· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Dünya təcrübəsində texniki peşə təhsili

 

Qloballaşmanın diqtə etdiyi inkişaf

Fasiləsiz təhsil sistemində texniki peşə təhsilinin özünəməxsus yeri vardır. Təhsilin bu pilləsi dünya ölkələrinin demək olar ki, əksəriyyətinin təhsil sistemində olub təxminən eyni vəzifəni - ixtisaslı fəhlə kadrlarının hazırlanması vəzifəsini yerinə yetirir. Son illər dünyada gedən sürətli inkişaf prosesi, iqtisadiyyatın tərəqqisi, yeni texnologiyaların meydana gəlməsi və sürətlə mənimsənilməsi, elmlə  istehsalatın qovuşması, elmi yeniliklərin istehsalata sürətli tətbiqi, texnoloji proseslərin yeni nəsillərinin bir-birini əvəz etməsi, qloballaşma şəraitində istehsalatın ayrı-ayrı sahələrində rəqabətin güclənməsi, işə götürənlərin kadrlarda görmək istədikləri yeni bacarıq və vərdişlər peşə təhsilinin qarşısında da yeni tələblər irəli sürür, onun müasir tələblərə uyğun inkişafını şərtləndirir.

Bazar iqtisadiyyatının tələbindən doğan inkişaf indi dünyanın demək olar ki, bütün ölkələrinin təhsilində gedir. ölkəmizdə də son illər peşə təhsili sahəsində müəyyən inkişaf meyilləri hiss olunmaqdadır. Təhsil sahəsində həyata keçirilən islahatlarda peşə təhsili də diqqət mərkəzində saxlanılır, onun yeniləşdirilməsi istiqamətində bir sıra zəruri addımlar atılır.

Dövlətimiz, xüsusən də onun başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev təhsil sahəsinin, təhsili sisteminin inkişafına yaxından qayğı göstərirlər. ötən ilin iyulunda Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" təsdiq edilmişdir. Əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə-ixtisas kadrlarına yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması olan həmin proqramın yerinə yetirilməsi Azərbaycanda texniki peşə təhsilini yeni inkişaf səviyyəsinə qaldıracaqdır.

ölkəmizdə texniki peşə təhsili sahəsində aparılan islahatlarda xarici ölkələrin, xüsusən də peşə təhsilinin prioritet sahə sayıldığı dövlətlərin təcrübəsinin öyrənilməsinə xüsusilə böyük önəm verilir. Bir sıra ölkələrlə, beynəlxalq qurumlarla bu sahədə əməkdaşlıq əlaqələri yaradılmışdır. ölkəmizin peşə təhsili işçiləri müxtəlif beynəlxalq təhsil qurumlarının, ayrı-ayrı ölkələrin təhsil orqanlarının keçirdikləri təcrübə mübadiləsi baxımından çox faydalı elmi-təcrübi seminarlarda, konfranslarda yaxından iştirak edirlər.

Bu baxımdan yola saldığımız 2007-ci il xüsusilə zəngin olmuşdur. Belə  ki, ötən il ölkəmizin rəhbər peşə təhsili işçilərindən ibarət nümayəndə heyətləri bir sıra ölkələrdə səfərdə olmuş, peşə təhsilinin problemlərinə həsr olunmuş üç böyük beynəlxalq tədbirdə iştirak etmişlər. Onlardan biri ötən ilin iyununda Koreyanın paytaxı Seulda, ikincisi oktyabrın 24-26-da Albaniyanın paytaxtı Tiranada, üçüncüsü isə dekabrın 14-də Türkiyənin böyük elm, mədəniyyət və təhsil mərkəzi İstanbul şəhərində keçirilən beynəlxalq konfranslardır.

