· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, bu məqalədə ölkənin təhsil sisteminin vacib pillələrindən biri olan orta ixtisas təhsili, əmək bazarının tələbatına uyğun kadr hazırlığı, bu sahədəki problemlər və perspektivlər barədə məlumat verməyə çalışacağam.

Məlumdur ki, Azərbaycanda orta ixtisas təhsili ümumi orta və orta ixtisas təhsili proqramlarını həyata keçirir. Onun məqsədi respublikanın iqtisadiyyatı və sosial sferanın bütün sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisaslı mütəxəssislər hazırlamaqdan ibarətdir. Orta ixtisas təhsili müəssisələri praktik istehsalatyönümlü mütəxəssislər hazırlamaqla şəxsiyyətin kütləvi peşə təhsili almasını və eyni zamanda ümumtəhsil və mədəni səviyyəsinin yüksəldilməsini təmin edir. YUNESKO-nun Beynəlxalq Təhsil Klassifikatorunda orta ixtisas təhsili universitetəqədərki təhsilə bərabər tutulur.

İnsan həyatının bütün sahələrinin qloballaşması şəraitində beynəlxalq təcrübəyə uyğun mükəmməl nəzəri biliklərə və bacarıqlara yiyələnmiş peşə təhsilli mütəxəssislər bir sıra ölkələrin sosial-iqtisadi inkişafının aparıcı qüvvələrinə çevrilirlər. Orta ixtisas təhsili məhz belə mütəxəssisləri hazırlayır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə təhsilin bu pilləsi təhsil sisteminin aparıcı sahələrindən biri hesab olunur.

Son illər bir çox xarici ölkələrdə orta ixtisas təhsilinin rolunun əhəmiyyətli dərəcədə artması müşahidə olunur və bu tendensiya, ilk növbədə, həmin ölkələrdə istehsalatın elmi-texniki səviyyəsinin yüksəlməsi, əmək bazarının peşə-ixtisas strukturunun köklü surətdə dəyişməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, orta ixtisas təhsili ölkəmizdə bir çoxlarının düşündüyü kimi heç də yalnız keçmiş sovet təhsil sisteminə xas olan təhsil səviyyəsi deyildir. Orta ixtisas təhsili müəssisələrinin analoqları iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə istər ali təhsiləqədərki səviyyədə müstəqil təhsil müəssisələri kimi (ABŞ-da ikiillik kolleclər, Yaponiyada kiçik və texniki kolleclər, Böyük Britaniyada orta təhsildən sonrakı təhsil kollecləri və politexnik kolleclər, Almaniyada xüsusi məktəblər, texniklər məktəbi, peşə akademiyaları və xüsusi akademiyalar, Fransada böyük texniklər bölmələri), istərsə də ali təhsil müəssisələrinin tərkibində mövcuddur.

Qeyd etdiyimiz kimi, orta ixtisas təhsili müəssisələri iqtisadiyyatın bütün istiqamətləri üzrə texnika, sosial, xidmət sahələri üçün mütəxəssis hazırlığını həyata keçirir. Mürəkkəb texniki və texnoloji sistemlərin fəaliyyətinin təmin olunması, bu sahədə qərarların qəbul edilməsi, ilkin əmək kollektivlərinə rəhbərlik üçün texniki, texnoloji və digər informasiyaların hazırlanması və işlənməsi sahəsində orta ixtisas təhsilli mütəxəssislərin rolu çox böyükdür. Onlar texnik-texnoloq, mexanik, elektrik, elektronçu, proqramçı, konstruktor vəzifələrində işləyir, maddi-texniki təchizat və məmulatlara texniki nəzarət xidmətlərində çalışırlar.

Səhiyyə sahəsində orta ixtisaslı mütəxəssislər feldşer və həkiməqədərki müalicə-profilaktika köməyi göstərilməsini, həkim təyinatlarının yerinə yetirilməsini, laboratoriya diaqnostikasının aparılmasını, epidemiyaya qarşı sanitar nəzarətinin (həkimin rəhbərliyi altında) və digər tədbirlərin həyata keçirilməsini, kimyəvi-dərman vasitələrinin hazırlanmasını həyata keçirirlər.

