· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Korrupsiyaya qarşı mübarizə hamının işidir

Fevralın 6-da Abşeron rayonunun Xırdalan şəhər 1 nömrəli orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupu ilə Abşeron rayon təhsil işçilərinin birgə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda tədbiri keçirildi. Tədbirdə Abşeron rayonunun təhsil işçiləri, o cümlədən  məktəb direktorları, müəllimlər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev açaraq bildirdi ki, son illər ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Korrupsiya ilə bağlı məktəblərdə də maarifləndirmə işi getməlidir. çünki bu məsələ hazırda təhsilimizə öz mənfi təsirini göstərməkdədir. Biz məktəblərdə hələ də neqativ hallara rast gəlirik. Demokratik dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün hamı korrupsiyaya qarşı mübarizəyə qoşulmalıdır. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" verdiyi sərəncamı hər birimizin qarşısına böyük vəzifələr qoyur.

Sonra söz Korrupsiyaya Qarşı Mübarizə Fondunun İcraçı direktoru, Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü Vasif Mövsümova verildi. O, çıxışında qeyd etdi ki, təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə 15.05.2007-ci il tarixdə imzaladığı əmrlə İşçi Qrupunun fəaliyyət planını təsdiq etmişdir. Ona görə də bu gün məktəblərdə şagird, müəllim və valideynlər arasında xoşagəlməz neqativ hallara rast gəlinirsə, onların problemləri yerində və operativ araşdırılır.

Sonra çıxış üçün söz Dövlət Quruculuğu Araşdırmalar Mərkəzinin rəhbəri, Təhsil Nazirliyində korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupunun üzvü İslam Əsgəroğluna verildi. O bildirdi ki, korrupsiyaya qarşı mübarizə ümumxalq işidir. Bu işdə təkcə müəssisələr yox, hər bir kəs fəal olmalıdır.

Tədbirdə Xırdalan şəhər 1 nömrəli orta məktəbin direktoru Tahirə Ələkbərova, Fatmayı kənd orta məktəbinin direktoru Nuru Nadirov və Abşeron Rayon Təhsil Şöbəsi müdirinin müavini Vahid Əliyev çıxışlar ətrafında ürək sözlərini bildirdilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavablar verildi.

Şakir CƏFƏROV

 

 

 

Təhsil Nazirliyinin yeni saytı yaxın günlərdə istifadəyə veriləcək  

Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqovun sözlərinə görə, yeni sayt üç dildə - Azərbaycan, ingilis və rus dillərində olacaq. Əvvəlki illə  müqayisədə yeni saytda əlavə bölmələr yaradılıb: "Yeni saytda şagirdlər  mərkəzləşdirilmiş imtahanın nəticələrini cavab kartına kimi heç bir cətinlik çəkmədən öyrənə biləcəklər. Bununla yanaşı, saytda nazirliyin struktur bölmələri olan rayon təhsil şöbələri haqqında məlumatlar da yerləşdiriləcək. Rayonlarda olan şagird, tələbə, müəllim sayı bura daxildir. Eyni zamanda saytda bu gün təhsil sistemində həyata keçirilən layihələr, dövlət proqramları  haqqında da məlumatlar olacaq. Saytda daha bir yenilik isə şagird və tələbələri maraqlandıran sual-cavab (form) bölməsidir ki, onlar buraya təhsillə bağlı maraqlandıqları sualları yerləşdirməklə cavab tapa biləcəklər".

İ.Sadıqov onu da qeyd etdi ki, sayta girmək istəyənlər "www.edu.gov.az"-la yanaşı, "www.tehsil.gov.az"-dan da istifadə edə bilərlər.

RƏŞAD

 

 

 

Televiziyalarda intellektual proqramlara ehtiyac var  

İnformasiya cəmiyyətinin özünəməxsus spesifik xüsusiyyətləri var. Burada informasiyanın mübadiləsindən daha çox virtual psixologiya, məhz televiziyaların vasitəsi ilə geniş kütlələrə ideoloji təsir edə bilir. Belə bir məqamda təbii ki, insanların inteqrasiyası daha çox vərdiş aşılayan psixoloji temperamentlərin təsiri ilə formalaşır.Müasir dunyada kütlələrin qlobalizmin mənfi təsirlərindən kənarda saxlanılmasını ortaya qoyan bir sıra proqramlar tərtib olunub. Bunlardan biri ölkələrin milli təhsil sisteminin əsasları hesab olunursa, başqa tərəfdən kommunikasiya texnologiyalarının düzgün tətbiq olunması göstərilir.

Son vaxtlar ölkəmizdə də həyata keçirilən təhsil siyasətinə əlavə dəstək ola biləcək resurslar haqqında informasiyalar səslənməkdədir.Bu resurslar daha çox dövlətin digər qurumları ilə sıx qarşılıqlı əməkdaşlıq hesab olunur ki bu istiqamətdə də müsbət işlər həyata keçirilir.

Ancaq burada əsas məsələlərdən biri təhsil siyasətini dəstəkləyən və onun ideoloji təbliğatını quran lahiyələrin qeyri-dövlət təşkilatları səviyyəsində həyata keçirilməsidir. Məsələn, televiziyalarda elmi intellektual tutumlu verilişlərin sayını artırmaqla bu istiqamətdə müəyyən işlər görmək olar. Xüsusilə uşaqların və yeniyetmələrin iştirakı ilə keçirilən intellektual oyunlar yeni nəslin intellektual düşüncəsinin müsbət formalaşmasına imkan yaradar. Eyni zamanda şou xarakterli verilişlərlə sağlam rəqabət aparmaq da mümkündür. Hətta bu günkü bazar prinsiplərini nəzərə alan mütəxəssislər hesab edir ki digər proqramlar kimi bu intellektual proqramları da SMS vasitəsi ilə təmin etməklə maliyyə məsələlərini tam həll etmək mümkündür.

Mütəxəssislər hesab edir ki bir neçə saat dərs keçən uşağın psixologiyasına bir neçə dəqiqəlik istənilən alternativ televiziya  verilişi  təsir edə bilir. Elə bunun üçün yeniyetmələri və uşaqları intellektual verilişlər hazırlayıb bu kimi verilişlərə cəlb etmək olar. Və eyni zamanda bu yolla təhsil siyasətinə kompleks dəstək vermək mümkündür.

Zamin AXUNDOV