· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil işçilərinin 2009-cu il sentyabr

konfranslarının keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Başa vurduğumuz 2008-2009-cu dərs ili bir sıra əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Bu dərs ilində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildən həyata keçirilən təhsil islahatlarının real nəticələrindən biri kimi dünya təcrübəsi əsasında hazırlanmış yeni fənn kurikulumları və dərslik komplektləri I siniflərdən etibarən tətbiq olunmağa başlanmış, dövlət başçısının sərəncamı ilə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı, Azərbaycan hökuməti tərəfindən bilavasitə ümumi təhsilin inkişafına və keyfiyyətinin yüksəldilməsinə yönəlmiş Qiymətləndirmə Konsepsiyası təsdiq edilmiş, ümumi təhsil sistemində aparılan islahatlar çərçivəsində Dünya Bankının maliyyə yardımı ilə Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası barədə qərar qəbul olunmuşdur. 2008-ci il sentyabrın 22-də keçirilən Azərbaycan müəllimlərinin XIII qurultayında ölkəmizdəki yüksək iqtisadi tərəqqinin təsiri ilə davamlı inkişaf yolunda olan təhsil sistemində son 5 ildə aparılan məqsədyönlü işlərə yekun vurulmaqla gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ötən dərs ilində ikinci dəfə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri yaradıcı və innovativ fəaliyyəti ilə fərqlənən məktəb və müəllimlərin aşkara çıxarılmasında mühüm mərhələ təşkil etməklə ümumi təhsil sahəsində yeniliklərin və müasir ideyaların reallaşdırılmasına geniş imkanlar açmışdır.

Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan xərclərin 2008-ci ilə nisbətən 2009-cu ildə 238 milyon manat (21 faiz) artması, investisiyaların həcminin 2007-ci illə müqayisədə 113,4 milyon manatdan 2008-ci ildə 220 milyon manata, təhsil işçilərinin orta aylıq əməkhaqqının 2008-ci ildəki 220 manatdan 2009-cu ildə 257 manata çatdırılması, 2008-ci ildə 161 yeni məktəb binasının inşası, 129 məktəbin əsaslı təmir edilməsi, 350 məktəbin istilik sisteminin  bərpası, 180 məktəbin müasir avadanlıqlarla təchiz edilməsi, 201 nəfər təhsil işçisinin yüksək təltiflərə layiq görülməsi Azərbaycan dövlətinin, ilk nöbvədə, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda Bakı şəhərində keçirilən YUNESKO-nun regional konfransı və İSESKO ilə birgə təşkil olunmuş islam ölkələri ali təhsil və elm nazirlərinin 4-cü konfransı da ötən dərs ilinin mühüm hadisələrinə çevrilməklə dünyada Azərbaycanın qabaqcıl təhsil tendensiyalarını dəstəkləyən ölkə imicini daha da yüksəltmişdir.

Orta təhsil kursu üzrə buraxılış imtahanlarının ilk dəfə olaraq bütün ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilməsi keçən dərs ilinin ən diqqətçəkən hadisələrindən biri olmuşdur. İmtahanların təşkili, keçirilməsi və yekunlaşdırılmasında müəyyən çətinlik və problemlər yaransa da, bu sahədə yürüdülən siyasətin orta təhsildə keyfiyyət dəyişikliklərinin baş verməsinə, məsuliyyət və tələbkarlığın yüksəlməsinə yönəldilməsi bugünümüzün reallığıdır.

Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, ümumi təhsilin inkişafı ilə bağlı islahatyönümlü tədbirlərin həyata keçirilməsi sahəsində bir sıra irəliləyişlər, uğurlu nəticələr əldə olunsa da, ictimaiyyəti qane etməyən və öz həllini gözləyən problemlər hələ qalmaqdadır. Bunların aradan qaldırılması üçün yerlərdəki vəziyyət daha dərindən öyrənilməli, ciddi təhlillər və proqnozlaşdırmalar aparılıb əməli təkliflər hazırlanmalıdır.

Rayon (şəhər) təhsil şöbələri (idarələri) öz fəaliyyətlərinin müasir tələblər nəzərə alınmaqla yenidən qurulmasına hərtərəfli diqqət yetirməli, iş sahələri üzrə planlaşdırmanın nəticələr əsasında qurulması, məktəb şəbəkəsinin və şagird kontingentinin optimallaşdırılması, təlim nəticələrinə görə özünü doğrultmayan orta məktəblərin tipinin dəyişdirilməsi, icbari ümumi təhsilin yerinə yetirilməsi, məktəb rəhbərləri və müəllimlərin icra intizamının, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, təhsilin keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə təcrübədə sınaqdan çıxmış vasitələrdən səmərəli istifadə olunması, mütərəqqi təhsil modeli olan kurikulumların mahiyyətinin və tətbiqi yollarının açıqlanması üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsi, istedadlı uşaqlarla səmərəli iş sisteminin və belə uşaqlardan ibarət "Məlumat bankı"nın yaradılması istiqamətində düşünülmüş və ardıcıl işlər həyata keçirməlidirlər.

Bütün bunlarla əlaqədar 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələri, yerinə yetirilməsi zəruri olan məsələləri müzakirə etmək və nəticə etibarı ilə əməli təkliflər hazırlamaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. 2009-cu il 7-14 sentyabr tarixlərində təhsil işçilərinin rayon (şəhər) konfransları keçirilsin.

2. Konfranslar plenar və bölmə iclaslarını əhatə etməklə 2 gün ərzində       keçirilsin.

3. Konfransların plenar iclasında "2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məsələ müzakirə olunsun.

4. Səmərəli və işgüzar müzakirə şəraiti yaratmaq üçün plenar iclasların təhsil müəssisələrinin rəhbərlərindən, qabaqcıl müəllimlərdən, aidiyyəti təşkilatların və ictimaiyyətin nümayəndələrindən, ali məktəblərə qəbulda yüksək nəticələr göstərmiş məzunlardan ibarət ümumi say nisbəti nəzərə alınmaqla 250 nəfərədək kontingentlə "dəyirmi masa" formasında keçirilməsi və müzakirə edilən məsələnin məzmununun slaydlar vasitəsilə əyani nümayiş etdirilməsi tövsiyə olunsun.

5. Konfransların ikinci günü aşağıdakı təhsil işçilərini əhatə edən metodik bölmə iclasları təşkil edilsin və aidiyyəti üzrə qeyd olunan məsələlərin müzakirəsi diqqət mərkəzində saxlanılsın:

5.1. ümumtəhsil məktəblərinin direktorları (fəaliyyətin müasir tələblər baxımından real nəticələrə yönəlmiş məzmunda planlaşdırılması və icraya nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, icbari təhsilin yerinə yetirilməsi sahəsində vəziyyətin getdikcə yaxşılaşdırılması, şagird kontingentinin sabit saxlanması, məktəb sənədlərinin müəyyən olunmuş qaydalar üzrə aparılması, fənn kurikulumlarının və yeni dərsliklərin tətbiqi sahəsində qarşıda duran vəzifələr, kurikulum üzrə maarifləndirici tədbirlərin gücləndirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyasının mahiyyəti, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, şagird nailiyyətlərinin monitorinqinin aparılması, təlim-tərbiyə prosesinə nəzarətin təşkili mexanizmlərinin təkmilləşdirilməsi,  istedadlı  uşaqlarla  işin  yaxşılaşdırılması,  şagirdlərin  olimpiadalara  hazırlığına  diqqətin  artırılması və s.).

5.2. Məktəbəqədər təhsil müəssisələrinin müdirləri (dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı"nın mahiyyəti, Proqramdan irəli gələn vəzifələrin şərhi, rayonda (şəhərdə) məktəbəqədər təhsilin mövcud vəziyyəti, qarşıya çıxan problemlər, hər bir müəssisədə şəraitə uyğun olaraq uşaqların məktəbəqədər təhsilinin təşkili, məktəbə hazırlıq qruplarına uşaqların geniş cəlbi üzrə tədbirlərin müəyyənləşdirilməsi, bu və ya digər sahədə istedadı ilə fərqlənən uşaqların seçilməsi və onlarla müvafiq işlərin aparılması, metodist və tərbiyəçilərin peşəkarlıq səviyyəsinin artırılması və s.).

5.3. Məktəbdənkənar təhsil müəssisələrinin direktorları (şagirdlərin meyil və marağına görə dərnək və qrupların optimallaşdırılması, istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin aşkara çıxarılması üçün məktəblərlə əməkdaşlığın gücləndirilməsi, məktəbdənkənar fəaliyyətlə təlim prosesinin əlaqələndirilməsi, sərgi, müsabiqə və digər bu kimi tədbirlərin təşkilinə diqqətin artırılması, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün təkliflərin hazırlanması, məktəbdənkənar təhsilin təşkili ilə bağlı şəraitə uyğun yeni formaların müəyyənləşdirilməsi və s.).

5.4. ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri (müasir tələblər baxımından məktəbdaxili nəzarət və rəhbərliyin təkmilləşdirilməsi yolları, müəllimlərin hazırlıq səviyyəsinin artırılması ilə bağlı yeni iş formalarının tətbiqi, şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə əməli təkliflərin hazırlanması, istedadlı uşaqlarla iş sahəsində pedaqoji kollektivin hər bir üzvünün imkanlarından səmərəli istifadə olunması,  ibtidai təhsilin sonunda şagirdlərin yazı, oxu və riyazi bacarıqlarının səviyyəsinin öyrənilməsi, əsas təhsil pilləsinə keçirilən şagirdlərin təlim nəticələrinin ilbəil izlənilərək ibtidai təhsil pilləsindəki nəticələrlə müqayisə olunması və geriliklər müşahidə edilən hallarda bunun səbəblərinin araşdırılması, yeni fənn kurikulumları və dərsliklərin tətbiq edildiyi siniflərdə təhsilin təşkilinin xüsusi nəzarətə götürülməsi, fənn metodbirləşmələrinin fəaliyyətinin yenidən qurulması istiqamətində təkliflərin müəyyən olunması, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi və s.).

5.5. ümumtəhsil məktəblərinin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçıları (uşaq şəxsiyyətinin formalaşmasında, onların təlim nəticələrinin yaxşılaşmasında xüsusi əhəmiyyətə malik sinifdənxaric və məktəbdənkənar tədbirlərin məktəbdə rolu və statusunun daha da artırılması üzrə təkliflərin müəyyənləşdirilməsi, məktəbli formasının tətbiqi, şagirdlərin təlim fəaliyyətinin, məktəb-valideyn, valideyn-müəllim münasibətlərinin səmərəliliyinin yüksəldilməsi sahəsində sinif rəhbərinin məsuliyyətinin gücləndirilməsi, uşaqların zərərli vərdişlərdən və yad təsirlərdən mühafizə olunması üzrə davamlı iş sisteminin yaradılması, onların mədəni-kütləvi tədbirlərə, yaradıcı və  ictimai işlərə geniş cəlb edilməsi üçün səmərəli fəaliyyət formalarının müəyyən olunması, bölgənin tarixinin, coğrafiyasının, flora və faunasının, Azərbaycanın milli qəhrəmanlarının, görkəmli şəxsiyyətlərinin ömür yolunun öyrədilməsi ilə şagirdlərdə milli iftixar, vətənpərvərlik hisslərinin gücləndirilməsi və s.).

5.6. Hər biri ayrılıqda olmaqla bütün fənlər üzrə metodbirləşmə sədrləri (tədris planları və proqramlarında, dərsliklərdə edilmiş dəyişikliklər, yeni çap olunmuş vəsaitlər barədə məlumatların və təlim materiallarının planlaşdırılması üzrə tövsiyələrin verilməsi, tədris proqramları və dərsliklər haqqında təkliflərin ümumiləşdirilməsi, fənn metodbirləşmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, tədris prosesində fəal təlim metodlarının tətbiqi imkanlarının genişləndirilməsi barədə təkliflərin hazırlanması və s.).

5.7. Məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçiləri (məktəbəqədər təhsilin yeniləşdirilməsi barədə Dövlət Proqramının tələblərinə müvafiq olaraq məktəbəqədər təhsilin həyata keçirilməsinə hərtərəfli şərait yaratmaq üçün bölgənin xüsusiyyətlərinə uyğun yeni formaların tətbiqi imkanlarının araşdırılması, mövcud vəziyyətdə uşaqların məktəbəqədər təhsilə cəlbinə valideynlərdə maraq yaratmaq məqsədilə əhali arasında izahat xarakterli tədbirlərin gücləndirilməsi, məktəbəqədər təhsil üzrə təlim-tərbiyə proqramlarının tələbləri əsas tutulmaqla uşaqlarla iş prosesində yeni metodikaların tətbiqi, mövcud proqramların təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması, uşaqların məktəb təliminə hazırlanması sahəsində qabaqcıl təcrübə nümunələrinin öyrənilməsi və s.).

5.8. Praktik məktəb psixoloqları (praktik məktəb psixoloqunun fəaliyyətinin mövcud normativ sənədlər əsasında qurulmasını təmin edən planlaşdırma nümunələrinin hazırlanması, şagirdlərin fərdi xüsusiyyətlərinin və psixoloji durumlarının hərtərəfli öyrənilməsi məqsədilə sinif rəhbərləri, müəllim və valideynlərlə pedaqoji əməkdaşlıq sisteminin yaradılması, istedadlı, həmçinin təlimdə geri qalan şagirdlərlə iş formalarının təkmilləşdirilməsi, uşaqlara diferensial yanaşmanı özündə əks etdirən psixoloji xasiyyətnamələrin hazırlanması və s.).

5.9. ümumtəhsil məktəblərinin kitabxana işçiləri (mövcud şərait nəzərə alınmaqla müxtəlif məzmunlu kitablardan ibarət ayrıca bölmələrin və nəzarət-uçot sisteminin yaradılması, dərslik fondunun sistemləşdirilməsi və optimallaşdırılması, şagirdlər arasında elmi-kütləvi və bədii ədəbiyyatlara maraq oyadılması, onlarda mütaliə vərdişlərinin formalaşdırılması, müxtəlif tematikalar üzrə uşaqların inkişafına və dünyagörüşlərinin genişlənməsinə yönəlmiş sistemli tədbirlərin gücləndirilməsi, görkəmli yazıçıların, tanınmış alimlərin ildönümlərinə, həyat və yaradıcılıqlarına həsr olunmuş gecələrin keçirilməsi və s.).

5.10. ümumtəhsil məktəblərinin uşaq birliyi rəhbərləri (uşaqlarda təşkilatlanma, əməkdaşlıq, birgəfəaliyyət bacarıqlarının formalaşdırılması, şagirdlərin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında uşaq birliyi təşkilatlarının rolunun artırılması, məktəb rəhbərləri və müəllimlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi və s.).

6. Nəzərə alınsın ki:

6.1. Təlim-tərbiyə prosesinin məzmunu və təşkili qaydaları spesifik səciyyə daşıyan sağlamlıq imkanları məhdud, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil müəssisələrinin fəaliyyət göstərdiyi rayon və şəhərlərdə bu müəssisələrin rəhbər və pedaqoji heyəti üçün ayrıca metodik bölmə təşkil edilir.

6.2. Rayon bölgüsü olan şəhərlərdə bölmə  iclasları hər bir rayon üzrə ayrılıqda təşkil olunur.

6.3. Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin pedaqoji işçiləri müəssisənin yerləşdiyi, məcburi köçkün rayonlarının təhsil müəssisələrinin  pedaqoji işçiləri isə məskunlaşdıqları rayon və şəhərlərdə təşkil edilən bölmə iclaslarına cəlb olunurlar.

7. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri:

7.1. Konfransların mütəşəkkil və səmərəli keçirilməsi üçün bütün təşkilati tədbirləri vaxtında başa çatdırsınlar.

7.2. Konfransların keçiriləcəyi günlər barədə avqustun 25-dək nazirliyə yazılı məlumat versinlər.

7.3. Plenar və bölmə iclaslarında irəli sürülmüş təklifləri , rəy və mülahizələri ümumiləşdirib sentyabrın 30-dək Təhsil Problemləri İnstitutuna     göndərsinlər.

8. Təhsil Problemləri İnstitutu (A.Mehrabov) yerlərdən alınmış təkliflərin     araşdırılıb icmal formasında pedaqoji mətbuatda dərc olunmasını təmin etsin.

9. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı), Təhsil Problemləri İnstitutu (A.Mehrabov) bölmə iclaslarının səmərəli keçirilməsində yerli təhsil oraqanlarına köməklik məqsədilə metodik tövsiyələr hazırlayıb avqustun 20-dək pedaqoji mətbuatda dərc etdirsinlər.

10. Aparatın rəhbəri (İ.Pirməmmədov) 15 gün müddətində konfranslarda Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə bağlı təkliflər hazırlayıb təqdim  etsin.

11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və konfransların gedişinin KİV-lərdə geniş işıqlandırılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

10 avqust 2009-cu il

 

 

 

 

 

 

 

Respublikanın peşə məktəbi  və peşə liseylərinə

2009-cu il üçün şagird qəbulu və buraxılışı planları haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri - dövlət müəssisələrinə ixtisaslı fəhlə kadrları hazırlanması üçün onların sifarişlərini  və əhalinin peşə öyrənmələrinə dair arzularını nəzərə alaraq

ƏMR EDİRƏM:

1. 2009-cu ildə peşə liseyi və peşə məktəblərinə şagird qəbul planı 14435 nəfər, o cümlədən dövlət vəsaiti hesabına 12350 nəfər, ödənişli əsaslarla 2085 nəfər, buraxılış planı 11510 nəfər, o cümlədən ödənişli əsaslarla 1594 nəfər təsdiq edilsin. (2009-cu ildə respublikanın peşə məktəblərinə və peşə liseylərinə büdcə hesabına və ödənişli əsaslarla planlaşdırılmış şagird qəbulu barədə məlumat əlavə olunur.

2. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərində olan (24, 126, 131, 144, 72 ¹ - li texniki peşə məktəbləri) fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəbləri üçün şagird qəbulu planına həmin məktəblər öz yerlərinə qayıtdıqdan sonra baxılsın.

3. İqtisadiyyat şöbəsi  (H.Zeynalov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) təsdiq edilmiş plan daxilində peşələr üzrə şagird qəbulu göstəricilərini və təhsil bazasını müəyyən edib təhsil müəssisələrinə çatdırsınlar.

4. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda bu məsələ ümumi qəbul planı  daxilində həll edilsin.

5. Peşə məktəbi və peşə liseylərinin direktorlarına tapşırılsın:

5.1. Peşə təhsili müəssisələrinin şagird qəbulu planının sentyabr ayının 15-nə qədər  yerinə yetirilməsi təmin olunsun.

5.2. Şagird qəbulu və buraxılışına dair statistik hesabatları müəyyən edilmiş müddətlərdə nazirliyə təqdim etsinlər.

6. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayonların təhsil şöbələri texniki peşə təhsili müəssisələrinin şagird qəbulu planının yerinə yetirilməsi üçün lazımi köməklik göstərsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında dərc edilməsini təmin etsin.

8.  Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

 

10 avqust 2009-cu il