Bədən tərbiyəsi və idman sahəsində onlar tədris müəssisələrində, bədən tərbiyəsi bölmələrində, idman klublarında, müalicə-profilaktika müəssisələrində pedaqoji və təşkilatçılıq fəaliyyəti göstərirlər.

Təhsil sahəsində orta ixtisas təhsilli mütəxəssislər tədris prosesinin təşkilatçıları, məktəbəqədər uşaq müəssisələrinin tərbiyəçiləri, ümumtəhsil məktəblərinin ibtidai və əsas təhsil pillələrində ayrı-ayrı fənn müəllimləri, texniki peşə məktəblərində istehsalat təlimi ustası, uşaq kollektivlərinin musiqi və bədii rəhbəri, mədəniyyət və incəsənət sahəsində aktyor, rəssam, mədəni-kütləvi müəssisələrin əməkdaşları, teatr-tamaşa təşkilatçıları qismində işləyir, yaradıcı özfəaliyyət kollektivlərinə rəhbərlik edirlər.

Ənənəvi fəaliyyət sahələri ilə yanaşı, orta ixtisas təhsilli mütəxəssislərin bazar infrastrukturunda, vergi-büdcə, əhaliyə servis xidməti sahələrində (texniki, texnoloji, informasiya, nəqliyyat-kommunikasiya xidməti) məşğulluğu genişlənir, onlar bu sahələrdə işçi qüvvəsinin daha kütləvi və mobil hissəsini təşkil edirlər.

Orta ixtisas təhsili müəssisələri məzunlarının mühəndis - texniki işçilər kimi ənənəvi fəaliyyət istiqamətlərindən başqa onların məşğulluğunun yeni istiqaməti bilavasitə məhsul istehsalında iştirak etməkdir.

Bu təhsil müəssisələrinin məzunları həmçinin usta, sahə rəisi, növbə rəisi, briqadir, usta köməkçisi vəzifələrində ilkin əmək kollektivinin rəhbərləri kimi də işləyirlər.

Düşünürəm ki, yuxarıda sadalanan ixtisaslar üzrə müvafiq peşələrə yiyələnmək çoxları üçün əlçatmaz olan ali təhsil müəssisələrinə ayaq döyməkdənsə, müasir tələblərə cavab verən orta ixtisas təhsili müəssisələrinə üz tutmaq daha əlverişli yoldur.

Bir məsələni də qeyd etmək istərdim ki, xüsusi mürəkkəb fəhlə peşələrində çalışan orta ixtisaslı mütəxəssislər ənənəvi anlamda fəhlə hesab olunmurlar. çünki onların əsas funksiyaları avadanlıqlardan səmərəli istifadənin təmin edilməsi, onun texniki vəziyyətinin saxlanılması, istehsal prosesinin gedişinə nəzarətdən ibarətdir. Bu səbəbdən də avtomatik xətlər operatoru, proqramla idarəolunan dəzgahların, ölçü cihazlarının nəzarətçisi və s. kimi ixtisaslar üzrə mütəxəssislərə tələbat artdığı üçün onların hazırlanmasına xüsusi diqqət yetirilməlidir.

Qeyd etmək lazımdır ki, orta ixtisas təhsili müəssisələri təhsilin məzmununu əmək bazarının dəyişən şəraitinə və işəgötürənlərin tələblərinə daha tez uyğunlaşdırırlar. Bu təhsil pilləsinin digər fərqli cəhəti də ondan ibarətdir ki, burada mühüm həyat problemlərindən uzaq nəzəriyyəçilər deyil, bilavasitə praktiklər hazırlanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunmuş Mütəxəssis Vəzifələrinin və Digər Qulluqçuların Vahid Tarif-İxtisas Sorğu Kitabçasının təhlili göstərir ki, vəzifələrin 55%-i üçün həm ali, həm də orta ixtisas təhsilli, 16%-i üçün isə yalnız orta ixtisas təhsilli mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur. Beləliklə, müasir istehsalatda orta ixtisaslı kadrların fəaliyyət spektri genişlənir, kadr resurslarının peşə-ixtisas strukturunda onların əhəmiyyəti artır.

