· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Nazir Türkiyə səfirini qəbul edib

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Hüseyn Avni  Karslıoğlu ilə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq onun ölkəmizdəki fəaliyyəti dövründə görülən səmərəli işləri, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Nazir həmçinin iki ölkə arasında mövcud təhsil əlaqələrinin inkişafı, həyata keçirilən tədbirlər və digər məsələlərdən də söz açıb. Eyni zamanda Misir Mərdanov gələcək perspektivlərdən də danışaraq ortaq bağça-məktəbin açılması məsələsinə toxunub.

Cənab Karslıoğlu nazirə səmimi qəbul və xoş münasibət üçün  təşəkkürünü bildirib. Tarixi, mədəni və iqtisadi baxımdan qurulan əlaqələrdən danışan qonaq təhsil sahəsi üzrə yaradılan əməkdaşlığın dəyərli töhfələr verdiyini diqqətə çatdırıb. Səfir fəaliyyəti dövründə ona göstərilən diqqət və yardıma görə razılığını da ifadə edib. Eyni zamanda ölkəmizə təyin olunacaq yeni səfirin mövcud əlaqələrin daha da inkişafına çalışacağına əmin olduğunu bildirib.

Sonda Misir Mərdanov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

 

Norveç səfiri və Oslo Universitetinin professoru Təhsil Nazirliyində

Fevralın 15-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Jon Ramberg, Oslo Universitetinin professoru  xanım Vibeke Roggenlə görüşüb.

Görüşdə Norveç-Azərbaycan təhsil əlaqələri, eyni zamanda  Boloniya prosesinin tələblərinə uyğun olaraq  beynəlxalq  layihələrin  birgə həyata keçirilməsi  məsələləri  müzakirə olunub.

Misir Mərdanov  öz növbəsində xanım Vibeke Roggenin Təhsil Nazirliyində Oslo Universitetinin idarəolunması, tələbələrin qəbulu,  akkreditasiyanın aparılması, professor-müəllim heyətinin seçilməsi  ilə əlaqədar   təqdimat-məruzə etməsinin  məqsədəuyğunluğunu  qeyd edib.

Sonra görüşdə iştirak edənlər müzakirə olunan məsələlərlə bağlı  öz  fikirlərini  bildiriblər. 

Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov,  həmin universitetin prorektoru  Jalə Qəribova iştirak edib.

 

 

 

 

Nümayəndə heyəti ilə görüş

 

Fevralın 16-da təhsil naziri Misir Mərdanov ölkəmizdə səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov görüşü açaraq türkiyəli qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi duyduğunu söylədi. Dövlətlərimiz arasındakı dostluq münasibətlərindən söz açan nazir bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, genişləndiyini qeyd etdi, ölkələrimiz arasındakı dostluğun artıq qardaşlığa çevrildiyini xüsusi vurğuladı.

Nazir bildirdi ki, hər iki ölkənin dövlət başçılarının səmimi münasibətləri, dostluğu xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxarıb. Türkiyənin Azərbaycanı hər zaman dəstəklədiyini xüsusi vurğulayan nazir bunu yüksək dəyərləndirdi.

Nazir onu da qeyd etdi ki, Azərbaycanla Türkiyənin təhsil əlaqələri müsbət istiqamətdə inkişaf edir. Azərbaycandan Türkiyəyə ali təhsil almağa gedənlərin sayı ilbəil artmaqdadır. Respublikamızın müxtəlif ali məktəblərində təhsil alan türkiyəli tələbələrin də sayı çoxalmaqdadır. ölkəmizdə "çağ" öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türk özəl liseylərinin, "Qafqaz" Universitetinin uğurla  fəaliyyət göstərdiyini qeyd edən Misir Mərdanov təhsil ocaqlarının işindən razı qaldığını söylədi, "çağ" öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər özərənin Azərbaycanla Türkiyə arasında təhsil əlaqələrinin inkişafındakı rolunu müsbət qiymətləndirdi. Nazir iki ölkənin təhsil əlaqələrinin genişlənməsində Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Karslıoğlunun xidmətlərini xüsusi qeyd edərək səfirliklə işgüzar əməkdaşlığın olduğunu bildirdi. Hər iki ölkənin müvafiq nazirlikləri arasında səmimi dostluq münasibətlərindən söz açan Misir Mərdanov bunun gələcəkdə də davam və inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi.

