· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Nazir ABŞ Dövlət katibinin müşaviri ilə görüşdü

Fevralın 7-də təhsil naziri Misir Mərdanov ABŞ Dövlət katibinin ölkəmizdə səfərdə olan akademik proqramlar üzrə müşaviri cənab Tomas Farrell ilə görüşdü. Görüşdə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Enn Dersi də iştirak edirdi.

öncə nazir qonaqları səmimi salamlayıb, onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirdi. ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində ABŞ-ın həm məzmun, həm də miqyas baxımından aparıcı yer tutduğu və beynəlxalq əməkdaşlıqda ABŞ-la əlaqələrə Azərbaycanın böyük əhəmiyyət verdiyini vurğuladı.

Təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatları ilə təhsil sahəsində mövcud olan geniş əlaqələrdən və onun müsbət nəticələrindən söz açaraq bildirdi ki, hazırda ölkəmizdə  2000-dən çox ABŞ-da təhsil almış gənc vardır. Eyni zamanda 1300-dən çox azərbaycanlı gənc ABŞ Dövlət Departamentinin təqaüd proqramlarında iştirak edib.

Sonra nazir iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin daha da genişləndirilməsi məqsədilə gələcək plan və perspektivlərin müəyyənləşdirilməsinin mühüm rolundan danışdı. Nazir ABŞ-ın Azərbaycanla birgə həyata keçirdiyi əməkdaşlıq çərçivəsində təhsil və mübadilə proqramlarının sayının artırılmasını təklif etdi. Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamından irəli gələn vəzifələrə əsasən Qərb modelinin öyrənilməsi məqsədilə  Azərbaycanın ali təhsil müəssisələrində çalışan müəllimlərin müvafiq ölkədə təcrübə toplamasının əhəmiyyətini də bildirdi.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında qonağa məlumat verən nazir bu proqramın həyata keçirilməsi üzrə əməkdaşlığın qurulması, ABŞ tərəfdən müvafiq istiqamətdə tərəfdaş təşkilatın müəyyənləşdirilməsi məsələsinə də toxundu. Nazir həmçinin hazırda Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin 40-dan artıq ABŞ universiteti ilə yaratdığı əlaqələrdən də söz açdı, bu əlaqələri daha da genişləndirmək arzusunda olduqlarını bildirdi.

Misir Mərdanov ABŞ-ın ölkəmizdəki səfirliyi ilə təhsil sahəsi üzrə sıx əməkdaşlığın həyata keçirildiyini və bu münasibətlərin səviyyəsindən razılığını ifadə etdi.

Səmimi qəbul üçün nazirə təşəkkür edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi Azərbaycanda çalışmaqdan məmnunluq duyduğunu qeyd etdi.

Cənab Tomas Farrell Azərbaycana öncə etdiyi  səfərdən keçən dövr müddətində xeyli irəliləyişlərin  olduğunu diqqətə çatdırdı.

Sonra qonaq cari ildə əməkdaşlığın və mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində nəzərdə tutulan məsələlərdən və ölkəmizdə mövcud ixtisaslar üzrə ehtiyacların öyrənilməsi, lazımi iş aparılmasının vacibliyindən söz açdı.

Cənab Farrell ali təhsil sahəsi üzrə əməkdaşlığın səviyyəsinin artırılması üçün anlaşma memorandumunun imzalanmasının əhəmiyyətini vurğuladı. Qonaq bu memorandumun bir sıra mühüm məsələlərin həyata keçirilməsi ilə yanaşı, universitetlər arasında  müntəzəm əlaqələrin qurulmasına da əlverişli şərait yaradacağını bildirdi.

Görüşdə müəllim-tələbə mübadiləsinin aparılması, müvafiq sahələr üzrə işin daha da inkişaf etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.

Ədalət DAŞDƏMİRLİ

 

 

 

Təhsil Nazirliyində mətbuat konfransı

 

Fevralın 6-da Təhsil Nazirliyində kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirildi. Tədbiri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə açaraq konfransda qış imtahan sessiyasının nəticələri, "Qaynar xətt"in fəaliyyəti, ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə əlaqədar görüləcək işlər və bütövlükdə təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında media işçilərinə məlumat veriləcəyini bildirdi. Qeyd etdi ki, jurnalistlər konfransda həmçinin onları maraqlandıran suallara da cavab ala biləcəklər. B.Hüseynzadə bütün bu məsələlər haqqında ətraflı danışmaq üçün sözü Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədova verdi.