Orta ixtisaslı kadrlara tələbat bir çox inkişaf etmiş ölkələr üçün də xarakterikdir. Məsələn, ABŞ istehsalatında işçi yerlərinin kəmiyyət dinamikasının təhlili göstərir ki, daha çox tələb olunan işçi kateqoriyaları texniklər, mexaniklər və təmirçilərdir. 2008-ci ildə belə iş yerlərinə tələbat 2,4 milyon nəfər olmuşdur.

Orta ixtisas məktəbləri şəbəkəsi respublikanın ərazisi üzrə kifayət qədər bərabər paylanmış müxtəlif tip təhsil müəssisələrini (kollecləri, texnikumları) özündə birləşdirir. Onlar təkcə iri şəhərlərdə deyil, o qədər də böyük olmayan yaşayış məntəqələrində də yerləşir ki, bunun da regionların əhalisinin və müxtəlif səviyyəli əmək bazarının təhsil tələbatlarının ödənilməsi üçün böyük əhəmiyyəti vardır.

Bu ixtisas təhsilinin xüsusiyyətləri müasir əmək bazarının əsas tələblərinə - kadr hazırlığının əlverişliliyi və dinamizmi tələblərinə uyğundur. Ali təhsillə müqayisədə orta ixtisas təhsili proqramları üzrə təlimin nisbətən az xərclə və qısa müddətdə başa gəlməsi orta ixtisas təhsili almağı həm ayrı-ayrı vətəndaşlar üçün, həm də bütövlükdə cəmiyyət miqyasında daha əlverişli edir, müxtəlif profilli mütəxəssislərə əmək bazarının dəyişən tələbatının daha tez ödənilməsinə imkan verir.

Orta ixtisas təhsilinin regional şəraitə və tələbatlara çevik uyğunlaşması, təhsil proqramlarının variativliyinin inkişafı, təhsilin bu pilləsinin çoxprofillilik, çoxsəviyyəlilik, çoxpeşəlilik istiqamətlərində diversifikasiyası (xırdalanması), bütövlükdə peşə təhsil sistemində digər səviyyələrlə qarşılıqlı fəaliyyətin genişləndirilməsi - bunların hamısı bir tərəfdən əhalinin təhsilə, digər tərəfdən isə iqtisadiyyat və sosial sferanın kadrlara olan tələbatının ödənilməsində həmin pillənin rolunun artmasına imkan yaradır.

Qeyd edildiyi kimi, Azərbaycanın orta ixtisas təhsili ölkənin təhsil sisteminin tərkib hissəsidir. Bu təhsil pilləsi həm də ümumi orta təhsilin həyata keçirilməsi yollarından biridir. Orta ixtisas təhsili sistemi peşə təhsili strukturunda özünün spesifikası, özünəməxsus sosial-mədəni tarixi, inkişaf yolu olan sosial institutdur. Elə buna görə də orta ixtisas təhsilinin tarixini öyrənmədən bu pillənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək çətindir.

Tədqiqatlar göstərir ki, ilk orta ixtisas məktəbləri XVIII əsrdə Avropa və Rusiyada meydana gəlmişdir. Bununla yanaşı, belə bir fikir də vardır ki, orta ixtisas təhsili ancaq SSRİ-də mövcud idi və öz mövcudluğunu postsovet məkanında davam etdirir. Lakin beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyanın müxtəlif ölkələrində belə təhsil səviyyəsi həmişə olub və bu gün də vardır. Düşünürəm ki, bununla bağlı bəzi məlumatları hörmətli oxucuların diqqətinə çatdırmaq maraqlı olardı.

Fransa liseylərinin adi şöbələrinin texnik dərəcəsi almış məzunları, bir qayda olaraq, firmalar tərəfindən çertyojçu və ya ixtisaslı fəhlə, briqadir (konkret ixtisaslı işi şəxsən yerinə yetirməklə) vəzifələrinə götürülür. Bununla yanaşı, Fransanın bir çox liseylərində "ali texniklər" bölmələri var ki, burada ixtisas üzrə yaxşı nəzəri və praktik hazırlıq verilir. "Ali texniklər" adətən istehsalatda, tikintidə kiçik mexanik vəzifələrini tutur, mexanik-konstruktor işləyirlər. Burada orta ixtisas təhsilini habelə ikiillik pedaqoji məktəblər də verir.