 

Azərbaycanda peşə təhsili üzrə mərkəz yaradılacaq

 Koreya Respublikası Əmək Nazirliyinin nəzdindəki İnsan Ehtiyatlarının İnkişafı Təşkilatının təşkilatçılığı ilə Seulda keçirilən təhsilə dair beynəlxalq seminarda ölkəmizi təhsil naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Səfər zamanı təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı təcrübə mübadilələri ilə yanaşı, Koreya Təhsil Nazirliyində, məşhur "Daewoo" şirkətində görüşlər keçirilmiş, peşə təhsili sahəsində əməkdaşlığın konkret istiqamətləri müzakirə edilmiş, həmin şirkətin rəhbərliyi ilə Təhsil Nazirliyi arasında Azərbaycanda peşə təhsili üzrə treninq mərkəzinin yaradılması barədə memorandum imzalanmışdır. Artıq icrasına başlanmış layihə Bakıda peşə liseylərinin birinin bazasında şərti adı Azərbaycan Yüksək Texnologiya İnstitutu olan təlim mərkəzi yaradılmasını nəzərdə tutur. 3 il ərzində həyata keçiriləcək 30 milyon ABŞ dolları dəyərində olan layihə hər il 7 ixtisas üzrə 1000 nəfərdən çox ixtisaslı kadrların hazırlanmasına imkan verəcəkdir.

Son 30-40 il ərzində dünyanın ən dinamik inkişaf edən ölkələrindən olan Cənubi Koreyada peşə təhsilinə böyük önəm verilir. Əslində ölkə özünün hazırkı yüksək inkişaf səviyyəsinə məhz peşə təhsilinin əhəmiyyətini vaxtında qiymətləndirib onu yüksək səviyyədə təşkil edə bilməsi sayəsində çatmışdır. Koreyalılar özləri də bunu etiraf edir, inkişaflarının əsas səbəblərindən birinin ölkədə peşə təhsilinə böyük önəm verilməsi olduğunu söyləyirlər. Bu baxımdan Koreyanın təcrübəsi nəinki müstəqillik əldə edib öz milli təhsil sistemini, o cümlədən peşə təhsilini quran ölkəmiz üçün, habelə analoji inkişaf yolu  keçməkdə olan digər ölkələr üçün də çox maraqlı və faydalıdır. Təsadüfi deyil ki, məhz bunu nəzərə alaraq Dünya Bankının maliyyə dəstəyi və Albaniya Respublikasının Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə ötən il oktyabr ayının 24-26-da bu ölkənin paytaxtı Tiranada keçirilən 4-cü Avropa və Mərkəzi Asiya Təhsil Konfransında da Koreyanın peşə təhsili ilə bağlı məruzə salınmışdı.

 

"çatışmayan əlaqə"ni əlçatan edən konfrans

"çatışmayan əlaqə: orta məktəbin yuxarı siniflərində texniki peşə təhsilinin rolunun yenidən təhlil edilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədi Avropa və Mərkəzi Asiya regionu ölkələrinin təhsil siyasətini müəyyən edən şəxslər və təhsil üzrə ekspertlərinin Dünya Bankının heyəti və seçilmiş beynəlxalq ekspertlər ilə birlikdə orta məktəbin yuxarı siniflərində və texniki peşə təhsilində islahat aparılmasının müxtəlif variantları barədə fikir mübadiləsi edə bilməsi üçün şərait yaratmaqdan ibarət idi.

Təxminən 150 nəfərin - AMA  regionu ölkələrindən təhsil nazirliklərinin təhsil siyasətini müəyyən edən yüksək vəzifəli əməkdaşlarının, təhsil layihələrinin idarə olunması ilə məşğul olan şöbələrin, habelə təhsil idarələrinin və qeyri-hökumət təşkilatlarının  nümayəndələrinin, alimlərin, beynəlxalq ekspertlərin və Dünya Bankı mütəxəssislərinin toplaşdığı konfransda Təşkilat Komitəsinin məktubuna və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən  ölkəmizdən təhsil nazirinin müavini İ.İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edirdi. Nümayəndə heyətinin tərkibində mən də var idim.