Təhsil Nazirliyində fəaliyyət göstərən "Qaynar xətt"in işindən söz açan İ.Pirməmmədov bildirdi ki, bura daxil olan siqnalların araşdırılmasında təkcə Təhsil Nazirliyinin əməkdaşları deyil, bir sıra qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyinin Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvləri olan nümayəndələri  yaxından iştirak edirlər. İ.Pirməmmədov Təhsil Nazirliyinin "Qaynar xətt"inə cari ilin yanvar ayı ərzində daxil olan zənglər haqqında media işçilərinə məlumat verdi. Aydın oldu ki, 2008-ci ilin yanvar ayında "Qaynar xətt"ə şikayətçilərin adı qeyd edilməklə 29 telefon zəngi daxil olub . Həmin zənglərin QHT əməkdaşları tərəfindən qəbul edilməsinə tam şərait yaradılıb. Bu zənglərdə şikayətçilərin adı qeyd olunsa da, araşdırma zamanı onların 11-də adların yanlış göstərildiyi, əslində anonim olduğu aşkarlanıb. 29 şikayətdən 11-i ali məktəblərdən, 15-i ümumtəhsil məktəblərindən, 3-ü isə məktəbəqədər tərbiyə müəssisələrindəndir. Şikayətlərdən 8-nin ali məktəblərdə keçirilən qış imtahan sessiyasına bilavasitə və ya dolayısı ilə aidiyyəti olub. Onlardan 1 nəfəri isə başqasının təhriki ilə zəng etdiyini bildirərək şikayətdən imtina edib. 2 fakt üzrə tələbələrə köməklik göstərilib. Digər şikayətlər araşdırılarkən anonim olduğu müəyyən edilib. Qeyd olunan faktlar üzrə Təhsil Nazirliyinin əməkdaşları QHT nümayəndələri ilə birgə araşdırma aparıb. Zənglərin əksəriyyəti anonim olsa da, göstərilən faktlar üzrə imtahanlar nəzarətə götürülüb.

ümumtəhsil məktəblərindən və məktəbəqədər tərbiyə müəssisələrindən daxil olan şikayətlər Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və rayon təhsil şöbələri əməkdaşları tərəfindən araşdırılıb, şikayətçilərə operativ köməklik göstərilib. Əsasən şikayətlərin böyük hissəsi məktəblərin istilik sistemi ilə təchizatında yaranan problemlərlə bağlı olub. Bununla bağlı araşdırmalar aparılaraq səbəbləri aydınlaşdırılıb. İlham müəllim onu da təəssüf hissi ilə bildirdi ki, "Qaynar xətt"in xidmətindən valideynlər, tələbələr arzuolunan səviyyədə istifadə etmirlər. Zəng edərkən adlarını deməkdən çəkinirlər. Bəzən isə faktların özü doğru olmur. "Qaynar xətt"in əslində məqsədi baş verə biləcək nöqsanları vaxtında aradan götürməyə, tələbələrin qış, yay imtahan sessiyaları zamanı biliyinin obyektiv qiymətləndirilməsinə, ümumiyyətlə bu prosesin şəffaf keçməsinə xidmət etməklə yanaşı, üzləşilən hər hansı bir problemin araşdırılmasında, həllində operativliyi təmin etməkdir.

Sonra İ.Pirməmmədov ali təhsil sistemində tətbiq olunan yeniliklər haqqında danışdı. Qeyd etdi ki, ölkəmiz Boloniya prosesinə qoşulmaq üçün ilk addımlarını 2004-cü ildə atıb. 2005-ci ilin may ayının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda isə Boloniya prosesinə qoşulub.

Boloniya prosesinə qoşulmaqla ölkəmizin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyasına imkan yaranıb. Boloniya prosesinin tələblərindən birinin ali təhsildə kredit sisteminin tətbiq olduğunu deyən İlham müəllim onun üstünlüklərindən söz açdı. Onu da bildirdi ki, artıq bizim bir neçə ali məktəbimizdə müəyyən ixtisaslar üzrə həmin iş uğurla aparılır.

Son illər təhsilin müxtəlif pillələri ilə bağlı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunan proqramlardan danışan İ.Pirməmmədov bunların təhsilimizin inkişafına xidmət etdiyini dedi. Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söz açdı. ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamını ali  təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsində müsbət bir addım olduğunu deyən aparat rəhbəri sərəncamdan irəli gələn vəzifələrlə bağlı Təhsil Nazirliyi tərəfindən mühüm işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu media işçilərinin diqqətinə çatdırdı.

Təhsil sahəsində görülən işlər, tətbiq olunan digər yeniliklər barəsində də geniş danışan İlham Pirməmmədov sonda jurnalistləri maraqlandıran suallara cavab verdi.