Böyük Britaniyanın kolleclərində 16 yaşdan yuxarı gənclər təhsil alır. Bu kollecləri şərti olaraq 2 qrupa bölmək olar: ümumi təhsildən sonrakı təhsil müəssisələri və ali təhsil müəssisələri. ümumi təhsildən sonrakı təhsil müəssisələri, bir qayda olaraq, orta ixtisas təhsili verir. Onlarda müxtəlif yaşlı şagirdlərin maraqlarına müvafiq işlənib hazırlanmış tədris proqramlarının geniş seçimi təqdim olunur. Burada dar ixtisaslaşmış çoxlu tədris müəssisələri mövcuddur. Belə kolleclər tərəfindən verilən təhsil sənədləri bütün ali məktəblər və işəgötürənlər tərəfindən tanınır, universitetlərdə təhsili davam etdirməyə imkan verir. Bu ölkədə ali təhsil almaq istəyən hər kəsin Alevel-s (uzadılmış səviyyədə orta təhsil haqqında dövlət sertifikatı) və AV-level-s (orta peşə təhsili haqqında dövlət standartı) sənədləri olmalıdır.

ABŞ-da orta ixtisas təhsilini kiçik kolleclər həyata keçirir. Ştatların çoxunda onların şəbəkəsi 1960-cı ildən sonra sürətlə artmağa başlamışdır. Kolleclərə 12 -ci sinfi bitirən şəxslər qəbul edilir. Onlara iki istiqamətdə təhsil almaq imkanları yaradılır. Tələbələr istəklərinə uyğun ya ali təhsil müəssisələrinin aşağı kurslarına müvafiq proqramları, yaxud bəzi ümumtexniki fənlərdən ibarət, fizika, riyaziyyat fənləri az həcmdə tədris olunan qısamüddətli kursları seçə bilərlər. Kiçik kolleclərin qısamüddətli kurslarını bitirənlər aşağı texniki vəzifələrdə çalışa bilərlər. Bir çox kolleclərdə axşamlar əlavə müxtəlif ixtisas fənlərini öyrənmək, laboratoriya və kabinetlərdə bəzi praktik vərdişlər əldə etmək olar. Bir sıra böyük firmaların tərkibində texniki institutlar (məsələn, Nyu-Yorkda Radioinstitut CA, Vaşinqtonda Kapitoli Radiotexnika İnstitutu və s.) yaradılır ki, onlarda da yüksək ödəniş hesabına orta ixtisas üzrə kifayət qədər praktik vərdişlərə yiyələnmiş mütəxəssislər hazırlanır. Lakin bu institutların tədris planlarına adətən ümumelmi və humanitar fənlər daxil edilmir.

Almaniyanın orta ixtisas təhsili sistemi digər ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Burada orta ixtisas məktəblərinə orta məktəbi bitirən və müəssisələrdə iş stajı (1-2 il) olan və ya peşə məktəblərində 2-3 illik təlim keçən şəxslər qəbul olunurlar.

Keçmiş sosialist düşərgəsi ölkələrində orta ixtisas təhsili SSRİ-də mövcud olan sistemə çox yaxındır və xalq təsərrüfatının tələblərinə cavab verir. Bu ölkələrdə orta ixtisas təhsili müəssisələrinin şagirdləri ümumi orta və peşə təhsili alırlar. Macarıstanda 60-cı illərin ortalarında texnikumların bazasında kiçik mühəndislər hazırlayan ali peşə məktəbləri yaradıldı.