3 gün davam edən konfransda 5 plenar iclası, qrup və paralel iclaslar keçirildi. Plenar iclaslarda "Texniki peşə təhsilinin və orta məktəbin yuxarı siniflərinin dəyişməyən problemləri", "Orta təhsilin yuxarı sinifləri və texniki peşə təhsilində cari islahatlar", "Yollar, kəsişmələr və keçidlər: orta məktəbin yuxarı sinifləri və texniki peşə təhsilinin müasir struktur islahatları" mövzuları müzakirə olundu. "Orta təhsilin yuxarı pilləsində struktur çevikliyinin təmin olunmasında çətinliklər və onların aradan qaldırılması yolları" mövzusunda ayrı-ayrı ölkələrin təcrübəsinə həsr olunmuş iclaslar təşkil edildi, diskussiyalar aparıldı.

Konfransın sonuncu günü keçirilən dördüncü və beşinci plenar iclaslarda konfransın aparıcısı Dünya Bankının eksperti Fred Nunesin iştirakı ilə kiçik qruplardakı diskussiyalarda irəli sürülmüş əsas ideyalar, beynəlxalq təşkilatların nəzər nöqtələri, çağırışları, cavab fəaliyyətləri haqqında faydalı söhbət getdi.

Konfrans göstərdi ki, istər texniki peşə təhsili sahəsində bütövlükdə aparılan islahat işlərində, istərsə də onun ayrı-ayrı istiqamətlərində beynəlxalq tədbirin iştirakçısı olan ölkələrdə xeyli müsbət təcrübə toplanmışdır.

 

İnkişafı üçün peşə təhsilinə borclu olan Koreyanın təcrübəsindən nəyi götürmək olar?

Seul Milli Universitetinin əməkdaşı Qonq Ce Linin Koreyada texniki-peşə təlimi təcrübəsinə həsr olunmuş məruzəsindən aydın oldu ki, bu ölkədə təhsil, o cümlədən də peşə təhsili ölkənin iqtisadi dirçəlişi və inkişafı ilə paralel getmiş, iqtisadiyyatda baş verən dəyişikliklər təhsil sahəsində islahatları şərtləndirmiş, təhsil islahatlarının nəticələri isə öz növbəsində iqtisadiyyatın sonrakı inkişafına təkan vermiş, onu daha da sürətləndirmişdir.

Koreyada  müasir təhsilin tarixi 1945-ci ildən başlamışdır.

ölkədə iqtisadi inkişafın 4 fazasına uyğun olaraq təhsildə inkişaf da 4 mərhələdən keçmişdir:

- 1948-1960-cı illər: təhsil sisteminin yenidən qurulması;

- 1961-1980-ci illər: təhsil almaq imkanlarının genişləndirilməsi və iqtisadi artım;

- 1981-1997-ci illər: təhsilin keyfiyyətinin öyrənilməsi;

- 1998-ci ildən hazırkı dövrə qədər: yenidənqurma dövrü.

Koreyada təhsil sahəsində açıq qapı siyasəti yeridilmiş, 1954-1959-cu illər 6 illik icbari təhsil planı qəbul olunmuş, baza məktəblərində qəbul imtahanları ləğv edilmiş (1968-ci ildə), orta məktəbin yuxarı siniflərində bərabərləşdirici siyasət (1974-cü il) yeridilməyə başlamış, qəbul imtahanları ləğv olunaraq seçim üzrə tapşırıqla əvəz edilmişdir. Təhsildə aşağı məsrəfli yanaşma adlanan siyasət nəticəsində təhsil standartları aşağı salınaraq mövcud şəraitdə daha çox şagirdi öyrətmək xətti götürülmüşdür.

Koreyada təhsil sistemində kadr potensialı infrastrukturu yaradılmışdır ki, bu da 1960-cı illərdən başlayan iqtisadi yüksəlişə mühüm töhfə vermişdir. Burada kadrlara əsas tələb ixtisas səviyyəsinin yüksəldilməsidir. Texniki peşə təhsilinin səviyyəsinin yüksəlməsi onunla əhatə olunmanın, habelə texniki kadrların hazırlanması üçün təlim infrastrukturunun genişləndirilməsinə xüsusi fikir verilmişdir.