Qonaqlarla səmimi söhbət edən nazir söylədi ki, bu gün Türkiyə ilə Azərbaycan arasında ortaq dərsliklərin yaradılmasına, hər iki ölkənin təhsil müəssisələri arasında daha sıx əməkdaşlığa ehtiyac duyulur. Bütün bunlar və digər məsələlər haqqında ətraflı danışan təhsil naziri yaxın gələcəkdə həmin işlərin öz həllini tapacağına ümidvar olduğunu dedi.

Təhsil naziri Misir Mərdanov qonaqlara səfərlərinin uğurlu keçməsini arzulayaraq onlara ən xoş istəklərini çatdırdı.

Türkiyə Böyük  Millət Məclisinin Təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mehmet Sağlam onları belə səmimi qarşıladıqlarına görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirdi.

Mehmet bəy nümayəndə heyətini görüş iştirakçıları ilə tanış etdi. Nümayəndə heyətinə Türkiyənin Təhsil Nazirliyinin şöbə müdiri Hasan Kaplan, kültür və turizm nazirinin müavini İsmət Yılmaz, Türkiyənin tanınmış iş adamları və digər qurumların əməkdaşları daxil idi.

Bakıya ilk gəlişindən xeyli vaxt keçdiyini deyən Mehmet bəy bu illər ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi cəhətdən gücləndiyini söylədi.

ölkələrimizin mehriban dostluq və qardaşlıq əlaqələrindən söz açan qonaq təhsil sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğuladı. Azərbaycanda təhsilin inkişafı istiqamətində çox işlərin görülməsindən məlumatlı olduğunu deyən Mehmet bəy ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.

Türkiyənin kültür və turizm nazirinin müavini İsmət Yılmaz ölkəmizdə ilk dəfə olduğunu deyərək bu səfərin yaddaqalan olacağına ümidvar olduğunu söylədi. Görüşdə iştirak edən digər qonaqlar da belə səmimi qarşılandıqlarına görə təhsil naziri Misir Mərdanova və nazirliyin əməkdaşlarına təşəkkür etdilər.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən də iştirak edirdi.

Samirə KƏRİMOVA

 

 

 

 

"Britaniya Şurası"nın yeni layihələri müzakirə olunub

Fevralın 19-da təhsil naziri Misir Mərdanov "Britaniya Şurası"nın ölkə üzrə direktoru cənab Əndi Uilyamsla görüşüb.

Nazir qonağın rəhbəri olduğu təşkilatın həyata keçirdiyi layihələr barədə danışaraq bildirib ki, bu qurum ölkəmizdə müəllimlərin ixtisasının artırılması, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırıb. Eyni zamanda nazir "Britaniya Şurası"nın nəzərdə tutduğu yeni layihə barədə məlumatı olduğunu və bu layihəni dəstəklədiyini qeyd edib.

Cənab Əndi Uilyams səmimi qəbul və aparılan işlərə lazımi köməklik göstərdiyi üçün nazirə təşəkkür edib. Qonaq bu günlərdə ölkəmizdəki fəaliyyətinin başa çatması barədə də məlumat verib. Təbiət fənlərini tədris edən müəllimlər üçün təlim kursları layihəsindən və onun mahiyyətindən  söz açan qonaq həmin layihənin Bakı, Sumqayıt, Salyan, Lənkəran və Gəncədə reallaşdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Nazir də öz növbəsində Şəki və Quba rayonlarında bu layihə üzrə iş aparılmasını təklif edib.

Görüşdə qeyd olunan təşkilatın Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi proqramlar və yeni layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün yaxın günlərdə müvafiq  tədbirin təşkil olunması, ölkəmizdə peşə təhsilinin inkişafına dəstək göstərilməsi və digər layihələrlə əlaqədar fikir mübadiləsi aparılıb.