Onu da qeyd edim ki, bir neçə il bundan əvvəl Rusiyada orta ixtisas təhsili pilləsinin 300 illik yubileyi keçirilmişdi. Rusiyada orta ixtisas təhsilinin formalaşmasında I Pyotrun böyük xidməti olmuşdur. Xarici səfərlərdən və Şimal müharibəsində uğursuz hərbi əməliyyatlardan sonra I Pyotr müxtəlif tipli peşə məktəbləri yaratmaqla dövlətə lazım olan mütəxəssislər hazırlamaq məqsədilə ilk addımlar atmışdı. ölkəyə müxtəlif sahələrdə gəmi mühəndisləri, artilleriyaçılar, dənizçilər, zabitlər, ustalar və texniklər lazım idi. Mülki xidmət hüquqda, iqtisadiyyatda, siyasətdə daha çox biliklər tələb edirdi. Bunun üçün isə peşə hazırlığı zəruri idi.

ölkəmizdə orta ixtisas təhsili peşə təhsilinin bir pilləsi kimi XIX əsrin sonları XX əsrin əvvəllərində formalaşmışdır. 1914-1915-ci dərs ilində Azərbaycanda 500 nəfər kontingenti olan 3 belə təhsil müəssisəsi var idi. ötən əsrin 20-30-cu illəri respublikanın orta ixtisas təhsili müəssisələrinin təşəkkülü, kəmiyyət və keyfiyyət artımı dövrü kimi xarakterizə olunur. Bu, ölkənin sənayeləşdirilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi dövrü idi və respublikada daha çox sayda peşə ixtisas təhsilli mütəxəssisə ehtiyac var idi. Orta ixtisas məktəbləri həmin vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyindən onlar ölkə üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Böyük maarifpərvər ziyalı Firudin bəy Köçərlinin səyləri nəticəsində 1919-cu ildə Qoridən Qazaxa köçürülərək müstəqil seminariya kimi fəaliyyət göstərən Qazax Seminariyası Azərbaycanda pedaqoji kadr hazırlayan ilk orta ixtisas təhsili ocağı idi. Bu təhsil müəssisəsi 30 ildən artıq fəaliyyəti dövründə 3000-ə yaxın orta ixtisas təhsilli müəllim hazırlamışdır. ümumiyyətlə qeyd etməliyəm ki, ölkədə müəllim hazırlığını həyata keçirən pedaqoji orta ixtisas məktəbləri əhalinin savadsızlığının aradan qaldırılmasında mühüm rol oynamışdır. ötən əsrin 20-30-cu illərində ölkədə həyata keçirilən savadsızlığın ləğvi kampaniyasında Azərbaycanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən pedaqoji məktəblər təkcə Azərbaycanın şəhər və kəndləri üçün deyil, həmçinin bütün Qafqaz regionu üçün müəllim hazırlığını təmin edirdi.

II Dünya müharibəsi illərində bütün keçmiş Sovetlər Birliyinin, eləcə də respublikanın orta ixtisas məktəbləri çətin şəraitdə təhsil müddətini qısaldaraq öz vəzifələrini şərəflə yerinə yetirirdilər. Müharibədən sonrakı dövrdə təhsil müəssisələrinin maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsi sahəsində ciddi addımlar atıldı. Bu sahədə kadr hazırlığının genişləndirilməsi məqsədilə yeni orta ixtisas məktəbləri, filiallar və şöbələr yaradıldı. Beləliklə, təlim prosesinin təkmilləşdirilməsini, təlimin ictimai faydalı əməklə əlaqələndirilməsini, orta ixtisaslı mütəxəssis hazırlığının miqyasının genişləndirilməsini öz qarşılarına məqsəd qoyan orta ixtisas məktəblərinin inkişafında yeni mərhələnin əsası qoyuldu.

Azərbaycanın orta ixtisas təhsili müəssisələri şəbəkəsi və onlarda təhsil alanların sayı haqqında məlumat (1940-1980-cı illər).

80-cı illər respublikanın iqtisadiyyatında və sosial sferasında orta ixtisas təhsilinin rolunun artması ilə xarakterizə olunur. Bu illərdə orta ixtisaslı mütəxəssislər ümumi məşğul əhalinin sənayedə 32%-ni, tikintidə 30%-ni, nəqliyyat və rabitədə 36%-ni təşkil edirdi.

