· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İlk 50 yeri tutan məktəblər hansılardır?

Söhbət ötən il noyabrın 25-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələrinə əsasən tərtib olunan reytinq cədvəlindən gedir. Həmin imtahanın bir çox parametrlər üzrə nəticələri kimi yetirmələri bu sınaqda iştirak etmiş məktəblərin reytinq cədvəli də Təhsil Nazirliyinin fevralın 9-da keçirilmiş kollegiya iclasında açıqlanıb.

 Əlbəttə, sərlövhədə ifadə edilmiş suala qısa və dəqiq cavab vermək üçün reytinq cədvəlini dərc etmək də olardı. Lakin məqsədimiz oxuculara təkcə quru faktı təqdim etmək deyil, diqqəti reytinq cədvəli ilə bağlı bəzi məqamlara yönəltməkdir.

Əvvəla, qeyd edək ki, şagirdləri imtahan verən məktəblər arasında öz fəaliyyəti, təhsil uğurları ilə seçilən, ictimaiyyət arasında tanınan və rəğbət qazanan xeyli tədris ocağı olsa da, yoxlamada cəmi 2 məktəb 100 faizlik nəticə göstərib. Bunlar Sumqayıtdakı Təbiət-Texniki Elmlər Liseyi və Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbidir. Hər iki təhsil müəssisəsinin bütün onbirinci sinif şagirdləri yoxlama imtahanında iştirak edərək fənlərin hamısından müsbət qiymətlər almışlar.

Sumqayıt liseyi ilə bağlı məsələ aydındır. Bu lisey nəinki Sumqayıtın, hətta ölkənin ən nümunəvi ümumtəhsil müəssisələrindən hesab olunur. Cəbrayıl məktəbinə gəldikdə isə onun nəticəsi həm reytinq cədvəlinin əsasən sonunda yer almış məcburi köçkün məktəbləri, həm də ilk 50 məktəb sırasına düşə bilməyən tanınmış təhsil ocaqları üçün bir örnək ola bilər. Deməli, məsələ heç də köçkünlükdə, yaxud da tanınmaqda deyil. İmtahanlara hazırlığa daha məsuliyyətlə yanaşmaqda, təhsilin keyfiyyətini daim diqqət mərkəzində saxlamaqdadır. Yeri gəlmişkən deyək ki, reytinq cədvəlində ilk 50 yeri tutan məktəblər arasında Cəbrayıl rayonunun Xələfli kənd məktəbi köçkün məktəbi kimi tək deyil. Kəlbəcər rayonu 17, 118, 8, Laçın rayonu 34, Ağdam rayonu 81, 35, 32 nömrəli, Şuşa rayonu Malıbəyli, Zəngilan rayonu 38 nömrəli məktəblər də bu siyahıda yer alıblar. Bu, həm də bütövlükdə məcburi köçkün məktəblərində təhsilin aşağı səviyyədə olması barədə ictimaiyyət arasında yayılmış fikirlərin heç də əsaslı olmadığını göstərir.

Başqa bir məqam. Siyahıda heç də təkcə şəhər məktəbləri təmsil olunmayıb. Belə ki, 50 məktəbin 36-sı onlardır. 14 məktəb isə kənd rayonlarını təmsil edir. Bu, özlüyündə müsbət hal olub kənd məktəblərinin heç də şəhərdəki təhsil ocaqlarından təhsilin keyfiyyəti baxımından geri qalmadığını göstərir.

Siyahıda diqqəti cəlb edən cəhətlərdən biri də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyaların hamısının burada yer almamasıdır. Adları cədvəlin önündə getməli olan bu 12 təhsil ocağından yalnız 5-nin adı siyahıda var.

Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparıldığı şəhər və rayonlarda fəaliyyət göstərən peşə liseyləri də bu ildən həmin imtahanlarda iştirak edəcək. Onların yetirmələri artıq ilk sınaqda qüvvələrini sınamışlar. Lakin nəticələr gözlənildiyindən aşağı olmuşdur. Peşə liseyləri bütünlükdə 8,95 faizlə ümumi reytinq cədvəlinin sonuna yaxın qərar tutmuşlar. Onlardan heç biri ilk 50 məktəb siyahısına düşməmişdir.

İlk 50 yerə çıxmış məktəblərin rayon və şəhərlər üzrə bölgüsü də maraq doğurur və düşünmək üçün xeyli əsas verir. İmtahanlar keçirilən əksər şəhər və rayonların adı birinci 50-liyə düşsə də, Gəncə və Əli Bayramlının adları burada yoxdur. Bakı 18, Sumqayıt 9, İsmayıllı 2, Mingəçevir, Ucar və İmişli hərəsi 1 məktəb olmaqla siyahıda təmsil olunduqları halda, Gəncə və Əli Bayramlıdan bir məktəbin adı belə ən yaxşı məktəblərin siyahısına düşməyib.

Bakının rayonları da ilk 50 yerə çıxmış məktəblərin siyahısında proporsional təmsil olunmayıb. Belə ki, burada paytaxtın Xətai rayonunda yerləşən 8, Səbaildən 6, Nəsimi, Nərimanov, Sabunçu, Əzizbəyov rayonlarının hərəsindən 1 məktəbin adı olduğu halda, digər rayonların, xüsusən də təhsilin nisbətən yüksək səviyyədə olduğu Binəqədi, Yasamal rayonlarından bir məktəbin belə adı yoxdur. Bunu Xətai rayonu məktəblərinin artıq 3-cü, Səbailin isə 2-ci ildir ki, mərkəzləşdirilmiş imtahanlarda iştirak etməsi, bu baxımdan müəyyən təcrübə qazanmaları ilə izah edənlər ola bilər. Lakin bizcə, bu heç də həlledici amil sayıla bilməz. İmtahanlarda bir neçə dəfə iştirak əsasən texniki cəhətdən təcrübə toplamağa kömək edir. İmtahan isə daha çox biliyin keyfiyyətini üzə çıxarır.

üzümüzə gələn bazar günü mərkəzləşdirilmiş qaydada ikinci yoxlama imtahanı keçiriləcəkdir. Həmin sınaqlarda iştirak edəcək məktəblərə və onların yetirmələrinə uğurlar və daha yüksək nəticələr arzulayırıq.

Y.ƏLİYEV