 

Samirə KƏRİMOVA

 

 

 

Təhsil Nazirliyinin mərkəzi aparatında çalışan dövlət qulluqçularının ötənilki fəaliyyətinə nazir qiymət verdi

üç şöbənin işi "əla" qiymətləndirildi

 

Fevralın 2-də Təhsil nazirliyində nazirliyin mərkəzi aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə həsr olunmuş müşavirə keçirildi. Nazir müavinlərinin, nazirliyin şöbə və bölmə müdirlərinin, Təhsil Problemləri İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərlərinin iştirak etdiyi tədbiri təhsil naziri Misir Mərdanov açaraq diqqəti ölkənin təhsil həyatında son günlər baş vermiş bəzi mühüm hadisələrə yönəltdi.

 

 Nazir bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 31-də imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamını yüksək qiymətləndirdi. Həmin sərəncamda indiyədək dövlət səviyyəsində inkişaf yönümlü xüsusi proqramın olmadığı ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı hazırlanmasının nəzərdə tutulduğunu bildirdi. Sərəncamın birinci və üçüncü bəndlərinin bilavasitə Təhsil Nazirliyinə aid olduğunu deyən Misir müəllim artıq həmin bəndlərdə nəzərdə tutulan işlərin görülməsinə başlandığını, proqram layihəsinin hazırlanması üçün işçi qrupun yaradıldığını, ali təhsilin bakalavr pilləsində ixtisasların yeni siyahısının tərtib edilərək hökumətin təsdiqinə verildiyini söylədi.

Misir Mərdanov ikinci mühüm hadisə kimi Təhsil Nazirliyinin "Kurrikulum" adlı yeni elmi-metodik jurnalının nəşrə başlamasını qeyd etdi. Jurnalın birinci nömrəsi iclas iştirakçılarına təqdim olundu. Nazir böyük hadisə kimi dəyərləndirdiyi jurnalın işıq üzü görməsində əməyi olanlara təşəkkür etdi.

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyaların IX buraxılış siniflərində yanvarın 27-də keçirilmiş ilk test sınaq imtahanını da nazir son günlərin əlamətdar hadisələrindən biri saydığını bildirdi. 12 ümumtəhsil məktəbini əhatə edən sınaq imtahanının nəticələri ilə müşavirə iştirakçıları tanış edildi.

İmtahanların nəticələrinin yeni kompüter proqramı tətbiq edilməklə müəyyənləşdirilməsini müsbət hal adlandıran təhsil naziri gələcəkdə keçiriləcək digər sınaq və buraxılış imtahanlarında da bir sıra üstünlüklərə malik həmin proqramdan istifadə olunmasını tövsiyə etdi.

Misir Mərdanov Təhsil Nazirliyinin yeni İnternet saytının açılması barədə də müşavirə iştirakçılarına məlumat verib, bunun da son günlərin əhəmiyyətli hadisələrindən biri olduğunu vurğuladı.

Sonra təhsil naziri "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı görülmüş işlər barədə məlumat verərək bildirdi ki, müəyyənləşdirilmiş qaydaya görə, qanunun icra vəziyyəti vaxtaşırı müzakirə olunmalı, dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilməlidir. 2007-ci ilin sentyabrından Təhsil Nazirliyi də bu qaydanı tətbiq edir. Bununla əlaqədar son 2 həftə müddətində Təhsil Nazirliyinin mərkəzi aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin təhlil edilərək qiymətləndirildiyini, şöbə müdirlərinin isə qaldığını bildirən nazir şöbələr üzrə qiymətləndirmənin nəticələrini elan etdi və şöbə müdirlərinin fəaliyyətinə qiymət verdi.

Məlum oldu ki, 147 ştat vahidi olan nazirlikdə hazırda 135 nəfər dövlət qulluqçusu çalışır, qalan ştatlar vakantdır.

Şöbələrin əsas funksiyaları, qiymətləndirmə zamanı ayrı-ayrı dövlət qulluqçularına verilmiş tapşırıqlar barədə də müşavirə iştirakçılarına məlumat verildi.

Nazir Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun, Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədovun, İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin illik fəaliyyətinə "əla" qiymət verdi.

Müşavirədə öz işi ilə fərqlənən dövlət qulluqçularının mükafatlandırılması, perspektivli kadrlara diqqətin artırılması təklifləri səsləndirildi. Nazir dövlət qulluqçularına öz işlərində daha məsuliyyətli olmağı, verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyi tapşırdı.

Nazir çıxışında, habelə, yaxın günlərdə görüləcək işlərdən, il ərzində təhsillə bağlı keçiriləcək irimiqyaslı tədbirlərdən də söz açdı, müvafiq tapşırıqlar verdi.

 

Y.ƏLİYEV