Həmin dövrdə geoloji, dağ-mədən, energetika, metallurgiya, maşınqayırma, cihazqayırma, elektromexanika, radiotexnika, məişət texnikası, kimya, tikinti, geodeziya və xəritəçilik, hidrometeorologiya, kənd təsərrüfatı, nəqliyyat, poliqrafiya, ərzaq məhsullarının texnologiyası, geniş tələbat mallarının texnologiyası, ticarət, plan-iqtisad, maliyyə-statistika, hüquq, tibb, bədən tərbiyəsi, pedaqoji, kitabxanaçılıq, musiqi, teatr, bədii sahə qruplarında birləşmiş 450-dən çox müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilirdi. Orta ixtisas təhsilində hər ixtisas üçün tədris olunacaq fənlər və onlara ayrılan saatların həcmi dəqiqləşdirildi. Tədrisin təşkilində nəzəri biliklər və istehsalat təcrübəsi ilə yanaşı, şagirdlərə ixtisası mənimsəmək üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılanırdı. Tədris fənləri, bir qayda olaraq, 3 qrupa bölünürdü: ümumtəhsil, ümumtexniki (ümumtibbi, ümumpedaqoji və s.) və xüsusi. Orta ixtisas məktəbi tələbəsinin aldığı ümumi orta təhsil məzmununa görə orta ümumtəhsil məktəbinin verdiyi təhsildən bir qədər fərqlənirdi. Belə ki, texniki, texnoloji texnikumlarda humanitar fənlər qrupu (ədəbiyyat, tarix və s.) nisbətən az, riyaziyyat, fizika, rəsmxətt daha çox həcmdə öyrənilirdi. Bədii və teatr məktəblərində fizika, kimya və riyaziyyat üzrə proqramlar ixtisar olunur, lakin tarix, ədəbiyyat, biologiya və s. fənlərin tədrisi genişlənirdi. Tibb məktəblərində biologiya, kimya fənləri üzrə proqramlar daha geniş idi. İxtisas fənləri isə mütəxəssis hazırlığının profilini müəyyənləşdirirdi.

Qeyd etmək lazımdır ki,  hazırda orta ixtisas məktəblərində tədrisin təşkili həmin prinsiplər əsasında, daha da təkmilləşdirilmiş formada həyata keçirilməkdədir.

Orta ixtisas təhsili SSRİ-nin dağılması ilə əlaqədar keçid dövründə istehsalın kəskin azalması ilə bağlı bir çox çətinliklərlə qarşılaşdı.

Müstəqilliyin ilk illəri (1991-1993) Azərbaycanın ictimai-siyasi həyatında ağır illər olduğu kimi, orta ixtisas təhsili məktəblərinin fəaliyyətində də çətinliklər yaratmışdı. Məhz həmin illərdə ölkə iqtisadiyyatında və sosial sferada yaranmış böhranlı vəziyyət respublikanın orta ixtisas təhsilini də acınacaqlı vəziyyətə salmışdı.

Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində həmin regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti "iflic" vəziyyətinə düşmüşdü. ü.Hacıbəyov adına Ağdam Musiqi Məktəbi və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi, Ağdam Kənd Təsərrüfatı texnikumları (2002-ci ildə həmin texnikumların bazasında Ağdam Dövlət Sosial İqtisad Kolleci yaradılıb) Ağdamın Quzanlı kəndində, Şuşa Kənd Təsərrüfatı Texnikumu (sonra Gəncə Texniki Kollecinə birləşdirilib) Gəncədə, Şuşa Musiqi Məktəbi və Şuşa Mədəni-Maarif Texnikumu Bakıda "məskunlaşmışdır". Xankəndi Sovxoz Texnikumu, Xankəndi Musiqi Məktəbi, Xankəndi Tibb Məktəbi erməni qəsbkarlarının əlində qalmışdır.

