· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş yığıncaq

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi yığıncaq keçirildi.

Yığıncağı giriş sözü ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov açdı.

Sonra AMEA-nın Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova "Ana dili və terminologiya" mövzusunda məruzə etdi. O bildirdi ki, dövlətimizin başqa ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələri genişləndikcə, elm və texnika sürətlə inkişaf etdikcə bütün bunlar ana dilimizdə müxtəlif terminlərin yaranmasına gətirib çıxarır. O, həm də yığıncaq iştirakçılarına terminoloji lüğətlərin prinsipləri barədə ətraflı məlumat verdi.

Digər çıxış edənlər bu beynəlxalq gün münasibətilə bağlı fikirlərini yığıncaq iştirakçıları ilə bölüşdürdülər.

 Şakir CƏFƏROV

 

 

Lev Landaunun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans

Naxçıvan Dövlət Universitetində Nobel mükafatı laureatı, akademik Lev Davidoviç Landaunun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

 Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli açaraq ölkə başçısı İlham Əliyevin Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətindən danışmış, onun bu sahəyə göstərdiyi diqqəti Azərbaycan alimləri arasında gələcək nobelçilərin yetişməsi üçün stimul olacağını ifadə etmişdir.

NDU-nun fizika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev "L.D.Landaunun həyatı" mövzusunda məruzəsində qeyd etmişdir ki, Bakıda anadan olan, Azərbaycan Dövlət Universitetini bitirən Lev Landau nəzəri fizika klassik kursunun yaradıcısıdır. Onun elmi əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir.

Elmi işlər üzrə prorektor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov L.D.Landaunun fizika elmi sahəsində xidmətlərindən danışmış və qeyd etmişdir ki, dəfələrlə SSRİ Dövlət mükafatına layiq görülən, qeyri-adi və unikal insan olan Landau əvəzsiz kəşfləri ilə dünya elminə bir çox töhfələr vermişdir.

Konfransda AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Məmməd Hüseynəliyevin "Landau minimumu" və günün "fizika minimumu" mövzusunda məruzəsi dinlənilmişdir.

Tədbirdə Landaunun həyat və fəaliyyətindən bəhs edən fotostend və elmi əsərlərindən ibarət kitab sərgisi nümayiş etdirilmişdir.

 

 

 

Naxçıvan Dövlət Universitetində elmi konfrans

Naxçıvan Dövlət Universitetində "Beynəlxalq ana dili" mövzusunda elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açaraq mövzu ilə bağlı fikirlərini bildirərək tarixi günün əhəmiyyətindən danışdı, gənclərə ana dilini sevməyi, təbliğ etməyi, onun zənginliyini və təmizliyini qorumağı tövsiyə etdi.

"Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev "Müstəqillik dövründə ana dili" mövzusundakı məruzəsində beynəlxalq səviyyədə qeyd olunan bayramın hər bir millətin doğma dilinə hörmətinin ifadəsi olduğunu bildirdi.

Fənlərin tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Elbəyi Maqsudov "Ana dilimiz-and yerimiz" mövzusunda məruzə edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət səviyyəsində yüksək mövqe qazanması və təbliği istiqamətindəki misilsiz xidmətlərindən bəhs etdi.

 

 

Böyük ədibin xatirəsi yad edildi  

Naxçıvan Dövlət Universitetinin böyük akt zalında "Molla Nəsrəddin" məcmuəsinin redaktoru, tanınmış ədib, mollanəsrəddin ədəbi məktəbinin banisi Mirzə Cəlilin anadan olmasının 139 illiyi qeyd olundu.

Bu münasibətlə keçirilən konfransda dahi ədibin irsinin ardıcıl tədqiqatçısı, cəlilşünas alim, akademik İsa Həbibbəyli geniş məruzəsində Mirzə Cəlilin həyat və yaradıcılığının qaranlıq məqamlarını, fəaliyyətinin əsas istiqamətlərini tələbələrin diqqətinə çatdırdı.

Mirzə Cəlili Azərbaycan ədəbiyyatında hekayə və novella janrının bayraqdarı kimi xarakterizə edən məruzəçi onun dramaturgiyası və redaktorluq fəaliyyətindən də bəhs etdi. C.Məmmədquluzadəni millət fədaisi, xalq aşiqi, vətənpərvər insan kimi təqdim edən natiq onun publisistikasında əsas yer tutan azərbaycançılıq ideyalarından da danışdı.

Sonra universitetin rəhbərliyi tarix-filologiya fakültəsinin tələbələri ilə birlikdə dahi Mirzə Cəlilin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət etdilər. Ədəbiyyat və Cəlil Məmmədquluzadənin ev muzeyində ədibin yaşadığı mühitlə əyani tanışlıq tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Seyid SURƏ

 

 

 

İşəgötürənlərin peşə təliminə cəlb olunması

Fevralın 10-dan 14-dək "Britaniya Şurası"nın "İş bacarıqları" ("Skills@work") layihəsi çərçivəsində İngiltərənin London şəhərində "Qloballaşma dövründə işəgötürənlərin peşə təlimi və tədrisinə cəlbi" mövzusunda beynəlxalq seminar keçirilib.

  Seminarda İngiltərə, Avstriya, Türkiyə, Gürcüstan, özbəkistan, Qazaxıstan, Nepal, Əfqanıstan, Pakistan, Rumıniya, Bolqarıstan, Sloveniya, Serbiya, Monteneqro, Xorvatiya nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Bahəddin Şabanov da iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsi inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, həmin ölkələrdə mövcud istiqamətdə həyata keçirilən siyasətin xüsusiyyətləri haqqında məlumat toplamaq, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək və müzakirələr aparmaq olub.

Seminarda həmçinin təcrübə mübadiləsi həyata keçirilməsi məqsədilə bir sıra ölkələrin nümayəndələri ilə müzakirələr keçirilib, Londonun seçilən peşə təhsili müəssisələrinə səfərlər də təşkil olunub.

ölkəmizi təmsil edən Namiq Məmmədov "Britaniya Şurası"nın nümayəndələri ilə Azərbaycan və Böyük Britaniya peşə məktəbləri arasında qarşılıqlı əlaqələrin qurulması, Böyük Britaniyanın "LJ Create" şirkətinin Marketinq üzrə direktoru cənab Damian Breeze ilə görüşdə isə respublikamızda avtomobil diaqnostikası üzrə peşə məktəbinin yaradılması barədə fikir mübadiləsi aparıb.