Hazırda ölkənin texniki peşə təhsili sistemində texniki peşə məktəbləri, təlim müddəti 2-3 il olan aşağı dərəcəli texniki kolleclər, universitetlər, işləyənlər üçün texniki kolleclər, Əmək Nazirliyi yanında peşə təlimi ictimai mərkəzləri, özəl texniki təhsil müəssisələri fəaliyyət göstərir.

1961-1980-ci illərdə texniki peşə məktəblərinin sayı yüksəlmiş, buna müvafiq olaraq şagirdlərin də sayı artmış, bu sahədə investisiya qoyuluşunun həcmi, beynəlxalq donor təşkilatların istiqraz  proqramlarının tətbiqi artmışdır.

Lakin 60-80-ci illərdəki iqtisadi tərəqqisində texniki peşə təhsili böyük rol oynamış Koreyada təhsilin bu pilləsində təkamül indi başqa formada gedir. Texniki peşə məktəblərinin məzunlarının məşğulluq səviyyəsi 1990-cı ildəki 76,6 faizdən 2006-cı ildə 25,9 faizə qədər aşağı düşmüşdür.

1990-cı ildən başlayaraq aşağı dərəcəli kolleclərə daxilolma səviyyəsi yüksəlmiş, onlara daha çox tələbə qəbul olunmuşdur. Təhsil texniki peşə məktəblərindən aşağı dərəcəli texniki kolleclərə keçmişdir. 

Koreyada şagirdlər texniki peşə məktəblərinə bu müəssisələrin xərclərinin 32,4 faizi həcmində təhsil haqqı ödəyirlər. Bu, dövlət məktəblərində 21,4 faiz, xüsusi məktəblərdə 46,9 faiz təşkil edir.

1990-cı illərdə hökumət texniki peşə təhsilinə dövlət büdcəsinin 2 faizi həcmində vəsait ayırmışdır. Texniki peşə təhsilinə ayrılan ümumi büdcə vəsaitlərində texniki peşə məktəblərinin payı 40 faizdən (1996), 18,4 faizədək (2000) azalmışdır.

Hazırda ölkədə dövlət siyasəti səviyyəsində texniki peşə təhsili qarşısında aşağıdakı kimi vəzifələr durur:

- texniki peşə məktəblərinin modernləşdirilməsi və "Müxtəlif ixtisaslaşdırılmış elit texniki peşə məktəblərinə transformasiyası;

- ümumtəhsil məktəblərinin yuxarı sinifləri, texniki-peşə məktəbləri və aşağı dərəcəli texniki kolleclər arasında fuksional münasibətlərin möhkəmləndirilməsi;

- korporasiyalarda iş yerlərində ixtisaslaşdırılmış texniki institutlar qismində, xüsusi texniki institutların və mərkəzlərin yaradılması.

 

Rumıniyada peşə təhsili "ali məktəbəqədərki təhsil" adlanır

Rumıniyada isə texniki peşə təhsili ölkənin təhsil, tədqiqat və gənclər nazirliyinin peşə təhsili və hazırlıq Milli inkişaf mərkəzi tərəfindən idarə olunmaqla rəsmi təhsil və hazırlıq sistemi vasitəsi ilə həyata keçirilir. Həmçinin bu işdə təhsil və hazırlıq sistemi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən müəssisələrdəki şagirdlik sxemi də mühüm rol oynayır.

Texniki peşə təhsili sisteminin strukturu - karyera inkişafını, müxtəlif imkanlarla fasiləsiz təlimalmanı təmin edir.

Rumıniyada  texniki peşə təhsil və təlimi "ali məktəbəqədərki təhsil" adlandırılan sistem çərçivəsində təqdim olunur. O, özündə orta və ali (qeyri-universitet) təhsilini birləşdirir. Buraya 1-3-cü səviyyələrdə peşə-ixtisas hazırlığı daxildir. Eyni zamanda 4 və 5-ci səviyyələr ali təhsilə müvafiq gəlir.

Təhsil müəssisələri vasitəsilə reallaşdırılan texniki-peşə təhsili və təlimi proqramları  üçün məsuliyyət təhsil, elmi tədqiqatlar və gənclər nazirliyinin üzərinə qoyulub. Peşə tələblərinin işlənib hazırlanması müvafiq sosial tərəfdaşların bilavasitə iştirakı ilə həyata keçirilir. Həmin peşə tələblərini yaşlıların təhsili üzrə Dövlət Şurası tərəfindən yaradılmış sahə komitələri təsdiq edir. Texniki peşə təhsili və təliminin tədris proqramları modul xarakter daşıyır. Texniki peşə təhsili və təliminin bu proqramları 2 əsas hissədən ibarətdir: dövlət baza tədris proqramları (80%) və yerli səviyyədə işlənib hazırlanmış tədris proqramları (20 %). Dövlət baza tədris proqramlarının əsasında təlim standartları durur. Yerli tədris proqramları yerli səviyyədə tədris müəssisələrinin tərəfdaş müəssisələrilə texniki peşə təhsili və təlim proqramlarının əmək bazarının tələblərinə uyğunluğu dərəcəsini yüksəltmək məqsədi ilə işlənib hazırlanır.

Proqramlarda praktik təlimin payı orta hesabla 36 faiz, nəzəriyyə isə 64 faiz təşkil edir. Praktik təlim tədris müəssisələrindəki məşğələlərin müəssisələrdə istehsalat təlimi ilə növbələşdirilməsi formasında təşkil olunur. Dövlət təhsili sistemi (texniki-peşə təhsili və təlimi də daxil olmaqla) dövlət büdcəsindən (mərkəzi və yerli)  maliyyələşdirilir. Belə ki, yerli büdcənin payı 96 faizə yaxın olur. Bir sıra müəssisələr (az sayda) tələbələrə istehsalat təcrübəsi zamanı yardım verir.

Təhsilin keyfiyyətinin təminatı sistemi Avropa səviyyəsində razılaşdırılmış keyfiyyətin təmin edilməsinin ümumi sistemi əsasında, texniki peşə təhsili və təliminin, bütün sistemi miqyasında reallaşdırılır. Keyfiyyətin təminatının dövlət sistemi qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2003-2004-cü illərdən başlayaraq texniki peşə təhsili və təlimində keçirilən eksperimentin nəticələri üzrə tətbiq olunur. Texniki peşə təhsili və təlimi xidməti təklif edən bütün subyektlər (tədris müəssisələri də daxil olmaqla) texniki peşə təhsili və təlimi proqramları üzrə fəaliyyət göstərmək hüququna malik olmaq üçün hökmən akkreditasiyadan keçməlidirlər.

 

Peşə təhsili üzrə regional layihə

İştirakçısı olduğumuz növbəti beynəlxalq seminar ötən il dekabrın 13-14-də qardaş Türkiyə Respublikasının İstanbul şəhərində keçirildi. Britiş Konsulun (Britaniya şurasının) "İş üçün Bacarıqlar" adlı Cənub-Şərqi Avropada peşə təhsili və təlimi üzrə regional layihəsi çərçivəsində təşkil olunmuş seminar "Peşə təhsili və təlimində peşə standartları və kurrikulumun hazırlanması" mövzusuna həsr olunmuşdu.

Yeri gəlmişkən deyək ki, Böyük Britaniyanın beynəlxalq mədəniyyət əlaqələri üzrə təşkilatı olan Britiş Konsulun həyata keçirdiyi və Azərbaycanı da əhatə edən "İş üçün bacarıqlar" regional layihəsi Cənub-Şərqi Avropa boyunca və Böyük Britaniyada üçpilləli təhsil sektorunda beynəlxalqlığı irəli sürmək və uzunmüddətli əlaqələri gücləndirməklə onu dəstəkləməyi nəzərdə tutur.