1991-1992-ci tədris ilində Azərbaycan Respublikasında 77 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərirdi. Bu müəssisələrdə 60.100 nəfər tələbə təhsil alırdı ki, bu da 1990-1991-ci tədris ilindəki müvafiq göstəricidən 1300 nəfər çox idi. Lakin 1991-ci ildən başlayaraq ölkənin istehsalat müəssisələrinin (zavod, fabrik, sex və s.) fəaliyyətinin dayandırılması, kənd təsərrüfatının bərbad vəziyyətə düşməsi, kolxoz və sovxozların ləğv olunması və bütün bunların əvəzində yeni tipli müəssisələrin yaradılmaması nəticəsində orta ixtisas təhsilli mütəxəssislərə tələbat azaldı və bu da qəbul planının aşağı düşməsinə səbəb oldu. Ona görə də təsadüfi deyildi ki, 1991-1997-ci illərdə orta ixtisas təhsili müəssisələrinin sayı 77-dən 73-ə, tələbələrin sayı 60.100 nəfərdən 32.600 nəfərə enmişdi. Bu illərdə əhalinin hər min nəfərinə düşən tələbələrin sayı demək olar ki, iki dəfə (83-dən 42-yə) azalmışdı.

1991-1992 - 1997-1998-ci tədris illərində respublikanın orta ixtisas təhsili müəssisələri haqqında məlumat.

Belə bir böhranlı vəziyyətdə ulu öndər Heydər Əliyevin təklifi əsasında 1993-cü ildə Respublika Nazirlər Kabineti "Azərbaycan Respublikası tədris müəssisələrində ödənişli əsaslarla təhsil qruplarının yaradılması barədə" qərar qəbul etdi. Bu qərara əsasən ölkənin ali və orta ixtisas təhsili müəssisələrində dövlət hesabına qəbulla yanaşı, ödənişli əsaslarla tələbə qəbuluna başlanıldı.

Bu tarixi qərar, sözün həqiqi mənasında, o dövrdə ölkənin ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətini davam etdirməsində, gələcək inkişafında, həmin sahələrdə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında müstəsna rol oynadı.

Onu da qeyd etmək lazımdır ki, son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi və iqtisadi zəmin yaradılmış, onların şəbəkəsi xeyli təkmilləşdirilmişdir. Belə ki, bir sıra orta ixtisas məktəblərinin ayrı-ayrı nazirlik, konsern və birliklərin tabeliyində olması bu sahənin işində müəyyən qədər pərakəndəlik yaradırdı. Ona görə də Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi təhsilin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə geniş imkan yaratdı.

1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın tərkib hissəsi olan "ümumi təhsilin bazis tədris planı"nın tələblərinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Orta ixtisas təhsilinin nümunəvi baza təhsil proqramının strukturu" hazırlanıb təsdiq edildi. Nümunəvi struktur təsdiq olunduqdan sonra respublikanın orta ixtisas məktəblərində kiçik mütəxəssis hazırlığı aparılan 132 ixtisas üzrə tədris plan və proqramlarında müvafiq dəyişikliklər edildi. 2000-ci ildə orta ixtisas təhsilinin məzmununda əsaslı dəyişikliklər aparıldı.

Son illərdə ölkəmizdə yeni tipli orta ixtisas təhsili müəssisələrinin - kolleclərin yaradılması sahəsində mühüm addımlar atılmışdır. Eyni zamanda 2000-ci ildən başlayaraq "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin məlum fərmanı ilə iki yeni təhsil kompleksi - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində Musiqi Kolleci fəaliyyətə başladı. 2004-cü ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaradıldı.

Respublikanın orta ixtisas təhsili sisteminin inkişafını təmin etmək məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə "2001-2004-cü illər üçün Azərbaycan Respublikasında orta ixtisas təhsilinin inkişaf proqramı" təsdiq olundu. Proqramın əsas məqsədi şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına cavab verən orta ixtisas təhsilinin inkişafını və fəaliyyətini təmin etmək üçün hüquqi, iqtisadi, təşkilati, tədris-metodiki şərait yaratmaqdan ibarət idi.

Proqramın icrası ilə bağlı 2002-ci ildə Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi barədə Azərbaycan hökuməti qarşısında müvafiq vəsatət qaldırıldı və həmin ildə Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi haqqında" müvafiq qərarı ilə bir sıra orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti dayandırıldı, bir qismi isə birləşdirilərək bazalarında yeni tipli tədris müəssisələri (kolleclər) yaradıldı, bəzilərinin isə profilləri genişləndirildi.

 

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor