· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Ən yaxşı idman məktəbləri və idmançılar mükafatlandırıldı

 

İdmançılar arasında Pekində keçiriləcək Olimpiya Oyunlarına lisenziya alanlar da var

 

Artıq bir neçə ildir ki, təhsil sistemində fiziki tərbiyə və idman sahəsində qabaqcıl pedaqoji təcrübəni öyrənmək, məşqçi-müəllimləri, eləcə də istedadlı gənc idmançıları aşkar etmək məqsədi ilə müxtəlif nominasiyalar üzrə respublika müsabiqələri təşkil olunur. Növbəti belə bir müsabiqə Təhsil Nazirliyinin 30 oktyabr 2007-ci il tarixli 1312 nömrəli əmrinə əsasən ötən ilin sonları və bu ilin əvvəllərində keçirilmişdir. "İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi", "İlin ən yaxşı uşaq-gənclər idman məktəbi", "İlin ən yaxşı uşaq gənclər şahmat məktəbi", "İlin ən yaxşı idmançısı", "İlin ən yaxşı şahmatçısı" və "İlin ən yaxşı məşqçi-müəllimi" nominasiyalarını əhatə edən müsabiqə artıq başa çatmış, qaliblər müəyyənləşdirilmişdir.

Fevralın 20-də Təhsil Nazirliyində müsabiqənin yekunlarına və qaliblərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirildi.

Nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinin, müsabiqə qalibləri və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi təhsil naziri Misir Mərdanov açaraq zala toplaşanları salamladı. çıxışında öncə Təhsil Nazirliyi sistemindəki idman  məktəbləri haqqında məlumat verən Misir Mərdanov bildirdi ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü uşaq-gənclər idman məktəbi, 61-i uşaq-gənclər şahmat məktəbi, 9-u ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, 3-ü isə ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbidir. Həmin məktəblərdə idmanın 27 növü üzrə 415 bölmə fəaliyyət göstərir. İdman məktəblərində mövcud olan 7935 qrupda 99202 uşaq, yeniyetmə və gənc idmanla məşğul olur.

İdman məktəblərində 4650 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2963 nəfəri ixtisaslı, 511 nəfəri müxtəlif kateqoriyalı məşqçi-müəllimdir.

ötən il ərzində Təhsil Nazirliyi sistemindəki uşaq-gənclər idman və şahmat məktəbləri tərəfindən beynəlxalq yarışlarda 43, o cümlədən 15 qızıl, 14 gümüş və 14 bürünc medal qazanıldığını diqqətə çatdıran nazir bunu yüksək uğur kimi qiymətləndirdi. Sonra nazir həmin uğurların hansı idman növlərinə aid olmasını diqqətə çatdırdı. Aydın oldu ki, cüdo üzrə 3 qızıl, 5 gümüş və 3 bürünc, sambo üzrə 3 qızıl, 1 gümüş və 1 bürünc, taekvando üzrə 3 qızıl və 1 gümüş, bədii gimnastika üzrə 3 bürünc, yünan-Roma güləşi üzrə 2 qızıl, 1 bürünc, boks üzrə 2 qızıl, sərbəst güləş üzrə 1 qızıl, 1 gümüş, 2 bürünc, atletika üzrə 2 gümüş, ağır atletika üzrə 1 gümüş, şahmat üzrə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldə edilib.

2008-ci ildə Pekin şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına bu günə kimi qazanılmış 23 lisenziyanın 4-nün Təhsil Nazirliyi sistemindəki idman məktəbləri yetirmələrinin payına düşdüyünü deyən nazir bunun da müsbət hal olduğunu vurğuladı. Misir Mərdanov həmin idmançıların adlarını da açıqladı. Məlum oldu ki, Bakı şəhər 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri Vəfa Hüseynova, Valeriya Yeqay Pekin olimpiadasında  ölkəmizi bədii gimnastika, Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Atletika Məktəbinin yetirməsi Ramil Quliyev atletika üzrə, "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İdman Məktəbinin yetirməsi Əfqan Bayramov isə ağır atletika üzrə təmsil edəcəklər.

Sonra təhsil naziri müsabiqənin nəticələrini elan etdi. Məlum oldu ki, Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi "İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları üGİM" nominasiyasında, Sumqayıt şəhər 1 nömrəli UGİM "İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi" nominasiyasında, Bakı Şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi isə "İlin ən yaxşı Uşaq Gənclər Şahmat Məktəbi nominasiyasında qalib hesab olunmuşlar.

Digər nominasiyalar üzrə isə nəticələr belədir:

 

"İlin ən yaxşı idmançısı" nominasiyası üzrə:

I yer - Vəfa Hüseynova (Bədii gimnastika ilə məşğul olur, milli yığma komandanın üzvüdür, 2008-ci ildə Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb).

II yer - Sərxan Əhmədov (Cüdo ilə məşğul olur, milli yığma komandanın üzvüdür, 2007-ci ildə Avropanın ən güclü gənc cüdoçusu adına layiq görülüb).

III yer - Zeynəb Cavadlı (Bədii gimnastika ilə məşğul olur, milli yığma komandanın üzvüdür, dünya çempionatının bürünc mükafatçısıdır).

 

"İlin ən yaxşı şahmatçısı" nominasiyası üzrə:

I yer - Vüqar Rəsulov (İdman ustasıdır, milli yığma komandanın üzvüdür. Avropa və dünya birinciliklərinin qalibidir).

II yer - çingiz Qasımov (Avropa və dünya birinciliklərində mükafata layiq yerlər tutub).

III yer - Günay Məmmədzadə (Türkiyədə keçirilən dünya birinciliyində II yeri tutub).

 

"İlin ən yaxşı məşqçi-müəllimi" nominasiyası üzrə:

I yer - Nina Qasımova (Bədii gimnastika üzrə məşqçi-müəllim işləyir, yetirməsi Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb).

II yer - Rəşad Həsənov (Cüdo üzrə məşqçi-müəllim işləyir, yetirməsi Avropanın ən gənc, güclü cüdoçusu adına layiq görülüb).

III yer - Əşrəf Mehdiyev (Şahmat üzrə məşqçi-müəllim işləyir, yetirməsi Avropa çempionatiında I yeri tutub).

Qaliblərə diplomlar və hədiyyələr təqdim edən nazir, onları təbrik edib daha böyük uğurlar arzuladı.

Daha sonra Misir Mərdanov yüksək nailiyyətləri ilə fərqlənən idman məktəbləri qismində 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, Bakı şəhər 8 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, Bakı şəhər 4 nömrəli Uşaq-Gənclər Gimnastika Məktəbinin, Gəncə Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin, Gəncə 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, Şəmkir Uşaq-Gənclər Şahmat Məktəbinin adlarını xüsusi qeyd edib onların rəhbərliyinə və pedaqoji kollektivinə təşəkkür etdi.

Keçirilən müsabiqələri yüksək dəyərləndirən nazir yaxşı ilə pisi fərqləndirməkdə, bu təhsil ocaqlarının kollektivlərini daha səmərəli fəaliyyətə sövq etməkdə, istedadlı idmançıları aşkara çıxarmaqda onların mühüm vasitə olduğunu vurğuladı. ölkəmizdə böyüməkdə olan nəslin fiziki tərbiyəsinə, idmanın inkişafına hərtərəfli qayğı göstərildiyini qeyd edən nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusilə böyük diqqət yetirdiyini, onun tapşırığı ilə ölkənin regionlarında müasir olimpiya mərkəzlərinin, idman komplekslərinin tikildiyini, yeni istifadəyə verilən məktəb binalarında hər cür avadanlıqla təchiz olunmuş idman zallarının da nəzərdə tutulduğunu, bütün bunların gənc nəslin sağlam böyüməsinə, ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların yetişməsinə xidmət etdiyini söylədi.

Nazir gələcəkdə belə müsabiqələrin daha tutumlu keçirilməsi, hədiyyələrlə bərabər, qaliblərə pul mükafatlarının da verilməsini məqsədəuyğun saydı və bu barədə düşünmək lazım gəldiyini bildirdi.

Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə gənclərə və idmana göstərilən dövlət qayğısından, istedadlı idmançıların aşkara çıxarılması və yetişdirilməsi, daha yaradıcı çalışan idman təhsil müəssisələri kollektivlərinin rəğbətləndirilməsi istiqamətində Təhsil Nazirliyi ilə birgə fəaliyyətin zəruriliyindən söz açdı, qalibləri təbrik etdi.

Mərasimdə təhsil naziri Misir Mərdanov "Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini çingiz Səmədovun yüksək dərəcəli idmançıların yetişdirilməsindəki səmərəli fəaliyyətinə görə və 55 yaşının tamam olması münasibətilə Təhsil Nazirliyi kollegiyasının qərarına əsasən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunduğunu söyləyib layiq görüldüyü mükafatı ona təqdim etdi.

Tədbirin sonunda təhsil naziri Misir Mərdanov jurnalistlərin ona ünvanladığı sualları cavablandırdı.

Yusif ƏLİYEV