Beynəlxalq seminarda 10 dövlətdən 50 nəfərlik nümayəndə heyəti iştirak edirdi. İngilis və rus dillərində aparılan seminar iştirakçılar üçün çox faydalı oldu. Böyük Britaniyanın ömürboyu təhsil, peşə təhsili və ali təhsil üzrə dövlət naziri, parlament üzvü Bill Rammelin açılış nitqi ilə başlayan tədbirdə tanınmış ekspertlər Devid Şerlok, Beyond Standards, Roisin Mankli, Con çapman, Moyra Makkerreçer, Vinsent Mak Brayd, Sacit Katlandur, Nevdo Kenar və başqalarının "İqtisadiyyat üçün bacarıqların yaradılması: bu kimin məsuliyyətidir", "Ziyarətçi  iqtisadiyyatı: turizmdə bazarların yaradılması və onlara xidmət", "Ziyarətçi iqtisadiyyatı üçün peşəyönümünə yönəlmiş standartların yaradılması: Britaniya nümunəsi", "Standartlara kurrikulum vasitəsilə cavab", "İşəgötürənləri cəlbetmə", "İşgüzarlıq və işgüzarlıq kurrikulumu", "İxtisasların istehsalatla uyğunlaşdırılması üzrə təqdimat", "İş yerində təqdim olunan ixtisasların keyfiyyətinə zəmanət, işəgötürənlərlə bağlı nümunələr" mövzularında məruzələr dinlənildi, maraqlı təqdimatlar oldu. "Kurrikulumu istehsalatın ehtiyaclarına uyğunlaşdıran zaman hansı çətinliklərlə üzləşirik" mövzusuna həsr olunmuş qrup müzakirələri aparıldı, iştirakçılar ayrı-ayrı ölkələrin təcrübəsi ilə tanış oldular.

 

Böyük Britaniyada peşə təhsili məsələlərini "İşəgötürənlər Şurası" həll edir

Seminarda müzakirə olunan əsas mövzulardan biri "İqtisadiyyat üçün vədişlərin yaradılması: kim məsuliyyət daşıyır" bu gün peşə təhsilində çox vacib məsələlərdəndir. Həmin məsələni şərh edən böyük britaniyalı mütəxəssisin seminarda  dediyinə görə, məhz müvafiq vərdişlərin yaranmaması üzündən istehsalatda məhsuldarlıq 20 faiz aşağı düşür. İxtisaslaşdırılmış işçi qüvvəsi daxili investisiyalar üçün yeganə cəlbedici amildir.

İngiltərədə orta məktəb məzunlarında və işdə yaşlılarda universal savadlılığın, kəmiyyət təfəkkürü sahəsində qabiliyyətliliyin və İKT bacarıqlarının olmasına xüsusi diqqət yetirilir. Bu keyfiyyətlərin aşılanmasına əsasən hökumət məsuliyyət daşıyır. Belə ki, o şagirdlər üçün savadlılığı, kəmiyyət təfəkkürü qabiliyyətliliyini və informasiya-kommunikasiya texnologiyalarının (İKT) daxil olduğu ümumi ibtidai təhsili təmin edir, praktik ibtidai təhsili nəyin vasitəsi ilə öyrənməyi deyil, nəyin xatirinə öyrənməyi  prioritet sayır, işdə rifahı, vətəndaşların hüquqlarını təmin edir, akkreditasiyanı təşkil edir.

Böyük Britaniyada icbari ibtidai təhsil 18 yaşadək hökumət tərəfindən maliyyələşdirilir. Böyüklər üçün bərabər səviyyədə əsas vərdişlərin yaradılmasına, bərabər texniki təhsili, işdə rifahı da hökumət maliyyələşdirir. Prioritet olmayan təlim 50-50-yə dövlət və işəgötürənlər və ya fərdlərin özləri tərəfindən maliyyələşir.

ölkədə ziyarətçi iqtisadiyyatı - turizm geniş inkişaf tapmışdır. Turizm sektoru 14 sənaye sahəsini əhatə etməklə 2 milyon adamın işlə təmin olunmasına şərait yaradır. Sahənin müəssisələrinin 20 faizi vakansiya haqqında məlumat verir.

ölkədə sektor üzrə vərdişlər şuraları fəaliyyət göstərir. Bu, vərdişlər kriteriyasının müəyyənləşdirilməsi işinin səmərəliliyi, işəgötürmə və uğurlu biznesin həyata keçirilməsi üzrə strateji məsuliyyəti olan sahibkarların rəhbərliyi altında bir təşkilatdır. Bu təşkilat bütün Böyük Britaniya iqtisadiyyatının əsas sektorlarını əhatə edir və sahibkarların özləri tərəfindən idarə olunur.

Təşkilatın sektor vərdişləri üzrə 25 şurasını özündə birləşdirən şəbəkəsi Böyük Britaniyanın bütün işçi qüvvəsinin 85 faizini əhatə edir. Təşkilatı hökumət lisenziyalaşdırır və maliyyələşdirir. Təşkilat Böyük Britaniyada sektor vərdişlərinin səviyyəsinin yüksəldilməsi üzrə tələbatların təmin edilməsi haqqında qərarların yerinə yetirilməsinə məsuliyyət daşıyır.

Onlar peşə təhsili müəssisələrindən xüsusi filmlər çəkir, zavod, fabriklərdə olur, kadrların necə hazırlanması barədə söhbətlər aparır, məzunların işə düzəldilməsi ilə məşğul olurlar.

Təhsil müəssisələri ilə işəgötürənlər arasında yaradılmış sıx əlaqələrin nəticəsidir ki, İngiltərədə peşə məktəblərini bitirənlərin 89 faizi işlə təmin olunur.

 

"BMV Böyük Britaniya qrupu", yoxsa YUNİPART

Böyük Britaniyada sektor üzrə vərdişlərin (bacarıqların) daha da təkmilləşdirilməsini, ixtisasın artırılmasını təmin edən geniş şəbəkə - ixtisasartırma sistemi mövcuddur. İxtisasartırma üzrə bir çox proqramlar bu işin məxsusi olaraq iş yerində, istehsalatdan ayrılmamaqla həyata keçirilməsi üçün işlənib hazırlanmışdır. Belə proqramlarda fərdiləşdirməyə üstünlük verilir, keyfiyyət illik özünüqiymətləndirmə, milli səviyyədə təsdiq olunmuş ixtisaslaşma, yüksək ixtisaslı ekspertlər və s, vasitəsi ilə təmin olunur. Bu baxımdan ölkədə fəaliyyət göstərən bir sıra iri firmaların təcrübəsi maraqlıdır.

 Dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan BMV-nin Böyük Britaniyada geniş diler şəbəkəsi var. Onları birləşdirən "BMV Böyük Britaniya qrupu" 1981-ci ildə yaradılıb. Qrupun ölkədə uzun illər aparıcı mövqe tutmasının əsas səbəblərindən biri geniş treninq proqramları həyata keçirməsidir. Qrup  4 səviyyədə proqram reallaşdırır: sertifikatlaşmış əməkdaş, professional mütəxəssis, ekspert və magistr.

Hazırda şirkətin təlim proqramları 17 milyon funt sterlinq dəyərində yeni treninq mərkəzi olan "Akademiya BMV Böyük Britaniya qrupu" tərəfindən həyata keçirilir.

ölkədə peşə təhsili və təlimi sahəsində ixtisasartırma xidməti göstərən YUNİPART, "Toni ənd çuy" müəssisələrinin də təcrübəsi maraqlıdır.

Dünyanın 100 ölkəsində 7000 mağaza vasitəsi ilə 750.000 adda məhsul (əsasən avtomobil hissələri)  satan YUNİPART kampaniyası özünün "YUNİPART-4" 4 təlim mərkəzi vasitəsi ilə geniş treninq proqramları həyata keçirir.

 

Türkiyədə peşə liseylərində oxuyanların təhsil sistemindəki payı 37 faizdir

Seminara ev sahibliyi edən qardaş Türkiyə Respublikasında da bu sahədə müəyyən təcrübə mövcuddur. Həmin təcrübə ilə seminar iştirakçılarını TUSİAD texniki-peşə təhsili üzrə işçi qrupu başqanı Sacıt Katlandur tanış etdi.

Türkiyədə texniki peşə təhsilinin inkişafını təmin etmək məqsədilə 2002-2007-ci illəri əhatə edən "Texniki peşə təhsilinin möhkəmləndirilməsi (inkişafı) Proqramı"nın reallaşdırılması ölkədə ixtisaslı işçi kadrlarla tələbatın ödənilməsinə, işsizliyin azaldılmasına imkan vermişdir.

Buna görə texniki peşə təhsili sisteminin inkişafına yönəlmiş tədbirlər, məslək (peşə) liseylərinin şəbəkəsinin optimallaşdırılması istiqamətində dövlət dəstəyi gündən-günə genişlənməkdədir. Nəticədə 2006-2007-ci tədris ilində peşə liseylərində oxuyan şagirdlərin bütövlükdə təhsil sistemindəki payı 37 faiz təşkil etmişdir.

Texniki peşə təhsili sisteminin inkişafında mühüm istiqamətlərdən biri müxtəlif özəl qurumlar tərəfindən həyata keçirilən layihələr sayıla bilər. Buna nümunə olaraq "Koç İtholdinq" şirkəti tərəfindən reallaşdırılmaqda olan "Meslek (peşə) liseyi-məmləkət məsələsi" layihəsini göstərmək olar. Layihə çərçivəsində 2006-2013-cü illər arasında Türkiyənin hər regionundan ən azı bir peşə liseyini əhatə edən sənaye və xidmət sektorunda bütövlükdə 250 məktəbin 8000 şagirdə (tələbəyə) staj dəstəkli peşə liseyi təqaüdləri veriləcəkdir. Təqaüd alan tələbələr liseyi bitirdikdən sonra müraciət etdiyi təqdirdə "Koç İtholdinq"in müəssisələrində işə qəbul ediləcəklər.

Digər vacib yenilik Türkiyədə sənaye, xidmət sektoru və təhsil dünyası üçün önəmli olan məsləki (peşə) yetərlilik sisteminin qurulmasına yönəldən "Məsləki Yetərlilik Qurumu Qanunu" 7 oktyabr 2006-cı ildən qüvvəyə minmişdir. Bu Qanunun icrasına Əmək və Sosial Müdafiə Nazirliyi, Milli Təhsil Nazirliyi və Peşə Yetərliliyi Qurumu birgə nəzarət edir. Bu qurum təhsil proqramlarının hazırlanmasında, məzunların işlə təmin olunmasında, dövlət, işçi, işəgötürən və peşə ixtisası verən məktəblər arasında koordinasiyanın təşkilində mühüm rol oynayır.

Peşə  Yetərliliyi Qurumunun əsas vəzifəsi standartlarda təsbit edilən imtahanlar, öyrənilməsi lazım gələn peşələr haqqında qərar verməkdir.

Türkiyədə də Böyük Britaniyadakı şuralar kimi mərkəzlər yaranır. Qardaş ölkədə Milli Eyitim Bakanlığına Baş bakan yardımçısı operativ rəhbərlik edir. Sahələr üzrə işin təşkilini genel müdirlər (baş idarə rəisləri) aparır. Peşə təhsili sahəsində nazirliyin strukturunda 2 baş idarə var: Qız texniki öyretim genel müdirliyi, erkek texniki öyretim genel müdirliyi. Qız texniki öyrətim genel müdirliyində 60-a yaxın erkek texniki öyretim genel müdirliyində 80 nəfər işçi çalışır.

Türkiyədə də oğlan və qız liseylərinə şagird qəğulu planı yerli mərkəzlər (dərnək mərkəzləri) tərəfindən planlaşdırılır, liseylər tərəfindən müəyyənləşdikdən sonra nazirlik tərəfindən təsdiq olunur. İstər qız, istərsə də oğlan texniki və məslək liseylərində xarici dil öyrədilir.

İştirakçısı olduğumuz beynəlxalq tədbirlər peşə təhsili sahəsində dünyanın əksər ölkələrində islahatların aparıldığını, bütövlükdə bu sahənin hazırda təhsilin prioritet istiqaməti kimi diqqət mərkəzində durduğunu bir daha təsdiq etdi.

Kamil AĞAMALIYEV,

Təhsil Nazirliyi Texniki peşə

təhsili şöbəsinin baş məsləhətçisi