi.

Təntənəli mərasimə gəlmiş çoxsaylı qonaqlar, o cümlədən respublika hökumətinin üzvləri, Milli Məclisin deputatları, diplomatlar, Azərbaycanın aparıcı ali məktəblərinin rektorları, ictimaiyyətin nümayəndələri, Moskvadan təşrif buyurmuş professor-müəllim heyətinin üzvləri və nəhayət, filialın ilk tələbələri olan gənc bakılılar ölkəmizdə təhsil sisteminin tarixində bu əlamətdar hadisə münasibətilə sevinclərini gizlətmirdilər.

Filialın binasının girəcəyində qonaqları qarşılayan Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında musiqi nömrələri bu mərasimə xüsusi ovqat bəxş edirdi.

Məsul an yetişdi. MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, Azərbaycanın təhsil naziri Misir Mərdanov və filialın Moskvadan olan direktoru Vitali Fedorçuk rəmzi qırmızı lenti kəsərək dünya şöhrətli ali məktəbin yeni filialının açılmasını elan etdilər.

Cəmi bir il-ilyarım bundan əvvəl burada olmuş insanlar gördükləri mənzərəyə mat qalmışdılar. Keçmiş Xüsusi Konstruktor Bürosunun baxımsız qalmış binasının yerində müasir dizaynın son tələblərinə uyğun olaraq yenidən qurulmuş və təmir edilmiş, möhtəşəm sütunlu bir bina ucaldılmışdı. Binanın geniş vestibülü, gözəl akt zalı, işıqlı auditoriyalar - bütün bunlar burada baş vermiş dəyişikliklərin yalnız az bir qismidir.

...Təntənəli mərasimi açıq elan edən professor Nərgiz Paşayeva giriş sözü söylədi.

Nərgiz xanım dedi ki, bu gün Azərbaycanın mədəni həyatında əlamətdar, tarixi bir gündür. Bu gün Azərbaycanın və Rusiyanın mədəni və təhsil sahəsində əlaqələrində yeni bir mərhələnin təcəssümü olmaqla yanaşı, həm də bütövlükdə ölkələrimizin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi və inkişafı, hər iki ölkədə vətəndaş cəmiyyətlərinin bir-birinə yaxınlaşması ilə əlamətdardır.

Universitetin yeni filialının yaranması mədəniyyət və elm naminə, xalqlar dostluğu naminə əməkdaşlığın rəmzi olan çox böyük bir təməlin yaranması deməkdir. Əlamətdar haldır ki, indi bütün bunlar həm də tədris auditoriyaları vasitəsilə həyata keçiriləcəkdir.

Filialın binasının çox qısa müddətdə yenidən qurularaq istifadəyə verilməsini vurğulayan Nərgiz xanım ölkəmizdə təhsil ocaqlarının təşəkkülündə Azərbaycan Prezidentinin rolunu xüsusi qeyd etdi. O bildirdi ki, Prezident gənclərin layiqli təhsil almaları məsələsinə çox böyük əhəmiyyət verir. Axı bugünkü tələbələr sabah ən mühüm dövlət işlərində çalışacaq, ölkənin daha da inkişafına xidmət edəcəklər.

Bakıda MDU-nun filialının açılması ideyası dövlətimizin başçısına məxsusdur. Bu, Azərbaycanın modernləşdirilməsinə yönəlmiş çoxsaylı layihələrdən biridir.

Nərgiz Paşayeva Rusiya Prezidenti Dmitri Medvedyevin və MDU-nun rəhbərliyinin də filialın açılmasında böyük xidmətləri olduğunu vurğuladı. Lakin Nərgiz xanımın fikrincə, universitetdə ən əsas insanlar tələbələrdir, indi onlara çox məsul vəzifələr həvalə edilmişdir.

Sabah Azərbaycanda Müəllim günü və Rusiyada Təhsil günüdür. Bu tarixlərin eyni günə düşməsi rəmzi məna daşıyır. Professor Paşayeva dedi ki, biz istedadlı insanların kommersiya strukturlarına üz tutmasını deyil, elm aləminə gəlməsini istəyirik və buna nail olacağıq.

Sonra MDU-nun rektoru, akademik Viktor Sadovniçinin səmimi təbrik məktubunun mətni oxundu.

MDU-nun Bakı filialının Moskvadan olan direktoru Vitali Fedorçuk öz çıxışının əvvəlində qeyd etdi ki, gənclər bizim gələcəyimizdir və təhsilə göstərilən qayğı ölkənin gələcəyinə göstərilən qayğıdır. V.Fedorçuk Nərgiz xanımın fədakar əməyini və müstəsna təşkilatçılıq qabiliyyətini vurğulayaraq qeyd etdi ki, Bakıda bu filialın yaradılması ilə bağlı layihənin həyata keçirilməsi məhz Nərgiz xanımın səyləri sayəsində mümkün olmuşdur.

Təntənəli mərasimdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov qeyd etdi ki, bu zalda əyləşənlərin əksəriyyəti ya Moskvada təhsil almış, ya da orada dissertasiya müdafiə etmiş, təcrübə keçmiş insanlardır. Bir sözlə, bu insanlar Rusiya paytaxtı ilə bu və ya digər şəkildə bağlıdırlar.

Misir Mərdanov dedi ki, ötən əsrin 90-cı illərində ulu öndərimiz Heydər Əliyev ölkələrimiz arasında mədəniyyət və təhsil sahələrində dostluq körpülərinin dağıdılmasına imkan vermədi və indi də bu körpülərin möhkəmləndirilməsi naminə çox iş görülür.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Nərgiz Paşayevanın 253 illik tarixə malik olan MDU-nun Bakı filialının rektoru olmasını ən böyük uğur adlandırdı. Səfir çıxışının sonunda qeyd etdi ki, bu filialın açılması ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə irəliyə doğru atılmış çox uğurlu addımdır.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vasili İstratovun çıxışı da böyük maraqla dinlənildi. O, razılıq hissi ilə qeyd etdi ki, Azərbaycanda Rusiya təhsilinə tələbat böyükdür. Bu fakt MDU-nun keçmiş məzunu, sonra isə bu ali məktəbin müəllimi kimi onu sevindirməyə bilməz.

Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev qeyd etdi ki, bu auditoriyada Moskvadan gəlmiş qonaqlar çoxdur. Onların əməyi, burada onların gələcək uğurları həm Azərbaycan, həm də Rusiya üçün çox vacibdir. Hafiz Paşayev vurğuladı ki, ölkələr arasında hər hansı mədəni əlaqələr yaradılanda ən çox sevinən səfirlər olur. O qeyd etdi ki, MDU-nun diplomu Amerikada və bütün dünyada çox yüksək qiymətləndirilir, bu fakt çox şeydən xəbər verir. Hafiz Paşayev çıxışının sonunda qeyd etdi ki, bütün dünyada tanına biləcək kadrlar hazırlayan ölkə üçün yeni tipli təhsil çox vacibdir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirdi ki, biz genetik baxımdan Türkiyə ilə bağlıyıqsa, elm və təhsil məsələlərində Rusiya ilə ənənəvi bağlılığımız vardır.

Mübaliğəsiz bayram adlandırıla biləcək mərasimdə iştirak edən moskvalı qonaqlar da Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində çox böyük əhəmiyyət verildiyini qeyd etdilər. Bildirdilər ki, Azərbaycan büdcəsinin 20 faizinin bu sahəyə ayrılması buna sübutdur.

Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov qeyd etdi ki, tələbə olmaq gözəl şeydir, MDU-nun tələbəsi olmaq isə əsl xoşbəxtlikdir. Səfir dedi ki, indi Azərbaycan, sözün həqiqi mənasında, çiçəklənir.

Birinci kurs tələbələri adından kimya fakültəsinin tələbəsi Tahir Məmmədov çıxış etdi. O, ölkə hüdudlarından kənara çıxmadan MDU-nun diplomunu almaq imkanı yaratmış dövlətimizə təşəkkürünü bildirərək, mərasim iştirakçılarını əmin etdi ki, gənclər onlara bəslənən ümidləri doğruldacaq və yüksək hazırlıqlı mütəxəssislər olmaq üçün əllərindən gələni edəcəklər.

Filialın açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə və digər rəsmi şəxslər iştirak etmişlər.

 

AzərTAc